Eşq və xəyanət (17)
- 12 Fevral 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Aynur MƏSİMOVA (TƏMKİN)
Kamilə oğlanı görüb-görçək nəsə yaxşı bir şey olmayacağını təxmin etdi. Onun indiki vəziyyəti qıza ilk tanış olduqları zamanı xatırlatdı. Rauf keçib qoca palıd ağacının çətir kimi açılmış budaqlarının altında oturdu. Qız oğlanın hey ətrafında fırlanıb üzünü-gözünü sığallasa da oğlan bütün bunlara biğanə qalaraq Kamilənin qəlbini təşvişə saldı.
– Nə olub, Rauf? Mən bu gün səni tanıya bilmirəm. Yoxsa əyləmçə arvadın nəsə edib?
Raufun rəngi bir andaca pörtdü. Gör o nə qədər dəyanətsiz bir ərdir ki, heç nəyə hüququ olmayan biri onun arvadına dil uzadır. Bərk qəzəblənmişdi. Kamilənin cavabını vermək, onunla bir daha görüşməyəcəyini söyləmək üçün içində şiddətli bir istək vardı.
– Ağzını təmiz saxla, – deyə qıza çəmkirdi.
Kamilə Raufun bu həmləsi və cavabı qarşısında özünü itirdi:
– Necə, necə? Mənə deyirsən?
Raufun hikkəsi içini parçalayırdı. Özünə də, şəhvətinin əsiri Kamiləyə də nifrət edirdi.
– Səndən başqa burada birisi də var?
Kamilə əsəbi halda oturduğu stuldan sıçradı:
– Bura bax, Rauf. Gəl mənimlə oynama. Yoxsa… Yoxsa səni peşman edərəm.
Rauf sakitcə qızı ikrahla süzür, üzündəki təbəssüm Kamiləni yandırıb-yaxırdı:
– Nə edəcəksən ki, bundan artıq?
– Eləmi? – Qız əsdi-coşdu. Aradan nə keçdi bu qədər olanlardan sonra?
– Nə olub ki? Sən mənimlə yaxınlaşanda ailəm olduğunu, qızımın olduğunu bilirdin. Sən özün bunu istədin. Mənim sənə yalvarmağımı heç xatırlamıram… – Rauf bir qədər ara verib ayağa qalxdı. – Düşünürəm ki, yollarımızı elə buradaca ayıraq. Hər kəs yoluyla. Sən də özünə görə bir oğlan tap, həyatını qur. Yetər ki, həyatımdan çıxasan. Unudaq hər şeyi. Mənim varlığım sənə xeyirli heç nə verməyəcək. Sən də heyif olma. Sənin qədər mən də günahkaram. Bəlkə səndən də artıq.
– Ooooo. Bir dayan, ay bala… Məndən asanlıqla qurtula biləcəyini sanma. Bu gündən sonra, mən sənin arvadın olandan sonra atam bilsə məni doğrayar…
Raufun üzündə bir əzələ belə tərpənmədən qızı başdan ayağadək süzdü:
– Əslində təqsirkaram… Amma yenə də mən səni zorla bir şeyə razı salmamışam. İndi gəl mədəni insanlar kimi ayrılaq.
Kamilə key nəzərlərlə oğlanı süzür, heç nə deyə bilmirdi. Rauf açıqdan-açığa ondan ayrılacağını deyir, onu alçaldırdı. Qız ildırım vurmuşa dönmüşdü. Bilmirdi ki, vəziyyətdən necə çıxsın. Amma yox… O mütləq bir şey tapıb bu işi kökündən həll edəcəkdi. Sadəcə ona bir az zaman, yalnız bir neçə dəqiqə, bəlkə də bir neçə saat gərəkdi. O, Raufla evlənəcəyi günün xəyallarını qurduğu zaman Şahanənin yenidən əri ilə münasibətinin yaxşılaşmasına imkan verməyəcəkdi.
– Mədəni deyirsən. Oldu. Gəl onda səninlə iki ədəbli insan kimi üz-üzə oturub söhbət edək.
Raufun bir ayağı qaçır, özünü bir an öncə Şahanəyə çatdırmaq istəyirdi. “Birdən Şahanə çıxıb gedər. Laləni də aparar. Bir daha geri dönməz. Onu bir daha bağışlamaz”. Ürəyi təşviş içində çırpınırdı…
– Daha nə söhbət. Dediyimi dedim. Doğrudan bu işi uzatmağa ehtiyac yoxdur.
– Yalvarıram, Rauf. Lap həyatda sənə əziz kim var, nə var onun xatirinə… Yarım saat. Razı deyilsən, lap on beş dəqiqə. Bax, buradaca oturaq. – Ehmalca oğlanın qolunu çəkdi. – Burnumu silməyə salfet götürüb gəlirəm. Sən burada əyləş, bax, tez dönürəm. Xahiş edirə getmə. Söz ver. Yalvarıram, söz ver.
Rauf qızın yaşarmış gözlərinə baxdı. Keçib əyləşdi. Lakin Kamilənin göz bəbəyindəki o dəhşət saçan ifadəni görmədi. Əslində o nəyi görüb, nəyi hiss edirdi ki. Bəlkə bir qədər diqqətli olmuş olsaydı, başına gələcək fəlakətlərdən qaça bilərdi.
Kamilə mətbəxə keçib hər kəsin əl buyruğu olan xidmətçi oğlanı işarə ilə yanına çağırdı. Qulağına nəsə pıçıldayıb harasa göndərdi. Oğlan bir dəqiqə belə keçmədən geri dönüb əlindəkini qıza göstərdi. Kamilə ona yenə nəsə pıçıldayıb Raufun yanına qayıtdı. Oturduğu yerdə özünə yer tapmayan oğlan getmək istəyərkən Kamilə çaparaq gəlib onun qənşərində oturdu. Rauf sıxılmış vəziyyətdə qıza baxır, durub getmək istəyir, lakin etiraf etməsə də günah hissi onu pərişan edir, yubadırdı. Kamilə gözləri mətbəx tərəfdə qurcalanır, narahatlıq keçirirdi. Gözləri uzaqdan onlara tərəf gələn xidmətçiyə sataşcaq doğrulub sakitləşdi.
Gənc meyvə şirələrini onların qabağına qoyub uzaqlaşdı. Bir saniyə. Və xidmətçi gözlərini qırpmasıyla Kamiləni sakitləşdirdi. Qızın əhvalı durulmuşdu. Gözləri sevincdən xəfifcə qıyılır, içindəki həyəcanı artırdı.
– Niyə içmirsən, qəşəngdir, – deyib oğlana baxdı. Rauf qızdakı ani dəyişikliyi sezmişdi. Lakin bunun nədən irəli gəldiyini heç fikirləşmədi. Sadəcə qızın sakitləşərək gülümsəməsi onu sevindirdi, ağrıyan vicdanını bir qədər rahatlandırdı. Bakaldakı şirəni birnəfəsə başına çəkdi.
– Kamilə, bacarsan məni əfv elə. Düzdür, mən səni heç nəyə məcbur etməmişəm. İkimiz də yaxşı bilirik ki, bunu əsas sən istədin. Lakin səhvin ən böyüyü məndədir. Mən gərək səninlə bu qədər uzaq getməyəydim. Keçənə güzəşt. Mən heç kəsə görə, nə sənə görə, nə kiməsə görə Şahanədən vaz keçən deyiləm. Mən həyatımı onlarsız təsəvvür edə bilmirəm.
Son sözləri ağzında qaldı. Gözləri qapandı və… Xidmətçi oğlan gözlədiyi yerdən çıxaraq tələsik Kamiləyə yaxınlaşdı. Köməkləşib oğlanı sürüyə-sürüyə Kamilənin özləri üçün düzəltdiyi otağa saldılar.
Şaiq Camal maşını qaraja salıb evə qalxdı. Əntiqə üzündəki xoş təbəssümlə ərinin qarşısına çıxdı. Kişi gözucu stolun üstünə baxıb dodaqaltı qımışdı:
– Yenə məni gözləmisən? Canına da heyfin gəlmir sənin. Sənə yüz kərə deyirəm yeməyini vaxtında ye. Şəkər adamsan. Sən dərman atırsan axı. Belə olmaz.
Əntiqə ehmalca əlini kişinin qoluna vurub güldü:
– Özünü yorma. Sən də bilirsən ki, mən sən olmadan yemək yeməyəcəm. Əllərini yu, gəl.
Şaiq Camal böyük iştahla loğmanı ağzına qoyduğu zaman telefonu zəng çaldı. Kişi əsəbi halda əllərini yelləyib telefonu açdı. Tikəsini udmaq istədi. Amma bacarmadı. Boğazı tikilmişdi elə bil. Əntiqə vahimə içərisində onu süzür, bilmirdi neyləsin. Şaiq Camal stəkandakı suyu başına çəkib yırtıcı heyvan kimi qapıya şığıdı. Əntiqə də onun arxasıyca qaçıb qənşərini kəsdi:
– Axı bir de görək nə olub. Kim idi sənə zəng edən?
– Çəkil, Əntiqə. Sənə çəkil deyirəm, – deyə bağırdı. Qadın qorxu içində qapıda dikildi qaldı.
– Vallah, iki dünya bir olsa da səni buraxan deyiləm. Demədən bir yana buraxmaram.
Kişinin gözləri qan çanağına dönmüşdü:
– Bilmirəm kim idi. Amma kim idisə qanının bahasına danışırdı.
Əntiqənin səbri tükəndi:
– Ay kişi, niyə axı mus-mus deyirsən. Nə olub ki? Sənin niyyətin məni öldürməkdi?
Şaiq Camal qadının şəkərinin qalxacağından qorxsa da çar-naçar həqiqəti arvadına açdı:
– Əntiqə, bir sən həyəcanlanma.
– Əşi, sən məni düşünmə! – Əntiqə azca qala bağırası olmuşdu.
– Bilmirəm, Əntiqə. Nə dedilər, doğru-dürüst anlamadım. Qızınız məkanda otağına kimisə gətirib dedi, nə dedi… Anlamadım. Amma mən indi tapacam görək bu haranın axmağıdır belə şeylər sayaqlayır. Kimsə mənim qızıma şər ata bilməz. O dili mən qopardaram!
Kişi daha da odlandı. Sürətlə pillələri enib maşına oturdu. Əntiqə kişinin arxasıyca qacıb tələsik maşının qapısını açdı. Maşın boş asfaltda sürətlə sütüyür, ər-arvad heç biri dillənmirdi. İkisi də sakit oturmuşdu. Qadının fikirləşdikcə başında tükləri biz-biz olurdu. “Birdən dedikləri düz olsa. Birdən nataraz bir şeylə rastlaşarıq. Yox, yox. Mənim qızım elə bir şey etməz. Südümü ona halal etmərəm”.
Qapı gurultuyla açıldı. Rauf səksənib gözlərini açdı. Lakin tez də yumdu. Güclü işıq gözlərini qamaşdırdı. Beyni dumanlı idi. Harada olduğunu xatırlamağa çalışdı. Lakin bərk-bərk danışan kişinin səsindən fikirlərini cəmləyə bilmədi. Böyür tərəfində kiminsə nəfəsini hiss etdi. Çevrildiyi an dünyası yıxıldı, sanki yer yarıldı, yerə girdi.
Şahanənin ağlar gözləri yadına düşdü. Özünə, varlığına bir andaca nifrət etdi. Əlini uzadıb Kamiləni boğmaq istədi. Şaiq Camalın tərs şilləsi onun bulanıq beynini aydınlatdı. Ağlamaq, vurub yıxmaq, özünü parçalamaq istədi. “Şahanəyə verdiyi sözə beləmi əməl etdi? Verdiyi kişi sözünü beləmi tutdu? Tfu, sənin kişiliyinə, Rauf. Gör özünü nə günlərə qoydun. Ayıb olsun sənin kişiliyinə!” – deyə içində hayqırdı. Əntiqə yeriyib qızının saçlarını əlinə dolayıb onun üzünə ard-arda şillələr endirdi. Ana qızını boğmaq, bu rəzaləti görməmək üçün özünü öldürmək istəyirdi. Çox güvəndikləri qızları onların papağını yerə soxmuşdu. Qadın ətrafa boylanıb qızın paltarlarını tapdı. Yerdən götürüb onun üstünə tulladı. Şaiq Camalın bənizi ağarıb, dodaqları göyərmişdi. Kişinin halı hal deyildi. Böyütdüyü qız onu el üzünə rüsvay edib, atalıq qürurunu tapdalamışdı. O, qızı tərəfə baxmağa utanır, barmaqlarını hirslə ovuşdururdu.
– Sənin atana hörmətim olmasa, bu dəqiqə səni əllərimlə boğardım. Bu gündən gec olmadan sən kişi kimi qızıma sahib çıxacaqsan.
Rauf heyrətlə kişiyə baxdı:
– Siz nə danışdığınızı bilirsiniz? Mənim arvadım, uşağım var. Mən dünya dağılsa belə həyat yoldaşımdan ayrılan deyiləm.
Şaiq Camal vəhşi bir qıyya çəkib Raufun qənşərində dayandı:
– Ay oğ… sən evli ola-ola mənim qızıma göz qoyanda nə düşünürdün? Arvadın, qızın onda niyə yadına düşmürdü? Sən elədiyin tərbiyəsizliyin bədəlini ödəcəyəksən. Sən mənim qızıma sahib çıxacaqsan, ona adını verəcəksən. Yox, əgər…
Rauf daha dözməyib kişinin çənəsinin altına girdi:
– Şaiq müəllim, sizin qızınız özü qərar verəcək qədər böyük insandır. Mən onu heç nəyə məcbur etməmişəm. Hətta sizin qızınız mənim evli olduğumu bilərək bu münasibəti özü istədi. Bağışlayın məni. Amma bu dediyiniz ola bilməz.
Bayaqdan bəri susqun duran Kamilə hönkürərək atsının dizlərini qucaqladı:
– Yalandır, ata. Hamısı yalan. Mənə evli olduğunu deməmişdi. Hətta evlənəcəyinə söz vermişdi. Mənim günahım yoxdur. Canın üçün yoxdur. Hətta mənə yuxu dərmanı içirdib.
Şaiq Camal bağıraraq qızını yerə yıxdı:
– Yetər. Utanmazlar! Evlənəcəksiniz, dedim, bitdi!
Kamilənin ustalıqla oynadığı oyun qarşısında donub qalan Rauf onun gerçək simasını gördükcə qızı didib parçalmaqdan özünü zorla saxlayır, hər şeyi vurub yıxmaq istəyirdi. Lakin təəssüf, artıq hər şey gec idi. Qarşısında div kimi duran kişini bir kənara itəliyib otaqdan çıxdı. Hara gedirdi, niyə gedirdi, nə etmək istəyirdi? Düşüncələrinin ağırlığı altında beli bükülmüşdü sanki. Gözlərindən qeyri-ixtiyari yaş süzülür, içində özünə nifrəti fırtınaya dönürdü. Bir zamanlar kişilərin göz yaşı tökməsinə kinayə ilə, qınaqla baxan gənc indi göz yaşlarına hakim ola bilmirdi. Burada onu görən, onu bilən bir kimsə yoxdu. O, içini yandıran qəhərini hayqıra-hayqıra zülüm-zülüm ağlayırdı. Körpüdən əsən sərin külək içini bir az sərinlətdi. Ən yaxşısı hər şeyi Şahanəyə anlatmaq, ondan üzr istəməkdir. Daha bundan sonrası aralarına yalanın, xəyanətin girməyəcəyinə and içmək, hər şeyi yenidən başlamağa qərar verərək Şahanəni götürüb Bakıya dönməkdir. Lakin Şahanə bütün bunları duyandan sonra onu əfv edəcəkdimi? İşin bu tərəfini düşündükdə yenə əli-qolu boşaldı. Ürəyi məngənədə imiş kimi bərk sıxıldı. Hətta küt ağrı sinəsini deşdi, boğdu onu. “Nə olursa olsun Şahanəyə həqiqəti bu gecə söyləyəcəm. İstəyir məni bağışlamasın. Bir nə olursa olsun evimizi tərk etməsin. Mənə bu da yetər”. Öz təskinliyinə özünü aldatdı. Hər şeyin düzələcəyi ümidi ilə evə dönməyə tələsdi.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16