İlham İSMAYIL
1993-cü ilin sonu, 1994-cü ilin əvvəli cəbhənin Füzuli istiqamətində nisbətən uğurlu döyüşlər oldu, bir neçə kənd qaytarıldı. Heydər Əliyev Gəncədə respublika müşavirəsi çağırdı. Göyçaydan icra başçısı olmadığından mən getmişdim. Bu, Surət Hüseynovun 1993-cü ilin avqustunda Gəncədə keçirdiyi respublika müşavirəsinə cavab idi. Hüseynova məhz Gəncədə, onun iştirakı olmadan müşavirə keçirilməklə anladıldı ki, Gəncəni özünə dayaq hesab edə bilməz, Gəncə də, Bakı da Heydər Əliyevin nəzarətindədir.
Müşavirə xüsusi olaraq hansısa hadisə ilə yadda qalmadı, xırda bir “çp”dən başqa. Əliyev Gəncədə icra hakimiyyətinin binasına daxil olan zaman işıqlar söndü. Mühafizə bir anlığa özünü itirib əlindəki fənəri Əliyevin üzünə tutur, sonda Əliyev mühafizəçiyə deyir ki, üzümə yox, ayağımın altına tut işığı. Hamı şübhələnmişdi ki, işıqların keçirilməsi Surət Hüseynovun adamlarının təxribatıdır, amma bu sübut olunmadı.
1994-cü ilin fevralında nazirlikdən tapşırıq gəldi ki, Kəlbəcər istiqamətində döyüşən əsgərlərə yardım aparmaq, əsgərlərlə bir neçə gün birlikdə olub, onları ruhlandırmaq lazımdır. Başçını əvəz edən Namiq Qasımovla ərzaq məhsulları, isti əlcəklər alıb yola düşdük. Gəncənin icra hakimiyyətində digər bölgələrin də rəhbərləri ilə birlikdə qısa görüşdən sonra Toğana-Kəlbəcər istiqamətində yola çıxdıq.
Toğanadan sonra yol daha sərt, daha qarlı idi. Murova yaxınlaşdıqca ağaclar azalır, sərt qayalıqlar başlayırdı. Maşın karvanının yolunu qar uçqunu kəsdi. Yolun açılması üçün traktorlar gəldi. Traktorlar yolu açanadək Samux Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Ələkbərov maşının kapotu üstündə gözəl bir çöl süfrəsi açdırdı…
Murovun qərb hissəsində, hər yanın qarla örtüldüyü, soyuğun adamın iliyinə işlədiyi bir vaxtda xüsusi hazırlıq keçmiş hərbi dəstələrin olmadığı bir ordu ilə Kəlbəcəri almaq adlı döyüş keçirmək böyük avantüra idi. Həmin günlərdə amerikalı mütəxəssislərin hansısa qəzetdə rəyi vardı ki, Murovdağ silsiləsində qış zamanı müharibəyə başlamaq məğlubiyyətlə nəticələnəcək. Təəssüf ki, mütəxəssislərin rəyi nəzərə alınmadı, Bərdənin, Kəlbəcərin icra başçılarının avantürist çıxışları, bu qələbə ilə hakimiyyəti daha da möhkəmlətmək düşüncəsi nəticədə böyük faciəyə səbəb oldu.
Yol açıldı, ”Güzgü” deyilən yerə çatanda artıq toran çalırdı. Maşını saxladıb bayıra çıxdım, çovğun başlamışdı. İki əsgər postda dayanmışdı. Onlara baxanda təəccüb etdim ki, bu zənciləri haradan gətiriblər?
Onlara yaxınlaşanda əsgərlər öz dilimizdə hara getdiyimizi soruşdular. Bu, bizim əsgərlər idi, qarın soyuğu vurub üzlərini elə yandırmışdı ki, zənciyə oxşayırdılar. Dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə oksigen çatışmırdı, yaxamı açıb nəfəs almağa çalışsam da boğulduğumu hiss edirdim.
Bu vaxt bir “Niva” ilə Gəncənin və Bərdənin icra başçılarının tələsik geri qayıtdıqlarını gördüm. Niyə qayıdırdılar? Axı bir neçə gün burada qalmalıyıq…
Bunları düşünüb bir qərara gəlmək istəyirdim ki, yanımda hərbi yük maşını saxladı. Bir zabit maşından düşüb mənə yaxınlaşdı: “İlham müəllim, bu vaxt burda nə gəzirsiniz? Hara gedirsiniz?”
Mən məqsədimizi deyəndə bu gün də tanımadığım, özünü Xüsusi İdarənin işçisi kimi təqdim edən o zabit: “Siz nə danışırsınız? O gördüyünüz Yanşaq kəndidir, ermənilər kəndin başı üstündə mövqe tutublar. Bir azdan keçən istənilən maşının işığına atəş açacaqlar. Bu, çox təhlükəlidir. Mən də tez gedirəm ki, tam qaranlıq düşməmiş dislokasiya yerinə çatım.
Xahiş edirəm təcili qayıdın. Sabah hələ burda nələr olacağı bəlli deyil. Bizi başlı-başına buraxıblar. Yaxşı olar gedib deyəsiniz ki, burda bizi fəlakət gözləyir. Əsgərə gətirdiyiniz ərzaqdan daha çox ona isti paltar, tez-tez onları əvəz edən ehtiyat qüvvələr lazımdır. Erməni hücum etsə, tətik çəkməyə əsgərin barmağı yoxdur, çoxunun əlini don vurub. Bu bir avantüradır, Sizdən xahiş edirəm gedin, rəhbərliyə də çatdırın”.
Maşını idarə edən Göyçayın icra hakimiyyətinin sürücüsü idi, döyüş bölgəsinə birinci dəfə gəlirdi, o da yalvarırdı ki, qayıdaq (Bu illərdə qoçaq sürücü sarıdan heç bəxtim gətirmədi). Bizimlə gələn maşın karvanından bir nəfər belə yox idi. Məhz Bərdənin və Gəncənin icra başçılarının geri qayıtması onlara da təsir etmişdi. Hamı qayıtmışdı, bizim qalmağımızın heç bir mənası yox idi.
Başqa rayonlardan gələnlər də məsləhət gördülər ki, gətirdiyimiz bütün ərzaqları məni tanıyan zabitin maşınına yükləyək. Namiq Qasımov da zabitin maşınına minib gedəcəyini dedi, özü deyirdi bunu ona görə edir ki, bəlkə başçı kimi təsdiqləndi.
Nəinki kəndimizdən, az qala Qarabağın hər yerindən görünən Murovun zirvəsindən o yana sanki dünya qurtarırdı, bu zirvədən qabağa yol yox idi, qabağa getmək boşluğa, mənasız ölümə getmək idi…
Geri dönəndə qaranlıq tam çökmüşdü, buzlu yolları çətinliklə enir, dolamalar bitmək bilmədikcə zirvədə keşik çəkən əsgərləri düşünür, zabitin fəlakət olacağı barədə dedikləri yadımdan çıxmırdı. Həm də bu vəziyyəti dəyişə bilmək üçün əlimdən heç nə gəlmədiyi, yəni öz zəifliyimi dərk etməyim əzab verirdi.
Toğanaya çatdıq. Dörd il əvvəl – 1990-cı ilin yanvarında Toğanada erməni əsirləri azərbaycanlı əsirlərlə dəyişib qayıdanda özümü qalib hiss edirdim. Bu dəfə Toğanada o hissləri yaşaya bilmədim, özümü üzü soyuqdan yanmış əsgərlərin yanında günahkar hesab edir, məğlub olan adam kimi geri dönürdüm.
Göyçaya çatanda səhər açılırdı.
Ertəsi gün Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranovun cavabı qısa oldu: “Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik”.
Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox soyuqdan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə rəsmi sənədlər açıqlandı.
Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını don vurduğundan əməliyyatla ayaqlarının altını tamam götürmüşdülər. Onunla söhbət edəndə deyirdi ki, sağ qaldığına görə komandirinə borcludur: “Dağları aşdıqca dağ gəlirdi, taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vurur, yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq deyirdi”.
Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin hansısa kəndinə çatmışdılar.
Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.
Novruz bayramı ərəfəsində Füzuli cəbhəsinə getmək tapşırıldı. Hərbi komissar və mən yenə tədarük görüb erkəndən yola çıxdıq. Aşağı Seyidəhmədli kəndindəki hərbi hissədə əsgərlərlə, komandirlərlə görüşdük, özümüzlə apardığımız sovqatı təqdim etdik. Mədəniyyət işçiləri də konsert verirdi.
Əsgərlər arasında bir azərbaycanlı Gürcüstan vətəndaşı həmişəlik yadımda qaldı. O, könüllü vuruşmağa gəlmişdi. Millətin qeyrətini çəkənə vətəndaşlıq vacib deyil. Düşmən tərəfdə Amerika, Livan, Suriya və s. dövlətlərin erməni vətəndaşları vuruşurdu.
(Ardı var)