Müstəqil dövlət – müstəqil fəaliyyət (4)
- 12 Fevral 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İlham İSMAYIL
Özümü təqdim edəndən sonra zəngimin məqsədini söylədim. Rəsul Quliyevlə aramızda belə bir telefon söhbət oldu.
Quliyev:
– Yaxşı, başa düşdüm. Gəncədə vəziyyət necədir?
– Bildiyiniz kimi, gərgin olaraq qalır.
– Gəncənin icra başçısı Elxan Qədimov haradadır?
– Mən Şəmkirdən iki gündür heç yana çıxmıram. Onun da harada olduğunu bilmirəm.
– Xalq, gəncəlilər necə qarşılayıblar bu məsələni? Nə deyirlər?
– Ölənlər var deyə camaat narahatdır. Qorxurlar qırğın, qarşıdurma olsun, yenə ölüm-itim olsun.
– Surət yaxşı oğlandır e, gəncəlilər onun xətrini istəyirlər. Tanışsanmı Surətlə?
– Tanışlığımız var, amma yaxın deyilik.
– Qardaş, o, yaxşı oğlandır, hər şey də yaxşı olacaq.
– Mən də istəyirəm ki, hər şey yaxşı olsun.
– Sülhəddinin özünü gördün?
– Xeyr, ora mənim adamlarım gedir, xəbəri də onlardan göndərib.
Kiçik pauzadan sonra:
– Sülhəddinə de narahat olmasın, bir-iki günə hamını buraxacaqlar.
– Mən də elə fikirləşirəm.
– Sağ ol.
Telefonla danışıb bölməyə qayıtdım. Əməliyyat rabitəsini birbaşa Bakıdan bərpa etmişdilər. Telefona zəng gəldi. Dəstəyi qaldırdım. Danışan kəşfiyyat şöbəsinin rəisi Eldar Məmmədəliyev idi. Könülsüz, yüngül salamlaşmadan sonra Məmmədəliyev:
– Sən Gəncədə tutulanların yanına kimləri göndərmisən?
– Burda nə var ki? İnformasiya üçün göndərmişdim.
– Kimdir onlar?
– Buna nə ehtiyac var?
-Yox, biz bilməliyik ora kim gedir. Agentlərdir ora gedənlər?
– Xeyr, agent deyillər, dostlarımdır.
– Nazirin xəbəri var?
– Nazir informasiya istəyir, mən də hər vasitədən istifadə edirəm.
– Əməliyyat hazırlayırsınızsa bizim xəbərimiz olmalıdır, özbaşına hərəkət etmək olmaz.
Bu “özbaşına” sözü məni hövsələdən çıxardı:
– Eldar müəllim, nə vaxtdan rayon səviyyəsində görülən əks-kəşfiyyat tədbiri kəşfiyyatla razılaşdırılır? Rəsul müəllim Sizə düzgün çatdırmayıb məsələni. Bu, Sülhəddinin Rəsul Quliyevə göndərdiyi sifariş idi, mən də çatdırdım. Əməliyyat olsa, hər halda bizim bölmənin səviyyəsində yox, respublika miqyasında olacaq, o zaman siz də biləcəksiniz.
– При чем здесь Расул Кулиев? Mən deyirəm ki, rəhbərliyin icazəsi olmadan heç bir tədbir keçirilməməlidir.
– Nazir bilir, soruşa bilərsiniz.
Dəstəyi yerinə qoydum və təzədən qaldırıb Fəxrəddin Təhməzovla danışdım:
– Fəxrəddin müəllim, kəşfiyyat şöbəsinin rəisi nə vaxtdan birbaşa bizə göstəriş verməyə başlayıb?
– Nə olub ki?
Eldar Məmmədəliyevlə olan telefon danışığımı nazirə çatdırdım. Nazir heç nə demədi. Bircə kəlmə:
– Fikir vermə, mən nə tapşırsam onu edərsən.
– Fəxrəddin müəllim, bu dövlət hanı? Bu hadisəyə niyə belə reaksiya verilir? Niyə güc göstərilmir?
– İlham, başlarını itiriblər. Nə edəcəklərini bilmirlər.
Telefon danışığı bitdi. Kabinetdə var-gəl edir, fikirləşirdim, deməli, Eldar Məmmədəliyev də, Rəsul Quliyev də narahatdırlar ki, birdən əməliyyat keçirilər, həbsdəkilər azad olunar, plan pozular.
PLAN? Bu plan Surət Hüseynovun deyil, bu planın müəllifləri başqalarıdır… Və zaman keçəcək, iyun günlərində baş verənlərin təsadüf deyil, bir plan olduğu təsdiqini tapacaqdı. Girov götürülənlərsə deyilən kimi iki günə buraxılmadı, bir aya yaxın qanunsuz olaraq girovda saxlandı.
İyunun 7-də bölmənin qapıçısı zəng edib dedi ki, bir cavan oğlan deyir bütün idarə müdirləri gəlməlidir icra hakimiyyətinin qabağına, Nemət Pənahov onlarla görüşmək istəyir. Başçıya zəng etdim:
– Bu nə məsələdir?
– İlham müəllim, yanında silahlılar var. Surətin burda bir dostu var, onun adamlarıdır. Gəlib mənə dedilər, mən də dedim heç kimi çağıra bilmərəm. Özünüz çağırın.
Əməliyyat işçilərinin ikisini də şəhərə göndərib məlumat toplanmasını tapşırdım.
Nemət Pənahovun son vaxtlar tez-tez Gəncəyə gəldiyini bilirdim. İndi də Şəmkirə gəlib.
Nemətin Gəncə-Naxçıvan arası tez-tez gedib-gəldiyini də bilirdik, ona görə də Şəmkirdə peyda olması təsadüf ola bilməzdi. Bu əvvəlcədən düşünülmüş bir missiya idi. Nemət hara, Şəmkir hara?
Xəbər verildi ki, rayonun mərkəzi meydanında Nemət Pənahov tribunaya qalxıb çıxış edir. Bölmə ilə meydanın arası yaxın olduğundan özüm də ora getdim. Nemət Pənahov Azadlıq meydanında etdiyi çıxışlar kimi burda da “alovlu” nitq irad edirdi, bu dəfə hədəfi Elçibəy idi. Çıxışın hər cümləsində Elçibəy təhqir olunurdu, sonda isə Elçibəy haqqında satirik, təhqirlə dolu uzun bir şeir dedi.
Bakıda dövlət başçısı qiyamı yatırmaq üçün təsirli addım atmır, əyalətdə mən üç nəfərlə – bir avtomat silah, 3 ədəd də “Makarov” tapançası ilə kimə qarşı vuruşum, nə uğrunda hərəkət edim? Nazirlik tərəfdən də konkret heç bir göstəriş yox idi. Elçibəyin bütün atdığı və atmadığı addımlar hakimiyyətin süqutuna aparırdı.
İyunun 8-də Tofiq Hüseynov Gəncədə saxlandığı yerdən qaça bildi, daha doğrusu, dostlarım növbəti dəfə həbsdəkilərə baş çəkəndə onun qaçmasına yardım etdilər. Dostumun birinin köməyi ilə Tofiq Hüseynov hasardan aşmağı bacarıb (Ayağını dostumun çiyninə qoyub hasardan aşmışdı).
Bir neçə saatdan sonra mənə zəng gəldi. Gəncədən dostum idi. Zobikin onları hədələdiklərini deyib təcili Gəncədən çıxmalarına yardım etməmi istədi.
Gəncənin giriş-çıxışı Surət Hüseynovun adamlarının nəzarətində idi. Dövlət maşını ilə gedə bilməzdim. Bir köhnə “Moskviç”lə Gəncəyə gəldim, dostlarımı götürüb kənd yolları ilə Şəmkirin ərazisinə keçdim, Könüllü kəndində bir yaxın dostumun evində gizlətdim. Qazaxa zəng vurub polis rəisi İsaxan Aşurovla danışdım, vəziyyəti anlatdım.
İsaxan bəy Tofiq Hüseynovun da Qazaxda olduğunu dedi. İki nəfər silahlı göndərəcəyini və dostlarımın Qazaxa gətirilməsini təşkil edəcəyini söylədi. Qazax, Tovuz, qismən də Şəmkiri hələ qiyamçılar tutmamışdı.
İsaxan bəyin adamı gəldi. İki nəfər də mən qoşdum, dostlarımı sağ-salamat Qazaxa çatdırdım. Dostlarım bir aydan çox Azərbaycandan kənarda yaşamağa məcbur oldular.
İyunun 9-da Əbülfəz Elçibəyin ikinci dəfə Naxçıvana təyyarə göndərməsindən sonra Heydər Əliyev Bakıya gəldi. Elçibəy iqamətgahında onu təntənə ilə qarşıladı və iyunun 13-də Heydər Əliyev Gəncəyə gəlib qayıtdı.
Elçibəyin ilk addımları məhz qeyd etdiklərim – təyyarənin Naxçıvana, Fərəməz Maqsudovun Gəncəyə göndərilməsi oldu. Bütün bu hadisələr barədə çox yazılıb, danışılıb, əvvəl qeyd etdiyim kimi mən öz iştirakım olan, şahidi olduğum hadisələrdən danışmağı vacib bilirəm.
Əsas hadisələr parlamentdə cərəyan edirdi və baş verənlər televiziya ilə translyasiya olunduğundan bu nəticəyə gəlirdim ki, ölkədə yaddan çıxan nümayişkaranə yaltaqlıq yenidən baş qaldırır.
Dövlət başçısı Əbülfəz Elçibəy prezident postunu tərk edərək gecənin birində Kələki kəndinə getdi. Elçibəy ekstremal situasiyada görəvindən imtina edib hakimiyyəti qorumadı, çıxış yolunu onu təhvil verməkdə gördü və bu, situasiyadan çox düşünülmüş ssenari idi, məncə – personajların 4 iyun və sonrası oynadığı rol hazır ssenari təsiri bağışlayırdı. Ssenaridən kənar baş verənlər epizodik idi və sonrakı dövrdə bu epizodlarda rol alanlar “montaj” olundu bu ssenariyə.
Milli azadlıq hərəkatının gücü ilə yaranmış hakimiyyətin ömrü cəmi bir il çəkdi və Elçibəyin onu təhvil verməsi ilə sona çatdı. Hörmətli Yalçın Nəsirov “Kələki çıxmazı” publisistik təhlilində yazır ki, Elçibəyin hakimiyyəti təhvil verib Kələkiyə getməsi Azərbaycan tarixində 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ən böyük faciə idi.
4 iyunu xarici faktorla bağlamaq məğlubiyyətə haqq qazandırmağın ucuz yoludur. Düzdür, 4 iyundan sonra Elçibəy hakimiyyətini istəməyən Rusiya, İran fəal surətdə onun hakimiyyətdən getməsinə çalışdılar, amma 4 iyunda Surət Hüseynovu zərərsizləşdirmək üçün Gəncəyə gəlib məğlub olan dəstəni Rusiya, İran göndərməmişdi və sonrakı günlərdə vəziyyəti dəyişmək mümkün idi. Uğursuz əməliyyat qiyama çevriləndə dövlət başçısı onu yatırmaq üçün ciddi addımlar atmadı. Atılan addımlar istefalarla müşayiət olunurdu. Bu istefaların yerinə həmin gün qətiyyətli bir daxili işlər naziri təyin edib, Bakıya rəsmi hakimiyyəti devirməyə gəldiyini bəyan edən dəstəni məhv etmək tapşırığı verilməliydi. Belə şəxslər, kadrlar var idi və bu vəzifəni yerinə yetirməyə hazır idilər. Axı Surət Hüseynovun Gəncədən Bakıya gələn və az qala gəlin maşını kortejini xatırladan iki-üç zirehli maşınını darmadağın etmək nə çətin iş idi?!
Sonradan məlum oldu ki, dövlət adamlarının belə bir təşəbbüsü olub və onu yerinə yetirə biləcək hərbi hissə komandirlərindən biri ilə danışıqlar aparılsa da Elçibəy kəskin şəkildə etiraz edib. Daha qətiyyətli daxili işlər nazirinə ehtiyac olduğu və həmin şəxsin fərmanının verilməsi ilə Surət Hüseynovun dəstəsinin tam zərərsizləşdirilməsinin həll ediləcəyini xahiş edən yaxın silahdaşına da Elçibəy etirazını bildirmişdi.
Burdan və bütün proseslərin təhlilindən bir nəticə çıxır ki, PROBLEM VƏ ONUN HƏLLİ SURƏT HÜSEYNOVUN DƏSTƏSİ OLMAYIB! Elçibəyin PLANI başqa idi. Elçibəy gedəcəyini əvvəlcədən bilirdi. Onun atdığı addımlar yalnız bu qənaətə gəlməyə imkan verir. Hansı prinsiplər milli azadlıq hərəkatından, demokratik dəyərlərdən üstün sayıldı? Cavabının ilk gündən bilindiyi bu suala o dövrün mərkəzi fiqurları illərdir ki, üstüörtülü reaksiyalar verməklə Elçibəyin hakimiyyəti təhvil verməsi həqiqətini, mahiyyətini dilə gətirmirlər. Görünür, həqiqətin açıq deyilməsinin Elçibəyin məşhur kəlamındakı kimi zamana ehtiyacı var.
***
Bütün ölkədə kadr dəyişikliyi aparılırdı və düzgün olaraq ilk növbədə güc strukturlarından başlanmışdı. MTN-də Nəriman İmranov nazir, Elçibəyin müavin təyin etdiyi (?) Namiq Abbasov birinci müavin təyin edildi.
Ali Sovetdə “razborkalar” davam edir, tutulan tutulur, tutulmayan ölkədən qaçır, bir tərəfdən isə ermənilər fürsətdən istifadə edib Qarabağ cəbhəsində itirdikləri mövqeləri geri alırdılar. İyunun sonunda Ağdərə işğal olundu. Tərtərin, Ağdamın başını təhlükə almışdı. Demək olar ki, iyul ayında hər həftə Ağdamda, Tərtərdə olurdum.
İyulun 7-də Ağdama gəldim. MTN-in rayon şöbəsinə gəlib rəis Yaqub Axundovla görüşdüm. Yaqub əslən Ağdərənin Umudlu kəndindəndir. Vəziyyətin gərginliyi Yaqubun üzündə-gözündə görünürdü. Əsgərlər üçün gətirdiyim siqaret yeşiklərini Əfətli kəndində yerləşən hərbi hissəyə verib geri qayıtdım. Yolüstü kəndimizə, evə baş çəkib doğmalarımla görüşdüm. Hamı narahat idi. Cəbhə xətti get-gedə Tərtərə yaxınlaşırdı.
Şəmkirdə də vəziyyət ürəkaçan deyildi. İcra başçısı olmaq uğrunda mübarizə başlamışdı. Məni Tərtərin, Ağdamın vəziyyəti daha çox narahat edirdi.
İyulun 12-də sürücümlə bir daha Ağdama getdim. Avtomat silahı da götürüb yola çıxdıq. Fikirləşirdim ki, mən Ağdama çatanda yəqin elə döyüşə başlayacağıq. Ətyeməzlidən keçib Ağdama girəndə sürücüm dedi ki, İlham müəllim, şəhərdə heç kim yoxdur, bəlkə qayıdaq. MTN-in binasına sürməyi tapşırdım. Şəhər doğrudan da boş idi. Bir küçədən keçəndə darvaza qarşısında iki nəfərin dizləri üstündə nərd oynadığını görən sürücüm ürəkləndi.
MTN-in binasına çatıb içəri girdim. Rəis Yaqub Axundovdan başqa içəridə keçmiş kənd təsərrüfatı naziri Feyruz Mustafayev, hərbi tribunalın prokuroru Şahin Rüstəmov, “7 gün” qəzetinin redaktoru Emin Eminbəyli də vardı. Görüşüb dərdləşməyə başladıq. Günortaydı, Yaqubun sürücüsü Ətyeməzlidəki kababxanadan yemək gətirmişdi, stola bir araq da qoyulmuşdu. Heç kim əlini süfrəyə uzatmadı. Yaqub təkid etsə də heç kimin boğazından su da keçmirdi. Elə bu vaxt polis rəisi Fərmayıl içəri girdi:
– Dəlixananı aldılar, köməyimiz də yoxdur, qabağı alınmasa, Ağdam getdi.
Telefonu götürüb Müdafiə Nazirliyini sifariş etdik. Nazirlikdən dedilər ki, Ali Sovetlə danışın, dövlət başçısı, ali baş komandan ordadır, onunla danışın, biz heç nə deyə bilmərik. Ali Sovetdə hansısa şöbə ilə birləşdirdilər. Ağdamın təhlükədə olduğunu, qüvvənin çatışmadığını dedik, Heydər Əliyevlə necə əlaqə saxlamağı xahiş etdik.
Ali Sovetdəki məmur yarızarafat-yarıciddi: “Bu saat iclas gedir, mübahisə təzə qızışıb, uzun çəkər” deyib Müdafiə Nazirliyinə müraciət etməyimizi məsləhət gördü.
Ağdam fəlakət qarşısındaydı, Ali Sovetdəkilər köhnə palan içi töküb, bir-birlərini nə vaxt nə dediyinə görə ittiham edirdilər. Müdafiə Nazirliyi isə yox kimi bir qurum idi. Şahin Rüstəmovla qərara gəldik ki, Əfətliyə gedək, vertolyot eskadrilyası ilə danışaq, kömək etmələrini xahiş edək. Əfətliyə çatıb Elçin adlı rusdilli bir komandirlə görüşdük, vəziyyəti anlatdıq. Vertolyotlara, ümumiyyətlə köməyə ehtiyac olduğunu bildirdik. Elçin bizə qulaq asıb müdafiə nazirinin əmrini gözlədiyini deyib, bizi tam ümidsiz qaytarmaması üçün bir nəfəri çağırdı. Qalxıb dəlixananın yanında bizimkilərə kömək etmək əmrini verdi. Çağırdığı adam sakitcə:
– Biz havaya qalxanda sərçə kimi vurub salacaqlar. Yerdə bizə kömək edən ağır artilleriya yox, tank yox, bütün atəş bizə açılacaq. Uşaqlar qalxmayacaqlar.
Komandir Elçin qışqırdı:
– Тогда вы на … мне нужны. Я сейчас министру доложу.
Burdakıların mübahisəsi mənasız, yorucu və ümidsiz idi.
Şahin Rüstəmovla Ağdama dönməkdən başqa əlacımız qalmamışdı. Ölkə başını itirmişdi. Hər şeyi, siyasi hərc-mərcliyi bir tərəfə qoyub, bütün diqqəti cəbhəyə, Ağdama vermək əvəzinə ”Sən o vaxt niyə belə dedin? O vaxt sən aşırmalı şalvar geyirdin” kimi dedi-qodu səviyyəli mübahisələr yaxın tariximiz olduğundan əksəriyyətin indi də yadındadır. Qarabağlılar o vaxt belə deyirdilər: “Stol davası şirin oldu, yaddan çıxdı Qarabağ”.
Ağdama qayıtdıq. Feyruz müəllimlə Emin Eminbəyli getmişdi. Şahin Rüstəmov da Bakıya yola düşdü. Mən Yaqubla bir az söhbət edəcəyimi deyib qaldım. Bir az keçmişdi ki, içəri qarayanız, bığlı, təxminən 35-40 yaşında silahlı bir kişi girdi. Tanımırdıq, heç o da bizi tanımırdı. Bir az bizə baxıb təntənə ilə:
– Mən Səddamam!
Bir az pauza verib:
– Lələnin adamıyam.
Mən Gəncədə Səddam ləqəbli birinin olduğunu xatırladım.
Səddam stolun üstündəki arağa baxıb “Bunu niyə içmirsiniz?” deyib arağı açdı və dalbadal iki qədəh içəndən sonra:
– İndicə navodkayla bir tank vurduq. Toçnu dannı verdilər, vurduq.
Bu adamın yalan danışdığını içəridəki adamlar anlamışdı. Səddam bir qədəh də içəndən sonra:
– Kavavı da buz eliyib qoymusunuz bura. Əlac yoxdur, buna da şükür. Onsuz da gedirəm Yevlaxa. Lələ Bakıdan gəlir. Yevlaxda qarşılayıb Gəncəyə gedəjiyik. “Qrad”ımız qurtarıb. “Qrad” da Gəncədədir. Gedib gətirəjəm.
Mən:
– Niyə Gəncəyə gedirsən? Bu saat Gəncədə kim lazımdısa səni telefonla birləşdirim, sifarişini ver, qoy yükləsinlər, “Qrad” gəlsin. Sən Gəncəyə gedəsi, gələsi Ağdam alınar.
Səddam bir az üzümə baxıb:
– Yox, lələ olmasa bizə diş qurtdalamağa çöp də verməzlər. Hə, diş qurtdalıyanız ola bəlkə?
Bütün danışığıyla ikrah doğuran bu adama baxıb fikirləşirdim gör Qarabağın taleyi ilə kimlər oynayır.
Səddam getdi.
Elə bu vaxt teatrın binası ətrafına “Qrad”, top mərmiləri yağmağa başladı. MTN-in binası da mərmi düşən yerin lap yaxınında idi. Ağdamın əməliyyat işçisi Nadir Əliyev mənə yaxınlaşıb:
– İlham müəllim, xahiş edirəm daha gecdir, gedin.
– Nadir, mən əlisilahlı gəlmişəm, vuruşmağa gəlmişəm. Vəziyyət çox ağırdır. Sizi belə qoyub hara gedim?
– Bizdən narahat olma, biz öyrəncəliyik, – bu sözləri də rəis Yaqub Axundov dedi. Söz Yaqubun ağzından təzəcə çıxmışdı ki, güclü partlayış oldu. Şüşələr qırıldı. Qəlpə düz yanımdan keçib pəncərənin taxtasına girdi. Nadir qəlpəni taxtadan çıxarıb mənə verdi:
– İlham müəllim, bunu yadigar saxla, amma sən balalarının canı, nə olar çıxın gedin. Heç olmasa zirzəmiyə düşək.
Zirzəmiyə düşəndə gözlərimə inanmadım, xeyli xarici jurnalist vardı. Nadir dedi ki, bərk atışma olan kimi bunlar gəlib bizim zirzəmiyə girirlər. Jurnalistin biri iki daşın arasında əlimdəki avtomatı çəkir, italyan dilində nəsə soruşurdu.
Sürücüm yaxınlaşıb “İlham müəllim, qaranlıq düşməmiş bəlkə gedək” dedi.
Yola düşdük. On gün ötəcək, 23 iyulda Ağdam düşmən əlinə keçəcək. Məni balalarımın canına and verib yola salan Nadir Əliyev qəhrəmancasına həlak olacaq, iki körpə balasının gözləri yaşlı qalacaq. Ağdamın Əlağalı kəndindən olan Nadirə ölümündən sonra Milli Qəhrəman adı veriləcək.
Torpaqları qorumağa məsul olan vəzifə sahibləri xalqı arxasınca aparıb vətəni qorumağı bacarmadılar, əksinə, torpaqlar zəbt olunduqca əvvəlki hakimiyyəti günahlandırır, səriştəsizlikdə ittiham edirdilər. Ağdamın işğalının ertəsi günü Bərdənin Kətəlparaq kəndində toplaşan qaçqınların qarşısında Heydər Əliyev, Surət Hüseynov çıxış edirdilər. Heydər Əliyev deyirdi: “Onsuz da altı ay bundan qabaq deyirdilər ki, Ağdam verilib”.Əgər altı ay əvvəl Ağdamın xəyanətə uğrayacağı, ”veriləcəyi” məlum idisə rəsmən dövlət başçısı səlahiyyətlərini icra edən Əliyev niyə xalqı bu 40 gün ərzində səfərbər etmirdi?! Surət Hüseynov deyirdi: “Heç narahat olmayın, biz Ağdamı da geri alacağıq, hələ Şuşanı da, bunlar müvəqqəti işlərdir”.
Torpağın əldən getməsinə “müvəqqəti iş” kimi baxandan nə umasan? Sanki torpaq işğalı futbol oyunu idi, bir qol buraxandan sonra, komandanı ruhlandırır ki, hələ qarşıda ikinci taym var, biz iki qol vuracağıq. Bu sətirləri yazanda o çıxışdan 24 il keçib, “ikinci taym” hələ başlamayıb.
Şuşa Qarabağın ürəyi, Ağdam vuran əliydi. Müharibədən əvvəl də beləydi. Qarabağ müharibəsində də ən çox şəhid verən Ağdam oldu.
Tələbəlik illərinin bir xatirəsini bölüşmək istəyirəm.
Qaydaya görə, universitetdə təhsil başa çatanda oğlanları 3 aylıq “sbora”, hərbi toplantıya – Pirəkəşkülə aparırdılar. Bizim bölük hüquq fakültəsi ilə bir yerdəydi. Şənbə günü Bakıya getmək üçün komandir şərt kəsdi ki, həyəti təmizləsək, icazə verəcək. Təmizliyi tez bitirib getmək istəyirdik ki, hərbi hissənin əsgərləri, 15-20 nəfərlik bir dəstə yanımızdan keçib bizi lağa qoyub, gülməyə başladılar. Əsgərlərin hamısı erməniydi, əlimizdəki əsgər bellərini (lopatka) çəkib bunların üstünə gedəndə ermənilər də bellərini əlinə alıb üstümüzə gəldilər. Sayımız faktiki bərabər idi. Ermənilərdən biri qabağa çıxıb: “Çoxlu qan tökməkdənsə başçılarımız dalaşsın, sizdən də, bizdən də bir nəfər. Bizdən Aşot vuruşacaq” dedi.
Söz erməninin ağzından qurtaran kimi ağdamlı Natiq Ağamirov qabağa çıxıb: “Bizdən də mən” dedi.
Natiq boyda özündən hündür olan ermənini iki dəqiqəyə ağız-burnunu qanla doldurub yerə yıxanda təklifi verən erməni araya girib, davanın bitdiyini dedi. Bölükdə cüssəli oğlanlar vardı, amma Natiqin içindəki ağdamlı dəli-doluluğu onu hamıdan tez qərar verib qabağa çıxarmışdı. Bu dünya indi Azərbaycanla Ermənistanı da baş-başa buraxsa Ermənistanın ağız-burnunu qısa zamanda dağıdar bu millət. Yenə də elə qabaqda ağdamlı döyüşçülər olar. Yeri gəlmişkən, Natiq Ağamirov indi Moskvada “Notariuslar Gildiyası”nın sədridir.
Səhəri Şəmkirdə işə çıxanda sürücümün anası yanıma gəldi. Ağlamsınmış dedi:
– İlham müəllim, mənim aman-zaman bir oğlum var. Dünən o gəlib, səhərə qədər yuxusunda sayıqlayıb. Yaman qorxub. Xahiş edirəm onu bir də müharibə olan yerə aparmayın. Lazımdısa işdən çıxarın, ayrı adam götürün, amma oğlumu bir də aparmayın.
Mən sürücümün anasını sakitləşdirib bir daha cəbhə bölgəsinə onu aparmayacağımı bildirdim.
On gündən sonra sürücü yanıma gəlib dedi ki, işdən çıxıram. Səbəb kimi qonşusunun Samux rayonuna prokuror təyin olunduğunu və sürücü kimi onu işə götürdüyünü dedi. Səbəb həm o deyən idi, həm də qorxmağı. Ürəkdən razılığımı bildirdim.
Burda hadisələri xronologiya baxımından qabaqlamaq istəyirəm. Heç bir il çəkmədi ki, Samux rayonunun yeni təyin olunan prokuroru – Nazim müəllimi sürücüsü ilə birlikdə qətlə yetirdilər. Bu, döyüş bölgəsinə getməkdən çəkinən, sakit həyat arzulayan mənim keçmiş sürücümün faciəli sonu idi. Ölümün harada gələcəyi bəlli olmaz…
***
Şəmkirin icra başçısının dəyişəcəyi gözlənilən idi. İyulun sonunda Aslan Aslanovu ədliyyə naziri İlyas İsmayılov rayona təqdim etdi. Mən təqdimat mərasiminə dəvət olunmamışdım. Qaydaya görə, mütləq çağırılmalı idim. Mən də təqdimatdan sonra yeni başçı ilə görüşə getmədim, fikirləşdim ki, dəvət edəndə gedərəm. Təxminən beş gün keçmişdi, kabinetdəydim, başçının telefonu zəng çaldı.
Dəstəyi qaldırıb “Eşidirəm” dedim.
Aslan Aslanov:
– Bu kimdir, bura haradır?
Sanki uşaq bilmədiyi düyməni basmışdı. Təbii ki, Aslanov hara zəng etdiyini bilirdi və özünü o yerə qoymurdu.
Mən:
– MTN rayon bölməsidir. Eşidirəm.
– Ooo, İlham müəllim, səsinizi eşidək, balam, rayona yeni başçı gəlib, amma gəlib görüşmürsünüz…
– Məni Sizin təqdimat mərasiminə çağırmamışdılar. Fikirləşdim ki, yəqin Siz istəmirsiniz.
– İlham müəllim, gəlin görüşək, Sizi dəvət etməməkləri mənim günahım deyil, gəlin, gözləyirəm Sizi.
Aslan Aslanovla görüşdük. İlk təəssüratım məni sonralar da aldatmadı. Bu adam kobud, təkəbbürlü, ən əsası savad dairəsi çox məhdud biriydi. Yayın ən isti vaxtında idarə, təşkilat rəhbərlərini kostyum geyməyə məcbur edirdi. Yayda keçirilən iclaslarda bir mən, bir də rayon prokurorunu əvəz edən müavin Xanlar Vəliyev (indi respublikanın hərbi prokurorudur) pencəksiz olurduq. İclas salonuna girəndə tər iyindən baş çatlayırdı. Xanlar Vəliyev Aslanovla yaxın idi, bir dəfə də iclasdan sonra yanına girib “Bu kostyum söhbətini qurtar” demişdi ona.
(Ardı var)