Müstəqil dövlət – müstəqil fəaliyyət (2)
İlham İSMAYIL
Qarşıdan prezident seçkisi gəlirdi. Bu arada rayonlarda icra başçıları sürətlə dəyişdirilir, Xalq Cəbhəsinin üzvləri ilə əvəz olunurdu. Şəmkirin icra başçısı Elxan Əliyevin də işdən azad olunması barədə fərman verildi və Tofiq Hüseynov (Qara Tofiq) Şəmkirə başçı təyin edildi. Şəmkirlilər bu qərarı etirazla qarşıladılar və icra hakimiyyətinin qarşısında etiraz mitinqi təşkil edildi. Səbəb yalnız Tofiq Hüseynovun əslən Tovuz rayonundan olması idi. Rayonun idarə-təşkilat rəhbərləri, hətta polis rəisi mitinqdə qatılıb çıxış edir, fərmanın ləğvi tələbini qoyurdular. Məndən başqa demək olar ki, əksər rəhbərlər mitinqdə idilər.
Əməkdaşlar tez-tez gəlib mitinq haqqında informasiya verir, mən də öz növbəmdə nazirliyi məlumatlandırırdım. Mitinqdən sonra polis rəisi Vaqif Quliyev zəng edib niyə mitinqdə olmadığımla maraqlananda dedim: “Dövlətin rəsmi fərmanı var, ona qarşı çıxmaq mənim işim deyil, mənim işim hadisə barəsində informasiya verməkdir”.
Rəis cavabında “Ağıllı işi sən gördün” dedi. Daxili işlər naziri İsgəndər Həmidov bir neçə gündən sonra rəisi vəzifədən azad etdi, daha doğrusu, yerini Xanlar rayonuna dəyişdi. Tofiq Hüseynov isə vəzifəsinin icrasına hələ başlaya bilməmişdi.
Təxminən mayın 25-i olardı. Gəncədə “Qarabağ” cəmiyyəti yaradılmışdı. Mən, hüquq mühafizə orqanlarının əksər qarabağlı əməkdaşları, ali məktəblərin müəllimləri, həkimlər, digər peşə sahibləri cəmiyyətdə fəal işlər görürdük, hətta “Qarabağ” adlı qəzet çıxarmağa başlamışdıq. Xəbər gəldi ki, bazar günü Gəncədə Lalə Şövkət Hacıyeva şəhər ictimaiyyəti ilə görüşmək istəyir. İndiki YAP Gəncə təşkilatının yerləşdiyi binada “Qarabağ” cəmiyyətinin üzvləri ilə Lalə xanımın görüşü baş tutdu.
Lalə xanım səhnəyə üç nəfərin müşayiəti ilə daxil oldu. Kənd Təsərrüfatı İnstitutunun rektoru Məmmədtağı Cəfərov, Gəncənin dəmir yolu prokuroru Əli Ömərov və o zaman Kənd Təsərrüfatı İnstitutunda laborant işləyən Aslan Aslanov Lalə xanımı səhnəyə qədər ötürdülər.
Lalə xanım ictimai-siyasi vəziyyətlə bağlı bir neçə dəqiqə çıxış edib Azərbaycanın ağır durumda olduğunu nəzərə çatdırdı və seçimin düzgün olmasının vacibliyini bir neçə dəfə təkrar etdi. Ön cərgədə əyləşmiş Kənd Təsərrüfatı İnstitutunun professoru (əslən Cəbrayıldandır) yerindən replika atdı:
– Xanım, məsələni çevirmək lazım deyil, sözünün Mustafasını de, işimizi bilək.
– Nə Mustafa?
– Yəni deyin görək Siz kimi məsləhət bilirsiniz bu ölkəyə başçılıq etsin?
– Mən, əlbəttə, Heydər Əliyevi nəzərdə tuturam və indiki vaxtda yalnız o xalqı qurtara bilər.
Söz Lalə xanımın ağzında bitməmiş həmin müəllim ayağa qalxdı:
– Elə bilirdiniz biz bilmirik bayaqdan kimi deyəcəksiz? Sizi içəri ötürənləri görəndən bu camaat bilir məqsədiniz nədir. Demək istəyirsiniz ki, qayıdaq köhnə vaxta, yenə başlasın ermənistanlı, naxçıvanlı tayfabazlığı. Boğaza yığılıb bu millət, imkan verin nəfəs alaq.
Müəllimin çıxışından sonra yerdən böyük etiraz səsləri qalxdı. Lalə xanımı qınayan sərt sözlər, çıxışlar oldu. Cəmiyyətin sədri isə tribunaya qalxıb çox kəskin çıxışla Lalə xanımın mövqeyini tənqid etdi. Səslərin getdikcə ucaldığını hiss edən Məmmədtağı Cəfərov içəri girib Lalə xanımı səhnədən apardı.
“Qarabağ” cəmiyyəti görüş yerində cəbhədəki vəziyyəti müzakirə etməyə başladı və məlum oldu ki, Ağdam istiqamətində vəziyyət gərginləşə bilər. İclas iştirakçıları durumu Bakıya çatdırmağın zəruriliyini qeyd edib cəmiyyətin üzvü Zakir Məmmədova tapşırdı ki, yaranmış vəziyyət barədə mütləq İsgəndər Həmidova, o da öz növbəsində ölkə rəhbərliyinə günü sabah məlumat çatdırsın.
Zakir İsgəndər Həmidovun kiçik qardaşı olduğundan bu iş ona həvalə edildi. Zakirlə yanaşı oturmuşduq. Dedi ki, qohum, sabah gəl bir yerdə gedək, maşını növbə ilə sürərik.
Razılaşdım.
Səhərisi günortadan sonra Daxili İşlər Nazirliyində olduq. İsgəndər Həmidov bizi qəbul etdi. Ağdamdan olan narahatçılığımızı çatdırdıq. İsgəndər bəy yaxın günlərdə Ağdam istiqamətində hücum olacağını, prezident seçkisi gününə – 7 iyuna uğurlu əməliyyat hazırlandığını deyib bizi bir az rahatlatdı.
Üzünü mənə tutub:
– İlham, yenə Gəncədə işləyirsən?
– Şəmkirdə rəisəm.
– Bəs Gəncədə kimdir rəis?
– İndi boşdur. Cəbrayıl Nağıyevi çıxarıblar.
– Bilirəm, Cəbrayıl deputat yoldaşımdır. Səni niyə qoymurlar ora? Özün də Gəncədə neçə illər işləmisən.
Mən sakit dayanıb heç nə demədim. İsgəndər bəy telefonu qaldırıb köməkçisinə “Milli təhlükəsizlik nazirinə de ki, mənə zəng etsin” tapşırdı.
Düzü, bir az təəccüb etdim. Adətən xüsusi xidmət orqanı kimi MTN siyasi sıralamada öndə gəlir, amma hakimiyyət Fəxrəddin Təhməzovun deyil, milli azadlıq hərəkatının liderlərindən olan İsgəndər Həmidovunkudur. Ola bilər…
Təhməzov zəng vurdu. Hal-əhvaldan sonra İsgəndər Həmidov:
– Fəxrəddin müəllim, Gəncə şöbəsi boşdur, yoxsa kimisə təyin etmisiniz?.. Lap yaxşı, Şəmkirin rəisi İlham İsmayılov mənim qohumumdur. Özünüz də bilirsiniz ki, vətənpərvər, qoçaq oğlandır, Çaykənddə vuruşduğunu özüm görmüşəm. Mən xahiş edirəm, elə imkan varsa, İlhamı Gəncəyə rəis göndərin.
İsgəndər bəy sağollaşandan sonra: “Dedi sabah əmrini verəcəm”.
Mənə təşəkkür etmək qalırdı. İsgəndər bəylə xudahafizləşib Gəncəyə döndük.
Ertəsi gün Şəmkirdə işə başlayanda Bakıdan xeyli zəng gəldi. İlk olaraq keçmiş rəisim Rəhman Mikayılov məni təbrik edib, kollektivlə əl-ələ verib işləmək tövsiyəsi verdi. Bir neçə rəhbər işçi də zəng vurub məni təbrik edirdilər. Axşama qədər zənglər qəbul etdim, amma Kadrlar İdarəsindən zəng gəlmədi.
Növbəti gün heç bir zəng olmadı. Nazirə zəng vurmağı özümə sığışdırmadım.
Bir gün də keçdi və Təhməzov zəng etdi. Nazir mənim təyinatımın alınmadığını söyləyib birinci müavin Sülhəddin Əkbərin bu təyinata qarşı çıxdığını, səbəb kimi də məni İsgəndər Həmidovun tapşırdığını, onun qohumu olduğumu əsas gətirdiyini bildirdi.
Təhməzov:
– İsgəndərlə Sülhəddinin arası yoxdur. Mən çalışdım, səni təriflədim, amma Sülhəddin israr etdi, Elçibəyə deyəcəyini, heç cür imkan verməyəcəyini söylədi.
Mən “Narahat olmayın, Fəxrəddin müəllim, bəlkə də belə yaxşıdır” dedim.
Sonralar öyrəndim ki, Sülhəddin Əkbər bu məsələ ilə bağlı Elçibəyə məruzə edibmiş.
Bir gündən sonra Gəncə şəhər şöbəsinin rəis müavini Rəfail Mirzəyev rəis kimi təsdiq olundu. Namiq Abbasov Gəncəyə gəlib Mirzəyevi kollektivə təqdim etdi və zəng edib səhərisi günü Şəmkirə gələcəyini bildirdi.
İyunun 5-də Namiq Abbasov Rəfail Mirzəyevlə birlikdə Şəmkir rayon bölməsinə gəldi. Həyətdə qarşıladım. Abbasov məni qucaqlayıb “Sizlər üçün darıxmışam” dedi.
Kabinetə keçib söhbətləşdik. Rayondakı vəziyyət barədə hərtərəfli məlumat verdim. Abbasov məni dinlədikdən sonra:
– Yaxşı, iki gündən sonra seçkidir. Nə gözləyirsən, Elçibəy qalib gələcəkmi?
Bu sualı gözləyirdim. Cavabımın nazir müavinini rahatsız edəcəyini bilsəm də həqiqəti dedim:
– Namiq Rəşidoviç, Elçibəy Şəmkirdə qalib gəlməyəcək. Uzaqbaşı 25 faiz səs toplayacaq. İcra başçısı Tofiq Hüseynov hələ işinin icrasına başlaya bilməyib. Birinci müavin bilir ki, sabah onu işdən çıxaracaqlar. Onun üçün kimin seçilməsinin fərqi yoxdur. Əhali də Nizami Süleymanovun yağlı vədlərinə daha çox inanır. Şəmkirdə əhalinin ictimai fəallığı çox aşağı səviyyədədir. Camaat Rusiyadadır, başları ticarətə qarışıb. Rayonda cəbhəçilər çox azdır və nüfuz sahibi deyillər.
Namiq Abbasov qayğılı baxışlarla üzümə baxıb:
– Nə danışırsan, İlham? Sən bilirsənmi bəy seçilməsə, bu, millətin faciəsi olacaq? Ölkəni yenidən hərc-mərclik götürəcək.
– Namiq Rəşidoviç, bilirəm ki, anarxiyaya son qoyulmalı, normal dövlət qurulmalıdır, amma mən reallığı deyirəm.
– Elə mən də ona görə deyirəm ki, bəy millətin xilasıdır. Bu heç yaxşı xəbər olmadı. Gəncədə Səbuhi müəllim (Səbuhi Abdinov hələ də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı idi) dedi ki, hər şey yaxşı olacaq. Sən başla bu gündən adamlarla, məntəqələrlə görüş ki, düzgün seçim etsinlər.
– Bilirsiniz ki, mən burda cəmi yeddi aydır işləyirəm. Bu gün nüfuzum hara qədərdisə maksimum çalışacağam, amma bu, əsaslı dəyişiklik gətirməyəcək.
Abbasov ayağa qalxıb xudahafizləşdi, yenə bu istiqamətdə çalışmağımı tapşırıb Gəncəyə döndü.
Zaman keçəcək, Elçibəyi millətin xilası kimi dəyərləndirən Namiq Abbasov 10 il nazir olduğu müddətdə onun özünə olmasa da, komandasının üzvlərinə aqressiv münasibət göstərib, çoxsaylı həbslər edəcək.
Elçibəy millətin xilaskarı ola bilmədi, amma Abbasovun da təmsil olunduğu klanın həqiqətən xilaskarı oldu. Bəlkə elə buna görə Abbasov uzaqgörənliklə onu xilaskar hesab etmişdi.
İki gündən sonra seçki keçirildi. Şəmkirdəki nəticələr belə idi – Yaqub Məmmədov 6 faiz, İlyas İsmayılov 1 faiz, Əbülfəz Elçibəy 22,5 faiz, Nizami Süleymanov 70 faizdən bir qədər çox…
Əbülfəz Elçibəy prezident oldu.
Bir neçə gündən sonra Tofiq Hüseynov Şəmkirdə icra başçısı kimi qanuni fəaliyyətinə başladı. Tofiq bəylə ilk gündən isti münasibətlərimiz yarandı. O, Elçibəy hakimiyyətinin azsaylı uğurlu kadrlarından biri idi. Mən hərtərəfli köməklik göstərirdim. Bir neçə kadr dəyişikliyi oldu, ümumiyyətlə isə kolxoz, sovxoz təsərrüfat sistemi hələ də qalırdı və köhnə kadrların çoxu iş başındaydılar və deyim ki, bu, Tofiq bəyin düzgün addımı idi.
Bölmədə katibə Tamara adlı bir tatar qadın idi. Mən onu başa saldım ki, artıq yazı işləri Azərbaycan dilində aparılır və onun işdən getməsi labüddür. Yeni işçi gələnə qədər poçtun qəbulu, yola salınması baş əməliyyat müvəkkili Tapdıq Hacıyevə tapşırılmışdı.
Bir gün Kadrlar İdarəsindən zəng gəldi. Əməkdaş sənədlərin birinin üstünə “Şəxsən” möhürünün əvəzinə “Tamamilə məxfi” möhürünün vurulduğunu söylədi və rəhbərliyə məruzə olunduğunu dedi. Bir gün sonra nazir zəng vurdu:
– İlham, mən çox istədim sənə cəza verilməsin, amma Sülhəddin bəy israr etdi ki, bu məsələyə görə rəis də məsuliyyət daşıyır. Göstəriş verib ki, baş əməliyyat müvəkkilinə şiddətli töhmət, sənə töhmət verilsin.
Mən gülüb “Hər şeyi başa düşürəm” dedim.
Bu töhmətə görə polkovnik-leytenant rütbəmi 6 ay gec aldım.
Bakıya iclasa çağırmışdılar. İclasdan sonra Sülhəddin Əkbərlə görüşmək istədim. Kabinetinin girişində köməkçi harasa getmişdi. Qapını döyüb içəri girmək istəyəndə Kadrlar İdarəsinin rəisi Xaliq İsgəndərovun içəridə olduğunu gördüm. Bir anlığa geri qayıdıb-qayıtmamağımı fikirləşirdim ki, Sülhəddin bəy “Ə, görmürsən içəridə adam var?” dedi.
Qapını örtüb çıxdım və maşına oturub Şəmkirə qayıtdım. Bu formada müraciəti işlədiyim 10 il müddətində KQB-də, MTN-də heç kimdən görməmişdim və ümumiyyətlə xüsusi xidmət orqanında tələb, tənqid yüksək olduğu qədər heç vaxt təhqir işlənməzdi. Sülhəddin Əkbər İsgəndər Həmidova olan şəxsi mənfi münasibətinin nəticəsi kimi mənə qarşı aqressivliyini hələ də davam etdirirdi.
İyunun sonlarında Əbülfəz Elçibəy Gəncəyə gəldi. Gəncəlilərlə görüşdə mən də iştirak edirdim. Həmin görüşdən təəssüratımı bir əməkdaşımızla bölüşəndə dedim ki, Elçibəyə çətin olacaq. O yaxşı adamdır, amma hökmdar deyil. Azərbaycan gənc dövlət kimi hərtərəfli keçid dövrünü yaşayır. Keçid dövrləri, hətta demokratiyaya keçid də mütləq sərt olmalıdır ki, keçmişə nostalgiya yaranmasın, azad olan qul özünə yeni ağa axtarmasın, əsas prinsiplərin fundamenti etibarlı qoyulsun.
Sabah erkəndən Tofiq Hüseynovla Gəncədə, Elçibəyin qaldığı qonaq evinin qarşısında görüşdük. Elçibəy Tərtərə gedəcəkdi. Biz də bu səfərdə iştirak etmək istəyirdik. Qonaq evində dedilər ki, bəy çox gec yatdığından hələ yuxudan oyanmayıb. Mürşüd Məmmədli Gəncənin icra başçısı təyin olunmuşdu, hiss olunurdu ki, qayğılıdır. Qonaq evinin həyətində olanlar da bir-birinə nəsə danışıb başlarını bulayırdılar. Mühafizədəki uşaqları tanıyırdım. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Heç nə demədilər. Gəncə polisindən gecə növbəsində olmuş tanışım məni kənara çəkib “Axşam başımıza iş gəlib” dedi.
Polisin sözündən məlum oldu ki, prezident şam yeməyindən sonra qalxıb deyib ki, heç kəs mənimlə gəlməsin, sürücü ilə gedib bir nəfərlə görüşüb qayıdıram və şəhərin “Vtoroy çast” deyilən yerinə doğru hərəkət edib. Təbii, prezidentin etirazına baxmayaraq mühafizə də onunla bərabər gedib. Gəlib bir qapını döyüb, məlum olub ki, səhv salıb. Daha sonra kimisə çağırıb, həmin şəxs küçəyə çıxıb və qapıdan içəri keçiblər. Bir müddət sonra “Qonaq evi”nə qayıdıblar.
Detallarına toxunmadığım bu əhvalat sonralar – 1993-cü ilin dövlət çevrilişində komprmaterial kimi Əbülfəz Elçibəyin əleyhinə danışıldı. Əbülfəz Elçibəy təbii adam idi, amma ölkədə bu əhvalata ictimai rəy fərqliydi.
Təxminən saat 11-ə yaxın Tərtər istiqamətində yola düşüldü. Dəliməmmədli qəsəbəsini yenicə keçmişdik ki, yolun kənarında dayanan “KAMaz” maşını qəflətən prezident kortejinin hərəkət etdiyi yola çıxdı. Prezidentin maşını keçsə də, Vaqif Axundovun oturduğu avtomobil və digər mühafizə maşını məcburi yolun sağına – ağacların içinə girdi.
Aləm qarışdı. Mühafizə işçiləri, Vaqif Axundov al qanın içində idilər.
Prezidentin maşını da dayandı. Əbülfəz Elçibəy maşından düşüb hadisə yerinə tərəf gəlməyə başladı. Bu, düzgün deyildi. Son anda Təhməzov prezidentə yaxınlaşıb onu maşınına əyləşdirdi və hərəkət davam etdi. Təhməzov Elçibəyin avtomobili tərpənəndən sonra mənə yaxınlaşıb yaralıları aeroporta aparmağı və Bakıya yola salmağı tapşırdı.
Yaralılara ilk tibbi yardım göstəriləndən sonra Gəncə aeroportuna gətirib Bakıya uçuşa hazırlaşan təyyarəyə mindirdik.
Bu hadisə göstərdi ki, dövlət başçısının mühafizəsi, maşının hərəkəti zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, yolun tamamilə təmizlənməsi kimi vacib məsələlər hələ peşəkarcasına həll edilməyib. Qeyd edim ki, bu, təxribat deyildi, Gədəbəydən olan “KAMaz” sürücüsü, özünün dediyi kimi, hövsələsizlik edib vaxtından əvvəl yola çıxmışdı. Nə baş verdiyini dərk edəndə pambıq sahəsinə girib qaçmağa başlamışdı. Bakıdan gələn sürücülərdən biri ardınca gedib elə pambıqlıqda tutub gətirmişdi.
Aeroportdan Tərtərə getdik. İcra hakimiyyətinin həyətində Elçibəy hərbiçilərlə söhbət edirdi. Hərbiçilər arasında Nəcməddin Sadıqovu da gördüm, başımla uzaqdan salam versəm də özünü görməzliyə vurdu. Onu başa düşürdüm, kuratoru olduğum Xanlar rayonuna Sovet Ordusunun təyin etdiyi əlahiddə komendant… SSRİ dağılandan altı ay sonra Ağdərə üzərinə hücum planını müzakirə edirdi…
Həmin gün Tərtər rayon mərkəzinə ən yaxın Dağlıq Qarabağ kəndi – Marquşevan alınmışdı. Günortadan sonra Şəmkirə qayıtdıq.
(Ardı var)