Firuzə DAVUDQIZI
Bir neçə saniyə az qala boğuşduq. Sonda o, bacara bilməyəcəyini görüb, mənə bir şillə çəkdi.
– Sakit ol!
Şillənin dadını mən ilk dəfə onda bildim. Əlimi üzümə tutub ağlaya-ağlaya ona bağırdım:
– Səni istəmirəm! İstəmirəm! Nifrət edirəm sənə! Bunu bilə-bilə məni hara aparırsan?! – Yaxasından tutub silkələdim.
– Kəs səsini! – O, rəng verib rəng alaraq acıqla səsini qaldırdı. – Soruşan olmadı istəyirsən, ya yox! Yum ağzını!
Qorxu mənə necə üstün gəlmişdisə, sakit olmadım. Əsəbi bir hərəkətlə yerimdən sıçrayıb, sürücüyə bağırdım, hirslə çiyninə vurdum:
– Saxla maşını! Saxla deyirəm! Sən necə insansan?! Bacına bunu eləsələr qəbul edə bilərsən?! Bu vəhşilərə niyə kömək edirsən!
Sürücünün simasında bu sözlərimdən sonra əzab dolu bir ifadə dolandı.
Elşad bundan artıq irəli getməyimə imkan vermədi. Qolumdan yapışıb məni arxaya dartdı. Əsəblə öz yanına basdı. Qolunun altında saxlayıb, tərpənməyə imkan vermədi. Amma mən səsim gəldikcə çığırır, bütün nifrətimlə onu söyürdüm.
– Əclaf! Heyvan! Allah bəlanı versin! – Var qüvvəmlə onu yumruqlayıb, əlindən çıxmağa can atırdım. Lakin ona gücüm çatmırdı. O, çox güclü idi. Odur ki, mən gücü səsimə vermişdim. Mənim ona dediklərimin müqabilində o, məni susdurmağa çalışırdı:
– Kəs səsini! Sakit ol! Sən də, sür də bu zibili! Tısbağa yerişi yeriyirsən elə bil!
Maşın güllə kimi gedirdi, amma Elşad mənim öhdəmdən güclə gəldiyi üçün tez-tez əsəblə sürücüyə irad tuturdu. Sürücü isə Elşadla mənim aramda gedən dava-qırğından maşını necə idarə etdiyini belə bilmirdi. Bir gözü arxada idi. Mən dırnaqlarımla Elşadın boynunu- boğazını, qollarını o ki var cırmaqlamışdım. Qanı çıxmışdı. Bilirdim ki, göynəyir, amma özünü sındırmırdı. Ondan qurtulmaq istəyəndə, əl-qol atanda hətta köynəyinin yaxası da bir balaca sökülmüşdü. Hirs onu boğsa da dözürdü. Lakin sonda səbri tükəndi, səsimi kəsmədiyimi görüb, məni oturacağa sıxdı, əliylə ağzımı qapadı.
– Söz başa düşmürsən?! Sus deyirəm! Susss! – deyə bağırdı. – Daha bir mənası yoxdur! Bəsdir özünə əl qatdın! Geri dönməyəcəksən!
Mən bu sözləri eşidəndə zavallı bir qurbanlıq kimi onun əlinin altında çapaladım. Gözümdən çıxan iri yaş damlası yanağıma süzüldü. Yanıqlı-yanıqlı hönkürdüm. Bu zaman Elşad ixtiyarsız olaraq bir anlıq dərin bir baxışla gözümün içinə baxdı. Mən həyatımda ilk dəfə bu an onun üzünə diqqətlə baxdım. Boynuma alıram ki, o, nə qədər yaraşıqlı olsa belə sərt ifadəsi, məğrur baxışları canıma titrəmə saldı.
Bu vaxt əmisi oğlu arxaya çevrilib:
– Əmioğlu… Nə tez verdin saqqalı arvadın əlinə?! – deyə həyasızca güldü. – Kəsə bilmirsən səsini? Susdur onu, bu dəqiqə başımıza iş açacaq!
Elşad dilini-dodağını gəmirə-gəmirə susdu.
– Mən onun heç nəyi deyiləm! Fikirləş danış! – deyə irişə-irişə bizə baxan oğlanı söydüm. O, tərs-tərs üzümə baxsa da, nəzakət xətrinə dinmədi.
Salondakı güzgüdən mənim hönkürüb ağladığımı süzən sürücü sanki vicdan əzabı çəkirdi. Dözməyib iradını bildirdi:
– Ay qardaş, camaatın balasına niyə belə zülüm edirsiz? Müsəlmançılıqdandı bu?!
– Sən işinlə məşğul ol! – Elşad çəmkirib, bütün hirsini ona tökdü. – Pulunu al, sür get! Bizi görməmisən!
Sürücü gərginliklə fısıldadı. Əlləri rulun üstündə sıxılıb açıldı. Daha bir söz demədi. Əlində silah tutmuş, gözünü qan bürümüş başı xarabdan o, artıq hər şey gözləyirdi.
Elşad nə fikirləşdisə maşını bibisinin evinə sürdürdü. Biz kəndə gəlib çatanda artıq axşam düşmüşdü. Elşad məni güc-bəla ilə maşından endirib qolumu buraxmadan özüylə darvazaya tərəf apardı. Həyətə keçdik. Heç kim yox idi. Evin önünə çatanda Elşad ucadan gümrah bir səslə:
– Ay bibi! – deyə səslədi.
Bibisi Xuraman qardaşı oğlunun səsinə eyvana çıxanda Elşadı görüb sevindi. Xoş gəldin edib onu evə çağıranda Elşad sakit səslə xəbərdarlıq etdi:
– Tək deyiləm.
Xuraman bibi yalnız bu zaman diqqət edib məni Elşadın böyrünə qısılmış və hələ də hıçqırıb ağlayan görəndə təəccüblə qardaşı oğluna baxdı.
– Qardaşının gəlinidi! Qonaq qəbul edirsiz?
Xuraman bibi üzündə heyrət dolu bir təbəssümlə:
– Elşad, bura bax, yoxsa?.. – Çevrilib diqqətlə məni süzdü.
Elşad kəsə cavab verdi:
– Qaçırtmışam!
Onun yenə də özünə güvənclə dediyi bu sözə məni ağlamaq tutdu.
Elşad donub qalmış bibisinə məni evə keçirməsini işarə etdi. Xuraman bibi elə bil yuxudan oyandı. Və dərhal dilləndi:
– Gəl qızım… Gəl içəri… Xoş gəlmisən!
Mən yerimdən tərpənmədim.
– Keç! – Elşad tələbkar bir tonda tərs-tərs üzümə baxdı. Əməl etmədiyimi görəndə qolumdan tutub, özü məni evə keçirtdi. Bibisi məni bir də başdan-ayağa süzüb, üzümdən öpdü.
– Həmin qızdı? – Elşada sual verdi. Üzündə təbəssüm oyandı. Elşad başının işarəsiylə təsdiqlədi. – Dediyin qədər varmış!.. Allah bədnəzərdən saxlasın! – Mənə oturmağa yer göstərdi. Sonra Elşadın qolundan yapışıb onu kənara çəkdi. – Bura gəl görüm.
Onlar təkrar eyvana çıxdılar. Mən oturduğum yerdən titrəyə-titrəyə evi süzür, göz yaşı tökürdüm. Tanımadığım yerdə, tanımadığım adamlarla daha da sıxıldım. Sakitlik idi və qapı da açıq olduğu üçün bibisinin Elşada dediklərini aydın duyurdum.
– Atangilin xəbəri var?
– Yox. İndi evə gedib deyəcəm.
– Bu nə işdir tutmusan, ay oğlum… Gərək elçini göndərərdin. Elin adəti var.
– Qardaşınla qardaşın arvadı mənə başqa yol buraxmadılar! – Elşad əsəblə bibisinin sözünü kəsdi. – Mən də məcbur qalıb qaçırtdım! El adətini gözləməyə vaxtım yox idi. Gedib xəbər verəcəm. Qəbul edəcəklər, əla! Etməyəcəklər, qızı da götürüb qayıdacam şəhərə. Mənə onların toyu, dəm-dəsgahı lazım deyil!
– Yaxşı-yaxşı… Görək hələ nə olur. Eh, ay Elşad… Başına bir iş açmasan yaxşıdır! Qızın yiyəsi sakit duracaq səncə?
– Bilmirəm. Bu dəqiqə heç o barədə düşünmürəm. Başım dumanlıdır. Fikrim darmadağındır.
– Nə deyim vallah… Allah mübarək eləsin! Amma bizim də arzumuz var idi axı…
– Arzunuz həyata keçdi də… – Elşadın yarı zarafat, yarı güləş səsi duyuldu. – Başqa nə istəyirsən? Mən bir balaca tezləşdirdim sadəcə. Sən icazə ver bir gecə burda qalsın.
– Bu nə sözdür? Öz evin kimi…
– Mən 5-10 dəqiqəyə çıxıb gedirəm. Sabah gələcəm. Bu uşaq daha sənə əmanət!
– Dayan bir… Hara tələsirsən? Gözlə, gəlinlərə xəbər verim. Çaşıb qaldım. Get qızın yanına. Tək qaldı. Mən indi gəlirəm.
Mənim gözüm küncdəki telefon aparatına sataşanda onların söhbətə daldığını fürsət bilib tez yerimdən qalxmışdım. Nə qədər ki, Elşadın qohumları başıma yığılmayıblar, təklikdən istifadə edib, əllərim həyəcandan əsə-əsə evimizin telefon nömrəsini yığmışdım. Yolda yol göstəricisinin üstündən kəndin adını oxuyub yadımda saxlamışdım. Harada olduğumu xəbər verəcəkdim ki, gəlib məni buradan götürsünlər. Çağırırdı. Ürəyim çırpına-çırpına cavab veriləcəyini gözləyirdim.
Qəfildən telefonun dəstəyini əlimdən alıb, biləyimdən tutub məni kənara itələyən Elşadın hərəkətindən diksindim.
– Neynirsən sən?! – Qəzəblə üzümə baxdı.
Mən inadla telefona doğru can atsam da o, imkan vermədi. Elə bu an xəttin o üzündən atamın ciddi səsini duydum:
– Bəli!
Səsindəki gərginliyi göydə tutdum. Görməsəm də vəziyyətini təxmin elədim atamın. Alt-üst olmuşdu. Gözlərim doldu. Bir az da kövrəldim. Elşad dəstəyi üstünə asdı. Gərginlikdən sinəsi təlatümlə qalxıb-endi.
– Səni bir də telefona yaxın gedən görsəm əllərini qıraram! Başa düşdün?! – deyə mənə səsini bozartdı. Telefonun simini dartıb çıxartdı, xətdən ayırdı.
– Elə bilirsən burda oturacam? Nəyin bahasına olur-olsun qaçıb gedəcəm.
– Sən belə bir qələt elə, gör ondan sonra mən nə edirəm dəə!.. Sən hələ məni yaxşı tanımırsan!
Mən onu polislə hədələdim:
– Üçünüzdən də polisə şikayət edəcəm! Gedib oturarsan türmədə, ağlın başına gələr!
– Problem deyil! – Elşad özünə əmin bir əda ilə dilləndi. – Məni türməylə qorxutma! Türməyə düşsəm də, sənə sahib olub, sonra girəcəm içəri! Elə bilirsən səni boş buraxacam? Bu qədər axmağam? Adın mənlə çıxandan sonra, 20 il desinlər, mən razı, oturum türmədə! Amma bilim ki, sən artıq mənimsən!
Bunun mümkünsüz olduğunu bilə-bilə qapıya doğru götürüldüm. Bu yerlərə bələd olmadığım halda can hövlüylə buradan qaçmaq, evdən çıxmaq istədim. Elşad bir anda başımın üstünü aldı. Heç qapının kandarına belə ayaq basmağıma macal vermədi. Boynumun ardından yapışıb məni içəriyə atdı. Hirsindən gözləri qan çanağına dönmüşdü:
– Çaşmısan sən?! – Qolumdan tutdu, acıqla silkələdi. – Rayonun mərkəzində əlimdən qurtula bilmədin, kənddə canını məndən qurtarmaq istəyirsən?!
– Əl çək məndən! – Səbri tükənmiş halda, hiddətlə ona bağırdım. – İstəmirəm səni!
– Səsinin tonunu aşağı sal! – Elşad qəzəblə üstümə bozardı. – Atan evində deyilsən! Kimə eşitdirirsən səsini?
Məni təkrar ağlamaq tutdu. Dartınıb əlindən çıxdım. Acizanə halda hönkür-hönkür ağladım.
Elşad dodaqlarını bir-birinə sıxıb, bir xeyli ağlamağımı seyr elədi. Məğlubiyyətimi qəbul edim deyə, mənə eşitdirdi:
– Artıq gecdi. Birdəfəlik başa düş ki, qaçırtdım səni. Qaçırtdım! Sən bu işləri uşaq oyunu sanırsan? Nədi, hələ böyüməmisən deyəsən…
– Mən sənə ərə getməyəcəm! Yer-göy dağılsa da, bu iş olmayacaq! Heç vaxt! – Əlimə keçən suveniri hirslə ona tolazladım. Elşad çevik tərpənib onu tutdu, masanın üstünə qoydu. Və məni odlaya-odlaya arxayınyana:
– Sən artıq mənə ərə gəlmiş sayılırsan, – dedi. – Yoxsa başa düşmürsən?
– Səni sevməyən bir qızla zor gücünə evlənmək sənə qəbuldursa, mənə sevmədiyim bir adama ərə getmək qəbul deyil!
– Qəbul edəcəksən. Heç ürəyini sıxma. Bir balaca səbirli ol…
Bilmirəm o an əlimə nə keçdi. Məni saran əsəbdən eyni qaydada yenə Elşadı hədəfə aldım. Bu dəfə tutmağa macal tapmadı, əyildi. Ona atdığım hər nə idisə divara dəyib çilikləndi. Ürəyim soyumadı. Əlimə keçən, gözümə görünən nə varsa ona atdım. Özünü müdafiə etsə də, qaşlarını düyünləyib tərs-tərs məni süzdü.
– Sakit ol! Bilirsən hardasan?! Mənim səbrimi daşırma!
Onun əlindən necə yanıqlı idimsə sözünü dinləmədim. Divanın üstündəki mütəkkələri bir-bir ona tulladım. İkisini də mənə tərəf gələ-gələ havada tutdu. Mənə yaxınlaşdığını görüb qorxudan yenə gücü səsimə verdim:
– Hədə-qorxu gəlib otuzduracaqsan məni yanında?!
– Hədə-qorxudan keçib daha! Bir kəlmə ilə deyim, özün başa düş! – O, irəli cumub məni tutdu. Ovunu parçalamağa hazır bir yırtıcı kimi çevik məni divana atdı. Yumruqladığıma baxmayaraq çənəmi ovcunun içinə aldı. Baxışlarını bütün vücudum boyu gəzdirib, səsini bir qədər qısaraq tam ciddiyyətlə dedi:
– Toyu gözləmərəm!
Sözləri canıma qorxu saldı. Titrəyə-titrəyə gözlərinin içinə baxıb susdum. Elşad onun bu sözüylə avazımış rəngimə, nə hala qaldığıma diqqət edib gözünü gözümdən çəkmədən davam etdi:
– Fikrim çatdı sənə? Yəni mənimçün zurna-balaban, təmtəraq, el adəti, filan-bəsməkan… sən deyən vacib deyil. Yanımdasan, vəssalam! Günü bu gün! Lap bu gecə bitirərəm bu işi! Baxmaram kəbin kəsilməyib. Eşidirsən? Ondan sonra görüm hara, necə gedirsən! Kim qəbul edər səni!
Hirslə sinəsindən vurub geri itdim. Divanda dalın-dalın küncə çəkildim. Amma dilimi dinc saxlamadım. Üsyankar bir səslə hayqırdım:
– Nifrət edirəm sənə! Nifrəttt! Nifrət sözünün mənasını dərk edirsən? Sən ki mənə bu pisliyi elədin, sənə nifrətim bir az da artdı! İndən belə ayaqlarımın altına dünyanın xəzinəsini sərəsən, brilyantlar döşəyəsən, yenə qəlbimi qazana bilməyəcəksən! Mənimçün bir dəyərin olmayacaq! Səni heç vaxt bağışlamayacam!
Elşad tutulub qaldı. Dilini-dodağını gəmirdi:
– Kəs səsini!
– Elə bilirsən məni qaçırıb yaxşı iş gördün? Acıyıram sənə! Öz əlinlə özünü bədbəxt elədin! Mənlə evlənsən belə, heç vaxt səni sevməyəcəm! Əsla! Mənə sahib ola bilərsən, amma ürəyimi ala bilməzsən!
– Kəs dedim! – Elşad hiddətlə üzümə baxdı. Dişlərini acıqla bir-birinə sıxdı. Sifətinin əzələləri titrədi.
O, “Kəs səsini!” dedikcə mən bütün nifrətimlə eyni sözü təkrarladım. Bu zaman heç gözləmədiyim anda Elşadın düyünlənmiş yumruğunu divanın küncünə ard-arda əsəblə vurması məni diksindirdi.
– Kəss səsini! Xarab başımı bir az da xarab eləmə!
Sözlərim onu necə incidib əzab vermişdisə, dəliyə dönmüşdü. Yerimdə büzüşüb qorxudan əsə-əsə ona baxırdım. Zənn edirdim bu dəqiqə məni yumruğunun altına salacaq. Amma o, mənə olan acığını divandan çıxırdı. Nəfəsi təngiyirdi. Rəngi boğulmuşdu. Bibisinin səsinə geri çevrildi.
– Elşad!.. – Xuraman bibi iki cavan gəlinlə içəri daxil oldu. – Nolub, ay bala?!
Elşad gəlinləri görüb tez qarşımdan çəkildi. Özünü topladı. Cavab verməyib, pörtmüş halda iti addımlarla evdən çıxdı.
Hər üçü Elşadın mənə bağırdığını duymuşdu. Evin dağınıq vəziyyətinə də nəzər salanda məsələ aydın oldu. Xuraman bibi:
– Ay bala, hələ indi gəlib çatmısınız, nə tez qırırsınız bir-birinizi. Başınıza dönüm, davayla başladınız?
Mən divanda başımı əllərimin arasına alıb hönkür-hönkür ağladığım halda, gəlinlər qaynananın bu sözlərinə bir-birinə baxıb, pıqqıldayıb gülüşdülər.
– Pişik balasını çox istədiyindən yeyər. Eybi yoxdur.
– Belə dava-dalaşın da öz şirinliyi var… Ay ana, işin olmasın! Eybi yox, biz təmizlərik.
– Dediyim odur mehriban olsunlar. Bir işdi tutublar. Bir-biriylə dil tapsınlar. – Xuraman bibi altdan-altdan məni süzüb, gülümsündü.
Gəlinlər yanıma gəldilər. Hər ikisi doğmalıqla mənə sarılıb, üzümdən öpdü.
– Xoş gəlmisən! Xoşbəxt olun!
Məni qəhər boğduğundan dillənə bilmədim, eləcə başımı tərpətməklə razılıq etdim. Onlar maraqla, heyran-heyran məni süzməkdə ikən Xuraman bibi güləş bir ifadə ilə gəlinlərinə səsləndi:
– Hə, daha bəsdir tamaşa etdiniz! Bu gecə burdadır, doyunca baxarsız. İndi gəlin, süfrə hazırlayın. Qız qapıdan içəri girəndən bir qurtum su da təklif etməmişik.
– Yaxşı, ay ana. – Gəlinlər deyib gülə-gülə mətbəxə getdilər.
Mən baxışlarımı yerə dikib, özümü yeyib bitirə-bitirə aqibətim barədə düşünməyə başladım. Elşaddan qurtulmaq üçün bu dəm ildırım sürəti ilə çarələr axtarırdım. Buradan qaçmağın yolunu arayırdım.
(Ardı var)