Aynur MƏSİMOVA (TƏMKİN)
Böyük aynabənddə bütün çil-çıraqların işiğı yanırdı. Gecədən bir xeyli keçsə də, ev sakinlərinin oyaq olması onu təlaşlandırdı. Pillələri qaçaraq yuxarı qalxdı. Qapının kandarından girdikdə gözləri heyrətdən geniş açıldı, heyrətdən içini çəkdi. Masanın başında oturan atasının zəhmli sifəti, Şaiq Camalın qızarmış tosqun sifəti, Kamilənin həyasızcasına ona zillənən qələbə dolu baxışları və Şahanənin onu nifrətlə süzən dəlisi olduğu atəşli gözləri hafizəsində bir ömürlük iz saldı. Arvadının nifrət dolu baxışları bütün vücudunu silkələdi. Şahanə içindəki fəryadını, kükrəyən nifrətini zorla boğaraq ərinə nifrətlə baxmaqla kifayətlənməklə otaqdan çıxdı. Rauf heç kimin üzünə baxmadan onun arxasıyca yollanmaq istədi. Lakin bayaqdan bəri dərin zövqlə baş verənləri müşahidə edən Gülpəri oğlunun qarşısını kəsməyə çalışdı. Rauf anasına yolundan çəkilməyi əmr etdi. Gülpəri sinəsini qabağa verib onun qarşısında maneə yaratmaq istədi. Rauf hikkə ilə anasını kənara itələyib oradan uzaqlaşdı.
Şahanə artıq göz yaşlarına hakim ola bilməyərək hönkürə-hönkürə ağlayır, qarşısında Raufu xatırladan hər nə varsa dağıtmaq, söküb atmaq istəyirdi. Rauf yenə onu aldatmış, özü də bu dəfə daha dərin yara vuraraq onun yaşama həvəsini, sabaha olan ümidlərini, həyata olan inamını əlindən almışdı. Özünü yeyib bitirmək, ona yenidən inandığı üçün qəlbini söküb atmaq istəyirdi. “Bu idimi sevgi dedikləri nağıl? Bu idimi verdiyi söz? Daha hər şeyi yoluna qoyacam, hər şeyi yenidən düzəldəcəm dedikdə Rauf bunumu nəzərdə tutmuşdu?” Daha burada səhəri gözləməyin bir faydası yoxdu. Artıq bu evdən ona da, uşağına da ev olmayacaqdı. Xəyanət adlı bir iblis onların aralarına girərək hər şeyi dağıtmış, məhv etmişdi.
Ağır çamadanı sürüyüb qapının ağzına qoydu. Əlləri titrəyə-titrəyə atasının telefonunu yığdı.
Elgiz telefonun zənginə güclə gözlərini açdı. Nihalın oyanmasından ehtiyat edərək yataq otağında çıxdı. Şahanənin zəng etdiyini görüb qorxdu. Gecənin bu aləmi görəsən yenə kimə nə olub deyə təlaşlandı. Qızın ağlayaraq onu gəlib aparmasını deməsi atanın qəddini əydi, belini bükdü. Ürəyiylə artıq bu evliliyin bitdiyini hiss etdi. İndi neyləsin? Nihalı nə deyib durğuzsun? Onsuz da qadın neçə gündü bərk narahatdı. Təzyiqi tez-tez qalxır, onu xəstəhal edirdi. Yox, yox. Qoy yatsın.
Ayaqlarının ucunda Səbinənin yatağına yaxınlaşdı. Qızını ehtiyatla səslədi. Səbinə atasını görüb anasına nəsə olduğunu zənn edib qorxuyla yerindən sıçradı. Elgiz barmağını dodaqlarına yaxınlaşdırıb sus işarəsi verdi:
– Səbinə, qorxma. Mama yatır. Mən Şahanəgilə gedib gəlirəm. Çalış Nihal durmasın. Lap oyanıb məni axtarsa, de ki, atanı işdən şağırıblar. Yazıqdır. Gəlib özüm hər şeyi anladacam.
Səbinə hələ də nə baş verdiyini anlamır, atasını heyrətlə süzür, suallarına cavab axtarırdı:
– Ata, Laləyə nəsə olub? Bacı gecənin bir aləmi səni niyə çağırsın ki?
– Bilmirəm, Səbinə. Tələsirəm. Qayıdanda danışarıq. Mən də heç nə bilmirəm, vallah!
Elgiz çıxıb getdi.
Rauf haradan, necə başlayacağını bilmirdi. Şahanənin gözlərinin içinə baxmaqdan utanırdı. Nəsə demək istəyir, lakin ağzında ağırlaşmış dilini tərpədə bilmirdi. Amma nə olursa olsun Şahanəni buraxmaq istəmir, onun bu qapıdan çıxmağının qarşısını almaq istəyirdi. Şahanə gözlərində silələnib qalan göz yaşını yaylığına silib Lalənin çarpayısına yaxınlaşdı. Rauf keçib qadının qarşısında durdu:
– Məni bir dəqiqə dinlə, Şahanə. Bilirəm günahım bağışlanmazdır. Amma qızımızın xatirinə, getmə. Lap məni görməzdən gəl. Amma evini qoyub getmə.
Şahanə qəzəblə dikəldi:
– Hansı ev? – İllərlə səssiz qalan qadının yarasının gözü qopdu, coşdu. – Hansı evdən danışırsan? Mənim evim olmadı ki, bura. Mən evim bildikcə siz məni bura yaraşdıra bilmədiniz. Ailəm dağılmasın, ocağım sönməsin deyə hər şeyə dözdüm. Səs çıxartmadım. Sən neylədin? Rahatlığı bir başqasının ağuşunda tapdın. Mən hər şeyi görməzliyə vurduqca sən mənə, qızıma biganə qaldın. Bəzən heç yoxuymuşuq kimi davrandın. Fədakarlıq dedin. O dediyin birtərəfli olmur, Rauf bəy. Birtərəfli olmur. Yalnız evim dağılmasın deyə bütün arzularımdan vaz keçdim sənə görə. Mən xəyallarımı küləyə verdim yenə sənə görə. Demək ki, mən bu günə qədər ən böyük səhvimi etmişəm özümü unudub, səni düşünməklə. Daha bir kəlmə də demə. Demə, onsuz da dinləməyəcəm. Sən seçimini etmisən. Sənə yaraşanı da bu imiş. Artıq sən, mən adlı bir ailə yoxdur. Sən öz əllərinlə bu gün son nöqtəni qoydun. Görünür sən bu həyatı sevirmişsən. Mən sənin yanlış tərəfini görürmüşəm bu günə qədər. Bir yadına sal. Anam bizim evliliyimizə razılıq verməyəndə məndən nə soruşmuşdun: Nihal müəllimə niyə bizi sevmir, bizim nəsildən qorxur? Bax, daşlar necə yerinə oturdu? Demək ki, anam haqlı imiş, kiçik Məşədi Əliabbas.
Şahanə yanağı boyu süzülən göz yaşını silib ərinin qarşısına keçdi. Barmağında sevə-sevə gəzdirdiyi üzüyü çıxardıb ərinin ovcuna basdı:
– Bunu da istəyirsən zibil qabına at, istəyirsən sat. Daha mənə gərək deyil. Səni mənə xatırladacaq heç nəyi istəmirəm.
Rauf qızın biləyini möhkəm ovucları arasında tutub saxlamağa çalışdı:
– Bağışla, Şahanə. Hər şeyin xatirinə, bağışla. Getmə. Sən istəsən də, istəməsən də mən səndən ayrılmayacam. Boşamayacam səni. İki dünya bir olsa belə ayrılmayacam səndən. Bilirəm, mənim etdiklərimin əfv olunası tərəfi yoxdur. Amma bunula belə ayrılmayacam.
Şahanə böyük bir güclə əlini ərinin ovucları arasından dartıb çıxartdı:
– Bitdi, Rauf. Bitdi.
Laləni qucağına alıb otaqdan çıxdı. Gülpəri böyük otaqda əlləri belində Ərəbzəngi kimi durmuşdu. Gəlinin pərişan halına, ağlamaqdan qızarmış gözlərinə baxıb güldü:
– Hə, nə oldu? Mən deməmişdim ki, səni arvad olmağa qoymayacağam?! Sanmışdın ki, oğlumu əldə etmisən, daha bu dünya sənindir?! Mənə də Gülpəri deyərlər, bala. Mən istədiyim evi yıxaram da, tikərəm də. Qızılları qoy get.
Tövşəyərək pillələri qalxan Elgiz qadının son dediklərini eşidib gözləri geniş açılmış halda donub qalmışdı. Bir insanın öz övladının, nəvəsinin dərdini düşünmək əvəzinə qızılları istəməsi kişini dəhşətə gətirmişdi. Birtəhət özünü ələ alan Elgiz qızına yaxınlaşıb Laləni qucağına götürdü. Yalnız bu zaman içəridə oturanlar diqqətini cəlb etdi. Bədəni qızdı, canını tər basdı. Sual dolu nəzərlərlə kürəkəninə baxdı. Rauf günahkar baxışlarını ondan gizləməyə çalışdıqda kişi deyəsən nə baş verdiyini anladı. Uşağı anasına qaytarıb Raufa tərəf gəldi. Agır əlini qalxızıb onun üzünə şilləni necə endirdi, heç özü də xatırlamadı. Zərbənin təsirindən Rauf səyirləndi, lakin yıxılmadı. Keçib Şahanənin qarşısını kəsdi:
– Şahanə, getmə! Mən böyük günah işlətdim. Mən dünyanın ən pis adamıyam. Nə desəniz razıyam. Amma xahiş edirəm ailəmizi dağıtma.
Şahanə ikrahla ərini süzdü, ancaq nəsə demək istəmədən pillələri sürətlə enib maşına oturdu.
Şahanə gedən gündən Rauf içinə qapılmış, insanlara görünməz olmuşdu. Bir neçə dəfə Elgizin qapısına qədər gedərək saatlarla orada dayanmış, lakin cəsarət etmədiyindən geri dönmüşdü. Ayaqları onu o qapıya aparsa da içindəki əzabı, xəcaləti onu çəkib saxlayırdı. İçini dağıdan kədəri, dərdi, övladına olan həsrəti, hər yerdə Şahanəni xatırladan əşyaları, Şahanənin, Lalənin divarlara hopmuş ətri ağlını başından alır, sarsıntısını hər gün bir az da artırırdı. Tənha qalmış cismi, ruhu olmazın əzablar içində qovrulur, bəzən özündən utansa da üzünü yastığa sıxıb qəhərini içinə tökürdü. Mənəvi sarsıntısı gözəl simasına da təsir etmiş, saçlarında ağ zolaq iz salmışdı. Onun bu əzabı Arzunun içini parçalayır, ona olan qəzəbini soyudurdu. Qəlbi qardaşının dərdinə dözmür, hər gecə yatağında için-için ağlayırdı. O, Lalənin kiçik donlarına baxdıqca kövrəlir, anasına bəlli etməsə də uşağın, Şahanənin xiffətini edirdi.
Rauf gözlərini bir nöqtəyə zilləyərək dərin düşüncələrə qapılmışdı. Arzunun girməyindən belə xəbərsiz, öz düşüncələrinin axarında süzülüb getmişdi. Bacısının ona zillənən baxışlarından, nəmli gözlərindən bixəbər dalıb qalmışdı. Unutduğu xatirələr belə beyninin dərin qatlarında oyanıb onun sakitləşmək bilməyən ruhunu bir daha sarsıtmışdı. Arzu Raufun gözlərinin dərinliyindəki o əzabı gördükcə yanıb tökülürdü. “Ax, Rauf, səndəmi atamgilə oxşamalıydın? Niyə dayıma yox, əmilərimizə bənzədin. Sən ki arvadını bu qədər dərindən sevirdin, ona dəli olurdun, niyə başqasını tapırdın? O qızın üzündə bir balaca həya olsaydı, durub dağ kimi kişilərin qarşına keçərdimi? Ax, siz kişilər! Nə qədər özünüzü ağıllı hesab edirsinizsə, bir o qədər də ağılsız hərəkətlər edirsiniz. Birini sevmədən necə yaşamaq, necə ömür sürmək olar? Ah, ana. Bir balaca gəlinini sevməyə çalışsaydın kaş. Bu qədərini də yaşamazdıq. Kim gəlirsə deyir hər kəs şəhərdə bizdən danışır. Daha insanların ağzına saqqız olmuşuq. Eh, nə deyim, nə düşünüm, özüm də bilmirəm. Amma o qız bu evə gəlin gəlsə bu evin huyu da, suyu da dəyişəcək. Mən onunla nə cür yola gedəcəm, bilmirəm”.
Ehmalca əlini Raufun çiyninə qoydu. Oğlan diksinərək fikirlərindən ayrıldı. Arzunu görcək gülümsəməyə çalışdı. Amma faydasız. İçindəki acı o qədər dərinə kök atmışdı ki, dodaqları belə qaçmırdı. Zarafatyana qızın saçlarını qarışdırdı. Arzu:
– Laləyə zəng vuraq? – deyə sual dolu nəzərlərlə qardaşına baxdı.
Rauf bir anlıq tərəddüddən sonra başını razılıqla tərpətdi. Arzu telefon çaldıqca həyəcanla əsir, Şahanənin ona nə cavab verəcəyini bilmirdi. Nəhayət, Şahanənin zərif, doğma səsi eşidildi. Arzu Raufun üzünün bir andaca necə dəyişdiyini sezib kövrəldi. Qardaşına olan son damla qəzəbi də beləcə keçib getdi. Bəlkə də başqa biri olsa Şahanə qədər nəcib davranmaz, bu ailənin hər fərdinə aqressiv yanaşardı. Amma yox. Şahanə bütün pisliklərdən, kindən-küdurətdən uzaq bir insan idi. Rauf onun gənc ömrünü nə qədər qaraltsa da o, qızını, mələk qədər məsum körpəni nə atasına, nə bibi-nənəsinə qarşı qoymayacaqdı. Şahanə nə qədər yaralanmış olsa da övladının məsud olması qarşılığında onların görüşməsinə qarışmayacaqdı.
Arzu Laləylə bir xeyli danışdıqdan sonra telefonu qardaşına uzadıb otaqdan çıxdı. Qız Raufun daha artıq sarsılmasına dözə bilməyəcəyini, indi buradaca hönkürüb ağlayacağını bildiyi üçün qardaşını tək buraxıb oradan uzaqlaşdı.
Nihal qızının üzüntüsünü gördükçə yanıb yaxılır, zamanında bu izdivaca icazə verdiyi üçün özünü qınayır, yeyib-bitirirdi. Ana qızıyla bərabər gündə yüz kərə ölüb-dirilir, lakin üzüntüsünü hiss etdirməmək, Şahanəni daha artıq təlaşlandırmamaq üçün yalandan deyib-gülür, içindəki çırpıntını gizlədirdi. Lalə də sanki dəyişmiş, böyümüşdü. Uşaq daha əvvəlki tək atılıb-düşmür, tək qaldığı an dərin fikrə gedirdi. Bəzən masanın altına üzüstə uzanıb nələrsə çızır, sonra da aparıb haradasa gizlədirdi. Şahanə körpənin atasının xiffətini çəkdiyini bilir, bu da onun qırılmış qəlbinin üzüntüsünü daha da çoxaldırdı.
Şahanə artıq boşanma ərizəsi yazmışdı. Lakin Rauf inad edir, Şahanədən heç cürə ayrılmayacağını deyirdi. Raufun Şahanədən vaz keçməyəcəyini bilən Kamilə artıq son yola əl atmağa qərar verərək bir axşam çağrılmamış qonaq kimi Şaiq Camalla Arazın qapısına dirəndi. Bütün şəhərin dilinə düşüən Şaiq Camal üzünə zillənən baxışlardan qanı donur, bütün dünyanı dağıtmaq istəyirdi. Təsadüfən əlinə keçən, Arazın imzası olan ortaq sənəd bir andaca onun qəzəbinin üzünə sərin su səpərək artıq bu işin alınacağına onu əmin etmişdi. Hətta bunun üçün o, ürəyində qızını alqışlamış, “Kimin qızıdır ki!..” – deyə gülümsəmişdi. Düzdür, baş verənlərdən sonra onun qızına olan etimadı tamam sarsılmışdı. Lakin olan olmuşdu. İndi nə olursa olsun Kamilə o qapıya gəlin getməli, bu söhbət tez bir zamanda unudulmalı idi. Amma Raufun inadla arvadından boşanmaq istəməməsi Şaiq Camalın səbrini tükəndirir, söhbətin hər gün daha da artaraq çayxanalarda, məktəblərdə, xəstəxanalarda geniş müzakirə mövzusuna çevrilməsinə zəmin yaradırdı. “Allaha inanmayan külli kafirdir! Görüm bundan sonra nə deyəcək bu Rauf bəy. Heç kim mənim qızımı dillərə dastan edib saqqız kimi çeynəyə bilməz. Səni süründürməsəm atamın oğlu deyiləm” – düşüncələriylə Şaiq Camal Arazın qapısına gəlmişdi.
Gülpəri Kamiləni görüb bərk qanadlanmışdı. Axır ki, onun arzusu çin olmuş, xəyalları gərçəkləşmişdi. Gec olsa da varlı-pullu ailənin qızı onun qapısında gəlin olacaqdı. Qadın övladının çəkdiyi acılara o qədər biganə və duyğusuz idi ki… Zülmlə həyat verdiyi oğlunun dərdi-bəlası bir ana kimi onun qəlbinə zərrə qədər təsir etmirdi. O, yenicə aşiq olan gənc qız kimi şirin duyğularla yaşayıb, xəyallanırdı. Gülpəri oğlunun Şahanədən birdəfəlik ayrılacağı təqdirdə qurban kəsəcək, nəzir-niyaz paylayacaqdı.
Rauf gələn qonaqları görüb geri qayıtmaq istədi. Arazın zəhmli səsi onu yerində dayanmağa məcbur etdi. Kişi oğluna evə girməyi əmr etdi. Rauf Şaiq Camalın yanında atasının sözünün yerə düşməsini istəmədiyi üçün içəri keçib Şaiqə dilucu xoş gəldin dedisə də, Kamiləyə tərəf heç baxmadı. Kişi ona oturmağı işarə verdi. Rauf naçar halda keçib atasının qənşərində əyləşdi. Araz boğazını arıtladı:
– Oğul, uşaq deyilsən ki, sənə öyüd-nəsihət verim. Bala, kişi gərək gördüyü işin dalında durmağı bacarsın. Xalxın qızını dilə-dişə salıb sonra üstündən atmaq bizə yaraşmaz. Gəl inadından əl çək. Elgizin qızından sənə daha arvad olmaz. Mən inanmıram ki, bu boyda haqq-hesabdan sonra siz barışasınız. Lap onlar barışmaq istəsələr belə mən buna ölsəm də razılıq vermərəm daha. Bu boyda kişi durub evimizə gəlib. Gəl bu işi bu gün burada tamamlayaq, olsun-bitsin.
Rauf başını aşağı salaraq atasını dinləyir, özünə də, ona da acıyırdı. Hər kəs gözünü Raufun üzünə zilləyib onun dodaqlarının arasından hansı kəlmələrin çıxacağını səbirsizliklə gözləyirdi ki, Rauf stulunu geri çəkib atasının önündə dikəlib durdu:
– Ata, bəzən fikirləşirəm ki, axı atam-anam niyə mənə qarşı bu qədər düşünülməz davranır. Niyə, ata? Siz də bədbəxtliyimə mənim qədər səbəbkarsınız. Mən Şahanəni tanıyan gündən hər vasitəylə bizə mane olmağa çalışdınız. Amma bilirsiniz, bəlkə nə zamansa biz rəsmən ayrılsaq belə onun yeri mənim buramda olacaq. – Rauf əlini ürəyinin üstünə qoydu. – Daha artıq inad etməyin. Mən ailəmdən vaz keçməyəcəm, dünya dağılsa da. Siz də, Şaiq müəllim, daha ailə işlərimə müdaxilə etməyin, xahiş edirəm. Mən sizin qızınızla evlənməyəcəm.
Arazın təəccübünə rəğmən Şaiq Camal diqqətlə Raufu süzdü, amma dinmədi. Rauf sözünü bitirəndə Şaiq Camal əlindəki sənədi masanın üstünə qoydu. Araz diqqətlə kağızı süzdükdə imzasını görcək silkələndi. Əlini uzadıb sənədi götürdü. Oxuduqca qaşları dartıldı, rəngi gah bozardı, gah qızardı. Qarşısında oturub, onu öz evində təhdid edən insana heyrətlə baxıb gözlərini oğluna zillədi.
Rauf atasının boğulan rəngini görüb qorxdu. Sənədi oxuduqda nifrət dolu baxışlarını Kamiləyə zillədi. Lakin dözə bilmədi. Əlindəki kağızı qızın irişən sifətinə çırpıb qapıdan çıxdı. Onun Şahanəylə barışmaq, yenidən Şahanəyə qovuşmaq xülyaları bir andaca toz olub havaya sovruldu. Həyatı rəngini, mənasını itirdi. Atasının azadlığı qarşılığında Kamiləylə olan izdivaca razılıq verməli oldu.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17