İlham İSMAYIL
Füzulinin 500 illik yubileyi keçirilirdi. Göyçayda da tədbir nəzərdə tutulmuşdu. Tədbirdən bir gün əvvəl Göyçay kitabxanasına gəlib Füzulinin qəzəlləri olan kitabı istədim. Mədəniyyət evinin müdirinə zəng edib kitabı istəyə bilərdim və kitab da yəqin mənə çatdırılacaqdı, sadəcə mənə maraqlı gəldi: kitabxanaya gedən və kitab alıb oxuyan varmı?
Kitabxanaya daxil olanda məni kitab iyi deyil, yağlı yeməyin iyi vurdu, kitabxanada işləyən qadınlar nahar yeməyini qızdırıb süfrəyə oturmağa hazırlaşırdılar. Qadınlardan biri könülsüz nə istədiyimi soruşdu. Füzulinin kitablarına baxmaq istədiyimi dedim. Yaxınlıqdakı rəfi göstərib süfrəyə qayıtdı. Kitablardan birini seçib götürmək istədiyimi bildirdim. Kitabxana işçisi: “Evə kitab vermirik”. Mən pasportuma baxmalarını deyəndə qadın tanımadıqları adama kitab vermədiklərini dodaqaltı mızıldandı.
“Yəni kitab həvəskarları var, amma onlar kitabları alıb qaytarmırlar, eləmi?” deyə soruşdum.
Kitabxanaçı qadın:
– Yaxşı, gəlin anket açım.
İş yerimi kitabxanaçıya deyəndə ayağa qalxdı:
– Müdiri indi çağırıram.
– Müdirə ehtiyac yoxdur, olsaydı, yanıma çağırardım. Mən sadəcə kitab alıb aparacam və mütləq qaytaracam.
Səhərisi gün mədəniyyət evində yubiley tədbiri oldu. Ön cərgədə əlimdə Füzulinin kitabı oturub baxırdım. Aktyorlar şeir deyir, müğənni Səkinə İsmayılova oxuyur və mənə universitetdə Azərbaycan ədəbiyyatından dərs demiş Firuz Sadıqzadə Füzuli poeziyasından danışırdı.
Tədbirdən sonra Çərəkə gölü deyilən restoranda qonaqlarla birlikdə şam etdik. Yemək zamanı aktyor Ramiz Həsənov məndən “Müəllim, Siz kimsiniz?” soruşdu. İcra başçısı məndən əvvəl cavab verdi.
Aktyor: “Vallah, Sizi əlinizdə Füzulinin kitabı görəndə səhnə arxasına keçib söyləyəcəyim qəzəllərə bir də nəzər saldım. Fikirləşdim ki, bu adam, çox güman, müəllimdir, əlində kitab yəqin səhvimizi tutmaq istəyir”.
Deyəndə ki, Firuz müəllimin tələbəsiyəm, bu, müəllimimə xüsusi ləzzət verdi.
Bu hadisəni qələmə almaqda məqsədim odur ki, mən xüsusi xidmət orqanında işlədiyim müddətdə heç zaman jurnalist-filoloq olduğumu unutmadım. İşlədiyim yerlərə ezamiyyətə, ya eləcə gəzməyə gələn jurnalistləri, yazıçıları, şairləri, aktyorları həmişə qarşılayıb yola salmışam və bunlar öz təşəbbüsüm olub.
Gəncədə Yaşar Nuri, Siyavuş Aslan, Nurəddin Mehdixanlı, Rafael Dadaşov, Firəngiz Mütəllibova, rejissor Lütfi Məmmədbəyov qonaqlarım olub.
Əyalətdə yaşasaq da ölkənin mədəni həyatında baş verən yenilikləri hər zaman izləyirdim. Göyçaydan ailəvi gəlib operada “Jizel”ə baxırdıq.
Göyçayda çox yaxın münasibətdə olduğum şəxs Ucar rayonunun prokuroru Yaşar Əliyev idi. Yaşar müəllim ədəbiyyatı, şeiri, musiqini çox sevən ziyalı bir şəxsdir. Hüquq mühafizə orqanları işçiləri arasında nadir xarakterə malik Yaşar müəllimlə görüşəndə söhbətimiz daha çox ədəbiyyatdan olardı.
Yaşar müəllimin Bəxtiyar Vahabzadə ilə dostluğunu əksəriyyət bilir. Bir gün mənə zəng etdi ki, Bəxtiyar müəllim Şəkidədir, gedək görüşək. O vaxta qədər Bəxtiyar müəllimlə şəxsi tanışlığım olmamışdı. Şəmkirdə işləyəndə Əhməd Cavadın 100 illik yubileyi münasibətilə şairin portreti olan əl gəbələri hazırlanmışdı. Bəxtiyar müəllim üçün ən yaxşı hədiyyə onu hesab etdim və götürüb Şəkiyə getdik.
Bəxtiyar müəllimlə xeyli söhbətlərimiz oldu. Hədiyyəni verəndə gözləri yaşardı: “Çox talesiz bir şair olub” dedi. Talesiz yazıçılardan birinin də Sabir Əhmədli olduğunu, yazıçının oğlunun şəhid olduğunu dedi. Bəxtiyar müəllim Sabir müəllimin evinə gedəndə necə sadə yaşadığını, maddi cəhətdən çətinlik çəkdiyini gördüyünü, amma çox qürurlu bir şəxs olduğunu da əlavə etdi.
Bəxtiyar müəllimlə söhbət zamanı televiziya xəbərlərində çapanla, alqışlarla müşayiət olunan xəbərlər verilirdi. Şair bir az baxıb başını buladı: “Bu çapan da bir xəstəlikdir. Çalan da xəstədir, ondan ləzzət alan da”.
***
Yayda nazirlikdə Prezident yanında Xüsusi İdarənin yeni rəisi Şəmsi Rəhimovla görüş oldu. Ölkədə vəziyyətin heç də hamar olmadığı bəlli məsələ idi. Surət Hüseynovla Heydər Əliyevin nə zamansa qarşı-qarşıya gələcəyini görüş iştirakçıları hiss edir, amma dilə gətirmirdilər.
Şəmsi Rəhimova sual verdim: “Ölkədə hərbi qüvvələrin dövlət çevrilişi etmək ehtimalı qalırmı?”
Şəmsi Rəhimov açıq danışdı: “Təəssüf ki, hələ də qalır, amma nəzarətimiz var”.
Söhbət Surət Hüseynovun nəzarətində olan hərbiçilərdən gedirdi. Baş nazirin adı çəkilməsə də, hamımıza məsələnin mahiyyəti məlum idi.
Görüşdə iştirak edən birinci müavin Namiq Abbasov görüş bitəndən sonra məni kabinetinə çağırdı:
– Sənin bir informasiyan varmı? Elə danışdın ki, elə bil nəsə bilirsən.
– Konkret informasiyam yoxdur, amma, Namiq Rəşidoviç, yəqin Siz də bilirsiniz ki, baş nazirlə prezident arasında soyuq müharibə açıq görünür. Baş nazir, ruslar demiş, “человек непредсказуем”.
– Sən bu saat bizə Gəncədə lazım idin, Göyçayda yox. Səni Şəmkirdən niyə çıxardılar, çıxarırdılarsa, niyə Göyçaya göndərdilər? Sənin yerinə qoyulan göydən alma dərəcək mənimçün. Tanımırlar o simulyantı? (Həmin şəxsi simulyantlığına görə Əfqanıstandan o vaxt qovmuşdular. Abbasov ona işarə edirdi).
Gəncənin rəisi Tofiq təcrübəli işçidir, hakimiyyətə sadiq adamdır, amma nəzərə almaq lazımdır ki, onu ora Surət Hüseynov qoydurub, Gəncəni də sənin kimi tanımır.
Nə isə, Gəncədəki imkanlarınla həmişə əlaqədə ol, şübhəli bir şey olsa sənə desinlər.
***
MTN təcridxanasından Rəhim Qazıyev, Baba Nəzərli, Ələkrəm Hümbətov, Arif Paşayev qaçırıldı. Hər halda bu adamlar plan cızıb özləri qaçmamışdılar.
Göyçaya da xəbər verdilər ki, Rəhim Qazıyevin orda qohumu var, ora da gələ bilər. Aydın məsələ idi ki, bu hər ehtimala qarşı olan tədbir idi.
Yadıma Oleq Qordiyevskinin Moskvadan qaçırılması düşdü. Qordiyevski qaçırılanda mən Gəncədə işləyirdim. Axtarışa baxırdım. Gəncəyə belə bir tapşırıq gəlmişdi ki, Qordiyevskinin həyat yoldaşı Leyla Əliyevanın atası Hüseynəli əslən Gəncə tərəfdəndir, diqqətli olun, bəlkə Qordiyevski Gəncəyə gəlib.
O tapşırığı göndərən də bilirdi ki, Qordiyevski artıq SSRİ hüdudlarından kənardadır, amma hər ehtimala qarşı…
Eynilə Rəhim Qazıyevi Göyçayda axtarmaq da buna bənzəyirdi.
Hadisələr bir-birinin ardınca baş verirdi. Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli də baş verənlərin davamı idi.
Nazir Nəriman İmranov vəzifəsindən azad edildi.
Həftənin birinci günü idi, kollektivi toplayıb işçilərdən birinin düzgün olmayan mövqeyini müzakirəyə təzəcə başlamışdıq ki, əməliyyat telefonu zəng çaldı.
Namiq Abbasov idi:
– Sən axı o Göyçayda nə edirsən? Burda sən mənə lazımsan. Tez ol, dur gəl bura, səni gözləyirəm.
Təcili maşına oturub Bakıya yola düşdüm. Yol boyu Abbasovun məni çağırmağının səbəbini dəqiqləşdirməyə çalışırdım. Təbii, hansısa tapşırığın olacağını bilirdim, amma məni nazirliyə işə dəvət edəcəyini gözləmirdim. Ona görə gözləmirdim ki, Təhməzov istisna olmaqla heç bir nazirlə xüsusi yaxınlığım olmamışdı. Abbasovla da həmişə məsafəli davranmışam.
Bu düşüncələrlə Bakıya çatdım. Namiq Abbasovun kabinetinə daxil olanda ayağa qalxıb məni salamladı və ilk sözü bu oldu: “Necə deyərlər, iti öldürənə sürüdərlər. Yadındadır, Gəncədə mənə demişdin ki, bütün əsasnamələr, təlimatlar SSRİ-dən qalmadır, hələ də onlara əsaslanıb işləyirik. Demişdin ki, bizə öz dilimizdə fəaliyyətimizi tənzimləyən təlimatlar, əmrlər lazımdır. Bax, indi səni gətirirəm Bakıya, xüsusi inspeksiyada şöbə rəisi təyin edirəm. İnspeksiya fəaliyyətinlə bərabər bütün əsasnamələri, təlimatları, aparıcı əmrləri bizim hüquq şöbəsi ilə bir yerdə hazırlamağı sənə tapşırıram.
Bilirəm, Bakıda evin yoxdur, sənə 3 ilə Nərimanovun heykəli arxasında ev verəcəm. Get, işlərini təhvil ver, köç Bakıya. Əmrini bu saat imzalayıram”.
Mən əmrə tabe olduğumu deyib Abbasova etimadı üçün təşəkkürümü bildirdim.