Firuzə DAVUDQIZI
3-cü bölüm
…Gecə hər kəs otağına çəkilib yatağına girəndə mən bir bəhanə ilə mətbəxdə yubanırdım ki, o, yuxuya getsin, sonra otağa keçim. Mənə yaxın durub, əl vurmasın deyə hər gəlişində müxtəlif bəhanələr gətirir, boyun qaçırırdım. Amma hər dəfəsində buna nail olurdum desəm, yalan olar. Onu aldatmaq bir az müşkül məsələ idi.
Rayona gəldiyi həmin o şənbələrdən birində bir gecə yenə mətbəxə sığınmışdım. Yoldan gəlib, bəlkə tez yatar deyə burada vaxt öldürürdüm. Bu vaxt onun səsinə diksinib, geri çevrildim. Qapının ağzında dayanmışdı. Əlləri qoltuğunda, düyünlənmiş qaşlarının altından şübhəylə mənə baxırdı.
– Nə qurdalanırsan burda? Qurtarmadı işin?
Mən söz tapmayıb, dinməzcə yanından ötüb keçdim. O, eyvana çıxıb, bəlli ki, yenə siqaretə sarıldı. Pəncərənin iri şüşəsi arxasından havaya qalxan tüstü burumu mənə artıq bunu deyirdi. Salonda yubanmayıb, otağımıza getdim. İçəri girər-girməz gecəliyimi geyinib, tez yerimə girdim. Yorğanı başıma çəkib, özümü yuxuluğa vurdum. Elşad bir qədər sonra gəldi. İdman formasının gödəkcəsini soyunub, yanıma uzandı. Və elə o dəqiqə mənə sarıldı. Dodaqlarının təmasını boynumda hiss edəndə bütün bədənim boyu bir gizilti keçdi. Fikrini anlayıb, onu əngəlləmək üçün dərhal soyuq bir səslə:
– Yorğunam. Yatmaq istəyirəm… – deyib, ondan aralı uzandım. Bu sözümdən sonra yaranmış sükut mənə qəribə gəlsə də, ürəyim çırpına-çırpına Elşadın reaksiyasını gözləməyə başladım. Elə bu an o, üstümüzdəki yorğanı bir həmlədə çəkib, çılğın bir ədayla kənara tulladı. Diksindim. Bununla belə, çevrilib tərs-tərs onu süzdüm. – Neynirsən?!
O, heç bir söz demədən, məsti-xumar nəzərlərlə məni başdan-ayağa süzməyə başladı. Bədənimdə gəzən əlini hirslə geri itələdim. Qalxıb, yatağın içində ondan aralı oturdum. Elşadın siması qəzəbli bir ifadə aldı. Dəliyə döndü. Bir anlıq qanlı-qanlı üzümə baxdı. Və birdən yerindən sıçrayıb, mənə bir şillə çəkdi. Özümə gəlməyə macal vermədən, birini də ardınca. Ard-arda gələn şillənin şiddətindən elə bildim beynim silkələndi. Hamı yatdığı üçün səssizlik idi. Gecənin bu aləmi çığırmamaq üçün özümü güclə saxladım. Yatağın içində ikiqat əyilib qaldım. Səsimi içərimə vurub ağrıdan qıvrıldım. O, başımın üstünü aldı. Çənəmdən yapışıb, məni özünə doğru qaldırdı.
Qəzəbi coşub daşa-daşa, acıqla pıçıldadı:
– Sən bu qədər qudurmusan ki, murdar əski tullar təki əlimi geri tullayırsan?! Özünü nə sanırsan, sən?! – Çiyinlərimdən tutub silkələdi. – Cavab ver!
Həm qorxudan, həm də canımın ağrısından dillənməyə gücüm olmadı. Titrəyə-titrəyə gözlərinin içinə baxdım.
– Elə bilirsən mənə qadın yoxdu?! Yoxsa fikirləşirsən ki, dalınca sürünürəm deyə səndən bir dənədi?! – O, əl atıb taxtın kənarındakı tumbanın üstündən telefonunu götürdü. Əlləri, sir-sifəti əsə-əsə oradan nə isə axtarmağa başladı. Və tapan kimi telefonu gözümün önünə tutdu. Baxmağı tələb etdi. Öz şəkilləri idi. Amma tək deyildi. Yanında açıq-saçıq geyimli cürbəcür qızlar…
Müxtəlif yerlərdə, müxtəlif vaxtlarda çəkilən belə şəkillərdən bir xeyli idi. Bir-bir çevirib mənə göstərməyə başladı. Hər şəkildə bir başqa qız vardı yanında. Gah ona sarılmış, gah üzündən öpən vəziyyətdə…
Gözlərimi qaçırdığımı, baxmaq istəmədiyimi görəndə:
– Baaxxx! Bax, deyirəm sənə! – deyə əliylə boynumun ardını sıxdı. – Bu gördüklərinin hamısıyla gəzmişəm! Bəziləriylə indi də əlaqəm var! Evli olduğumu da bilirlər!
Mənə əzab vermək üçün bilərək belə təhqiredici, belə alçaldıcı əda ilə çatdırırdı bunları mənə. Mən cana doymuş bir halda hiddətlə dedim:
– Sənin qəhrəmanlıqların məni qətiyyən maraqlandırmır! Belə edib, özündən bir az da iyrəndirmə məni!
– Hmm… Demək, məndən iyrənirsən! Bunu hələ mənə deyən olmamışdı… Belə dee!.. – Telefonu bir kənara tullayıb, ağzını qulağıma tutdu. Əsəblə pıçıldadı. – Sənə necə kişi lazım idi ki, mən onu bacarmıram?! De, bilim!
– Əl çək! – Hirslə geri dartındım.
– Sualıma cavab istəyirəm səndən!
Kor tutduğunu buraxmayan kimi, o da bir söz beyninə girdisə, sözü çeynəyib-çeynəyib saqqız kimi çürütməyincə əl çəkən deyildi. Susduğumu görəndə bir anlıq qəzəblə gözümün içinə baxıb nə fikirləşdisə, birdən saçlarımdan yapışıb məni bir anda yatağa yıxdı. Əlimdən necə yanıqlıydısa vəhşi bir ehtirasla gecəliyimin yaxasını dartıb cırdı. Onunla az qala boğuşmaqda ikən o, səsim duyulmasın deyə iri əliylə ağzımı qapadı. Artıq məni nə gözlədiyini bildiyimçün əl-qol atıb bütün cəhdimlə onu özümdən uzaqlaşdırmağa çalışdım. Amma alınmadı.
Əlinin altında çapalayıb necə müqavimət göstərdiyimi Elşad laqeydliklə süzüb, əsəbi tonda xəbərdarlıq etdi:
– Şşşşş… Səsin gəlməsin. Kəsərəm nəfəsini! Sən mənim beynimi çöndərdin! Yaxşısı budur ağıllı ol. – Mənə olan hirsindən dişlərini bir-birinə sıxıb, qıcayaraq eyni ahənglə davam etdi. – Deyəsən, sənlə həddindən artıq yumşaq davrandım. Odur ki, çaşdın. Bunu yadından çıxartma ki, mən səni almışam. Sənə ərə gəlməmişəm ki, hər çaldığın havaya oynayam!
Məni artıq ağlamaq tutmuşdu. Vurduğu bəs deyildi, hələ üstəlik o etiraflarından sonra mənə toxunmaq istəməsi, özü də bu şəkildə – zorakılıqla… ona olan hirsimi, qəzəbimi bir az da coşdurmuşdu. Bu an onu öldürsəydim, yenə ürəyim soyumazdı…
O, sözünü bitirən kimi əlini budumda gəzdirib kobud bir hərəkətlə məni soyundurmağa cəhd etdi. Var qüvvəmlə buna mane olub, onu vurub, təpikləyərək əlindən çıxdım. Məni tutmasını əngəlləmək üçün özümü taxtdan yerə atdım. Lakin yerdən qalxmağa heç vaxtım belə qalmadı. Elşad pələng cəldliyi ilə sıçrayıb, mənə doğru cumdu.
– Hara qaçırsan?! Sən qurtula bilərsən mənim əlimdən?! – Əsəbi bir səslə, pörtmüş halda üstümə gəldi. Bir göz qırpımında qamarlayıb, məni təkrar taxtın üstünə – yatağa tulladı. Qorxudan böyümüş gözlərlə dala çəkildim. Titrəyə-titrəyə onu süzüb, az qala yalvardım.
Elşad bunu gördüsə də, qərarından vaz keçmədi. Ayaqlarımdan yapışıb hazır yem kimi məni özünə doğru çəkdi. Tərpənə bilməyim deyə ayaqlarının arasına alıb bir əliylə məni saxladığı halda, o biri əlini cəld boynunun ardına apardı. Futbolkasını çevik bir hərəkətlə çıxarıb atdı… Dağ kimi üstümə çöküb, səsimi boğmaq üçün təkrar ağzımı qapadı.
– Sakit! Sakittt!
Bütün bunlar cəmi bir neçə saniyə çəkdi.
Çox keçmədən o, mənim müqavimətimi qırmağı bacarmışdı. Qüvvəm nəhayət ki, tükənəndə yaşadığım əzab və işgəncə dolu bu anlarda ürəyim partlamaq həddində idi.
Ölüm bunu yaşamaqdan yaxşı idi. Onu rədd etdiyim üçün əvəzini mənə ağır bir şəkildə ödətdi. Rəhm etmədən, sel olub axan göz yaşlarıma məhəl belə qoymadan vəhşiliyə əl atdı. İstədiyini zorla elədi.
Sonra qalxıb, heç nə olmamış kimi tamam sakit halda geyinməyə başladı. Geyinə-geyinə soyuqqanlılıqla məni süzüb, dedi:
– Nə vaxta qədər ki, zəhləmi tökəcəksən, günün, vəziyyətin, bax, belə olacaq. Ya adam olacaqsan, ya da əlimdə öləcəksən. İki yolun var. İkisindən birini seç. Mən kəbinli arvadıma yaxın durmaq istəyəndə icazə alası deyiləm. Birdəfəlik vur başına!
Mən yorğanı açıq sinəmə sıxıb, ona baxmadan tir-tir əsirdim. O, paltosunu götürüb otaqdan çıxdı. Gedərkən qapını möhkəm çırpdı. Bayaqdan boğmağa çalışdığım hönkürtümü artıq içərimdə tutmağa gücüm çatmadı. Yanıb yaxıla-yaxıla ağladım.
Sanki tonlarla ağırlıqda bir yükün altından çıxmışdım. Bütün bədənim sızıldayırdı. Bir az əvvəl yaşadıqlarımdan sonra halıma, vəziyyətimə baxdıqca keçirdiyim hissin ağırlığından dəli olacağımı sanırdım. Qarnımın altında küt bir ağrı vardı. Dizlərimi qarnıma doğru sıxıb, tab gətirməyə çalışdım. Bu vaxt lap yaxınlıqda qayınanamın səsi eşidildi:
– Bu qız bu evə gələn gündən evimin dincliyi pozulub. Uşağım bir gün evə gəlir, onda da gününü zəhər edib evdən qaçaq salır. – Qayınanam məni qılınclayırdı. – Öz əliylə özünü bədbəxt elədi ağılsız balam! Böyük sözü dinləmədi, özünü oda atdı.
Mən gerisini duymamaq üçün qulaqlarımı qapayıb, göz yaşları içində:
– Allahım, məni burdan xilas et! – deyə sarsılmış halda eyni sözü təkrarladım.
Elşad bir də səhər tezdən evə qayıtdı. Gələn kimi duş qəbul edib, yıxılıb yatdı. Bircə buna sevinirdim ki, axşam qayıdır, üzünü heç olmasa bir neçə gün görməyəcəm.
Telefonu susmaq bilmirdi. İki dəqiqədən bir zəng gəlirdi. Hər dəfə də monitorda bir başqa ad görünürdü – Nara… Zema… Lara… və daha kimlər…
Telefonu qəsdən salonda qoyub, keçmişdi otağa. Gələn zəngləri görəm deyə…
Artıq mənəvi işgəncəyə başlamışdı. Və bundan həzz alırdı. Ona zəng vuran qızlarla heç çəkinmədən mənim yanımda danışırdı. Qısqanmırdım. Amma hərəkətləri əsəbimə toxunurdu.
…Günlər, həftələr bu minvalla keçib gedirdi.
Evə gələn qonaqlar, qohum-qonşu bizə xoşbəxtlik dilədikdən sonra Elşadı mənə tərifləyib, onun barəsində ağız dolusu danışırdılar. Canlara dəyən oğlandır. Belədir-elədir… Mat qalırdım. Mən gələn gündən onun qaşlarının düyününün açıldığını görməmişdim. Ondan zəhləm getdiyi üçün ola bilsin ki, onun müsbət cəhətlərini görmürdüm. Buna heç cəhd də etmirdim. Buna görə də onu görmək istədiyim kimi görürdüm.
Aylardır evləndiyimizə baxmayaraq Elşadın anası hələ də məni qəbul etmək, bu evdə görmək istəmirdi. Oğlunun məni qovub, boşayacağı günü səbirsizliklə gözləyirdi. Bunun üçün o, istənilən iyrəncliyə boyun qoymağa hazır idi.
Qulağıma çatmışdı ki, o, Elşada bacısının qızını almaq niyyətində imiş. Lakin Elşad buna razı olmayıb. Əksinə, ailəsinə məndən söz açıb. Amma onun bu istəyi evdə müsbət qarşılanmayıb. Ata-anasının onunçün xalası qızına elçi getməyə hazırlaşdığını öyrəndiyi gün şəhərdə sakit dayana bilməyib, gecəylə birbaş rayona gəlib. Valideynlərini fikrindən daşındıra bilməyəcəyini anlayanda öz qərarını vermiş Elşad ertəsi gün məni qaçırıb.
Buna görə də anasının məni görməyə gözü yox idi. Öz gəlişimlə onun arzularının üstündən xətt çəkmişdim. Nə qədər dava-dalaş etsək belə, Elşadın məndən əl çəkmədiyini, əksinə, günü-gündən daha bərk əllə yapışdığını, bir az da bağlandığını gördükcə yorulub usanmadan çarələr aramağa başlayırdı. Məni oğlunun gözündən salmaq, onda mənə qarşı nifrət oyatmaq üçün adıma qara yaxıb şərləməkdən belə çəkinmirdi. Onun bu hiyləsini mən sonradan anlayacaqdım…
Oğlunun həddindən ziyadə qısqanc və ürəyi qara olduğunu, üstəlik, ilk gündən mənə telefon zənglərinə cavab verməyi qadağan etdiyini bilə-bilə bir gün o, telefon zəng çalarkən məndən cavab verməmi tələb etdi. Mən tərəddüd edərək sıxıla-sıxıla onun üzünə baxdım. Qayınanam məzəmmətlə məni süzdü:
– Guya sən Elşada belə qiymət verirsən ki, dediyi söz səninçün qanun ola?! Elşad şəhərdə oturub bu dəqiqə səni güdmür! Götür, cavab ver, gör, kimdi!
Çarəsiz qalıb dəstəyi qaldırdım.
– Alo… – deməyimlə xəttin o üzündən tanımadığım bir kişi səsi məni öz adımla çağırıb, hal- əhval soruşdu.
Mən çaşqın halda soruşdum:
– Bağışlayın, kimdi danışan?
– Tanımadın? – O, küçə gülüşü ilə güldü.
– Yoox… – Bir gözüm mətbəxin qapısında, güclə cavab verdim.
– Hmm… Daha tanımazssan da… – Həmin səs eyham vurdu. – Amma Elşad məni yaxşı tanıyır…
Qulaqlarım uğuldadı. Əlim-ayağım boşaldı. Dəstəyi üstünə atıb özümə gəlməyə çalışdım. Həyatımda birinci dəfə idi bu səsi eşidirdim. Yenidən çalınan zəng məni diksindirdi. Uzun-uzadı çalsa da götürmədim. Bu vaxt mətbəxdən çıxan qayınanam əlini çiynindən aşırdığı dəsmala silə-silə soyuq səslə soruşdu:
– Kim idi?
Mən dillənə bilmədim. O, mənim ağarmış bənizimə nəzər salıb, iradla:
– Ağzına nə su alıb durmusan? Söz soruşmuram? Niyə götürüb cavab vermirsən?! – Bunu deyib, özü dəstəyi qaldırdı. Mən xətdə yenə də həmin kişi səsini eşitdim. Amma nə dediyini bilmədim. Bu zaman qayınanamın hiyləgər bir ifadə ilə gülümsündüyünü açıq-aşkar gördüm. Mən bu təbəssümü, bu sevinci onun simasında bir dəfə Elşad məni onun yanında vuranda da görmüşdüm.
Bir həftə sonra Elşad rayona gələndə şam yeməyi zamanı, hamı süfrə başında ikən telefon zəng çalmağa başladı. Elşad ona zəng gəldiyi üçün təsadüfdən ayaq üstə idi. Söhbəti bitirib, gedib dəstəyi qaldırdı. Bir neçə dəfə:
– Alo… – deməsinə baxmayaraq, cavab verən olmadı. Elşad dəstəyi asıb masanın arxasına keçdi. O, süfrəyə yenicə oturmuşdu ki, telefon bir də zəng çaldı. Qardaşının xarakterinə bələd olan İLKİN dərhal qalxıb, gələn zəngə bu dəfə özü cavab verdi. Boğazını arıtlayıb:
– Səhv düşmüsünüz… – dedi və dəstəyi üstünə atdı. Keçib yerində əyləşdi. Amma nədənsə həyəcanlı göründü. Təxminən bir-iki dəqiqə sonra telefon yenidən zəng çalmağa başladı. Bu dəfə Elşadla İlkin, hər ikisi bir anda stuldan qalxdılar. Lakin Elşad qardaşına əlinin bir hərəkəti ilə “Otur” işarəsi verib, telefonu xətdən ayırdı və simi əsəbi bir hərəkətlə dartıb yerə tulladı.
– Vacib bir iş olmasa, qoşmayın! – deyə bizə eşitdirdi.
Qayınatam narazı baxışlarlarla altdan-altdan Elşadı, onun hərəkətlərini süzdüsə də dillənmədi. Amma qaşqabağını salladı.
Mən onun bu reaksiyasına özümdən asılı olmayaraq meyit rəngi almışdım. Çünki artıq Elşadın xarakterinə bələd olmağa başlayırdım. Süfrədəkilərə bəlli etməməyə çalışsam da, əsirdim. Günahım olmadığı halda, əsirdim.
Qayınanamın simasında isə yenə o şeytani, o hiyləgər təbəssüm dolanırdı. Elşadın bu hərəkəti onun ürəyindən olmuşdu. Əsl məqam olduğunu görüb, tez dilləndi:
– Allah köməyin olsun, ay bala… Baş-qulağım bəlkə bir az dinclik tapa. Bütün günü dırınq-dırınq… Götürürəm, cavab verən yoxdur. Dillənmir ki, bir bilək dərdi nədir, kimdir, niyə zəng vurur! – Bunu xüsusi vurğu ilə dedi.
Elşad anasının bu sözlərindən sonra adəti üzrə qaşının birini alnına qaldırıb, sərt və zəhmli baxışlarını gözümün içinə zillədi. Və uzun müddət gözünü gözümdən çəkmədi. Mən bu baxışlarda şübhə gördüm. Özümü itirib baxışlarımı İlkinin, qayınanamın üzündə gəzdirdim. Bu zəngin mənlə bir əlaqəsi olmadığını ona desinlər deyə az qala baxışlarımla yalvardım. İlkin bunu duyubmuş kimi tez dilləndi:
– Gəlinbacı…
Mənim bütün fikrim Elşadın baxışlarında qaldığından onun səsinə diksindim. Çevrilib həyəcanla İlkinə baxdım. İlkin halımı görsə də, özünü son dərəcə soyuqqanlı aparıb:
– Bir zəhmət, mənə çay süz, gətir… – dedi, diqqətlə üzümə baxdı. Elə bil məni ölümdən son anda xilas etdi. Əslində çay içmək fikri yox idi, sadəcə gərginliyi aradan qaldırmaq üçün belə dedi. Dərhal yerimdən qalxıb, Elşadın məni izləyən qəzəbli baxışları altında mətbəxə keçdim. Qayınanam oğlunun mənə tuşlanmış baxışlarını görüb, məqsədinə çatdığını düşünərək qalibiyyətlə gülümsündü. Yeməyini daha iştahla yeməyə başladı. Mən mətbəxdə çay süzməkdə ikən qayınatamın irad dolu səsi gəldi qulağıma:
– Süfrədəsiz, Allah-bəndə söhbəti edin.
Elşadın baxışları, dəyişən ifadəsi onun gözündən yayınmamışdı deyə, kişi, əslində, çox dərinə getməməsi üçün arvadına xəbərdarlıq edirdi. Çayı süzüb, təkrar masaya yaxınlaşdım. Elşadın zəhmi məni artıq necə basmışdısa, çayı İlkinin qarşısına qoyanda əlimin titrəməsini saxlaya bilmirdim. Stəkan nəlbəkinin içində titrəyib, cingildəyirdi. Ayaq üstə ölmüşdüm sanki. Qayınatam üzümə baxmasa da, gözucu titrəyən əlimi süzüb, narazılıqla, təkrar arvadına baxdı. Amma bu baxışlar qayınanamın heç vecinə də olmadı. İlkin məni bu əziyyətdən qurtarıb, çayı dərhal əlimdən aldı. Bir anlıq halıma yanan, narahat baxışlarla gözümün içinə baxdı. Razılıq etdi. Mən ayaqlarımı dalımca sürüyə-sürüyə keçib, təkrar yerimdə əyləşdim.
– Yeməyini ye!
Atası əlini yeməkdən çəkib, çəngəli gərgin bir əhvalla barmaqları arasında sıxaraq səssiz dayanmış, rəngi boğulmuş Elşadla idi. Elşad onu duysa da, vəziyyətini pozmadı. Baxışlarını qaldırıb, yenə məni öldürüb dirildə-dirildə zəndlə gözümün içinə baxdı. Yeməyə davam edirmiş kimi görünsə də, artıq iştahla yemirdi. Sadəcə özünü məcbur edirdi.
Bir qədər sonra mən masanı yığışdırıb mətbəxə keçəndə Elşadın eyvandan qardaşına səsləndiyini duydum.
– İlkin, bura gəl!
Artıq gözüyumulu bildim ki, onu niyə çağırır. Anasının sözü ürəyinə xal salmışdı. Çözələyib- çözələyib sözün yerinə çatmayınca, sakit olan deyildi. İlkin durub getdi.
(Ardı var)