Aynur MƏSİMOVA (TƏMKİN)
Gəlin maşını karvanı yola düşəndə Əntiqənin bibisi əlindəki vedrə dolu suyu onların arxasıyca boşaltdı. Əntiqə heç kimə hiss etdirmədən göz yaşlarını silib dərindən ah çəkdi. Dili də, könlü də dərin narahatlıq içində: “Bala, axırın xeyir, getdiyin ev behiştin olsun! Tanrı nə məni, nə də səni sındırmasın!” – deyib xeyir-dua verdi.
Maşınlar dayanmadan siqnal verir, cavanlar min hoqqadan çıxır, Kamilə sevinclə ətrafı gözdən keçirirdi. Şəhəri dolaşdıqca qızın sinəsi həyəcanla qalxıb-düşürdü. Birdən maşın karvanı siqnalı daha uzun-uzadı verməyə, cüyüldətməyə başladı.
Küçəyə baxanda Raufun başından şiddətli ağrı tutdu. Qəzəblə əlini bibisi oğlunun çiyninə çırpdı. Oğlan, deyəsən, çiyninə zərbənin nədən dəydiyini anladı. Utandığından gözlərini dayısı oğlundan gizlətməyə çalışdı:
– Bağışla, dayıoğlu, – deyə kəkələdi. – Dayıdostum da, dayım da mənə and veriblər. Eləməyə bilməzdik.
Rauf əsəbdən əlləri əsə-əsə dostunun nömrəsini yığıb, az qala bağıra-bağıra:
– Kəsin bu siqnal səslərini! Kəsin deyirəm! Ayıb olsun hamınıza! – deyə söyləndi.
Kamilə Raufun bu hərəkətindən bərk tutuldu. Qəzəbindən tir-tir titrəsə də dırnaqlarını ovcuna bərk-bərk batırıb sakit durdu. Lakin həmin anda bu olanların hamısının heyfini çıxacağına and içdi. Onun sürməli gözlərindəki nifrət o qədər böyük və şiddətli idi ki, görən olsa qorxardı.
Hər şeyə rəğmən Rauf gecikmişdi. Şahanə siqnalların aramsız basılmağından bunların Məşədi Əliabbas tayfasına məxsus gəlin maşını karvanı olduğunu bilmişdi. Qadın donub qalmış, bütün düşüncələri tar-mar olmuşdu. Demək, Raufu o heç zaman doğru tanımayıb. Demək ki, bir zaman uğrunda uf belə demədən canından keçməyə hazır olduğu Rauf tamamilə tanımadığı, bilmədiyi bir insan imiş. Bunu dərk etmək Şahanəni daha çox üzdü. Aldığı növbəti zərbə qarşısında mətanətini qorusa da qəlbindəki yara böyüyərək daha çox qanamağa, onu daha çox incitməyə başladı.
Araz ortadan çıxmayan gəlinə baxdıqca xəcalətindən yerə girirdi. Kamilə sanki ona zillənən baxışları nə görür, nə hiss edirdi. Əntiqənin əlləri üzündə, baxışları yeznələrinin gözündə qalmışdı. Tərbiyə etdiyi övladına görə yeznələrindən, qudalarından utanıb, xəcalət çəkirdi.
Kamilə yenicə gəlin taxtına oturmuşdu ki, sevdiyi musiqini çalmağa başladılar. Donunun ətəklərini əlinə dəstələyib durmaq istədikdə Raufun möhkəm əli onu yerinə pərçimlədi. Qız nə qədər çalışsa da oğlanın möhkəm, zindan kimi barmaqlarından qurtula bilmədi. Ondan sonra toyun sonunadək daha qız yerindən tərpənə bilmədi.
Kamilə ürək döyüntüsüylə Raufu gözləyir, ona sığınmaq, onu qucaqlamaq üçün tələsirdi. Otağa göz dolusu baxdı. Bir zamanlar onun ən böyük düşmən bildiyi Şahanənin yataq otağı indi onun sultanlığına çevrilmişdi. Kamilə Şahanəni, öz aləmincə, tamamilə Raufun həyatından da, evindən də söküb atmışdı. Məgər bu, qələbə deyildimi? Gənc, gözəl, imkanlı, sağlam bir qız evli bir kişini asanlıqla əlinə almış, onun həyatına girmişdi. Kamilə rəfiqələriylə çəkişdiyi mərci udmuşdu. Ona bundan artıq heç nə lazım deyildi. O özünün kim olduğunu sübut etmiş, möhürünü Raufun həyatına basmışdı…
Qapı açılanda qız nazla gülümsəyərək geri çevrildi. Rauf dərin düşüncələr içində kandarda dayanmışdı. O, otağın hər yanını gözdən keçirdib, dərindən ah çəkdi. Bir zamanlar dünyanın ən isti, ən rahat otağı olan bu otaq indi onun üçün yad yerə çevrilmışdı. Rauf keçib çarpayının ucunda oturdu. Başını əlləri arasına alıb dərin fikirə getdi. Nə işi vardı onun bu otaqda? Şahanə olmadan, qızı olmadan bu dünyanın nə dadı-duzu olacaqdı? Pencəyini çıxardıb paltarlı yerinə uzanıb gözlərini yumdu. Fikirləri onu çəkib Şahanəylə olan toy gecəsinə apardı. O zaman hiss etdiyi xoşbəxtliyi, məsudluğu Rauf bir daha duymayacaq, bir də yaşamayacaqdı. Kamilə qəzəblə ona baxır, nə etmək istədiyini, nəyə nail olmağa çalışdığını başa düşməyə çalışırdı. Yox, deyəsən Rauf onun varlığını heç vecinə də almır. Qız keçib oğlanın qənşərində durdu.
– Rauf! – deyə qəzəblə səsləndi. Rauf durub oturdu, key nəzərlərlə qıza baxdı. – Rauf, – qız qəzəblə pıçıldadı, – bu gün bizim ən gözəl günümüzdür. Sənin belə etməyə haqqın yoxdur. Bizim ilk zifaf gecəmizdə sən bunu mənə necə rəva görürsən?!
Raufun üzündə kədərli bir təbəssüm dolaşdı:
– Hansı zifaf gecəsindən danışırsan sən? Güldürmə məni. O, adıyla, abrıyla ərə gedən qızlara aiddir, sənə yox. Yıxıl, yat. Səhər gəlin görməsinə gələcək sizinkilər. Sonra üzün-gözün şişər, atan elə bilər sənə ilk gündən əzab-əziyyət vermişik. Sonra dədəmi türməyə-zada salar dədən.
Daha Kamilənin cavabını gözləmədən otaqdan çıxdı. Eyvanda oturub kəhkəşanlı, ulduzlu səmaya baxdı: “Yəqin Lalə də, Şahanə də yatıb”. Fikri onu yaxın keçmişə apardı. Bir zamanlar onlar ikisi bu eyvanda oturub göyə tamaşa edər, arzu tutardılar. İndi nə Şahanə var, nə arzular. Sanki ulduzlar da daha əvvəlki kimi parıldamır. Dərindən ah çəkdi: “Əlvida, Şahanəm. Bu ulduzlu səmanın da, bu dünya-aləmin də sizsiz dadı-duzu qalmadı”. Fikir içində dərin, kədərli yuxuya daldı.
Rauf yanılmışdı. Şahanə yatmamışdı. Dizləri üstə yatan körpə balasının kədərli, məsum üzünə baxıb ağlayır, arada pəncərədən görünən ulduzlu göyə baxıb xəyanət üzündən yıxılan yuvasına üzülürdü. Onun məhəbbətlə döyünən qəlbi dərin iztirab içində çabalayır, düşdüyü vəziyyətdən çıxa bilmirdi. Nə idi onun da, qızının da günahı? Kim idi günahkar? Kim? Amma daha günahkar axtarmağın nə anlamı qalmışdı ki? Olan olmuşdu. Şahanə sabaha baxmalı, qızının xatirinə köhnə xatirələri yaddaşının bir tərəfinə qapadıb, yeni səhifə açmalıydı.
Gülpəri zümzümə edə-edə açdığı süfrə üçün ovma doğrayır, arada da təzə gəlinin otağına gözucu baxıb gülümsəyirdi. Qadın özünü olduqca yüngül hiss edir, özüylə qürrələnirdi. “Baxsınlar, görsünlər necə analar var. Oğlum zamanı çatanda anasına sağ ol da deyəcək. Neynək, hələ yarası təzədir. Amma tezliklə Kamilə qızım o ləçər Şahanəni ona unutduracaq. Bir az səbir. Bir uşaq da oldumu, heç Lalə də yada düşməyəcək. İtdən olan elə qucu-qucu olar. Bax, saat on olur, hələ Rauf da otaqdan çıxmayıb”. Gözləri mənalı-mənalı qıyıldı: “Bəs necə. Təzə-tər cananın qollarından xilas olmaq asandır ki…” Qulağına tappıltı səsi gəldi. O yan-bu yana boylandı. Pilləkənlə asta-asta qalxan Raufu gördükdə heyrətdən ağzı açılı qaldı:
– Bıy, başıma xeyir, a bala. Sənin çöldə-bacada nə işin var? Sən nə zaman durub çıxmısan ki, mən görməmişəm?
Rauf yorgun, üzgün halda anasına baxdı, dinmədi. Sanki heyi yoxmuş kimi divana oturub başını ovucları arasına aldı. Bu zaman yataq otağının qapısı açıldı. Təzə gəlin qırmızı gecəlikdə, sinəsi çöldə, yarıçılpaq çölə çıxdı. Gülpəri əvvəl elə zənn etdi ki, Kamilə onun burada olmasından xəbərsizdir. Lakin təzə gəlin şəstlə irəli yeriyib masanın üstündəki almanı götürüb qaynanasına irişə-irişə “Sabahın xeyir” deyəndə Gülpərinin tükləri biz-biz oldu. Arvad çaşqınlıq içində oğluna baxdı, udqundu. Rauf hiddətlə qızı süzüb, qəzəblə:
– Get adam kimi paltar geyin! – deyə ona təpindi.
Qohum-əqrəbanın biri gedib, o biri gəlir, həsədlə yeni gəlinin malına, cehizinə baxıb dərindən köks ötürürdülər. Kamilə hələ kiminsə üzünə çıxmamışdı, güzgü qabağında özü üçün bəzənirdi. Dünənki gecəni fikirləşir, Raufdan necə heyif çıxacağını düşünürdü. Qadın özünü qalib hesab etsə də, qəlbinin dərinliyində bunun belə olmadığını bilirdi. O, Şahanəni Raufun həyatından silib atdığını zənn etdiyi gecə Şahanənin xəyalı onların arasına girməyə yetmişdi. Kamilə bir anlıq özünü gücsüz, yorğun hiss etdi. Sanki əvvəlki Kamilədən heç nə qalmamışdı. Lakin bu yalnız bir neçə dəqiqə çəkdi. Qadın güzgüdə əksinə baxıb, “Məni heç kəs yıxa bilməz” – deyib hikkə ilə ayağa qalxdı. Şifonerdən son dərəcə gödək, yaxası açıq donunu çəkib çıxartdı, zorla əyninə keçirtdi. O, elə ilk gündən qaynanasına, qaynatasına və Raufa kimliyini hiss elətdirməyə, bu evdə söz sahibi olduğunu sübuta yetirməyə çalışırdı. Diləfruz arvad əlindəki çay stəkanını ağzına aparmaq istəyirdi ki, donub qaldı. Ağbirçək qadınının gözləri heyrətdən geniş açıldı, qapıda durub onlara baxan təzə gəlinin üzərində donub qaldı. Zivər arvad onun hara baxdığını görmək üçün başını çevirdikdə heyrətindən içini çəkdi. Bayaqdan Gülpəriyə həsəd aparan arvadlar böyük peşmanlıq içində başlarını yerə dikdilər. Yaxşı ki, bu zaman Rauf nəyinsə arxasıyca evə girdi. Gənc ər hər kəsin heyrətlə süzdüyü Kamiləni gördükdə sanki yer ayaqları altından qaçdı. Az qaldı bağırsın. Sürətlə yaxınlaşıb onun qolundan tutdu, içəri dartdı. Əsəbindən titrəyə-titrəyə qızın qolunu möhkəmcə sıxdı:
– Səni bir də bu halda, səhərki vəziyyətdə görsəm, and olsun Allaha, dədənin evinə yollayaram. Qulaqlarını aç, mənə diqqətlə qulaq as. İstədin, gəldin. Əgər gözümdə zərrə qədər dəyərinin olmağını istəyirsənsə davranışına, danışığına diqqət yetir.
Kamilə çox çətinliklə qolunu onun əlindən dartıb çıxartdı. Dodaqlarını sıxıb, hiddətlə oğlanı süzdü. Nəsə demək istədi, lakin Rauf buna imkan vermədi:
– Mən sözümü dedim, təkrarlatmağa çalışma!
Rauf otağı tərk etdi. Kamilə əllərini ovuşdura-ovuşdura otaqda gəzindi, sonra donu əynindən zorla çəkib çıxardı, divara çırpdı: “Göstərəcəm sənə də, sənin o iblis anana da! Mənə də Şaiq Camalın qızı deyərlər! Sənin evinə, yatağına girdiyim kimi qəlbinə də girəcəm. Bir az səbir, bir az səbir!”
Arzu qapını ehmalca tıqqıldatdı:
– Kamilə… – deyə onu səslədi. – Sizinkilər gəlib, səni gözləyir. Anam deyir ki, üstünə başqa bir şey geyinib, gələnləri qarşılasın.
Kamilə öz adamlarını böyük zala keçirib qapını örtdü. Bir xeyli onlarla danışıb-güldü. İçindəki qəzəbini, əsib-coşan fırtınanı güclə ört-basdır edib özünü şən göstərdi. Gələnlər bir neçə saat oturandan sonra Gülpəriylə salamatlaşıb getdilər. Kamilə bir Şeylanı, bir də “Pivə Rafiq”in qızını getməyə qoymadı. Onlarla yataq otağına çəkilib xısınlaşmağa, nə barədəsə danışmağa başladı. Deyəsən qızların maraqla gözlədiyi gecənın xoş keçməməsi onların da ovqatına pis təsir etmişdi. Qızlar baxışdılar, lakin heç nə demədilər. Kamilənin hər an, hər dəqiqə partlamağından qorxduqlarından nəsə bir fikir söyləməyə cəsarət etmədilər.
(Ardı var)