Rüfət RÜSTƏMOV
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Bakı küləklər şəhəridir. Rayondan qonaq gəlmiş bir nəfərlə Əfrasiyab müəllimin bağında söhbət edirdim.
– Dayı, – dedi, – sizdən bir şey soruşmaq istəyirəm.
– Buyur, – dedim.
– Nə üçün Bakıya küləklər şəhəri deyirlər?
– Qardaş, burada külək olmasa, yayın istisinə dözmək olmaz. Xəzri əsəndə adamın ruhu təzələnir.
Oğlan bir müddət fikrə getdi.
– Hə, belə de, əmi, mən də öz-özümə fikirləşirdim, görəsən, bunu nə məqsədlə deyirlər. Allahımız bilən yaxşıdır, əmi. İstəsə, külək əsdirər, istəsə, yağış yağdırar.
– Sizi başa düşürəm qardaş, siz soruşdunuz, mən də dedim.
– Sağ olun, – dedi. – Deyəsən, sizi suallarla yordum.
– Yox, – dedim, – qardaş, qulluğunuzda hazıram.
Oğlan sağollaşıb yoluna davam etdi.
Əfrasiyab müəllimin bağçası yolun qırağında idi. Havalar isinən kimi dostlar yığışardı domino oynamağa, orada oturub öz-özümə fikirləşirdim, görəsən, gələn olacaqmı?
Doğma bir səs məni düşüncələrimdən ayırdı. Baxdım ki, həmişə olduğu kimi gülər üzlə gələn Əfrasiyab müəllimdir.
– Nə üçün xəbər vermədin, bir az tez gələrdim. Təsadüfən pəncərədən bağça tərəfə baxırdım, sizi gördüm. Bir qonağın da vardı.
– Qonağım deyildi, – dedim. – Deyəsən, rayondan təzəcə gəlmişdi. Oturub dincini aldı. Bu arada söhbət də etdik. Sağollaşıb getdi. Heç adını soruşmağa belə macal tapmadım.
Əfrasiyab müəllim gülümsünərək dedi:
– Samovarı hazırlayaq, indi dostlarımız da gələr, inşallah.
Mən Əfrasiyab müəllimin səliqə-sahmanına məəttəl qalmışdım. Çox təsərrüfatçı insan idi. Evinin qabağında əsl mənada istirahət üçün gözəl bir guşə yaratmışdı. Bir tərəfdə nar ağacı, bir tərəfdə xurma, armud, heyva, albalı, nə bilim nələr və nələr. Hamısı göz oxşayırdı. Bağçanın kənarları ilə çox səliqəli əkilmiş qızılgül kolları adamı valeh edirdi. Samovarın tüstüsü hər tərəfə yayılmışdı. Əfrasiyab müəllim gülə-gülə mənə yaxınlaşdı:
– Qardaşım, darıxmırsan ki?
– Əksinə, burada özümü çox rahat hiss edirəm.
Bağçada çox səliqəli düzəldilmiş domino masası vardı. Dostlar gələndə ayaq üstə qalan olmurdu, iyirmi nəfər rahat yerləşirdi. Əfrasiyab müəllim gözü-könlü tox qardaş idi. Çalışırdı gəlib-gedən dostlar razı qalsın. Bağında bir böyük dəmir dolab vardı. Orada nə yoxdu, hər şey vardı.
Bir azdan dostlar gəlməyə başladılar. Ağsaqqallardan Səlim müəllim, Əlibala Zərdablı, Şir kişinin yaxın qohumu (“Ay nədəndi, nədəndi, hamsı zəmanədəndi”). Elə Əlibala özü də zəmanə adamıdır, görkəmli filosoflar arasında professor Rəhim müəllimin adı hörmətlə çəkilir, Zöhrab müəllim müxtəlif vəzifələrdə işləməsinə baxmayaraq çox təvazökar dostdur, Teymur hamımızın hörmətini uca tutur, Bəxtiyar Müzəffər incə təbiətli ziyalılarımızdandır, Cabbar öz dünyasını bildiyi kimi yaşayan bir dostumuzdur. Çox məzəli yumorları var. Bəri başdan deyim ki, Cabbar qardaşımız adlı-sanlı qəssabdır. Dostlarımdan biri Qurban bayramında ondan xahiş edir ki, Cabbar, bazardan bir qoç al, qurban demişəm. Kəs, soy, gəlib götürəcəm. Cabbar fikirləşir ki, bu insanlar yazı-pozu ilə məşğul olan adamlardı. Onlar üçün nə fərqi var, heyvan ya qoç oldu, ya dişi. Tapşırıq verən dostumuz biləndə ki, Cabbarın kəsdiyi heyvan dişidir, çox əsəbiləşir. İstəyir gedib onunla məsələyə aydınlıq gətirsin, dostları məsləhət bilir ki, bu mövzuda Cabbara yaxınlaşmasın. Yaxşısı budur özünüz gedib seçib alın. Aldığınız qurban da ürəyinizcə olar. Dostlarımız bir az hirsli-hirsli deyinirlər: Əşi, bu Cabbar dostumuz məgər bilmir ki, dost qazanmaq asandır, qorumaq çətin?! Bilmir ki, ağac köküylə, insan dostlarıyla nəfəs alır?!
Əfrasiyab müəllim ayağa durdu. Birdən çay dəmimiz qaynayar deyib samovara yaxınlaşdı. Sözün doğrusu, çayın ətri hər tərəfi bürümüşdü. Cabbarın məsələsini də eşitmək mənim üçün çox maraqlı idi. Mənim Cabbara böyük hörmətim var. Yumoru güclü olsa da böyük-kiçik yeri biləndi.
Əfrasiyab müəllim təklif elədi ki, bir stəkan çay içək, dostlar da harada olsalar, mütləq gələcəklər. Çay qabağımızda yenicə nərd oynamağa başlamışdıq ki, Əlibala ilə Cabbar gəldi. Cabbar gülə-gülə:
– Bu yetim çayın ətrini duymuşdu, məni tələsdirdi, yoxsa konfetdən-zaddan alacaqdım, – dedi.
Əfrasiyab müəllim çox ciddi olaraq:
– Cabbar, çay təzə dəmlənib, sən qaç konfet-zad deyirsən, onları al gəl, – söylədi. Cabbar tutulan kimi oldu.
– Sizin də yanınızda söz demək olmur. Bəlkə mən zarafat edirdim. Bilirdim belə olacağını, uğuruma Əlibala çıxmışdı.
Az keçmişdi ki, Səlim müəllimlə Rəhim müəllim gəldi. Bir sözlə, məclis qızışmışdı. Hərənin qabağında xoruz qanı pürrəngi çay, Cabbarı gözləyirdi. Rəhim müəllim əsəbi halda pul çıxarıb Əlibalaya uzatdı:
– Əlibala, ərk edirəm qardaşımsan, konfet işini həll et.
Əlibala:
– Hara gedirəm, orada Cabbarın zibilinə düşürəm.
Əfrasiyab müəllim söhbətə qoşuldu:
– Qardaş, özünüz üçün alırsınız, naz etmək lazım deyil.
Əlibala cavab qaytarmadan getdi. Sağ olsun, konfet alıb gəldi:
– Nuş olsun, qardaşlar, öz halal zəhmətimlə almışam.
Hamı bir ağızdan:
– Cibin dolu olsun, Əlibala, – dedi. – Biz elə ömrü boyu halal çörək yemişik.
Əfrasiyab müəllimin bağı həmişə qonaqlı-qaralı olub. Onun bağını cənnət adlandırmaq olardı. Quşların səsi adamı valeh edirdi. Ən maraqlısı sağdan, soldan sərçələrin uçuşu idi, elə bil ki, yeyəcəkləri çörək qırıntılarını başqa quşlardan qoruyurdular. Qızılgülün ətri ətrafa yayılmışdı. Bu bağa yığışan dostlarımız çəkinmədən bağçadakı meyvələrdən yığıb yeyirdilər. Orada istirahətimiz o qədər şən keçirdi ki, yemək belə yaddan çıxırdı. Amma ürəyimiz istədikdə yığışıb süfrə açırdıq. Bəzən yoldan keçənləri də süfrəyə dəvət edirdik.
Aradabir keçmiş günləri xatırlayırdıq. Keçmişdən xatirələri yada salır, o günləri yaşayırdıq.
Yaşlı dostlarımızdan biri o vaxt qaçaqların kəndlərə soxulmalarından, camaata zülm etdiklərindən danışır və bizi inandırmağa çalışırdı. “And olsun, o göydəki Allaha dediklərimin hamısı düzdür” – deyib öz dediklərini təsdiqləyirdi. Bu söhbətin şirinliyinə söz ola bilməzdi. Söhbətinə davam edən ağsaqqal hərdən diqqətini bizim tərəfə yönəldərdi, görsün bu söhbətə bizim reaksiyamız necədir? Çox səbirli adam idi. “Dostlar, – deyərdi. – sizi yoruramsa, danışmayım”. Hamımız davam etməsini xahiş edərdik.
– Hə, qardaşlar, rəhmətlik atam çox cəsur adam idi. Bir gün kənd ağsaqqalarını çağırıb çox vacib bir məsələ barədə danışmağı qərarlaşdırır. Onlar da atamı yaxşı tanıdıqlarına görə təyin olunan vaxt yığışırlar. Kəndlərə hücum edən qaçaqların qarşısını almaq üçün plan qurmalıyıq. Ağsaqqallar “Baş üstə” deyib razılıqlarını bildirirlər.
Mən ağsaqqalın sözünə qüvvət olaraq əmim Qoçu Talıbın qaçaqlar barədə dediklərini dilə gətirdim. Rəhmətlik əmim deyirdi ki, biz bir neçə dəfə pusqu qurduq. Oğurluq etdikləri zaman başlarının üstünü kəsdik. Əllərini, ayaqlarını bağlayıb camaatın qarşısına çıxartdıq. Camaat onların yaxşıca dərslərini verdi. Sonra öyrəndim ki, onlardan ikisi qaçaqlıq etməkdən imtina edib, dövlətə təslim olublar.
Əmim rəhmətliyin “Kürən” adında çox gözəl bir atı vardı. Əmim əllərini bir-birinə vurub çağıranda at kişnəyə-kişnəyə gəlib çənəsini əmimin çiyninə qoyurdu.
Kürən elə bil ki, dil bilirdi. Əmimi narahat edən atın yalmanının hörülməsi idi. Əmim deyirdi ki, at qan-tər içində, yalmanı da hörülmüş olurdu. Cinlər xoşları gələn atları gecələr minib çapırlarmış.
Qaçaqlar barədə danışan ağsaqqal dedi:
– Dostlar, mən gözlərimlə gördüyüm bir hadisəni danışmaq istəyirəm. Sözün doğrusu, atamızdan çox çəkinirdik. Bir gün bizi yanına çağırıb sorğuya tutdu. Oğlum, düzünü deyin görüm, gecələr atı kim minib çapır.
Bir-birimizin üzünə təəccüblə baxdıq, mən söz aldım:
– Ay qağa, biz gecələr qaranlıqdan çox qorxuruq.
– Deməli, siz deyilsiniz, bəs kimdir bu işi görən? Dünən Nazlını çıxarıb otarmaq istədim, gözlərimə inanmadım. At tər içində, yalmanı da son dərəcə səliqə-sahmanla hörülmüşdü. Atın ayaqlarında palçıq ləkələri də vardı.
Atam bir həftə gecə-gündüz demədi, Nazlını güdməklə məşğul oldu. Onun bu zəhməti bəhrəsini vermədi. Bir də eşitdik ki, atam cin tutub. Heç kəs inanmaq istəmirdi. Gözümüzlə gördükdən sonra heyrət bizi bürüdü.
Çox ehtiyatla atamıza yaxınlaşdıq.
– Buyurun, sözlü adama oxşayırsınız.
Mən sözə başladım:
– Ay ata, necə oldu ki, cini tuta bildin?
Gülümsündü:
– Oğlum, – dedi, – bilirsiniz, bu kafir gözə görükmür. Bunların da gözə görükməməklərinin yeganə səbəbi həddindən artıq cəld olmalarıdır. O, bir yerdə dayananda gözə görükür. Mən bunları çoxdan bilirdim.
Dostlar bunları danışan ağsaqqala arabir gülümsünüb söz atırdılar. Əfrasiyab müəllim gülərək:
– Qardaş, siz zarafat edirsiniz, yoxsa bu bir həqiqətdir? – deyə soruşdu.
Yaşlı adam yenə and içməyə başladı:
– Ay müəllim, mən bunu kimisə inandırmaq üçün danışmıram. Bu olmuş bir hadisənin tarixidir. Nə üçün sizə yalan danışmalıyam? Şəxsən özüm cini tarlada işlədirdim.
Əlibala gülərək:
– Ağsaqqal, çox üzr istəyirəm, o cin hansı cinsdən idi?
Yaşlı adam hiss olunacaq dərəcədə hirsləndi:
– Əlibala, başından yekə sual vermə. Mən nə bilim hansı cinsdəndir.
Cabbar sözə qarışdı:
– Ağsaqqal, onun iki diplomu var. Bir hüquqşünas kimi bilmək istədi.
– Əşi, o getsin hüquqşünaslığını başqa yerdə etsin. Mən burada tarix danışıram. O da cinin cinsiylə maraqlanır.
Biz yaşlı adamdan atasının cini necə tutduğunu danışmağı xahiş etdik.
– Bu, başqa məsələ. Bu Əlibala ilə Cabbar olan yerdə ala qarğa bala çıxarmaz. Rəhmətlik kişi gedib rayon mərkəzindən qır alıb gətirir. Onu bir köhnə qazanda əridir. Gözləyir ki, soyusun. Qır soyuduqdan sonra atam, eləmə tənbəllik, qırla atın belini qırlayır. Amma bu barədə heç kimə bir kəlmə də demir. Fəqət, rəhmətlik anam hiss edir ki, atam bir az narahatdır. Anam atamdan qır iyinin hardan gəldiyini soruşur. Atam da “Görmədinmi qır əridirdim, – deyir. – Tövlənin daman yerini suvayırdım”.
İlan çalan yatmışdı, amma atam yatmamışdı. Atam səhərə qədər gözləməli olub. At bir neçə dəfə kişnəməyə başlayıb. Atam tövləyə tərəf gedəndə görüb ki, tövlənin qapısı açıqdı. Əlində yaba içəri girib, lakin gözlərinə inanmayıb, görüb ki, atın belində bir cin oturub. İstəyib cini yaba ilə vursun, cin yalvarmağa başlayıb. “Ay qardaş, – deyib, – məni öldürmə, bu qırdan azad et, bütün işlərini görəcəm”. Atam cinin əməllərini bildiyinə görə evə qayıdır, bir köhnə gödəkçə və bir neçə sancaq tapıb tövləyə qayıdır. Gödəkçəni cinə geyindirir. Gətirdiyi sancaqları cinin qoltuğunun altına möhkəmcə sancaqlayır. Cin nə qədər çalışsa da, əli ora çatmazdı. Atamız bizi xəbərdar etdi ki, cinlə ehtiyatlı olun, onlarda olan biclik dünyanın heç bir canlısında yoxdur. Biz onu hər gün tarlaya aparıb işlədirdik. Yaxşı da işləyirdi.
Cabbar gülərək:
– Qardaş, ona ərəx də içirdirdin? – soruşdu.
Yaşlı adam:
– Mənə bax, Cabbar, mənim səninlə zarafatım yoxdur, sənə ağır söz deyərəm.
Rəhim müəllim:
– Qardaş, ona fikir vermə, onda belə səhvlər hərdən olur. Sən söhbətini elə.
– Hə, dostlar, sizə başağrısı verdim, məni bağışlayın. Bir gün yenə tarlada işləyirdik. Atam bizi yanına çağırdı ki, yığdığımız məhsulun bir hissəsini evə daşımaq üçün ona kömək etmək lazımdır. Cinlə bacım tarlada qalıb işləyirdilər. Biz getdikdən sonra cin bacıma deyir ki, bacı, mən çox susamışam, bir az su ver. Cin bir tərəfə oturub bacımın su gətirməsini gözləyir. Bacım qayıdanda görür ki, cin yerdə eşələnir. Bacım soruşur ki, sənə nə olub? Cin qoltuğunun altını göstərib deyir ki, səndən bir xahişim var, gör, mənim qoltuğumun altında nə var, ətimə batır. Bacım diqqətlə baxanda görür ki, cinin qoltuğunun altında itirdiyi sancaqlardır. “Ay yaramaz, deməli, sancaqlarımı sən oğurlamısan” – deyib sancaqları açır. Cin də bir anlığa gözdən itir.
Əfrasiyab müəllim “Həqiqətə uyğun olmasa da çox maraqlıdır” dedi. Əlibala və başqa dostlar isə qeyd edirlər ki, siz ağsaqqalın sözünü qəribliyə salmayın, bu dünyada nə desən olar…
Müəllifin başqa yazıları: