“Axırda mən sizə söz söyləyərəm…”
Novator.az martın 14-ü 50 yaşını haqlayan şair, yazıçı, publisist Qurban Yaquboğlunun şeirlərini oxuculara təqdim edir.
Bədəlov Qurban Yaqub oğlu 1968-ci ildə Şamaxının Çöl Göylər kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Mətbuatda ilk iş yeri “Ədalət” qəzeti olub. 1990-cı ildə “Ədalət”də korrektor kimi işə başlayıb. 1991-1993-cü illərdə “Xəzər” jurnalı və “Yol” qəzetində ədəbi redaktor və şöbə redaktoru işləyib. Müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “525-ci qəzet”də (1994-1996) müxbir, “Rezonans” (1996-1998), “Bu gün” (1998-99), “Şans” (1999-2000), “Avropa” (2001-2003) qəzetlərində redaktor vəzifələrində çalışıb. 2005-ci ildən “Gün səhər” qəzetinin redaktoru olub. 2012-ci ildən “Gündəlik Teleqraf” media holdinqində işləyir, hazırda Teleqraf.com saytının redaktorudur.
1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi prezident təqaüdü alıb. 2015-ci ildə jurnalistikadakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
Sakitlik
Sakitəm.
Günün nuru
Bayram fişəngi kimi səpilib havaya.
Qəzəbdən,
Ağrıdan,
Düşüncədən
ayrılmışam.
Yormur məni musiqi heyrət…
Sakitəm.
Sakitəm –
Dörd tərəfim suyun altı kimi sakitdi.
Birinci şeir
…Getdin.
Dalınca baxışlarım
təyyarənin ardıyca pozulan xətt kimi
pozuldu.
İndi yoxsan,
divardan asılmış xalatın
necə cansızdı, kimsəsizdi;
çöldə də hava qaralır.
Ev yiyəsiz xarabadı sanki,
otaq da yarıqaranlıq;
təklik
gecələr su qırağı kimi qorxulu
görünür mənə.
Eşikdə nəsə tökülür,
nəsə səs eləyir.
Uzun sürən qış gecəsi
başlayır bax beləcə…
İkinci şeir
…Eşikdə yağış maşın kimi səs eləyir;
Elə bil avtobusda harayasa gedirəm.
Bir bax
divardakı şəklinə!
Yağışdan uzaqdı – qorxmuram
Soyuqdan uzaqdı.
Eşikdə
Yağış səni də çağırır.
Divardasa
Neçə il qabaq çəkdirdiyin kiçicik şəkil.
Olsun ki, illər ötəcək –
Sən qız vaxtı kimi gözəl görünəcəksən…
Quyu
Bu quyu niyə belə
Dikinə mişarlanıb?
Bu quyunun ayağı
Sulara mismarlanıb.
Bu quyunun öz əli
Özündə sükut hörür.
Bu quyunun gözləri
Bir əlcə səma görür.
Bu quyunun gözləri
Baxın, düşüb çuxura.
Bəs kim gəlib quyunu
Bu quyudan çıxarar…
Suya girən kimi
Suya girən kimi
Girdim aylı gecəyə.
Uzaq ulduzlardan uçub gələn
külək
uşaq kimi
qucaqladı boynumu.
Göy
qulun dərisi kimi hamar,
göy qız dodaqları tək dolu.
Suya girən kimi
girdim gecəyə;
düzənlərə aylı gecə
dağılıb
yanaqlara dağılan qəm kimi.
Gələn yaz
Ağrılar qalxanda fikirləşirəm
Gərək bu cür eləməyəydim…
Payız qurtarır,
Qış divar tək açılıb tökülür,
Soyuq düşür – yenə köməksizəm mən.
Yas yeri kimi böyür-başıma
Qəm toplaşır.
Soğandan acı günlər
Mənə kaş yaşamağı öyrədəydi.
Soğandan acı günlər
Kaş hər şeyi yoluna qoyaydı.
Gələn yaz, inşallah, pak olacam
Bu qədər soyuqlar ki var
Qorxuram çox qorxuram…
***
Yenə susqun düşüb
Qələmim
Yan-yörəmə
ayaq açıb qəmim;
işlər həmin,
hisslər həmin
hamısı da özümün…
Nağılı qurtarmış gecədir
elə bil ömrüm!
Sentyabr
Sonuncu yarpağın açılmağına
bir gün, ya da ki, bir saat qalmış
Sönür nəfəs kimi yayın son günü.
Günləri yarpaqlarla birgə
Satır sentyabr sarı payıza.
Qalır budaqlarında yarpaq sönüyü.
Açılmır yenə də torpağın sirri –
Bir üz külək qalır çiçək canında,
Bir sinə çəmənlik qalır torpaqda…
Yaralı yarpaqlar sürünür,
Sürünür yaralı döyüşçü kimi.
Açılmır yenə də dünyanın sirri,
Qayıdır geri…
Buludlar getdi
Elə bil
zirzəmidəydik;
buludlar səs-küylə
addımlayıb getdi
başımız üstdən.
Atıla-atıla getdi,
atlı getdi,
getdi qoyun sürüsü tək
ləngiyə-ləngiyə,
yata-yata…
Keçib getdi buludlar,
yer sudan yamaq-yamaq.
Buludlar yağıb getdi
baxa-baxa qaldı
el-oba.
…Yuyulmuş saçlar təki
dincdi
başım üstdə hava…
Sənə oxşadı
Yəqin belədir,
Həkimlər də belə duyurlar
candakı çırpıntıları…
Telefon dəstəyində,
Ömrüm-günüm,
ürək döyüntülərinə bənzər
sözlərdən
bildim ki, sənsən.
Əllərin üzünə,
gözlərin sözlərinə neçə oxşayırsa,
səsin də telefon dəstəyində
kipriklərindən keçən
baxışların kimi
sənə oxşadı.
Əlinə qısıldığım tək
qısıldım telefon dəstəyinə.
Yenə it ulayacaq
Şər də qarışaçaq;
“quma batdı” gün…
Bədənim dalğa tək titrəyən çağı,
əlimdən salanda gültək çırağı
Başıma görəsən nələr gələcək?..
Durub qaranlıqla köynək-köynəyə
tozlu yola baxım
əski geriyə…
Yenəmi gecələr it ulayacaq
qərbdən qarabaşlı buludlar gəlib
eyvana həyətə,
çölə dolacaq??
Yağışın qoxusu, yağışın …Aman!
…Deyəsən burnumdan qan açılaçaq.
Üç şeir
Bahar hər şeydən çox payıza bənzər;
Qoynu üzlə, gözlə dolu payıza…
Tozlu masa kimi qəmli sinəyə,
dağa, düzə
yola,
solğun bənizə,
hər şeyə, hər yerə çökən payıza.
***
Xəzəldən torpaqlar olanda çil-çil,
Qol-budaq atanda göydən buludlar,
Cəsədi islanmış külək keçəndə,
Tökülüb gələndə
Yağışlı çiskin –
qəmli üzüm yuyulurdu gil təki.
***
Bir fani baharın güllü çölündən
ağ çəkməli yollar ötdüyü vaxtda,
yarpaqlar havanı diddiyi vaxtda
başım günəş dolu –
baxdım dörd yana…
…hiss etdim ürəyim qalxacaq yenə!
Yaslı günlərdə
Güclü bir mahnıya təslim oluram,
Güclü bir mahnının önündə durub
Başım sinəm üstə zülmət tək çökür…
Ürəyimi sandıq tək açıb tökür,
ağrıyır, inciyir bərim-bədənim
Əllərim, ayağım,
beynim qəm çəkir.
Bu fərari mahnı gəlir gecəyə,
Nəyi isə deməyə.
Anlayıram yeri, göyü, havanı,
eşidirəm ulduzların ahını –
Mahnılardan ismarış göndərirlər.
Mahnılarla məni başa salırlar
Yaslı günlərimdə nələr çəkəcəm!..
Axırda deyərəm…
Axırda mən sizə söz söyləyərəm,
Boğazımdan açılar səs tellərim.
Sərxoş tək hər şeyi açıb deyərəm,
Yatıb yuxularda sayaqlayaram –
Gizlədə bilmərəm bircə sözü də.
Ya bayram günündə, ya yas günündə,
ya bazar ertəsi,
ya cümə günü,
bir qış günortası,
bir yaz günündə
açıb söyləyərəm hər şeyi bir-bir.
Ürəyim ağzımın içinə gələr,
Deyərsiz: “Dünyadan xəbərsizmişik…”
Hər şeyi deyərəm axıra qədər,
Gün batar boğular havanın rəngi,
Ay gəzər ulduzlar içində qəmgin,
Mənsə geçə boyu hey danışaram…
Əzab
Hiss edirəm
unuda bilməyəcəm heç cür
o əzabları.
O adamlar da məni unutmayıblar yəqin,
mən unutmamışam.
Əlim gəlməz ürəyinizə, belə deyək,
Mən sizə
Keçmişi bəxş edə bilmərəm…
Özüm-özümə danışaram,
Özüm-özümlə söhbət edərəm.
Yan-yanaşı düzülmüş
şəkillərə baxdım;
şəkillərdə adamlar daş kimi batıb kağıza.
Baxırlar.
Qışqırmaq istəyirəm:
– Daha hər şeyi duydum mən,
Daha hər şeyi anladım!
Həmişə ulduzları sevəcəm
Yerə soyuq pilədi,
gəldi göyə buludlar dağ-dağ;
kürəyimin ağrıları kimi.
Bütün ağaclara yoluxdu payız,
bütün ağaclar tökdü yarpaqlarını.
Ətcəbala əllərim girməyə yer gəzir,
kürəyimin ağrıları,
canımın bəlaları buludlar.
mən günəşi necə sevir – necə sevirəmmiş…
Qış düşür,
bütün dünyanı dumanlar, soyuqlar tutur.
yaşıdlarımdan kimsə öləcək yoxsa? Xudaya!
Pis fikir qorxulu bəla kimidir.
Gecələr çırağa yatmaq,
axşamdan xoş sözlər danışmaq gərək.
…Mömin ümidlər göyün yuxarı qatlarına
qalxır:
pak olacam, gözəl olacam,
həmişə ulduzları sevəcəm,
pis işlərdən qorxacam deyə.
Bütün gün…
Bütün günü
ov kimi həyəcanlı olmuşam.
Yorğunam, ağrıyıram.
Günlər elə getdi ki, qayıtmağına
ümid yox.
Ürəyim güllü yaza aldandı,
əlim, üzüm, gözüm peşman düşdü.
İnciməyin, siz tanrı,
yorğunam.
Bir-iki kəlmə sözüm var.
Həm də heç nəyin ustadı deyiləm!
Əvvəllər ümid edərdim,
Sabahları bayram günləri tək
Gözlərdim.
Ayaq üstə olmuşam gün uzunu,
ayaqlarım
zirzəmi kimi sızıltılı.
Dünən gecədən hava da dəyişib,
Bu gün
bütün günü ov kimi həyəcanlı olmuşam…
***
Bax bu kağız, bu da qələm,
Bəlkə yazım gəlmişəm.
Görmürsənmi, zalım qızı,
Bu gün sizə gəlmişəm…
Məni yola salarsanmı?
Hara yola salasan…
Bəlkə cığır göstərəsən,
Yola yola salasan…
Yox, görmədim, zalım qızı,
Yox, eşitdim, getmisən,
Qaranlığa göz qoyurdum,
İşıq düşüb getmisən…
Qurban Yaquboğlunun kitabı çıxıb: “Mən yoxam”