Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10
Firuzə DAVUDQIZI
GÜNLƏR KEÇDİ…
Elşadın getdiyi gündən xeyli vaxt ötmüşdü. Artıq bir neçə şənbə-bazarı geridə qoymuşduq, amma o, sözünün üstündə durub daha rayona gəlmirdi.
İlkin mənim əhval-ruhiyyəmdən, gözlərimin tez-tez yol çəkməsindən darıxdığımı hiss edirdi. Odur ki, bir dəfə telefonun qulaqlığını mənə uzadıb, mehribancasına:
– Tax bunları qulağına görüm… – dedi. Mən heç nə başa düşməsəm də, əməl elədim. İlkin telefonunda nə isə axtarıb aradı. Və tezliklə qulaqlarıma gitarada ifa olunan həzin bir musiqi axıb dolmağa başladı. Çox keçmədən mahnının sözləri səslənəndə mən baxışlarımı qaldırıb təbəssümlə İlkinə baxdım. İlkin mənim gülən gözlərimi görəndə üzü nurlandı. Bu, Şəmistan Əlizamanlının “Cənab leytenant” mahnısı idi.
Barıt qoxulu o yollar
Səni bəs nə vaxt qaytarar?
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı paqonlar…
Hay ver mənə, cənab leytenant!
Xoş müjdəli bir savaşdan
Pay ver mənə, leytenant!
Mahnının ruhumu titrədən musiqisi, hər sözü, hər kəlməsi mənə Elşadı xatırladırdı. Xüsusilə onu ilk dəfə hərbi geyimdə gördüyüm o günü.
Üzümdəki təbəssümü tezliklə kədər əvəz elədi. Bu mahnı mənə çəkdiyim həsrətin özü boyda bir kədər, hüzn gətirdi. Qulaqlığı çıxarıb tamam səssiz dayandım. Əslində məni boğan qəhərdən qurtulmağa çalışırdım. Gözlərimin dolduğunu görən İlkin mat-məəttəl məni süzdü.
– Mən dedim sən darıxmayasan. Bu nədir?
Dillənmədim. Baxışlarımı ondan qaçırıb özümü ələ almağa çalışdım. İlkin mənə doğru əyilib, saçlarımı sığalladı və başımdan öpdü.
– Yaxşı olacaq hər şey… Sadəcə hər ikinizə bir az vaxt lazımdır. Düzələcək.
Mən sükutumu pozmadım. İlkin mənə eşitdirdi:
– İyulun 28-i doğum günüdür. Gəlməmiş olmaz Bəymurad! Çox güman, həmin gün gələcək. Yoxsa onda bu səbir, hövsələ olmazdı.
– Kimin doğum günüdür?
– Həyat yoldaşının.
– Doğurdan? – Mən heyrətimi boğa bilməyib, İlkinə baxdım. Çünki bu günədək Elşadın doğum günü tarixini də bilmirdim. İlkin başını tərpədərək təsdiqlədi. Onun bu sözləri ürəyimə bir ovuc ümid işığı səpdi.
Günlər bir-birini əvəz etdi. İyulun 28-i də keçdi, hətta avqust ayı başladı, amma Elşaddan səs-soraq çıxmadı.
Artıq bir aydan da çox idi ki, Elşad rayona gəlmirdi. Deyilənə görə, son vaxtlarda atasına, İlkinə zəng də vurmamışdı. Narahat idilər.
Qayınanam isə bunu belə yozurdu. Məni yandırıb-yaxmaq, qıcıqlandırmaq üçün öz ehtimallarını açıq şəkildə dilə gətirirdi:
– Yəqin yenə bası qarışıb də, hansısa ləçərin qoynundadır! Birini gətirib atıb üstümüzə, özü də gedib kefinin dalınca! Elə bilir, mən burda oturmuşam, daha onun şəhərdə çıxdığı oyunlardan xəbərim yoxdur? Evə çatandan telefonu susmur. Guya bilmirəm kimlərdir? O, bu evdəkini aldada bilər, məni yox!
– Bəsdir, ay ana, gəlin eşidir, ayıbdır! – İlkin yenə haqsızlığa dözməyib, anasıyla üz-üzə dururdu.
– Eşitsin! Mən nə danışdığımı yaxşı bilirəm!
Bütün bunları duyduqca əzabım minə qatlanır, səssiz-sədasız göz yaşı tökürdüm.
İki gün sonra qayınatam İlkini qardaşından bir xəbər öyrənmək üçün Sumqayıta göndərdi. İlkin hava qaralmadan evdə oldu. Gözlərimi onun üzündəki ifadəyə zilləmişdim ki, görən nə deyəcək. İlkin sakit əhval-ruhiyyədə idi. Mənim üzümə yansımış həyəcanımı görüb, bir gözü məndə, ata-anasına öyrəndiklərini dedi:
– Poliqondadır… 10 günlük gedib. Telefonu da hərbi hissəyə qoyub, gedib. Buna görə zəng çatmırmış. Yoldaşları dedi ki, bir neçə günə qayıdacaqlar.
Elə bildim üstümdən yük qalxdı. Asudəliklə nəfəs aldım. Mənim rahatlaşdığımı görən İlkinin üzündə təbəssüm dolandı. Bu bir ayı qayınanamın şübhə dolu sözləri beynimi bir qurd kimi gəmirmişdi.
– Yaxşı, bəs bu bir ayda harada imiş? – İlkinin dedikləri qayınanamı, görünür, qane etməmişdi.
– Gələndə özündən soruşarsınız. Əsas odur, salamatdır! – İlkin qısa cavab verib, anasının suallarından yayınmaq üçün öz otağına keçdi.
Düz bir həftə sonra gecə yarısı saçlarıma sığal çəkən əlin təması ilə yuxudan oyandım. Elşad hərbi geyimdə, üz-gözündən yorğunluq, yuxusuzluq yağa-yağa mənə baxır, buna rəğmən xəfifcə gülümsəyirdi. Yerimdə dikəlib gözlərimi ovuşduraraq tam ayılmağa çalışdım. Mənə elə gəldi ki, gözlərim məni aldadır. Yatmazdan əvvəl onu düşünüb ağlamış və beləcə də yuxuya getmişdim. Bu səbəbdən elə sandım xəyal görürəm.
– Mənəm… Yuxu görmürsən… – Elşadın dodağı qaçdı.
Boynuna nə vaxt sarıldığımı belə bilmədim. Bərk-bərk boynunu qucdum. O da məni bağrına basıb, xeyli buraxmadı. Öpüb qoxulaya-qoxulaya:
– Sənsiz bir günüm olmasın! Mən bilirəm nə çəkdim bu qədər vaxtı! – dedi.
Qollarımı boynundan götürüb, utana-utana üzünə baxdım. Bir anın həyəcanıyla öz hərəkətimə sıxılan kimi oldum.
Elşad günün altında yanıb qaralmışdı. Bir az da sarıbəniz olduğu üçün rəngi boğulub qalmışdı.
– Yemək hazırlayım?
– Yox, heç nə lazım deyil. – O, yorğun bir səslə dilləndi. Və əlavə etdi. – Bu gün gəlib çıxmışıq. Hərbi hissəyə çatan kimi icazə alıb düzəldim yola. Sabahı gözləyə bilmədim.
Duşa girib çıxandan sonra gəlib yatağa uzandı.
– Off… Ev kimisi var bəyəm? Neçə gündür yuxusuzam… – Bir qolunu gözlərinin üstünə qoyub, yatmağa hazırlaşdı. Yatmaq istəyəndə həmişə bu qaydada yatardı. Bir qolu gözlərinin üstündə. Elşad vəziyyətini pozmadan mənə: – Gecən xeyrə, pişiyim, sabah danışarıq, – dedi.
Mən təsdiqlədim. Öz halına onu gülmək tutdu:
– Gör nə gündəyəm, dilim söz tutmur. Sabah sənə doyunca baxım, sənə sarılım, nə bilim e, nə istəsən onu edim… Durum qulluğunda…
Onun yorğun halda öz-özünə belə danışmağı məni için-için güldürdü. Amma səsimi çıxarmadım. Təbəssümlə, oğrun-oğrun onu süzdüm. Gözlərimə inanmağım gəlmirdi ki, o, gəlib, yanımdadır.
Elşad yuxuya gedənədək gözlədim. Yatdığına əmin olandan sonra üstufca yanına yaxınlaşıb, ehmalca ona qısıldım. Üzümü qolunun altında gizlədib bu şəkildə yuxulamağa çalışdım. Aradan keçən bu müddətdə o qədər həsrətini çəkmişdim ki, indi ona bir nəfəs qədər yaxın olmaq, varlığını yanımda hiss etmək istəyirdim. Amma yenə də ondan xəbərsiz. Çünki cəsarətim çatmırdı hiss etdiklərimi dilimə gətirib, ona etiraf etməyə.
Səhər mən oyananda o, hələ yuxuda idi. Geyinib mətbəxə keçdim. Səhər yeməyi üçün hazırlıq görməyə başladım. Bu vaxt mətbəxə gələn İlkin:
– Sabahın xeyir! – dedi.
– Sabahın xeyir!
– Qaqam gəlib? – O, üzünə yansımış sevinclə soruşdu.
Mən işimi görə-görə başımı tərpətdim.
– Oooo… Gözün aydın, gözəl qız! Həmişə birlikdə! Onda, bir zəhmət, bir çay süz, qardaşımın şərəfinə içim… – deyib, həvəslə masanın arxasına keçdi. – Maşını gördüm həyətdə… Dedim yəqin hələ yuxuluyam… Şükür!
Mən onun sözlərinə gülərək çay süzüb, önünə qoydum. İlkin razılıq edib, maraqlandı:
– Özü hanı bəs? Yatıb hələ komandir?
– Aha… Yatıb.
İlkin çaydan bir-iki qurtum alıb, sonra baxışlarını qaldırdı. Təbəssümlə mənə baxdı:
– Bax, üzün həmişə belə gülsün… İndi xoşum gəldi. Bir də görməyim, ağlayırsan!
Təbəssümümü boğa bilmədiyim üçün utana-utana başımı aşağı saldım. Sözlə təsvir edə bilməyəcəyim bir sevinc hissi sarmışdı məni. Şadlığım üzümə vurmuşdu. İlkin də fərqinə vardı. Buna görə sıxıldım…
(Ardı var)