İlham İSMAYIL
Həmin vaxtlar şəhərdə fövqəladə vəziyyət elan edilmişdi. Hadisələrin nazirliklə bağlı bütün araşdırmaları sona yetdi. Yekun arayışı hazırlayıb nazirin yanına getdim. Arayışa baxıb bir neçə düzəlişdən sonra nazirliyin iki şöbə rəisinin də adının salınmasını tapşırdı ki, səhlənkarlıq ediblər, informasiyanı vaxtında çatdırmayıblar.
Abbasova bildirdim ki, o təhqiqatı mən aparmışam, onlar üzərinə düşən vəzifəni yerinə yetiriblər:
– Daxil olan informasiyanı daha yuxarı instansiyaya qədər çatdırıblar. İnformasiyanın sonrakı taleyi keçmiş nazirdə bitir. Nazir dövlət başçısını xəbərdar etməliydi, şöbə rəisi yox.
Abbasov yenə hirsləndi:
– Sənə nə deyirəm, onu da yaz”.
Kabineti tərk etdim. Şöbə rəisinin biri (adını yazmaq məqsədəuyğun deyil) otağıma gəldi. Xeyli söhbət etdik. Günahı olmadığı halda onun barəsində söz-söhbət dolaşdığından narahat olduğunu bildirdi. Onu sakitləşdirib heç bir ədalətsizliyə yol verilməyəcəyini söylədim.
İki gündən sonra Abbasov arayışı tələb etdi. Arayışa baxıb həmin şöbə rəisi haqqında yazdıqlarımı görəndə:
– Elə yazmısan ki, az qala ona medal verməliyik. Yaxşı, onun adını tamam çıxar.
Səhərisi gün son variantı təqdim edəndə birbaşa vərəqin üzərində bir xeyli əlavə cümlə yazıb:
– Bunları da əlavə et, – dedi.
Nəhayət, son variantı təqdim edəndə:
– Namiq Rəşidoviç, bu son adlar yəqin öz təhqiqatınızdır, amma bizdə heç bir material yoxdur.
– Mən demişəm, kifayət edir, materiala ehtiyac yoxdur.
– Bilirsiniz ki, arayış prokurorluğa gedəcək, çox güman, bu adamları həbs edəcəklər. Bizim arayışda isə konkret Siz dediyiniz adamlardan yalnız şübhələndiyimiz qeyd olunub, fakt yoxdur.
– Bizə nə dəxli var, biz yazıb veririk, prokurorluq istintaq aparsın, tutarlar, buraxarlar, öz işləridir.
– Bizim arayışın əsasında olacaq hər halda…
– Nədən qorxursan?
– Arayışa mən və komissiya üzvləri qol çəkəcəyik.
– Nə demək istəyirsən?
– Siz göndərişə qol çəkəcəksiniz, istintaqa biz dəvət olunsaq deyə bilmərik ki, Namiq müəllim dedi, biz də yazdıq. Kiçik də olsa bir təhqiqat materialı olsun, onun əsasında yazdığımızı deyək.
– Bu mövqeyinə görə elə sənin özünü həbs etmək lazımdır. Yoxsa o iddialı dostun öyrədib səni?
– Kimi deyirsiniz?
– Götür sənədləri çıx. Yaxşı bilirsən kimi deyirəm.
Sənədləri götürüb ayaq üstdə farağat vəziyyəti aldım:
– Günahım varsa, həbsə hazıram.
Abbasov bir də üzümə baxıb:
– Dedim sənədləri də götür, çıx!
Çıxdım. Kimi nəzərdə tutduğunu bilirdim. Nazirlikdən qaçan dustaqlarla bağlı istintaqı prokurorluq aparırdı. İzolyatorun Abbasovun kurasiyasında olması faktı ona başağrısı verirdi.
Namiq Abbasov “iddialı dostun” dediyi şəxslə sonralar möhkəm dost oldu, amma hələ çanaq mənim başımda çatlayırdı.
Mənə tapşırılan işimi davam etdirirdim. İki ciddi əsasnaməni, əmrləri hazırlayıb, hüquq şöbəsinin də müsbət rəyini alandan sonra Namiq Abbasova təqdim etdim. Nazir həcmi böyük olduğundan tanış olacağını bildirib əlavə etdi ki, Qalibin (müavin Qalib Xalıkovu nəzərdə tuturdu) Moskva ilə əlaqəsi var. Qoy görək onlar necə sənəd hazırlayacaqlar: “Baxaq, müsbət olsa, ona uyğun sənəd hazırlayarıq”.
Bu dəfə etiraz etmədim. Az qala bütün görüşlərimiz kəskin dialoqla bitirdi. Etirazımı içimə gömdüm. Beynəlxalq təcrübə müsbət dəyərləndirilməlidir, amma necə ola bilər ki, bir ölkə başqa ölkənin (həm də dost olmayan) xüsusi xidmət orqanının təlimatları ilə fəaliyyət göstərsin? Əgər belə istəyirlərsə, mənə nə düşüb?
Namiq Abbasov nazirlikdə faktiki olaraq bütün müavinlərlə, əksər idarə, şöbə rəisi ilə kəskin münasibətdə idi.
Şəhərdə fövqəladə vəziyyət davam edirdi, MTN əməkdaşlarının hər saatı, hər dəqiqəsi məlum olmalı, harada olduqları bilinməli idi. Yalnız icazə ilə harasa gedə bilərdilər. Belə şəraitdə Nadir adlı gənc əməkdaşın şənbə-bazar günü icazəsiz Lənkərana getdiyi məlum oldu. Namiq Abbasov qanuni səlahiyyətlərindən istifadə edib əvvəlcə əməkdaşı 3 gün həbs etdi, təhqiqatı mənə tapşırdı.
Əməkdaşın bütün fəaliyyəti yoxlandı, ona töhmət verilməsini məqsədəuyğun hesab etdim. Namiq müəllim məni yanına çağırdı:
– Mən onu MTN-dən azad edirəm, nə töhmət? Əmri belə hazırdır.
– Namiq Rəşidoviç, səhv edib, günahı var, gəlin bir az da ağır cəza verək, amma azad etməyək. O, Qorki məktəbini bitirib, indən sonra belə məktəbləri bitirmişləri haradan tapacağıq? Mümkünsə, azad etməyəsiniz.
– Nə danışırsan, bu, başqalarına görk olmalıdır. Sərt olmaq lazımdır, qoy bilsinlər ki, qayda pozana rəhm olunan vaxt deyil.
Nazir əvəzi bəlkə də haqlı idi, amma bu gün də hesab edirəm ki, qərar sərt oldu. Namiq Abbasov kadrlarla o illərdə doğrudan da çox sərt rəftar etdi. Demək olar ki, xeyli professional zabit 1995-2000-ci illərdə MTN-dən uzaqlaşdırıldı. Bu zabitlərin əksəriyyəti Minsk, Moskva, Leninqrad məktəblərini bitirmişdilər. Onların müstəqillik dövründə xidmətə gələn gənclərə təcrübə verəcəyi bir vaxtda MTN-dən uzaqlaşdırılması, hətta gözümçıxdıya salınması yanlış siyasət idi.
Ölkədə vəziyyət heç də sabit deyildi. Atəşkəs dövrü başlanmışdı və hakimiyyət tam mənası ilə 1987-ci ildən bəriki dövrün bütün qisaslarını almaqla məşğul idi. 1995-ci il təzəcə gəlmişdi. Xüsusi Təyinatlı Polis Dəstəsi ilə, daha doğrusu, onun komandiri Rövşən Cavadovla onsuz da xoş olmayan münasibətlər hər an kəskinləşə bilərdi.
(Ardı var)