Romanın əvvəli: 1 2 3 4 5 6 7 8
Firuzə DAVUDQIZI
***
Səhər mən yuxudan oyananda onu yerində görmədim. Geyinib yuyunduqdan sonra mətbəxə keçdim. Mətbəxin pəncərəsindən baxanda gördüm həyətdə idmanla məşğuldur. Jim edir. Dayanıb bir qədər onu seyr elədim. Evdə bizdən başqa hələ heç kim oyaq deyildi. Mən bir gözüm pəncərədə səhər yeməyi üçün masanı hazırlamağa başladım. Baxmamaq üçün özümü nə qədər sıxsam belə baxışlarım ixtiyarsız olaraq ona doğru yayınırdı. Bir az sonra o, duşa girmək üçün yuxarı qalxdı. Eyvanda üz-üzə gəldik. İdman formasında, futbolkada idi. Tərləmişdi. Tünd qəhvəyi saçları islanıb alnına yapışmışdı. Bu geyimdə bədəninin bütün əzələləri bilinirdi. Baxmaq istəməsən belə adamın gözünə girirdi. Enli sinəsi, güclü qolları…
Onu görəndə özümü birtəhər hiss etdim. Başımı aşağı salıb tez yanından ötüb keçdim.
Əslində mən ona bağlanmaqdan və sonra da başqa qadınlarla necə vaxt keçirdiyini bilib əzab çəkməkdən qorxurdum. Buna görə də ondan qaçırdım.
Elşad dönüb çiyninin üstündən təəccüblə mənə baxdı. Arxamca:
– Sabahın xeyir də yoxdu?! – deyə mənə eşitdirdi.
– Sabahın xeyir! – Mən pilləkəni enə-enə dala baxmadan tez-tələsik dilləndim.
– Hmm… Buna da şükür! – dedi. Başını bulaya-bulaya hamama girdi.
Mən pilləkənin altında məhəccərin arasından onu izləyirdim. Əslində həyətə niyə endiyimi heç özüm də bilmirdim. Mənə dediklərini eşitdim. Amma səsimi çıxarmadım.
…Telefonu yenə susmaq bilmirdi. Gələn zəngləri rədd etsə də təkrar zəng gəlirdi. Özü duşda olanda telefonu salonda masanın üstündə qalmışdı. Zəng gələn kimi boylanıb baxdım. İri hərflərlə LARA yazılmışdı. Dişlərimi bir-birinə sıxıb, hirsimdən dodağımı dişlədim.
Günortaya az qalmışdı. Həmin qız bezmədən, usanmadan yenə zəng edirdi. Telefon hələ də salonda idi. Elşad onunla heç maraqlanmamışdı da. Otağa keçəndə onun taxtda uzandığını gördüm. Məni görən kimi telefonunu ona gətirməyimi istədi. Hələ də zəng çalmaqda olan telefonu götürüb otağa qayıtdım. Lakin ona vermək əvəzinə əsəbimi cilovlaya bilməyib, yatağın üstünə tulladım. Bu hərəkətimə çəp-çəp məni süzən Elşad:
– Bərəkallah! – dedi. – Hörmətin artıq olsun!
Mən eyhamımdan qalmadım:
– Deyəsən gələndə vidalaşmadan gəlmisən, nigarandılar!
Elşad eyni ifadə ilə gözümün içinə baxıb bir söz demədi. Telefonu götürdü. İstəyirdim cavab verməsin. Amma o, zəngə cavab verdi:
– Yenə nə var! – deyə çəmkirdi. Bunu görəndə durmayıb getmək istədim. O dəqiqə biləyimdən yapışıb saxladı. Bir əlində telefon məşğul olduğu halda çevik tərpəndi.
Qızın səsini aydın eşidirdim. Forslana-forslana, amma ağlayaraq danışırdı:
– Elşad… Mən… Mən… Çox pisəm! Niyə zənglərimə cavab vermirsən? Niyə mənə belə əziyyət verirsən? Sənin ürəyin daşdır? Mən sənsiz bacarmıram… Eşidirsən! Bacarmırrammm!..
Elşadın qulağı qızda olsa da, gözü mənə baxırdı. Mən bunları duyanda acı istehza ilə onu süzdüm. Geri dartınıb əlindən çıxdım. O, mənim otaqdan çıxmağıma mane olmaq üçün cəld yerindən qalxdı. Qarşıma keçib qolunu boynuma doladı, məni qoltuğunun altında saxladı. Ona dilimin acısını tökə bilmədiyim üçün hirsimdən var gücümlə qolunu dişlədim. Qız hələ xətdə idi deyə, o, səsini çıxarmasa da ufultusunu içərisinə vurub, dodaqlarını ağrıdan bir-birinə sıxdı. Tərs-tərs üzümə baxdı.
Qolunun üstündə dişlərimin izi qalmışdı. Qız ona nə isə deyirdi, amma Elşad daha onunla maraqlanmadı. Telefonu söndürüb bir kənara qoydu. Qapını içəridən bağlayanda mən dərhal irəli yeriyib:
– Mane olmayım söhbətinə… Davam elə! Təsəlli ver! Gözü yaşlı atıb gəlmisən! Günahdır! – deyə otaqdan çıxmağa can atdım. Elşad əlinin bir hərəkəti ilə məni geri itələdi. Qapını bağlayıb, mənə doğru çevrildi. Yaxınlaşanda üzümə dikilən baxışlarından fikrini anlayıb, bütün hirsimlə sinəsindən vurub acıqla dilləndim:
– Toxunma mənə!
– Bağırma! – Sərt ifadə ilə tərs-tərs üzümə baxdı. Yenidən mənə doğru gəldi.
– Sifət görürəm səndə! İkiüzlü! Saxtakar!
Onun məni bundan artıq dinləməyə səbri, hövsələsi çatmadı. İrəli yeriyib bir göz qırpımında belimdən yapışdı. Və çevik bir hərəkətlə qollarının üstünə qaldırıb yatağa tulladı. Üstümdə oturub məni ayaqlarının arasına aldı. Onu vurub üstümdən salmağa çalışsam da gücüm çatmadı.
– Bitdi sözün?! Boşaltdınsa ürəyini, indi mənə qulaq as! – deyə biləklərimdən yapışıb yastığa sıxdı. Və mən bu andan etibarən onun əlində çarəsiz qalan yaralı quş kimi çırpına-çırpına artıq çıxış yolumun olmadığını anladım. Amma məni incitdiyi üçün dilimi də dinc saxlamadım. Acıqla pıçıldadım:
– Bitmədi! Çünki sənə nifrət edirəm! Sənin kimi vəhşini, kobudu görməyə gözüm yoxdur! Bu nifrəti özün öz əməllərinlə qazanmısan!
O, canıma titrəmə salan baxışlarıyla məni diqqətlə süzüb, əsəbi-əsəbi dedi:
– Sən belə etdikcə mənim başım bir az da qaçır! Özünə yazığın gəlsin!
– Mən maskalana bilmirəm sənin kimi! Başdan-ayağa istedadsan! Hərəni bir tərəfdə idarə edirsən! Sadəcə mat qalmışam sənə!
O, eyni baxışlarla gözlərini gözlərimdən çəkmədən tamam başqa söz dedi:
– Mən havalanmışam səndən ötrü. Bir gün görməyəndə dəli oluram. Havam çatmır. Boğuluram!
– Boğul! – Sonsuz nifrətlə ağlaya-ağlaya pıçıldadım. – İstəsən lap öl! Yenə ürəyim soyumaz!
– Mən ölsəm başın göylərə ucalacaq?
Cavab vermək yerinə inadla əlindən çıxmağa çalışdım. O özünü qətiyyən sındırmayıb, mənim yerimə dilləndi:
– Eybi yox, vətən sağ olsun! Mənim ölməyimlə heç nə əskilməz.
– Burax! – Səbrim tükənmiş halda dartındım. Amma bu cəhdim onun halına belə təsir etmədi. Laqeydliklə dilini nırçıldatdı:
– Bu bir az çətin məsələdir… Məndən görə biləcəyim bir işi istə. Səndən artıq dərəcədə xahiş edirəm. Mən deyiləm, sənsən. Bir özün fikirləş də… Nə vaxta qədər səni gözləyəcəm ki, mənə doğru bir addım atasan? Bəlkə sən vaxtını, vədəsini demisən, mən qanmazam, başa düşməmişəm? Səni gözləməkdən məndə can qalmadı e… Bu gedişlə bir-iki ilə yararsız sayılacam. Ona görə məcburam vəhşilik edim. Ayrı yolum yoxdur. – Bunu deyib, əynimdəki donun ətəyini budumla üzü yuxarı qaldırdı. Barmaqları bütün bədənim boyu gəzməyə başladı. Sinəmi açıb, atəşli dodaqlarını sinəmdə, boyun-boğazımda gəzdirdi.
Buraxsın deyə, bütün qüvvəmi toplayıb dizimlə ona birini ilişdirdim. Əlini mədəsinə tutub ufuldasa da, onu gülmək tutdu.
– Oooofff… Sərrast atırsan, mənim balam! – deyib, məzəli bir əda ilə çox sevdiyi bir filmdən stat gətirdi. Qalxmaq istədiyimi görəndə təkrar yatağa yıxdı.
Ehtirasla bir anlıq üzümə baxdı. Və ac pələng kimi mənə girişdi. Biləklərimi var qüvvəsiylə tutub sıxdığı əllərinin altından çıxarmaq, onu vurub cırmaqlamaq keçdi ürəyimdən, amma alınmadı. Çırpına-çırpına qaldım. İndi artıq ağlamaqdan başqa əlimdən bir şey gəlmirdi. Hər dəfə bunu məcbur etməsi məni diri-diri qəbrə qoyurdu sanki. Çəkdiyim əzablar minə qatlanırdı.
Bir qədər sonra o, süst halda üstümə çöküb qaldı. Üzünü boynumda gizlətdi. Bir neçə saniyə bu vəziyyətdə dayanıb nəfəsini dərməyə çalışdı. Sonra göz yaşımdan islanıb sifətimə yayılmış saçlarımı əliylə kənar edərək üzümdən öpdü. Təngənəfəs halda qulağıma pıçıldadı:
– Məndən incimə… Nə qədər ki, sözümə baxmırsan, bu əziyyəti çəkəcəksən. Özün könüllü yanıma gələnədək!
Əzab içində gözlərimi bərk-bərk sıxıb, səssiz-sədasız ağladım. O, üstümdən qalxıb üzü üstə yatağa uzandı.
…Duşdan sonra əynimi geyinib, güzgünün qabağında saçlarımı darayırdım ki, bu vaxt Elşad qulağında telefon otağa girdi. Gərgin görünürdü.
– …Yox, Natiq, sən o qoduğa görə əbəs yerə mənə minnətçi düşmə. Ağlı varsa qarşıma çıxmasın! Onsuz da bəhanə gəzirəm! Çəmləyib, onun boğazını üzəcəm! Eləməsəm, məndən bişərəf adam yoxdur! Kimə xox gəlir o küçük?!
Dostu ona nə dedisə, Elşad sərt tonda:
– Qurban elədim onu Vüqara! İstəmədim camaatın məclisində qanqaraçılıq salam. Amma borc olsun! Əşi, mən Hikmət-zad tanımıram! Sözümü dedim! – deyib, söhbəti bitirdi. Telefonu əsəbi bir tərzdə tumbanın üstünə atdı. Keçib taxtın kənarında əyləşdi. Qaynayıb coşan qəzəbi ilə əsəbi halda bir xeyli fısıldadı. Mən onun bütün davranış və hərəkətlərini güzgüdən izləyirdim. Qulaq şahidi olduğum söhbətin kimdən getdiyi mənə məlum olmasa da, onun belə əsəbi tövrləri, gərgin əhvalı günü-gündən canıma daha çox qorxu salırdı.
O, birdən fikirdən ayrılıb zəndlə mənə baxdı. Sanki məni indi gördü. Sifəti bir az da tutqun ifadə aldı. Qaşlarını düyünləyib məni başdan-ayağa süzdü. Və kəskin iradla:
– Bu nədir geyinmisən? Bir mərifətli paltar tapmadın əyninə geyinməyə?! – deyə, mənə üzünü bozartdı.
Əynimdəki don mövsümə uyğun olsa da, sən deyən açıq-saçıq deyildi. Amma Elşad hal-hazırda gərgin olduğu üçün bu bir bəhanə oldu ona. Mən çaşqın halda onun bu reaksiyasını anlamağa çalışdım:
– Nolub ki?
– O olub ki, çox qısadır! – Elşad sərt səslə sözümü kəsdi. – Vurmursan başına?! Ətin-budun bayırdadır! Geyinməyə bir şeyin yoxdursa, de, alım gətirim! Belə edib, beynimin qurdunu tərpətmə!
Qanıqara olduğunu görüb dillənmək istəmədim. Yenidən güzgüyə tərəf çevrilib narazılıqla köks ötürdüm. Saçlarımı daramağa davam etmək istəyirdim ki, onun səsinə diksindim.
– Nəyi gözləyirsən?! Çatmadı sənə dediyim söz?! Bu dəqiqə çıxart, başqasını geyin! Bir də görməyim bunu sənin əynində!
Onun iradını haqsız sayıb, özümü müdafiə etmək istədim:
– Mənə nə alınıbsa, burda alınıb. Sənin də xəbərin olub hamısından. Mən bura pal-paltarla gəlməmişdim ki, indi bu sənə xoş getməsin…
Elşad səbri daralmış halda üz-gözünü turşutdu:
– Mənə kimisə söydürmə! Alıblar, çox səhv ediblər! Nə qədər ki, şil-küt eləməmişəm, çıxart, bir də görməyim! Cəld ol! Başa düşmədim, söz güləşdirirsən sən mənlə?!
– Həmişə geyindiyim paltardır da… İndi diqqətini cəlb elədi? – Heç bilmədim bu söz ağzımdan nə vaxt çıxdı.
Elşad bir az da gərildi:
– Hmm… Deməli, mən burda olmayanda sən bu viddə, bu fasonda gəzib dolanırsan! – Yerindən qalxdı. Ağır addımlarla mənə doğru gəldi. Gəlib düz qarşımda dayandı. Rəngi boğulmuş halda səsini göyərtdi. – Nə səbəbə?! İzah elə! Fikrin nədi ki, sənin? Kimin diqqətini çəkmək istəyirsən? Kimə göstərirsən özünü?
Mat-məəttəl onu süzüb, dedim:
– Paltarı hansısa bir fikirlə geyinirlər? Nə iyrənc düşüncəli insansan sən!
– Hə! Mən beləyəm! – Sərt tonda təkrar mənə bozardı. – Bağışla da… Mən geniş ürəkli, mədəni oğlanlardan deyiləm! Müasirlikdən, mədəniyyətdən bixəbərəm! Ola bilsin, sən belələrinə üstünlük verirsən, amma mən bacarmıram! Mənim olanı açıq-saçıq geyinməyə icazə verim, çıxarım efirə, millət tamaşasına dursun! Çatmır mənə belə şeylər! Başa düşdün?! Xəstəyəm! Başıxarabam!
Mən qeyri-ixtiyari arxamdakı dolaba qısılıb, onun zəhmi qarşısında büzüşdüm. Titrəyə-titrəyə gözlərinin içinə baxıb, daha dinmədim. Çünki dillənməyə gücüm, cəsarətim olmadı. Elşad barmağını gözümün önündə silkələyə-silkəyə:
– Səni bir də bu görkəmdə görsəm, məndən incimə! – dedi. – Gələn dəfə sənə heç bir söz deməyəcəm! Bir dəfə vuracam, ömürlük şikəst qalacaqsan! İndi qərar sənindir! – Yumruğunu zərblə qulağımın dibində dolabın qapısına vurdu. Diksinib qorxu içində üzünə baxdım. Xeyli özümü ələ ala bilmədim. Elşad telefonu götürüb otaqdan çıxdı. Adəti üzrə yenə qapını arxasınca çırpdı. Məni boğan qəhərdən qurtulmaq üçün hönkürdüm.
Günortadan sonra atası İlkindən Elşadı xəbər aldı. İlkin cavab verdi:
– Elşad iki saat olar çıxıb rayondan. Zəng vurmuşdu, dedi qayıtdım şəhərə.
İlkindən duyduqlarım məni daha da kövrəltdi. Elşad mənə olan hiddətindən adətinin əksinə görüşmədən getmişdi. Özümü kimsəsiz hiss etdim bir an.
Günü alt-üst bir əhvalla başa vurdum.
Gecə yatağa yenicə girmişdim ki, bu vaxt İlkinin qapının dalından məni çağırdığını duydum.
– Gəlinbacı…
Xalatımı əynimə keçirib qapını açdım. İlkin sakit səslə soruşdu:
– Yatmışdın?
– Yox.
Telefonunu mənə uzatdı.
– Elşaddır, səni istəyir…
Gözləmədiyim üçün duruxdum. O, hələ indiyədək məni telefona çağırtdırmamışdı. Telefonu qulağıma tutdum. Ürəyim şiddətlə vura-vura bir qədər özümü toplayıb:
– Alo… – dedim. İlkin bizim rahat danışmağımız üçün qapıdan ayrıldı. Mən bir də təkrar etdim. – Alo…
Bu vaxt Elşadın xəttin o üzündən dərin köks ötürdüyünü duydum. İçərisini yandırıb-yaxan bir ah idi bu. Dayanıb gözlədim. Çox keçmədən Elşadın təbiəti kimi ağır ahəngli səsi duyuldu qulağımda. Aramla danışmağa başladı:
– Mən bu nifrətə yəni bu qədər layiqəm? Bu qədər düşmənəm mən sənə? Niyə mənə əzab verirsən? Niyə bilərəkdən məni özümdən çıxarıb dəli edirsən? Mən sənə doğru dizin-dizin sürünürəm, niyə burnumdan gətirirsən gəldiyimi?
Birinci dəfə idi onun telefonda səsini duyurdum. Dillənib bu anda ona bir kəlmə xoş söz demək istədim, amma deyə bilmədim. Anlaya bilmədiyim güclü bir hiss qürurumun önünə keçib mənə mane oldu.
Qısa bir sükut yarandı arada.
Elşad susduğumu görüb, yenidən özü dilləndi:
– Aydın oldu! Deməli layiqəm! Nə deyim, Allah canını sağ eləsin…
Gözümdən çıxan yaş damlası yanağıma süzüldü. Elşadın xətdə yenidən fısıltısı duyuldu. Və zəngi bitirdi.
Məni ağlamaq tutdu. Özümü ələ almaq üçün otaqda ləngiməli oldum. Gözümün yaşını silib, telefonu İlkinə qaytarmaq üçün salona getdim. İlkin divanda oturmuşdu. İki əliylə başını tutub fikrə getmişdi. Məni görəndə:
– Noldu? Danışdınız? – deyə soruşdu.
Başımı tərpətdim. İlkin mənim ağlamaqdan qızarıb şişmiş gözlərimə diqqət edib, sual verdi:
– Xətrinə dəyib?
Dinmədim. İlkin:
– Hmm… Qardaş dəm idi yenə… Dili söz tutmurdu, maşallah! – Narazılıqla başını buladı. – Bu oğlan hara gedir e, bu xasiyyətlə… Dost-tanışla bir yerdəydik. Zəng vurub tələb edir ki, telefonu apar ver Mələyə. Deyirəm kənardayam, söz başa salmaq olur bəyəm? Noldu, sözü elə bu idi?
Dillənmədim.
– Zəhərini töküb gedib, indi də əfv diləyir, hə?
Mən dolub-doluxsunmuş bir halda susmağa davam etdim.
– Dünən toydan gələndən onun qanı qara idi. Soruşdum, səbəbini demədi. Hirsini tökməyə adam gəzirdi, deməli, hədəfə sən tuş gəlmisən.
İlkinin bu sözləri mənə Elşadın dostu Natiqlə telefon söhbətini xatırlatdı. Amma yenə də nə baş verdiyi mənə məlum olmadı. İlkinin səsinə fikirdən ayrıldım. O, köks ötürüb narazılıqla qardaşının qarasına deyindi:
– Ehhh… Bir gün evə gəlir… özü öz əliylə həyatını cəhənnəmə çevirir…
Ayaqlarımı dalımca sürüyə-sürüyə təkrar otağımıza qayıdıb, yatağa uzandım. Bir anlıq ürəyimə söz keçirə bilməyib, məndən asılı olmayan bir hisslə Elşadın yastığına doğru əyildim. Ətri hələ də yastıqda idi. Burnumu yastığa tutub, dərin-dərin qoxuladım. Gözlərim doldu. Göz yaşım yastığı islatdı.
Özüm özümə məəttəl qalmışdım. Mənə nə olmuşdu? Baş aça bilmirdim. Onun üzünə “Sənə nifrət edirəm!” dediyim halda, indi onun arxasınca göz yaşı tökürdüm.
(Ardı var)