Aynur MƏSİMOVA (TƏMKİN)
Əntiqə sonuncu cehiz qutusunu oğlanların birinə verib dərindən nəfəs aldı. Qadın qızının bu cür ərə getməsini heç həzm edə bilmirdi: “Axı nəyə görə, bala, sən bizi biabır etdin? Dəyərdimi bütün bu biabırçılığa? Hamının başını yerə soxdun. Bacıların belə qaynatalarının, qaynanalarının, ərlərinin üzünə baxmaz oldular. Nə olsun ki, kimsə nəsə demir. Deməsələr də, üzə vurmasalar da, hər halda bizi qınayırlar”. Əntiqə doluxsundu, amma tez də gözlərini sildi. “Kiri, Əntiqə. Səhv, ya düz, olan oldu. Barı gedib oturandan olsun”.
Gülpərinin qəhqəhəsi aynabəndi başına götürmüşdü. Qadın sevincindən göylərə uçur, ev bəzəyənlər üçün süfrə düzəldirdi. Qadın sevə-sevə hazırladıqlarını masanın üstünə yığır, bundan dərin zövq duyurdu. Arada gözucu Kamilənin malına baxır, qürrələnirdi. “Gəlib baxsınlar cehiz necə olur. On dənə xalı gəbə. Özü də əntiqəsi. Hələ bir çil-çırağa bax! Allah bilir neçə min dollardır. Sən bunun süfrələrinə bax! Mebeləcən alıb yollayıb. Dedim özümüz alarıq. Dedi yox. Qoy qızım hansını seçir, o olsun. Əhsən gəlinimin zövqünə! Ay, ay, bu nədir?” Arvad yenicə mətbəxə quraşdırılan mebelə baxıb hayıl-mayıl oldu. Şahanənin gəldiyi zaman gətirdiyi, amma sonradan geri istəmədiyi mebeli açıb yerinə xalis fil sümüyündən düzəldilmiş dolabları vurmuşdular. Gülpəri təpiyi ilə köhnə dolabın birinə vurub qaynı oğlunu yanına çağırdı:
– Apar, hələ ki, bunu zirzəmiyə yığ, ay bala. Sonrasına baxarıq. Tez itir gözümdən. Gördükcə kefim korlanır.
Gələnlər hər şeyi yerləşdirəndən sonra yeyib-içib qapıdan çıxdılar. Artıq axşam düşmüşdü. Hamı yorğun-arğın divana, kresloya oturub qalmışdı. İndi haradadırsa Arazla Rauf evə dönəcək, Gülpəri də cehizləri onlara göstərib qürrələnəcəkdi. Qadınlar ağıs dolusu cehizləri tərifləyir, bir tək Diləfruz arvadla Arzu sakitcə qulaq asırdılar. Hər ikisi üzgün, hər ikisi fikirli idi. Diləfruz arvad Şahanənin xanım-xatınlığuna heyran idi. O, Şahanənin başına gələnlərdən sonra ilk dəfə idi ki, bu evə gəlirdi. O da ərinin təhrikindən sonra. Arzu isə körpə Lalənin xiffətini çəkir, onun bu evdə bir də üzü gülməyəcəyini dərk edirdi.
Arazın ayaq səslərini eşidən kimi hər kəs ayağa qalxdı. Kişi şəstlə içəri girib hamıyla salamlaşdı. Arvadının sözlü adam kimi vurnuxduğunu görüb güldü:
– Di gəl, göstər, ay Gülpəri. Yoxsa sən dinclik tapmayacaqsan.
Qadın şəstlə irəli düşdü. Elə qonaq otağının qapısına əlini uzatmaq istəyirdi ki, Raufun səsini eşitdi. O da görsün deyə tez qapını itələdi. Amma qapı açılmadı… Qadın təkrar qapını bir də itələdi. Ancaq faydası olmadı, qapı yenə açılmadı. Arvad gözləri bərəlmiş halda ərinə baxdı. Zivər tələsik mətbəxə gedib oranın qapısını itələdi, o da açılmadı. Gülpəri qızardı. Rauf anasını süzür, deyəsən hələ ki, nə olduğunu anlamırdı. Qadın yataq otağının da qapısının bağlı olduğunu gördükdə əlini ağzına apardı. Qızışmaq istədi, dəstəyi götürüb Əntiqənin abrını ətəyinə bükmək istədi. Amma Arazdan ehtiyatlandı. Hər kəsin üstünə sanki bir andaca su ələndi. Gülpəri gülərək məsələni ötüşdürmək istədi. Lakin onun göz ağartmalarına fikir verməyən Zivər yırğalana-yırğalana əlini belinə apardı, ağzını büzə-büzə:
– Bıy, bu nə deməkdir?! – dedi. – Onlar kimdir sənin evində qapı bağlayır, meydan oxuyur?! Balam, hələ bunların qızı bu qapıya gəlin gəlməyib, qapınızı üzümüzə bağlayırlar. Yaxşı, gələndən sonra neyləyəcəklər?!
Raufun qəzəbindən bir andaca üzünün ifadəsi dəyişdi. Hirslə Kamilənin telefonunu yığdı. Qızın səsini eşidər-eşitməz hökmlə:
– Açarı necə aparmısınız, eləcə də geri gətirin! – deyərək telefonu söndürdü.
Əntiqə hirsindən əsim-əsim əsirdi. Qızlarını, qardaşı arvadını, eltilərini bir-bir süzür, söyləməyə söz tapmırdı:
– Necə yəni, qapını bağlamısınız! Camaatın evini kilidləmək nə deməkdir?! Tutalım, bunlar qanmazlıq etdilər. Bəs yaxşı, siz yaşda arvadların ağlına nə gəlib! – deyə əsib-coşdu. Onun qəzəbi artıqca kimsə dillənmir, hər kəs peşman-peşman başını bulayırdı.
Kamilə bir gözüylə ortancıl bacısına nəsə işarə edir, ona nəyisə anlatmağa çalışırdı. Gözündən heç nəyi qaçırmayan Əntiqə qızına doğru gəlib, diqqətlə ona baxdı:
– Sən bağlamısan?
Gülay:
– Hə, – deyib başını aşağı dikdi.
Əntiqə əsəbindən əsə-əsə:
– Bala, bunun başı xarabdır, sənə nə gəlib? Ver açarları mənə! – deyə əlini uzatdı.
Qız çaşqınlıqdan, ya utandığından dili dolaşa-dolaşa:
– Ana, vallah, məndə deyil, – deyib üzünü çevirdi.
Əntiqə Kamilənin ovcunda gizlətdiyi açarı zorla ondan alıb Gülaya verdi:
– Apar, necə gətirmisən, elə də qaytar. Bəlkə bu sənə dərs olar. Hansınıza güvənəsən, daha bilmirəm.
Gülpəri bilsəydi ki, mətbəx mebelini, yataq otağını bəzənmiş görüb Rauf qızışacaq, bu qədər canfəşanlıq etməzdi. Rauf getdikcə kükrəyir, hər şeyi söküb atmaq istəyirdi.
– Ay ana, sənin iki mətbəxin ola-ola, o qədər otaq boş-boşuna dura-dura niyə bura gətirtmisən bunları? Hələ nifrətin, kinin keçməyib, hə?! Həyatımdan söküb atmağı bacardın, ürəyin soyumadı, indi də evlərə keçmisən? Nə deyim, ana? Nə deyim? Bir gün bu nifrətin sənə nələr edəcək, bir bilsən…
Rauf təəssüf dolu baxışlarını anasından çəkib otaqdan çıxdı.
O, bu anda nə qədər yorğun, nə qədər üzgündü. Doğma anası belə onun acılarına biganə idi. Hər kəs onun əzabından bixəbər, öz ailəsiylə məsud və xoşbəxtdi. Hara getsə xəyalında Şahanənin surəti, Lalənin şəkli onu məhv edirdi. Atasının əlindən tutub çığırışan uşaqları, məhəbbətlə övladlarını süzən gənc anaları gördükcə daha da məhv olur, daha çox üzülürdü. İçindəki acısı, özünə olan nifrəti hər gün bir az da böyüyür, onu bədbəxt bir insana çevirirdi.
…Bədənnüma güzgünün qarşısına keçib özünü süzdü. Göz bəbəklərindəki nifrət üzünə yayıldı. Əynindəki bəy kostyumunu istehza ilə süzdü. Həyətdə çalınan toy sanki ona yox, bir başqasına çalınırdı. Heç vaxt ikinci dəfə bəylik libasını geyinəcəyini ağlının ucundan keçirtməmişdi. Amma indi geyinmişdi, özünü də zindanda məhbus kimi hiss edirdi.
Həyətdə bir vur-çatlasın vardı, gəl görəsən. Gülpəri sinəsini irəli verib bir süzürdü, gəl görəsən. Bilməyən görsə elə bilərdi ana ilk dəfədir oğul evləndirir, toy çaldırır. Araz da halından məmnuna bənzəyirdi. Bir tək Arzu kənardan hər kəsi süzür, göz yaşlarını ürəyinə axıdırdı. Anasının qol qaldırıb süzdüyünü gördükcə yanıb-yaxılır, bu düzülü-qoşulu gəlin otağını söküb atmaq istəyirdi.
Şahanə qızını nə qədər bağçada, məhəllədə kiçik dostlarındanda uzaq tutmağa çalışsa da, qızcığaz atasının bu gün toyu olacağını duymuşdu. Evdə hər kəs bu söhbətə nə qədər həssas yanaşsa da, Lalə xəbər tutmuşdu. Şahanə mətbəxdən mürəbbə bankalarını götürüb zirzəmiyə endi. Lalə anasının yoxluğunu fürsət bilib onun telefonunu götürdü. Gözü qapıda, qorxu içində atasının nömrəsini yığdı (arada Şahanənin izni ilə Raufla danışırdı). Uşaq hər an anasının gələcəyi həyəcanı ilə səbirsizcəsinə gözləyir, qorxusundan titrəyirdi. Rauf çalğı səsindən telefonun zəngini gec eşitdi. Şahanənin nömrəsini görəndə ürəyi atmağa başladı:
– Alo! – deyəndə Lalənin həyəcan dolu səsi qəlbini parçaladı, içini oydu. Dünya-aləm başına fırlandı. Uşaq hıçqıra-hıçqıra ağlayır, “Ata, evlənmə, nə olar” – deyə yalvarırdı.
Şahanənin qulağına ağlamaq səsi gəldi. Təlaşla zirzəmidən necə çıxdı, heç özü də bilmədi. Lalə qonaq otağında yox idi. “Axı hara oldu bu qız!” Hər yana baxdı. Əli üzülmüş halda bir də eyvana boylandı. Lalə qulağında telefon zülüm-zülüm ağlayırdı. Arada “Ata, nə olar” – deyə zarıyırdı. Şahanə ilan vurmuş kimi özünü qızına doğru atdı. Çəkib telefonu ondan aldı. Dərindən sarsılmış halda qızına söyləndi:
– Sən nə etdin, Lalə! – Və taqətsiz halda yerə çökdü. Yana-yana, bağıra-bağıra ağladı. Lalə də anasına qoşuldu. Yenicə işdən evə dönən Nihal gördüyü mənzərə qarşısında ildırım vurmuş kimi donub qaldı.
Rauf sarsılmış halda gəlin maşınına oturanda Şahanə körpə quzusunu bağrına basıb için-için ağlayırdı. Gülpəri qaşlarını oynada-oynada qız evində süzəndə (gəlini gətirməyə o da getmişdi) Nihal qızına baxıb göz yaşlarında boğulurdu. Araz qarnını şəstlə irəli verib Şaiq Camalla kamera qarşısında xeyir-dua verəndə Elgiz qızının üzüntüsündən dərin fikrə dalmışdı.
Kamilə Fransadan gətirtdiyi bəyaz donunda halından məmnun danışıb-gülürdü. Rəfiqələri ilə xısınlaşır, sevincindən göylərə pərvazlanırdı. Bu gün onun günü, onun saatı idi. Heç kim və heç kəs onun bu özəl gününə kölgə sala bilməyəcək, onun məsudluğunu poza bilməyəcəkdi. Bir tək Rauf ətrafında baş verənlərə biganə idi. Qulağında qızının ağlar səsi, gözlərində Şahanənin nəmli, ağlar gözləri, qəlbində vicdanının ağrısı əzilmişdi, gedirdi. Bütün gülər sifətlər hafizəsində dəhşətli bir hadisə kimi dərin iz qoyur, yorğun ruhunu bir az da yorurdu. Bu toy da, bu insanlar da ona bir sirk, bir masqara kimi görünür, özünə nifrəti daha da artır, varlığı boşluğa düşürdü. Bu, o idimi? Bu bir zamanlar Şahanəyə xoşbəxtlik vəd edən həmin Rauf idimi? Yox, yox. Heç nə əvvəlki kimi deyildi. Və təəssüf ki, olmayacaqdı.
(Ardı var)