İlham İSMAYIL
4 oktyabr hadisələri daha çox Gəncə və ətraf rayonlarda özünü göstərmişdi. Surət Hüseynovun təsir dairəsinin olduğu yer Gəncə idi. Gəncə əhalisi, təbii ki, bu siyasi olaylarda faktiki iştirak etməmişdi. Surət Hüseynovu az sayda məmur və hərbiçi dəstəkləyirdi. Tabe olmayanlar, inad göstərənlər isə hücuma məruz qalmışdı.
Belə obyektlərdən biri də MTN-in Gəncə şöbəsi idi. Surət Hüseynovun tərəfdarları şöbənin əməkdaşlarını bir müddət binanın içində əsir kimi saxlamışdılar. 4 oktyabr günü şöbənin qapısını hiylə quraraq açdırmış, bu zaman Gədəbəy rayon bölməsinin rəisi Telman Babayevdən istifadə etmişdilər. Namiq Abbasov məni və Kadrlar İdarəsinin bir əməkdaşını bu məsələnin təhqiqatı üçün Gədəbəyə ezam etdi.
Gədəbəydə bölmənin bütün heyəti ilə söhbət apardıq. Məlum oldu ki, həmin gün Telman Babayev bölmədə olub, işdən sonra Gəncəyə, evinə gedib. Gədəbəyin icra başçısının müavini söhbət zamanı bildirdi ki, çox adam Gədəbəydən Şəmkirə gedib Aslan Aslanovun kabinetində iclas keçirib, o cümlədən Gədəbəydəki hərbi hissənin komandiri Həmzəyev və qərargahın rəisi də orda olub.
Hərbi hissənin komandiri bizimlə söhbətində Aslanovun kabinetində oktyabrın 3-də iclas keçirildiyini dedi. Aslan Aslanov iclas iştirakçılarına baş nazirin respublikada baş verən hadisələrdən – qətl, həbsdən qaçma hallarından narahat olduğunu bildirib, lazım gələrsə dövlətçilik naminə baş naziri dəstəkləməyi nəzərə çatdırıb, Həmzəyevdən Şəmkir-Gəncə yol polisi məntəqəsinə əsgəri qüvvə göndərməsini tələb edib. Həmzəyev belə bir əmr verməyəcəyini və əsgər göndərməyəcəyini deyib, iclası yarımçıq tərk edib. Qərargahın rəisi isə Aslanova söz verib ki, iki maşın əsgərlə sabah postda olacaq.
Rəis 20-dən çox əsgərlə həqiqətən oktyabrın 4-də Könüllü kəndinin yaxınlığındakı yol polisi postunda dayanır. Oktyabrın 4-də axşam Surət Hüseynovun fikirləşdiyi plan baş tutmayanda əsgərlər piyada dağ yolları ilə hərbi hissəyə qaçırlar.
Oktyabrın 3-də Surət Hüseynovun adamları MTN-in Gədəbəy bölməsinin rəisi Telman Babayevin evinə gəlib onu silah gücünə Gəncə şöbəsinə gətirirlər. Qapını döyməyi tapşırıb kənarda pusquda dururlar. Qapını açan şöbənin rəis müavini Valeh Abdullayevi əsir götürüb içəri daxil olurlar və öz aləmlərində şöbəni işğal edirlər.
Telman Babayevin günahı qapını döymək olmuşdu, o, sonadək müqavimət göstərməli idi, amma Babayev qiyamçılarla bir yerdə deyildi, birgə hərəkət etməmişdi. Mən də, Kadrlar İdarəsinin işçisi də bütün məsələləri təhqiq edib bu qənaətə gəldik.
Bakıya dönüb arayış hazırladıq. Telman Babayev artıq həbs olunmuşdu. Bir gündən sonra Namiq Abbasov məni yanına çağırdı. Arayışımı göstərib dedi:
– Səni Telmanı müdafiə üçün göndərmişdim? Bu nədir yazmısan?
– Nəyi təhqiq etmişik, onu da yazmışam.
Bir az fikrə getdi:
– Axı bu Aslan özünü az qala bir nömrəli Əliyev tərəfdarı kimi aparır.
– Namiq Rəşidoviç, Siz bilirsiniz ki, Aslanov keçmiş dövlət katibi Lalə xanımın himayəsində olub, üstəgəl, həmişə özünü Nəriman İmranovun kəndçisi, yerlisi kimi qələmə verməklə arxalı birisi olduğunu deməkdən çəkinməyib. Onu Şəmkirə icra başçısı da Lalə xanım təyin etdirmişdi. Lalə xanımın istefasından sonra ona elə gəlirdi ki, bu gün-sabah onu da çıxaracaqlar. Buna görə Surət Hüseynova sığınmaq istəyirdi. Bunları, təbii, arayışda yazmamışam, amma fakt budur ki, briqada komandiri Həmzəyev məsələni olduğu kimi danışdı.
– Sən bilirsənmi ki, Aslan da səndən deyir. Hər məni görəndə deyir ki, o, cəbhəçidir.
– Namiq Rəşidoviç, cəbhəçilərdən Sizin də dostlarınız var, mənim də, amma bunun bizim işimizə heç bir dəxli yoxdur. Aslanın məndən şikayət etməsi təzə şey deyil.
– Yaxşı, səni 4 oktyabr hadisələrinin təhqiqat komissiyasının üzvü təyin etmişəm. Bizim bəzi əməkdaşlar da əl altdan Surəti dəstəkləyirmiş. Bütün informasiyaları toplayandan sonra yekun arayışını yazarsan.
(Ardı var)