Müstəqil dövlət – müstəqil fəaliyyət (3)
- 07 Fevral 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İlham İSMAYIL
Daşkəsən Şəmkir bölməsinin xidməti ərazisi idi. Gələn xəbərlərə görə, rayon cəbhəçilərinin öncül şəxsləri faktiki olaraq heç kimlə hesablaşmaq istəmir, özbaşınalıq edir, gənc icra başçısı Elçin Bəxtiyarovu (cəbhəçi olmağına baxmayaraq) devirib yerinə başqasını təyin etdirmək üçün pozucu, təxribat xarakterli işlər görürlər.
Cəbhəçilər haqqında kifayət qədər komprmaterial vardı. İcra başçısına növbəti iclasın nə vaxt keçiriləcəyi barədə məlumat verməsini xahiş etdim. Vaxt müəyyən olundu və icra hakimiyyətində iclasa qatıldım. İclasda icra başçısı bir neçə kəlmə danışmışdı ki, cəbhəçilər yerdən söz atmağa başladılar və faktiki olaraq tədbiri pozmağa çalışdılar. İradları da bu idi ki, niyə sovetdən qalma idarə müdirlərinin hamısını işdən azad edib, cəbhəçiləri təyin etmir. İcra başçısı iclası tərk etmək istəyəndə əyləşməyi xahiş edib söz istədim. Üzümü onlara tutub dedim:
– Birinci, siz ölkə başçısına hörmət etməyərək onun təyin etdiyi şəxsin idarəçiliyinə mane olursunuz, ikinci, şikayətiniz varsa, müvafiq instansiyalara müraciət edə bilərsiniz, amma sizlərdən daha çox şikayət var.
Biri elə sən (adları yadımda qalmayıb) – iki dəfə filan tarixlərdə kababxanada yeyib-içmisiniz, hesabı ödəməmisiniz. Demisiniz ki, Elçibəyi biz prezident etmişik, o da gəlib hesabı verəcək.
Sən (başqa birisinə) – mebel mağazasından qızına cehiz almısan, amma pulunu verməmisən, demisən ki, icra başçısı ödəyəcək.
İndiki icra başçısının yerinə fikirləşdiyiniz dostunuzun isə natamam ali təhsili var, o, yaxın illərə başçı ola bilməyəcək. Hörmətli prokuror Nəbi müəllim bu iclasda iştirak edir, mən xahiş edirəm ki, deyilənləri nəzərə alıb zəruri hüquqi addımlar atılsın. İndi isə mənim başçı ilə vacib söhbətim var, iclası davam etdirə bilərsiniz.
Nəbi müəllimin də, başçının da üzündə tam bir məmnunluq vardı. Başçı ilə iclası tərk etdik. Onunla xudahafizləşəndə xahiş etdi ki, növbəti iclasa da gəlim.
Nazirliyə – Sülhəddin Əkbərin ünvanına arayış göndərib Daşkəsən rayonundakı neqativ hallar barədə məlumat verdim və AXC rəhbərliyinin Daşkəsən şöbəsində uyğun tədbirlər görməsinin məqsədəuyğun olduğunu bildirdim.
Niyə bu faktı yazdım? Həmin vaxtlar təkcə Daşkəsəndə deyil, ölkənin bir çox rayonunda bəzi cəbhəçilər özlərini aqressiv aparır, dövlət strukturlarının işinə müdaxilə edir, xoşları gəlməyən məmuru birbaşa Elçibəylə hədələyirdilər. Bu cür faktlar hakimiyyəti gözdən salır, yuxarı məmur heyətinin də bəzən onları müdafiə etməsi narazılığı artırırdı.
İyulun əvvəlində Namiq Abbasov Gəncədə yarım illik müşavirə keçirdi. Müşavirədə nazir müavini arxivlərin açılması barədə müzakirələr aparıldığını, hətta sovet dövrü agentura şəbəkəsinin siyahısının açıqlanmasının da müzakirə predmeti olduğunu əməliyyat işçilərinin nəzərinə çatdırdı.
Bütün əməliyyat heyəti etiraz etdi. Abbasov bizimlə həmrəy olduğunu, yalnız bir agentin – Elçibəyin ətrafında onun əleyhinə işləmiş agentin adının açıqlanacağını deyəndə yenə hamımız etiraz etdik. Agentura şəbəkəsinin, lap bir agentin adının rəsmən açıqlanması xüsusi xidmət orqanının işini iflic edəcək, cəmiyyətdə ailə faciələri yaşanacaq, orqan kimi gözdən düşəcəyik və sonra heç kimi məxfi əməkdaşlığa cəlb etmək mümkün olmayacaq.
Abbasov prinsipcə bizim fikrimizlə razılaşırdı.
***
Bu ərəfədə Bakıdan məlumat daxil oldu ki, Yerevandan bir ailə sərhədi bu günlərdə keçib və Şəmkirin Çinarlı qəsəbəsində yerləşib.
Ermənistandan soydaşlarımız faktiki 1990-cı ilin sonlarında tamam köçüb gəlmişdilər, bu ailə nə yaxşı indiyədək orda qala bilib? Məlumatı oxuduqca bu sualı öz-özümə verir, fikirləşirdim. Bakıdan məlumatı verən şöbə ilə əlaqə saxladım. Şöbədən əlavə olaraq bildirdilər ki, ailə başçısı Knyaz Mirzoyev bu yaxınlara qədər Yerevanda yaşayıb və Yerevan televiziyasında Ermənistanın Qarabağ məsələsində mövqeyini dəstəkləyən çıxışlar edib.
Knyaz Mirzoyev ədəbiyyat üzrə alimdir, Yerevan ali məktəblərinin birində dərs deyirmiş. Son günlər hansısa səbəbdən Yerevanı tərk edib. Milliyyəti kürddür.
Qısa zamanda Knyaz Mirzoyevin yerini, qaldığı evi müəyyənləşdirdik. Mirzoyevin Qazaxıstanda olduğunu, ailəsinin isə kənddə yaşadığını öyrəndik. Bu ailənin hansısa zərər vuracağı gözlənmirdi, sadəcə informasiyaya görə bir müddət əməliyyat nəzarətində saxlamaq şərt idi. Bir neçə gündən sonra məlumat aldıq ki, Knyaz Mirzoyev gəlib, ailəsini gecə ilə Bakıya, oradan da bərə ilə Qazaxıstana köçürüb.
Bu faktı yazmaqda məqsədim odu ki, Knyaz Mirzoyevin burada yaşayan qohumları olsa da, uzun müddət o, Azərbaycana gələ bilmirdi. Məlumatlar belə idi ki, Heydər Əliyevə qohumları xahiş etsələr də, onun Azərbaycana gəlməyinə dövlət başçısı icazə verməyib.
2007-ci ildə təsadüfən aeroportda idim. Yol polisinin müşayiəti ilə bir neçə avtomobil aeroportun VİP zalına yaxınlaşıb saxladı. Gözləmək olardı ki, hansısa dövlətin rəsmi vəzifəli şəxsi müşayiət olunur. Maşınlardan xeyli çamadanlar, zənbillər boşaldıldı. Heyət içəri daxil olanda aeroportda işləyən tanış polis zabitindən yola salınanın kimliyini soruşdum. Polis dostum kinayə ilə dedi: Qazaxıstandan Knyaz Mirzoyev adlı bir kürddür.
Elə bu cür də qarşılanmışdı.
Yerevan televiziyasında Azərbaycanın əleyhinə çıxış edən Knyaz Mirzoyevi xatırladım.
***
1992-ci ilin yayı Azərbaycan Ordusunun uğurları ilə davam edirdi. Ağdərə alınmış, Kəlbəcər yolu açılmışdı. Laçın dəhlizinin alınması real görünürdü. Şəmkir cəbhə xəttində olmasa da hər həftə Ağdama gedirdim. Dostlarım – Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Bəhram Feyzullayev, Nizami Rayon Məhkəməsinin hakimi Nail Quliyevlə “Qarabağ” cəmiyyəti adından Ağdama gedib döyüşçülərlə görüşürdük. Şirin Mirzəyevin batalyonuna bir neçə dəfə getmişdik. Hər dəfə maddi yardım edirdik, bir dəfə də həlak olan döyüşçülərin qəbrinin üstünü götürmək xərclərini ödədik.
Şəmkirdə isə YAP yaranırdı. Aslan Aslanov xüsusi canfəşanlıq edir, həm də paralel olaraq mətbuatda Tofiq Hüseynovun əleyhinə yazılar dərc etdirirdi. Yazılar əsasən “Millət” qəzetində çıxırdı. Bakıya gəlmişdim, “Millət”də çalışan tələbə yoldaşlarımla görüşdüm. Məlum oldu ki, yazıları Aslan Aslanov gətirir.
Gəncədə isə Surət Hüseynovun təsiri getdikcə böyüyürdü. Onun ətrafında olan silahlı adamlar az qala istənilən idarə və təşkilata girib istəklərini, tələblərini irəli sürə bilir, özlərini dövlətdən, qanundan üstün tutmaqdan çəkinmirdilər. Dövlət isə hələ də zamanında bu təhlükəni aradan qaldırmağı bacarmırdı.
Payızda cəbhədə hərc-mərclik, komandirlər arasında gərginlik barədə informasiyalar, dedi-qodular artırdı.
Şahidi olmadığım hadisələrdən yazmaq istəmirəm, amma ölkədə baş verənlər istər-istəməz işimizə, fərd olaraq əhvalımıza təsir edirdi. Keçid dövrü üçün sərt mövqe nümayiş etdirmək vacibdir. Demokratik dəyərlər hələ tam qavranmayıb, ölkədə müharibə gedir, son illərin xaosundan bezən millət ədalət və qətiyyət istəyir. Heç birini verə bilməyəndə, üstəgəl, hakimiyyətə qarşı çıxanlara loyal münasibət sərgiləyəndə möhkəmlənməmiş sistemin yıxılacağı qaçılmaz olur. Ayrılıqda kadrlar zəif ola bilər, amma lider güclü olmalıdır ki, onları idarə edə bilsin. Əhali Elçibəyi səmimi, yaxşı insan kimi dəyərləndirir, amma dövlət başçısı kimi qətiyyətli olmadığını, kadr siyasətinin uğursuzluğunu söyləyirdilər.
Uğurlu kadrlarla bərabər zəiflər də çox idi. Bacarıqlı kadrlar qətiyyətsiz dövlət başçısının ətrafında uğursuz vəziyyətə düşürlər.
Bəs xüsusi xidmət orqanı kimi MTN bu vəziyyəti görürdümü? Əlbəttə! MTN dövlətin bel sütununa çevrilə bilmədi. Bunu nə dövlət başçısı istədi, nə MTN rəhbərliyi bacardı. Ona görə bəzən taleyüklü bəyanatlar Xalq Cəbhəsinin hansısa səlahiyyətlisinin dilindən efirə çıxarılır, ölkə qarışır, fürsət gözləyənlər əllərini əlinə sürtürdülər.
1993-cü ilin fevralından Surət Hüseynov-hakimiyyət qarşıdurması açıq müstəviyə keçmişdi. Fevralda İsgəndər Həmidovun təşəbbüsü və Gəncəyə səfəri ilə nisbi barışıq oldu, amma bu, çox kövrək barışıq idi.
Cəbhədə uğursuzluq davam edirdi. Martın 25-dən etibarən Kəlbəcərdən narahat xəbərlər gəlməyə başladı. Ayın sonunda Kəlbəcərin işğal olunduğu xəbəri gəldi. Kəlbəcər qaçqınlarının Murovu aşıb Xanlar rayonuna gəldiyi, ermənilərin onları təqib etdiyi deyilirdi.
Tofiq Hüseynovla Xanlara yollandıq və Xanlar Rayon İcra Hakimiyyətinin binasına gəldik. Bu binada səkkiz illik kurator olduğum dövrdə nələr görməmişdim, nələrin şahidi olmamışdım. Səkkiz ildə beş rayon rəhbəri ilə işlədim.
Başçının otağına girəndə Sərdar Həmidovu gördüm. Sərdar Həmidov Tərtərdən gəlmişdi ki, yerlilərinin çətin günlərində onlarla bir yerdə olsun, amma artıq gec idi və əsgərlər pərən-pərən düşmüşdü. Bir azdan Nəcməddin Sadıqov da gəlib çıxdı, özünü tamam itirmişdi. Detallarına varmadan onu deyə bilərəm ki, Sərdar Həmidov onu möhkəm danladı, tənbeh etdi.
Xanların icra başçısı isə sanki yox kimi idi. Bu şəxs hiss olunurdu ki, Xanları ümumiyyətlə yaxşı tanımır. Kəlbəcər qaçqınlarının bir hissəsini Şəmkirdə yerləşdirmək qərarına gəldik. Tofiq Hüseynovla gəlib peşə məktəbinin yataqxanasını hazırlamağa başladıq.
Kəlbəcər uşaqlığımın yaylaq yerləri idi. Həmzə çiməni, Sarı yer, Dovudlu, Taqqıldax, Balaca İstisu, Böyük İstisu tərtərlilərin daim gəldiyi yaylaqlardır. Böyük itki idi…
Aprelin sonunda Tofiq Hüseynov kənd təsərrüfatı naziri vəzifəsinə təyin edildi. Şəmkirə isə keçmiş polis işçisi Bilal Məmmədov başçı qoyuldu. Tofiq Hüseynov işlədiyi on ay ərzində yaxşı kadr olduğunu sübut etmişdi. Vaxtilə onun təyinatına etiraz edən şəmkirlilər Tofiq bəyi böyük hörmət və coşqunluqla yola saldılar.
Mayın sonlarında Gəncədə, Zabitlər evində bir qrup deputatın təşəbbüsü ilə toplantı keçirildi. Toplantı hakimiyyəti istefaya çağırırdı.
Gəncə tədricən siyasi proseslərin mərkəzinə çevrilirdi. Əhalinin bu proseslərə heç bir aidiyyəti olmasa da Surət Hüseynovun Gəncədə imkanlarının geniş olması, ən böyük gücünün isə şəhərdə dislokasiya edilmiş 709 nömrəli briqadanın hərbiçiləri olduğu məlum məsələ idi. Sonuncu amil hakimiyyət uğrunda mübarizə aparan qüvvələri Gəncəyə cəlb edirdi. Briqadanın hərbiçiləri Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonuna nəzarət edir, təlimlərini burada keçirdilər, əgər buna təlim demək olardısa… Poliqondan məlumat almaq imkanlarımız vardı. Təlim zamanı əsgərlərin “Uraaa, qorkomu aldıq” çığırıb kəndirlə binalardan birinin başına çıxmaları barədə də informasiya almışdıq.
Kəlbəcərin işğalı Elçibəy hakimiyyətini xeyli zəiflətsə də Gəncədə baş verənlərə son qoymaq qərarı verilmişdi.
Mayın sonlarında Bakıdan Sülhəddin Əkbər, baş prokuror İxtiyar Şirinov və başqa hakimiyyət nümayəndələri Gəncəyə gəldilər. Qərargah MTN-in Gəncə şəhər şöbəsi idi. Seyfəli poliqonunda baş verənlər haqqında və digər vacib əməliyyat məlumatlarını Gəncəyə gəlib Sülhəddin Əkbərə məruzə etdim.
Məlumatı verəndən sonra Sülhəddin bəy: “Sən Şəmkirdə ol, bura gəlməyə ehtiyac yoxdur. Məlumatları əməliyyat telefonuyla çatdırarsan”.
Səhər Gəncədən Şəmkirə işə gedəndə qısa lüləli topların Könüllü kəndinin yaxınlığında Seyfəli poliqonuna tuşlandığını gördüm. Həmin gün öyrəndim ki, müdafiə naziri Dadaş Rzayev Şəmkirin Kür qəsəbəsində tabeliyində olan bir qrup hərbiçi ilə toplantı keçirib. Toplantının Seyfəli poliqonu, ümumiyyətlə 709 nömrəli briqada ilə bağlı keçirildiyi məlum məsələ idi, amma nə rayon rəhbərliyinə, nə MTN-in rayon təşkilatına bu məsələlərlə əlaqədar nə Gəncədəki qərargah, nə də Dadaş Rzayev heç bir məlumat verməmişdi. Hər halda yerli əməliyyat şəraitini Dadaş Rzayev bizim qədər bilmirdi və görüləcək tədbirlərin detallarını açıqlamadan məlumatlandırıb, hər ehtimala qarşı əlavə informasiyalar almalı idi.
İşə çatandan bir saat sonra Seyfəli kəndinin bir qrup sakini kənd icra nümayəndəsi ilə bir yerdə bölməyə gəldi. Toplardan bəhs etdilər, əhalinin təşviş keçirdiyini, ölüm-itim olacağından qorxduqlarını dedilər. Onları sakitləşdirib, kənd əhalisinə zərər gəlməyəcəyini söylədim.
Məsələnin Seyfəli poliqonu ilə deyil, Gəncə – konkret olaraq Surət Hüseynovla bağlı olduğunu, onun zərərsizləşdirilməsindən sonra məsələnin həll olunacağını, əhalinin də təşvişdə olduğunu telefonla Gəncədəki qərargaha çatdırdım. Qərargahın cavabı çox nikbin oldu: “Narahatçılığa əsas yoxdur, hər şey nəzarətdədir, nə edəcəyimizi bilirik, sən Şəmkirdə ol”. Gecə Şəmkirdə, bölmədə qaldım.
1993-cü ilin 4 iyunu Azərbaycanın tarixini, yolunu dəyişdirən, bu yola inanan insanların talelərini dəyişdirən gün kimi açıldı. Saat 10-da Gəncəyə zəng etdim. Rəfail Mirzəyev gərgin danışıqlar getdiyini deyib, sonra zəng etməmi xahiş etdi. İki saatdan sonra bir də zəng etdim. Rəfail vəziyyətin çox pis olduğunu söyləyib dəstəyi asdı. Bakıdan zənglər gəlir, atışma olduğu barədə informasiyalar verilirdi.
Günorta əməliyyat telefonu ilə bir də zəng edəndə telefonda səsinə adət etdiyim Zirnis Yulyanın (Gəncə şöbəsinin rabitəçi əməkdaşı) yerinə bir cavan oğlan səsi gəldi. Kimliyini soruşanda: “Tutmuşuq, buranı da tutmuşuq” dedi.
Şəmkir Gəncədən cəmi 40 kilometr məsafədədir, Gəncə şöbəsini tutanlar Şəmkiri də tuta bilərlər. Əsas məsələ bütün məxfi materialların ələ keçməməsidir. Təcili bütün məxfi materialları qablaşdırıb inandığım bir evdə bir müddət gizlətdim.
Olanları dərk etmək, fikrimi cəmləmək istəyirdim. Gəncəyə gedimmi? Getsəm nə edəsiyəm ki? İnformasiya vermək… Bakıdan olan zənglərdən hiss edirdim ki, məndən daha çox informasiyaları var. Elə bu vaxt nazir Fəxrəddin Təhməzov şəhər telefonu ilə zəng etdi.
Əməliyyat rabitəsini təşkil edən Gəncə şöbəsini Surət Hüseynovun adamları tutmuşdu. Təhməzov müdafiə naziri Dadaş Rzayevi soruşdu.
– Bilmirəm, – dedim.
Təhməzov:
– O, Tovuzdan çıxıb, Gəncəyə doğru getməliydi. Onu prezident axtarır. Çıx yollara bax, onu tap, qoy prezidentlə təcili əlaqə yaratsın.
Əməkdaşlarımızdan birini Tovuz istiqamətinə göndərdim, özüm Gəncə istiqamətində yola çıxdım. Yol boyu fikirləşirdim ki, idarəetməyə bax, müharibə gedən ölkədə prezident müdafiə nazirini axtarır… və tapa bilmir. Müdafiə nazirinə bax, ali baş komandanı vecinə almır.
Könüllü kəndinin yaxınlığındakı yol polisindən hərbi karvanın keçib-keçmədiyini soruşdum. Dairəvi yolla Xanlar istiqamətində getdiklərini dedilər.
Üçtəpə kəndi yaxınlığında hərbi karvanın dayandığını gördüm. Karvan da nə karvan: üç PAZ avtobusunda əsgərlər, iki zirehli maşın, iki UAZ markalı əsgər maşını və müdafiə nazirinin ağ rəngli, QAZ-31 markalı maşını. Nazirin maşınına yaxınlaşmaq istəyəndə iki zabit və üç əsgər qarşımı kəsdi. Özümü təqdim etdim, naziri prezidentin göstərişi ilə görməyimi bildirdim. Zabitin biri ağ maşına yaxınlaşıb Dadaş Rzayevlə söhbət etdi. Zabit geri dönüb nazirin artıq prezidentlə danışdığını dedi.
Dadaş Rzayevlə çoxdan tanış idik, birlikdə Polyaniçkonu müşayiət etmişdik, bir neçə dəfə Şəmkirdə komendant polkovnik Maqomedovun da iştirak etdiyi naharda bir yerdə olmuşduq.
Zabitə “Dadaş müəllimlə söhbət etmək istəyirəm” deyəndə zabit nazirin çox məşğul olduğunu bildirib görüşməyin mümkünsüz olduğunu söylədi. Belə bir bürokratik yanaşma, hərbiçilərin özünü şübhəli aparması əsəb yaradırdı. Maşını bir az irəli sürüb saxladım və hərbi dəstənin nə vaxt Gəncəyə doğru hərəkət edəcəyini müşahidə etməyə başladım.
Təxminən saat 18 radələri idi. Hərbi karvan başda nazirin ağ “Volqa”sı olmaqla geriyə istiqamət aldı. Yol polisi məntəqəsinədək təqib etdim, fikirləşirdim ki, bəlkə aeroport yolu istiqamətində şəhərə girmək istəyirlər? Karvan Şəmkir-Tovuz istiqamətində, necə deyərlər, tam sürətlə geri döndü. Bölməyə qayıdıb nazir Fəxrəddin Təhməzova zəng edib hər şeyi dedim.
Nazirin heç bir söz deməməsindən hiss etdim ki, Dadaş Rzayev prezidentlə danışmayıb.
1993-cü il 4 iyun qiyamı barədə çox yazılıb, çox danışılıb. Gəncə və ətrafda baş verən hadisələr, kimin necə rol oynaması, Surət Hüseynovun hakimiyyət qüvvələrinə necə qalib gəlməsi, onu tərksilah etməyə gələn hakimiyyət nümayəndələrinin Gəncədə necə özfəaliyyət nümayiş etdirmələri, qeyri-peşəkarlıq göstərmələri barədə çox deyilib. Mən yalnız özümün iştirakım olan məqamları yazıram. Kənardan, sonradan deyilənləri yox…
Gecə bölmədə qaldım. Hələ də fikirləşirdim ki, hakimiyyət toparlanacaq, sabah qəti tədbirlər görəcək. DİN-in, MTN-in, ordunun gücündən istifadə edəcək, qanunsuz hərəkətlərə son veriləcək, yəni normal dövlətlərdə çevriliş cəhdləri adətən belə yatırılır.
Kənd təsərrüfatı naziri Tofiq Hüseynov zəng edib Gəncəyə gəlmək istədiyini deyəndə məsləhət bilmədim. Dövlət adamlarının əksəriyyətini Surət Hüseynovun yaxın adamı “Zobik” ləqəbli Ruslanın tutduğunu, avtomobillərin alındığını deyib, ehtiyatlı olmağı söylədim.
Tofiq Hüseynovu elə həmin gün – ayın 5-də Gəncənin girəcəyində Surət Hüseynovun adamlarının həbs etdiyi xəbəri gəldi.
Fəxrəddin Təhməzov zəng edib informasiya istədi, həbsdəkilər barədə məlumat lazım olduğunu tapşırdı. Gəncədə iki yaxın dostumun Zobiklə münasibəti olduğunu bilirdim. Bu gün də onların adını yazmağa çəkinirəm. Bu insanlara qarşı hələ də təhlükə yarana bilər. Hər ikisini Şəmkirə çağırıb həbsdə saxlananlara baş çəkmələrini, oradan bir informasiya gətirmələrini xahiş etdim.
Dostlar asanlıqla həbsdəkilərlə görüşə bilmişdilər.
İçəridəkilər də hələ nikbin idilər, dövlətin tezliklə onları azad edəcəklərini güman edirdilər.
Dostlarım ikinci dəfə həbsdəkilərə baş çəkəndən sonra mənimlə görüşdülər və Sülhəddin Əkbərin mənə sifarişini çatdırdılar. Sülhəddin bəy dostumun birinə deyib ki, İlhama çatdırın, baş nazirin müavini Rəsul Quliyevlə telefon əlaqəsi saxlasın və Rəsula desin ki, onu təcili azad etmək lazımdır.
Bölmədə yalnız əməliyyat rabitəsi vardı, hökumət rabitəsi icra başçısının kabinetində idi. Başçının yanına gəlib Rəsul Quliyevə zəng etdim.
(Ardı var)