Aynur MƏSİMOVA (TƏMKİN)
2-ci hissə
İçi qan ağladı, qəlbi imkansız eşqdən sızladı, hicranın həsrəti ürəyini dağladı… Və özünün vəfasızlığı, xəyanəti ucbatından ailəsi uçurumdan yuvarlandı. Bir eşq, bir məhəbbət beləcə xəyanətin qurbanına çevrildi. Demək ki, bir qadının dözümü, bir qadının səbri bir ocağın qorunmasına yetərli olmadı… Demək ki, münasibətlər yalnız bir tərəfdən asılı olmurmuş. Demək ki, eşq də, sevmək də ailəni qorumağa yetmirmış.
Gülpəri nələrin baş verdiyindən xəbərsizmiş kimi sevinir, uçmağa qanad axtarırdı. Hə, nə olsun ki, onlar Arazı təhdid etdilər. Onun imzası olan kağızla Raufu şantaj etdilər. Hər ziyanda bir xeyir. Nə yaxşı ki, belə oldu. Əgər həmin imzalı kağız olmasaydı Rauf asanlıqla boşanmağa razılıq verməyəcəkdi. Arazın yeni qudasından “ağzı əyilmişdi”. Onu təhdid etmələri kişinin izzət-nəfsini bərk yaralamışdı. Şaiq Camalın onu öz evində, həm də ailəsinin qarşısında təhdid etməsi Arazı tərs şillə kimi tutmuşdu. Kişi ürəyində Şaiqi söyür, layiqli cavab verib onu yerində oturtmağa bəhanə axtarırdı. Amma neyləməli? İpi yeni qudasının əlində idi. O ip ki, Arazın azadlığının beş ilini almağa yetərdi…
Şahanə dünyasından küsmüşdü. Gələcəyə aid bütün arzuları, niyyətləri dəyərini itirmiş, bir qalaq mənasız düşüncəyə çevrilmişdi. Neyləyirdi bu xəyanət dolu dünyanı, neyləyirdi bu mənasız həyatı? Soyumuşdu hər şeydən. Axı niyə? Nə günahı vardı onun da, körpə qızının da? Rauf qadının nəşəsini, həvəsini, dünya dolu təbəssümünü yerlə-yeksan etmişdi. Nifrətmi edirdi, küsmüşdümü, incimişdimi?.. Həyat dolu bir insan həyatdan soyumuşdu. Onu bu aləmə bağlayan ata-anası, körpə qızı olmasa bəlkə də xiffətindən, dərdinin ağırlığından çökər, zamansız həyatdan köç edərdi. Amma yox… O, ruhu ölsə belə Lalənin, Nihalın xatirinə yaşamına davam etməliydi. Boşanmış sözü alnının ortasına damğa olsa belə o, nə birinci, nə sonuncu olacaqdı. Neyləmək olardı? Bu yazı onun qədəri, taleyi idi. Qadın qədərinə qarşı çıxmayacaq, hadisələri axarına buraxacaqdı.
Bu da son… Rauf əlində Şahanənin imzası olan boşanma kağızını tutmuş halda gözlərini bir nöqtəyə zilləyərək donub qalmışdı. Şahanə məhkəməyə belə gəlməmiş, bütün işlərini vəkilinə həvalə etmişdi. “Demək, heç məni görmək də istəmir. Yəqin məni heç zaman əfv etməyəcək, məni bağışlamayacaq. Niyə də etsin ki? Mən Şahanəyə gör nələr yaşatdım! Mən dünyanın ən alçaq, ən şərəfsiz insanıyam. Mənə həyatını, ömrünü, eşqini etibar edən qadını mən can evindən vurdum. O, dirəndikcə mən əksini etdim. Mən, mən, mən…” Sinəsi yandı, düşüncələrindən boğuldu. “Lənətə gəlsin mənim insanlığım, lənətə!” Kamilə yadına düşəndə tükləri biz-biz durdu. Onunla bir ömür, bir evdə necə yaşayacağını düşündü. Düşündükcə də daha çox boğuldu, daha çox sarsıldı.
Gülpəri tükləri seyrək, iynə qaşlarını oynada-oynada otağa girib oğlunun qarşısında durdu. Onun halından bixəbər gülə-gülə Raufu səslədi. Rauf işığı öləziyən gözlərini anasına zilləyib key nəzərlərlə onu süzdü. Ana qarşısında oturub dərin sarsıntı içində olan oğlunun halını nə gördü, nə hiss etdi. Bir ananın hissləri bu qədərmi ölmüşdü?
– Rauf, gəl bax gör gəlinimə nələr almışam. – Oğlan dillənmədi. – Bir əntiqə şərf almışam, gəl görəsən. Bəlgə aparanda boynuna salacam. Qoy hamı görsün ki, Gülpəri necə qaynanadır. Hələ nələr alacam, nələr… Qoy bir elçi gedək… Sonra Əntiqəylə danışıb bir bəlgə aparacam, gəl görəsən. Baxanların paxıllıqdan bağrı çatlasın. Gör o ləçər Şahanənin acığına gəlinimlə necə rəqs edəcəm.
Qadının son sözləri dodaqlarından çıxar-çıxmaz Rauf partladı. Qəzəbli gözlərini anasına zillədi. Var səsiylə anasına bağırdı. Qadın oğlunun bu həmləsindən bərk çaşdı:
– Nə olub, ay bala? – deyə kəkələdi.
– Hələ bir soruşursan da, ana! Daha nə olmalıdır ki! Sən, mənin doğma anam, heç məni düşünmədin. Sənə yalnız qızıl olsun, var olsun. Nəyə görə, ana? Sən nənəmə, o nurani arvada oxşamaq əvəzinə kimə çəkdin, kimə? Niyə məni, öz oğlunu uçurumdan xilas etmək əvəzinə bir az da ora itələdin? Sən anasan. Mənim qulağımı zamanında bursaydın, bəlkə də bu qədər alçaqcasına xəyanət etməzdim. Anamsan, canımsan. Amma səni ölüncə bağışlaya bilməyəcəyimdən qorxuram. Özümü əfv etməməyimdən, özümə nifrət etməyimdən, öz gözümdə bir heç olmağımdan qorxuram. Mən qızımın həsrətindən ölürəm, bilirsən?! Yox. Mənim balamdan ötrü burnumun ucu göynəyir, hiss edirsən?! Yenə yox. Kaş zərrə qədər məni düşünmüş olaydın. Kaş mən bu qədər günaha batmayaydım, mənim kimi xəyanət edən nə qədər desən. Şahanəni qoydum bir kənara. Laləyə, öz övladıma yaşatdığımı unuda bilib, özümü bağışlaya biləcəyəmmi, onu bilmirəm. Mən bir ata kimi bir heçəm, heç! İndi, ana, çıx bu otaqdan, get. Qoy mən öz havamda qalım, öz günahımın əzabını çəkim. Get, ana… Nə qədər ki, daha ağır sözlər deyib qəlbinə dəyməmişəm, get!
Şaiq Camal Arazı məkana dəvət etmişdi. Onu öz ayağına çağırmaqda nə məqsəd güdürdü, özü bilirdi. O, bu görüşlə sanki ətrafdakılara ismarış göndərmək, “Baxın, biz qudayıq” demək istəyir, eyni zamanda da Araza azadlığının ondan asılı olduğunu göstərməyə çalışırdı. İkisi də dinmədən-danışmadan üz-üzə oturmuşdu. Nəhayət, uzun sürən sükutu Şaiq Camal pozdu:
– Araz, daha nə olub, olub. Bu işi uzatmağa dəyməz. Gəlib elçiliyinizi edin. Qızımı camaatın dilindən-dişindən yığışdırın. Sonra nişanı edərik. Ramazan ayı çıxan kimi də toyunuzu edərsiniz.
Araz qeyri-ixtiyari Şaiqin ona uzanan əlini sıxıb məkanı tərk etdi.
Rauf nişan sözünü eşidib özündən çıxdı. Qarşısına çıxan nə varsa vurub-dağıtdı:
– Mənə nişan da, toy da lazım deyil. Elçi gedəndə üzüyünüzü də aparıb barmağına taxın, bununla bitsin. Onlar istəyirlər, toy etsinlər. Mən toy-filan çaldırmayacam.
Gülpəri ilan sancmış kimi yerindən dik atıldı. Oğluna göyərərək:
– Necə yəni toy olmayacaq?! – deyə bağırdı. – Sənə südümü halal etmərəm, əgər mənim arzumu gözümdə qoysan.
Rauf anasını laqeyd nəzərlərlə süzüb istehza ilə gülümsədi:
– Ana, məni təhdid edə-edə durma. Dedim nişan da olmayacaq, toy da. Bitdi. Burada nöqtəni qoyaq. Bir də mənə toy söhbəti etmə, alınmayacaq! – deyib qapını çırparaq çıxdı.
Gülpəri hirsindən o ki var ağladı. Əllərini başına-dizinə çırparaq hönkürdü. Onun böyük arzusu gözündə qalmışdı. İndidən sonra çətin ki, Rauf bu işə əl qoyaydı.
Kamilə Raufa zəng vursa da oğlan onun zənglərini cavabsız buraxırdı. Qızın xəbəri yoxdu ki, Rauf onun nömrəsini qara siyahıya salıb. Gülpəri xəbər etmişdi ki, axşama sizdəyik. Əntiqə yaxın qohum-əqrəbanı xəbərdar etsə də əli-qolu işə yatmırdı. Şaiq məclisi daha təmtəraqlı istəsə də Əntiqə bundan qaçırdı:
– Şaiq, gəl evdə edək. Gəlib üzüklərini taxıb, cəhənnəm olsunlar. Mən bir tifilin göz yaşları üstündə qurulan ailəni heç qəbul edə bilmirəm. Əlacsızam. Yoxsa iki dünya bir araya gəlsə mən bu işə razılıq verməzdim. Allah axırını xeyir eləsin! – deyərək başını buladı.
Gülpəri eltilərini, baldızlarını, onların oğul-uşağını, gəlinlərini toplayıb təmtəraqla elçiliyə, üzük taxmağa gəlmişdi. Kamilə ürəyində sevinir, güzgünün qarşısından çəkilmirdi. O, bu gün Raufun gözündə gözəl görünmək, qələbəsinin nəşəsini ürək dolusu yaşamaq istəyirdi. Qız gələnlərin qarşısına çıxıb hər biriylə dodaqucu salamlaşdı. Gözləri ilə ətrafı aradı, Raufu görmədi. Arzuya ədalı bir təbəssüm göstərərək Raufu soruşdu. Qız içindəki nifrətini üzə vurmamaq üçün dodaqlarını möhkəm-möhkəm sıxdı, zorla eşidiləcək dərəcədə:
– O, gəlməyəcək, – dedi.
Kamilə başından vurulmuş kimi səyirləndi. Amma hər kəsin ona zillənən baxışlarını görcək zor-bəla özünü ələ aldı. Ürəyi silkələndisə də bunu büruzə verməməyə çalışdı.
Gülpərinin sevincli səsi aləmi götürmüşdü. Kamiləyə tez-tez baxaraq gülümsəyir, onu necə dəyərləndirdiyini addımbaşı göstərməyə çalışırdı. Üzük taxma mərasimi başladıqda Gülpəri yırğalana-yırğalana təkqaş brilyant üzüyü qızın barmağına taxmaq üçün əlini Kamiləyə uzatdı. Lakin Kamilə əlini ehtiyatla geri çəkdi. Onun bu hərəkəti arvada güllədən betər dəydisə də özünü o yerə qoymadı. Qutunu masanın üzərinə qoyub yerinə çəkildi.
Zivər qardaşı arvadının pərt olduğunu gördü. Aranı yumşaltmaq, qadının pərtliyini aradan qaldırmaq üçün yekə əndamını güclə sürüyərək ayağa qalxdı:
– Bax gör qaynanan sənə nə gözəl şərf alıb! – deyə əlindəki naxışlı şərfi qızın çiyninə atdı.
Kamilə istehzalı təbəssümlə Zivərin çiyninə atdığı şərfi saymazyana bir hərəkətlə boynundan çəkib açdı, böyük güzgünün qabağına tulladı. Nə üçünsə otağa girən Əntiqə qızın hərəkətlərini görüb bərk dilxor oldu, ürəyində deyindi: “Ay Allah, bu qız nə etməyə çalışır belə. İndidən belə başlayıbsa, sonrası nə olacaq?! Oxşayıb da oxşamışlarına! Məndən olub, getdi bibisinə çəkdi. Bu işdə bir təqsirkar varsa, o da mənim kişimdir. Dedim qudurtma qız uşağını belə. Dedi o mənim kişi qızımdır. Bax, bu da nəticəsi”. Qadın arxadan yaxınlaşıb qızını bərk dümsüklədi. Pıçıltıyla qızına təpindi. Sonra da heç nə olmamış kimi keçib Gülpəriylə Zivərin arasında oturdu.
Gülpəri nişan məclisində olanlardan bərk pərt olsa da Kamilənin hərəkətlərini qəbahət kimi qəbul etmirdi. Qadın ürəyində yeni gəlininə haqq verir, oğlunu təqsirkar görürdü: “Neyləsin e, xalxın uşağı. İnsanın öz məclisində nişanlısı yanında olmalı deyil? İndi day su qaba girdi, oldu içməli. Balam, nişan aparırsan, barı gəl üzüyünü də olsa tax də. Kül töküm Nihalın qızının arvad başına. Arvad olaydı, kişisi rahatlığını onun-bunun qucağında tapmayaydı. Amma nə olub! Belə, Kamilənin ağrısını alım! Məni zəhləm getmiş Şahanənin mürdəşir sifətini görməkdən qurtardı”. Qadın həfəslə evi gözdən keçirtdi. “Qoy bir hələ mal gəlsin, ev bəzənsin. Mən bir yolunu tapıb bu evin də, belə, gəlinimin cer-cehizinin şəklini də o ləçərlə göstərdərəm”. Qadın həvəslə dodaqlarını marçıldatdı. Gözləri hiyləgərcəsinə qıyıldı. Xəyalında Nihalla Şahanənin cehizi görəndə nə hallara düşəcəyi canlandı.
Kamilə Raufu addım-addım izləyir, ona rahatlıq vermirdi. Oğlan ara-sıra ona zəng vursa da, bu, qıza yetmir, hər an, hər yerdə onun yanında olmaq istəyirdi. Qız sanki Raufun onu toyqabağı yarı yolda qoyacağından qorxur, bu üzdən onun kölgə kimi arxasınca gəzirdi. Yalnız bir ay. Bir aydan sonra Kamilə o evə gəlin köçüb ərinin bütün nəzarətini ələ alacaqdı. Bundan sonra onun yuxularını, rahatlığını nə Şahanə, nə də Lalə poza biləcəkdi.