Eşq və xəyanət (16)
- 05 Fevral 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Aynur MƏSİMOVA (TƏMKİN)
Elgiz Laləni pilləkənin ayağına qoyub qızını öpərək qapıdan çıxdı. Hər yan səssiz-səmirsiz idi. Deyəsən qonaqlar çıxıb getmişdilər. Şahanə Lalənin əlindən tutub səssizcə aynabəndin qapısını açdı. Fikri uşağın əl-üzünü yuyub, üstünü dəyişdirib yatağa uzatmaqdı.
Divanda oturub onu gözləyən Gülpərinin gözləri od saçırdı. Arvadın rəngi boğulub heybətli sifət almışdı. Bu dəqiqə Şahanənin üstünə yüyürüb onu parçalamaq istəyirdi:
– Gəl, gəl, ay lə… Gəl gör sənin başına nə oyun açacam. Dədən oğ… payını verəcəm. Amma qoy səni yerinə otutdurum, sonra…
Şahanə biganə nəzərlərlə qadını süzüb heç nə demədən uşağı quçağına götürüb otağına keçdi. Gülpərini sanki od götürdü. Hökmlə yerindən qalxıb gəlinin arxasıyca qaçdı. Şahanə ehmalca Laləni yerinə uzadıb televizoru açdı. Bir az səsini çoxaldıb qızını sığalladı:
– Quzum, ağıllı balam, sən burada cizgi filminə bax, mən bir azdan gəlirəm…
Gənc ana təşvişlə döyünən ürəyini tutub otaqdan çıxanda Gülpəriylə burun-buruna dəydi. Qadın əllərini belinə qoyub barmağını ona şəklədi:
– Sənin tərbiyən batsın. Mənim sözümü ağzımda qoyursan?
Şahanə ehmalca qapını örtüb qadının gözlərinin içinə baxdı:
– Nə istəyirsiniz, ana? Niyə qoymursunuz hər kəs öz dərdini çəksin? Gələndən, qapıdan girəndən nəvənizi soruşmaq əvəzinə dava çəkirsiniz. Axı dərdiniz nədir? Nə istəyirsiniz? Mən yoruldum. Daha bəsdir, nə olar…
Qadın Şahanəyə gözlərini bərəldib daha da kükrədi:
– Bax, bax, sən buna. Sənin dilin çox uzanıb. O dili kəsməyi mən bacararam. Qoy mənim biqeyrət oğlum evə gəlsin. Sənin payını mən verdirməsəm dədəmin qızı deyiləm.
Yenicə evə dönən Rauf anasının səsini eşitcək onlara yaxınlaşdı:
– Yenə nə olub, ay ana? Yenə nəyi bölüşə bilmirsiniz? Mən nə vaxt bu xarabada rahat oturacam!
Gülpəri oğlunun sözündən alınsa da üzə vurmadı. Hikkə ilə Şahanəni göstərib:
– Məndən niyə soruşursan? – dedi. – Evinə gələn qonağı qoyub gecəni orada-burada keçirən arvadından soruş. Soruş gör kiminlə dingilləşirdi.
Şahanənin heyrətdən gözləri hədəqəsindən çıxmışdı.
– Siz nə danışırsınız, ana?! Bu nə ifadələrdir işlədirsiniz. Qəbahətinizi qəbul etmək əvəzinə hələ bir borclu da çıxardırsınız. Ayıbdır, vallah. Qaynana da gəlinin namusuna dil uzadarmı? Siz Lalənin halını görmədiniz? Göz görə-görə uşaq əldən gedirdi. Nə sizin, nə papanın tükü tərpəndi. Neyləməliydim axı?
– Az, sənin canında qızmışlıq olmasaydı, uşağının atasını çağırardın. Qaynatan dura-dura dədəni niyə çağırırdın, hə? Bizi el-obaya rəzil etmək üçün? Qoy desinlər Məşədi Əliabbas tayfasında bir kişi tapılmır ki, uşağı həkimə aparsın. Özü də hamısı bəhanə… Qızının heç nəyi yox idi. Hamısı qonaqları başının götürməməyi idi. Keçməz, bala. Sən getdiyin yolları mən çoxdan geri dönmüşəm.
Şahanə acı-acı güldü:
– Deyirsiniz Raufa zəng vuraydım? Harada idi o məqamda mənim ərim? Niyə o saatda uşağının yanında deyildi? Mən ona zəng etdim. Heç cavab verməyi belə rəva bilmədən telefonu üzümə söndürdü. Niyə sual vermirsiniz ki, oğlunuz harada idi.
Rauf bərk tutlmuşdu. Çırtma vursan qanı dammazdı. Şahanənin uşağı götürüb xəstəxanaya getməsi ona çox bərk dəymişdi. Əlləri əsir, içi qızırdı.
– Nə dedin, necə dedin? Sən hara getmisən? – Və var güçüylə Şahanənin sifətinə bərk şillə endird. Bunu gözləməyən Şahanə müvazinətini saxlaya bilməyib üzü divara çırpıldı. Qadın ağrının təsirindən özündən gedərək aşıb düşdü. Lalə haray-həşiri eşidib qapıda göründü. Anasını yerdə uzanmış görüb ağlamağa başladı. Uşağın tökdüyü acı göz yaşı Raufu sanki qəflət yuxusundan ayıltdı. Rauf gah Şahanəyə vurduğu əllərinə, gah da get-gedə simasızlaşan sifətinə baxdı. Baxdı, baxdı və qorxdu. Özündən, üzündən qorxdu. Güzgüdəki o deyildi. Bir başqa biri ona boylanır, onu ikrahla süzürdü.
– Nə zaman mən bu qədər zalım, bu qədər düşüncəsiz oldum? Mən körpəmin anasını dinləmədən, eşitmədən nə hallara qoydum. Kim verib bu haqqı mənə? Mən nə zaman dəyişdim? Hara oldu o Rauf?
Rauf bərk sarsılmışdı. Rauf özünə nifrət edir, özündən iyrənirdi. İstədi Laləni qucaqlayıb sakitləşdirsin. Lakin qızı da ondan imtina etdi. Fəryad qopardaraq daha da bərk ağlamağa başladı:
– Burax məni. Burax. – Uşaq atasının əllərindən qurtarıb anasını qucaqladı.
Qızının səsindən, titrəyən nəfəsinin istisindən Şahanə yavaş-yavaş özünə gəldi. Titrəyən kipriklərini güclə araladı. Üzünü ondan gizlətməyə çalışan Raufu nifrətlə süzdü. Raufun onun üçün artıq bir dəyəri, qiyməti qalmamışdı. Bir vaxtlar könlü atəşlə tutuşub yanan qadının sevgisi bir andaca sönüb getmişdi sanki. Artıq onun yad insanlarla heç bir fərqi yox idi. Ehmalca qalxdı. Ruh kimi yaxınlaşıb şifoneri açdı. Çamadanını götürüb paltarlarını bir-bir qoymağa başladı. Əvvəlcə onun nə etdiyini anlamayan Rauf elə bil birdəncə silkələnib yuxudan ayıldı. Şahanənin getmək istədiyini anlayıb çılğına döndü.
Şahanə göz yaşlarına boğula-boğula Lalənin sevimli ayısını götürmək üçün qapıdan çıxmaq istədikdə Rauf onun qarşısını kəsdi:
– Hara gedirsən? – deyə qadına baxdı. Şahanənin gözlərindəki ifadədən tükləri biz- biz oldu. – Sənə deyirəm. Hara gedirsən?
– Çəkil, Rauf. Sənin üçün nə önəmi var hara getdiyimin? Varlığını unutduğun bir qadının hara getdiyi səni niyə maraqlandırır ki? Çəkil, Rauf. Çəkil.
– Şahanə… – Hulqumu qalxdı-endi. – Bağışla məni. Bax, söz verirəm belə şeylər bir daha baş verməyəcək. Mən səhv buraxdım, sən etmə. Günahım böyükdür, bilirəm. Amma nə olar, bir şans ver. Bu gündən gec olmayaraq hər şeyi yoluna qoyacam. And olsun qızımızın canına. Əvvəlki Rauf olacam. Yetər ki, getmə.
Şahanə yanağı boyu süzülən göz yaşını silib titrək dodaqları əsə-əsə:
– Daha gecdir. – dedi. – Sən artıq bütün sərhədləri aşmısan. Mənim nə dözməyə gücüm qalıb, nə də sənə duyduğum o böyük sevgi.
Şahanə bərkdən hönkürdü. Son sözlər Raufun kişi qürurunu yandırıb-yaxdı. Amma dinmədi. Şahanəni bu vəziyyətə o salmışdı. Əslində Rauf qəlbinin dərinliyində əsil sevgiyə layiq olmadığını gözəl anlayırdı. Amma bunu Şahanədən eşitmək ona ağır gəldi. Yalvarış dolu nəzərlərlə qadını süzdü.
– Sənə Lalənin xatirinə and verirəm, özünə də, mənə də son dəfə şans ver.
Şahanə onlara məlun-məlun baxan qızına baxdı. Uşağın baxışları qəlbini parçaladı. Qadın yorğun halda çarpayısına çökdü. Rauf dərindən nəfəs alaraq qapıdan çıxdı.
Raufun xəyalları darmadağın idi. Buradan qaçmaq, uzaqlaşmaq istəyirdi. Özünə hörməti itmişdi. Bu dəqiqə özünə o qədər cılız, zavallı gəlirdi ki…
– Yox, bu belə olmayacaq, – düşünürdü. – Mən nə edirəm? Gör Şahanəni kimə tay tutub, kiminlə xəyanət etmişəm. – Yadına Kamilə düşdü. Onunla yaşadığı, indi iyrəndiyi gecələri yadına düşdü. Ətini, əzələsini qopardıb tullamaq istədi. Son qərarını verib bu çirkabdan xilas olmaq üçün maşınını məkana sürdü. Heç özü də bilmədi parça-parça olmuş fikirlər, xəyallar içində ora necə çatdı.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15