İlham İSMAYIL
On illik Gəncə həyatımdan ayrılıb yeni bir yerə köçmək psixoloji baxımdan çətin olsa da, hərbiçilərin taleyinin bir yerdə qərarlaşmadığını mən də, ailəm də bildiyindən köçməyimizi sakit qarşıladıq. 1993-cü ilin noyabrı qarla gəldi və ala-çalpov sulu qarın yağdığı gün Göyçayda işə başladım.
Göyçay bölməsi Ucar, Zərdab rayonlarının ərazisində də xidməti fəaliyyət göstərir, əks-kəşfiyyat tədbirləri həyata keçirirdi. 1993-cü il 4 iyun hadisələrindən sonra hər üç rayonun icra hakimiyyətlərini AMİP üzvləri qanunsuz tutmuşdu və rəsmi sərəncamla fəaliyyət göstərən başçılar yox idi.
Faktiki olaraq mən rayon ictimaiyyətinə deyil, qanunsuz fəaliyyət göstərən başçılara təqdim olundum.
Prezident Aparatından da göstərişlər, hər hansı bir tapşırıq bu adamlara verilir, tədbir keçirmə də bu qanunsuz fəaliyyət göstərən şəxslərə həvalə olunurdu.
Əməliyyat şəraiti ilə tanış olduqca cəbhə bölgəsindən uzaq bu yerlərin özünəməxsus problemlərinin olduğu üzə çıxırdı. Dindarlar, radikal islam təfəkkürü güclənir, sünni-şiə qarşıdurması ilə müşayiət olunan dini fanatizm bölgədə sürətlə inkişaf edirdi. Göyçayın və ətraf rayonların əməliyyat şəraitinə daha çox təsir edən faktor İrandan qaynaqlanırdı. Mən fəaliyyətə başlayanda İrandan gələn iki müəllim Göyçay mədrəsəsində dərs deyirdi. Dörd nəfərlik müəllim heyəti növbə ilə iki qrupa bölünərək İranın maliyyəsi hesabına dərs keçirdilər.
Əməliyyat mənbələri ilə iş zəif təşkil olduğundan yeni cəlbetməyə ehtiyac vardı. Xüsusi xidmət orqanının vacib işi informasiya əldə etməkdir, onun da əsas mənbəyi insandır. Texnika nə qədər inkişaf etsə də, insanı əvəz edəcək ikinci vacib mənbə hələ yoxdur. Xüsusi xidmət orqanının agenti professionallıq baxımdan daha çox əks-kəşfiyyat sistemində düşmənin casusluq fəaliyyətini, daxildə dövləti cinayətlərə apara biləcək bütün hərəkətləri, mütəşəkkil cinayətkarlığı və digər təhlükəni zamanında aşkar etmək üçün ən əsas köməkçidir. SSRİ dönəmində agentura daha çox antisovet mövqedə olanları aşkar etmək, məhz donos vermək istiqamətində istifadə olunduğundan agentə dövlətin köməkçisi yox, adamları satan, qərəzli, pis adam kimi baxmaq ənənəsi vardı və bu hələ indi də davam edir, çünki zaman dəyişsə də, agent qarşısında dövləti cinayətlərin zamanında aşkar edilib qarşısı alınması vəzifəsindən çox, “kim nə düşünür, kim nə deyir, kim hakimiyyəti tənqid edir” kimi ötən əsrin 30-cu illərindən qalma tapşırıqların verilməsi aktual olaraq qalır.
Zaman-zaman mətbuatda “KQB arxivləri açılsın” deyə müzakirə açmaq istəyənlərə bir daha üzümü tutub deyirəm. Arxiv həmişə alimlərin, konkret, əsaslandırılmış marağı olan vətəndaşın üzünə açıq olmalıdır və bununla bağlı komissiya yaradılıb qanun qəbul olunmalıdır. Agentura şəbəkəsinin arxivə aidiyyəti yoxdur. İctimai quruluşundan asılı olmayaraq xüsusi xidmət orqanının agentura şəbəkəsi açılmamalıdır. Diletantlar populist, əsaslanmayan çıxışlar edə bilərlər, bu işi bilənlər, dövlətçilik xəttində duranlar heç vaxt bu fitnəyə getməzlər. Bir-birinə düşmən olan qüvvələr hakimiyyətə gələndə belə özündən əvvəlki şəbəkəni açıqlamazlar, istifadə edərlər.
İran tərəfdən Hacı Ocaq Nəjat kimi diplomatik pərdə altında gizlənən biri də tez-tez bizim xidməti bölgəyə səfər edənlərdən idi. Onun hər gəlişini bölgənin şiə dindarları az qala bayrama çevirir, kameralarla lentə alır, öz aralarında yayır və təbii ki, o lentlər həm də bizə çatırdı.
Göyçayda o zaman bir məscid vardı, onu əsasən şiələr idarə edirdi. Tez-tez pişnamazın kim olması barədə sünnilərlə şiələr arasında mənasız mübahisələr yaranır, bəzən açıq qarşıdurmaya qədər gəlib çıxırdı.
Aşura günü ərəfəsində məlumat aldıq ki, İrandan gələn dindarların təbliği nəticəsində gənc şiə dindarlar dəmir armaturlar hazırlayıb, aşuradan sonra şəhərin bütün mağazalarına girib spirtli içkiləri qırıb-dağıtmağı planlaşdırırlar. Gecə ilə mədrəsənin gənc direktoru və məscidin axundu ilə görüşdüm. Gərəkli söhbətlər apardım, məlumatsız olduqlarını desələr də, inandırıcı deyildi. Gecə ilə polisi də xəbərdar etdim. Ertəsi gün bütün dini ritual və sonrakı proseslər tam nəzarətimizdə idi.
İranın təsiri get-gedə açıq hiss olunurdu. Göyçaydan, Ucardan qanunsuz yolla Quma aparılıb təhsil alan gənclər barədə məlumatımız vardı və nəzarətimizdə idi. Bəzi gənc mollalar MTN rayon bölməsi barədə aqressiv mövqelərini gizlətmirdilər. Məclislərdə haqqımızda xoş sözlər söyləmirdilər, hətta bizi din düşmənləri kimi təqdim edirdilər. İnformasiya mənbələri nüfuz sahibləri, təsir imkanları olsa da, iranlı müəllimlərin qarşısında bəzən aciz durumda olduqlarını da hiss edirdik. Səbəblərdən biri hər dəfə İrandan gələndə bu dırnaqarası müəllimlərin kiçik hədiyyələr gətirməsi idi. Sünni məzhəbindən olan dindarların xeyli sıxışdırıldığı hiss olunur, onların da liderləri Ağdaşda dini təhsil alan gənclərin əli ilə hər zaman məsciddə qarşıdurma yaradırdı. Daha mötəbər din xadimlərinin bu məsələyə müdaxiləsinə ehtiyac yaranmışdı.
Vəziyyət barədə nazirliyə təqdim etdiyim analitik məlumatda Qafqaz Müsəlmanları İdarəsinin müdaxiləsini məqsədəuyğun hesab etdim. İnformasiyamız məqsədinə çatdı. Şeyxülislam Allahşükür Paşazadə hər iki tərəfin liderləri ilə söhbət aparmışdı. Detallarına varmadan qeyd etmək istəyirəm ki, hər iki din xadimi rayonda dindarlar arasında mövcud neqativ halların bir daha təkrar olunmayacağına söz verib, yarana biləcək problemləri aradan qaldırmaq üçün dövlətlə əməkdaşlıq edəcəklərinə söz vermişdilər.
O vaxt arayışda sünni məzhəbinin nümayəndələri üçün ikinci məscidin tikilməsini zəruri hesab edirdim. Bir neçə ildən sonra Göyçayda ikinci məscidin tikildiyini eşitdim.
Hadisələri qabaqlayaraq bir faktı nəzərinizə çatdırım. İranlı müəllimlər təbliğatları keçmədikcə MTN rayon bölməsini söhbətlərində hədəfə alırdılar. 1994-cü ilin dünya futbol çempionatının açılış günündə, açılışa bir neçə dəqiqə qalmış bölmənin qarşısında 16-17 yaşlı yeniyetmə gənclər “KQB – istefa” şüarı səsləndirib qaçdılar. Bu, adi məsələ deyildi.
Gənclərdən birini elə həmin gecə bölməyə gətirib yerdə qalanların da hər birini müəyyənləşdirdik. Məlum oldu ki, İrana tez-tez gedib gələn gənc bir molla axşam namazından sonra Göyçayda dindarların bir nömrəli düşməninin “KQB işçiləri” olduğunu söyləyib və bizi qovmağın vaxtı yetişdiyini təbliğ edib. Uşaqlar da buna uyublar. Onların valideynləri ilə söhbət apardıqdan sonra həmin gənc mollanın ətrafında informasiya topladıq. Məlum oldu ki, hər ay ticarət məqsədilə İrana gedən bu gəncə orada şərait yaradılır, əvəzində dini təbliğat, daha doğrusu, Azərbaycanda da İran kimi islam dövlətinin yaranmasının təbliğini aparmaq tövsiyə olunurmuş. Gənc mollanın hərbi mükəlləfiyyətdən yayındığı, Göyçay qeydiyyatında olmadığı bilindi. Qeydiyyatda olduğu Bakı rayonlarından birinin hərbi komissarının tanışlıq müqabilində onun hərbi xidmətdən yayınmasına şərait yaratdığı da məlumatlar sırasında idi. Tədbirlərimiz nəticə verdi. Gənc molla QMİ-də təhsilini əyani davam etdirməklə bir müddət Göyçayda görünmədi.
Sonralar mən Bakıya işə gələndə onu “Abşeron” mehmanxanasının qarşısında gördüm. Özü mənə yaxınlaşdı və etirafda bulundu: “İlham müəllim, Siz mənim gözümü açdınız, elə bilirdim ki, İran dinin müdafiəçisidir, amma elə deyilmiş, mən tam anladım ki, onlara din yox, Azərbaycanın məhvi lazımdır”.
Göyçay, Ucar rayonlarına 1994-cü ilin mart-aprel ayına kimi, Zərdaba isə hətta mən Göyçaydan Bakıya gedənədək icra başçıları təyin edilmədi. Göyçayda rəsmi olaraq icra başçısının müavini kimi fəaliyyətini davam etdirən Rövşən Məmmədovla əlaqə saxlayır, sənədləşmə işlərini onunla həll edirdik. Məmmədov həqiqətən dövlətçilik mövqeyində dayanıb bəziləri kimi “fəaliyyətini dondurmamışdı”, vəzifə tutmaq perspektivinin olmadığını bilsə də, sonadək ona tapşırılan vəzifəni icra edir və bu ona asan başa gəlmirdi. İcra başçılarının olmamasının rayonun ictimai-siyasi həyatında mənfi təsirləri vardı və yaranmış vəziyyət barədə geniş analitik arayışı nazirə ünvanladım. Sonradan Bakıya işə gələndə nazirin köməkçisi mənə dedi ki, nazir sənin arayışını oxuyub soruşmuşdu çox mükəmməl arayışdır, bilmirsən Göyçayın rəisi özü yazır, yoxsa işçisi…
(Ardı var)