Aynur MƏSİMOVA (TƏMKİN)
Kamilə qələbəsindən əmindi. Özü də çox əmindi. O, səbirlə addım-addım oğlana yaxınlaşıb şeytan kimi onun qəlbinə girməyi bacarmışdı. Onların birgə keçirtdikləri saatların, günlərin sayı artmışdı. Hər yerə bir gedib, bir gəlməyə başlamışdılar. Gələn mühüm qonaqları Rauf gəzdirib, Rauf yola salırdı. Evi isə Rauf üçün bir mehmanxanaya dönmüşdü. Canından artıq sevdiyi qızını belə az görür, ona az vaxt ayırırdı. Körpə qızcığaz kiçik qəlbiylə bunları hiss edib, üzülürdü. Gülpəri oğluyla gəlini arasındakı gərginliyi böyük həvəslə izləyir, vəziyyətə müdaxilə etməyə lüzum görmürdü. Oradan-buradan eşitdiyi sözlərə üzülmək əvəzinə qadın sevinir, nəzir-niyaz paylayacağını xüsusi vurğu ilə eşitdirirdi. Qadın Şahanəni qəti surətdə sevməyəcəyini deyir, onun bir gün bu evdən çıxıb gedəcəyi günü səbirsizliklə gözləyir, həmin günün həsrətiylə alışıb-yanırdı.
Nihal son vaxtlar yeznəsi barədə gəzən şayiələri eşidib, bərk narahat olmağa başlamışdı. Ana eşitdiklərindən böyük həyəcan keçirdir, dərdini kimsəyə anlada bilmirdi. Nihal əvvəl-əvvəl Raufu qəbul edə bilməsə də, Lalə doğulandan sonra onu olmayan oğlu yerinə qoymuşdu, ona güvənmişdi. Eşitdiklərini qəbul etmək istəmir, gecə-gündüz bütün bunların şayiə olmasını arzulayırdı. Lakin xoş olmayan söhbətlər hər gün daha da artaraq ananı qorxuya salırdı.
Elgiz işdən gəlib yuyunmuş, yemək yemədən divana qapaşıb qalmış, üzünü divara çevirib gözlərini yummuşdu. Kişinin rəngi o qədər boğulmuşdu ki, Nihalı bərk qorxutmuşdu. Nihal təşviş içində ərinin ətrafında hərlənir, söz soruşmağa çəkinirdi. “Axı nə olub bu kişiyə? Səhər çıxanda deyə-gülə yola salmışam. Rəngi yaman qaralıb. Allah eləməmiş, təzyiqi-zadı qalxar, evim yıxılar”. Qadın ayaqlarının ucunda astaca ərinə yaxınlaşıb onu səslədi:
– Elgiz… Ay kişi, bir yerin ağrıyır-nədir? Nə olub sənə?
Elgiz fikir içində itib-batmışdı. Nə deyəcəyini, nə edəcəyini bilmirdi. Neçə vaxt içini gəmirən şübhəni Nihaldan gizlətmişdi. Amma bu gün öz gözləriylə gördüklərindən sonra hər şeyi arvadına açıb deyəcəyinə qərar vermişdi. Sadəcə haradan, necə başlayacağını bilmirdi.
– Nihal, Səbinə evdədir? – deyə soruşdu.
– Yox. İndicə əmisigilə keçdi.
Kişi yerindən qalxmadan Nihala yanında oturmağı işarə etdi. Bir xeyli gözləri bir nöqtəyə zillənib qaldı.
– Nihal, bu aralar qulağıma bəzi-bəzi sözlər dəyirdi, inanmırdım. Amma bu gün… – Kişi bir anlıq ara verib dərin nəfəs aldı. Nəfəsinin istisi yaxında oturan arvadının üzünü qarsıdı. Kişi odsuz-ocaqsız yanırdı. – …Bu gün görməli olduğumu gördüm.
Nihalın ürəyi döyündü, həyəcanla əsdi. “Görəsən nəyi deyir bu kişi?” Qorxu dolu baxışlarla onu süzdü.
– Nə olub ki, Elgiz? Tez söylə görüm nə görmüsən? Di susma, susma. Ürəyim partladı.
– Raufu, – kişinin səsi inlədi. Səsindəki yanğını eşidən hər kəs onun içində nələr baş verdiyini o dəqiqə anlayardı. – Raufu, arvad. Çox güvəndiyim Raufu.
Nihalın heyrət dolu baxışları kişisinin üzündə donub qalmışdı. Demək, eşitdiklərinin hamısı həqiqət imiş. Demək, Rauf onlara verdiyi sözü unudubmuş. Qadın eşitdiklərindən sarsılmışdı, başını itirmiş halda əlləri qoynunda bərk fikrə getmişdi. O, bildiklərini Şahanəyə deyə bilməzdi. Ana qızının xasiyyətini bilirdi. Şahanə bilsə, ərini əfv etməyəcəkdi. Ana qızının evliliyinin təhlükə altında olduğunu görürdü və heç nə edə bilmədiyi üçün əzab çəkirdi. O, əlindən bir şey gəlmədiyi üçün özünü qınayırdı. Lakin qadın bunları yeznəsinin üzünə vurub həya pərdəsini aradan götürmək istəmirdi. Qadın onu da bilirdi ki, Rauf düz yola qayıtmasa, əvvəl-axır Şahanə ərinin xəyanətindən xəbər tutacaq. Kim bilir bu zaman nələr olacaq. Nihal qızının ailəsinin dağılmasına tərəfdar deyildi. Ancaq qızı nə zamansa “Ana, mən daha bu evliliyə dözə bilmirəm” deyəsi olsa, onda qızını nəyəsə məcbur da etməyəcəkdi…
Hələlik Nihal böyük təşviş içində, qızının, nəvəsinin gələcəyindən narahat halda gözləməyə qərar vermişdi. Ana qəlbində “Bəlkə bir səhvdir, Rauf səhvini anlayıb yoluna qayıdar” ümidiylə gözləyirdi. Heyhat, söhbət günü-gündən böyüyərək, dilə-dişə düşərək bütün şəhəri dolaşırdı. Nihal eşitdiklərini cidd-cəhdlə qızından gizlədir, onu bu yolla qorumağa çalışırdı. O, bunu yalnız qızı üçün yox, həm də kiçik Lalə üçün edirdi. Qadın nəvəsinin atalı ikən atasız böyüməsini istəmirdi. Onu boynubükük, gözüyaşlı görməkdən qorxurdu. Bütün bunlara görə, nəvəsinə görə ana Raufun əməllərinə göz yummalı olmuşdu.
Raufla Kamilənin münasibəti bütün çərçivələri aşaraq, ər-arvad münasibətinə keçmişdi. Kamilə Raufun ağuşunda eşq-məhəbbətinin dadını çıxartsa da ürəyində bir qorxu vardı. Təbii ki, Şaiq Çamal qızına sərbəstlik vermişdi. Amma qızının nə zamansa günah bir eşq yaşamasına göz yummayacaqdı. Bütün atalar kimi namus məsələsi ondan ötrü öndə gəlirdi. İndi Kamilə atası onların gizli münasibətindən xəbər tutana qədər bu işi öz xeyrinə həll etməli idi. Lakin Rauf hələ razılıq vermirdi. Rauf Kamiləylə olan münasibətindən zövq alsa da onu arvadı kimi qəbul etməyi ağlının ucundan belə keçirtmirdi. Gənc ürəyinin dərinliyində əslində düz hərəkət etmədiyini yaxşı bilirdi. Lakin halından o qədər məmnundu ki, bu yoldan çəkinmək də istəmirdi. İkili münasibət yaşayan, iki arvad saxlayan bir tək o deyildi ki. Bəzən Şahanənin bu işi biləcəyi təqdirdə nələr olacağını düşünür, həmin saat da beynindən o qorxunc fikirləri rədd edirdi. Axı Şahanə nəyi, haradan biləcəkdi. Qadın səhərdən axşamacan evdə olur, atası evinə ayda bir kərə gedirdi. Elgizin bu tərəflərə yolu təsadüfən düşər, Nihal isə ümumiyyətlə bu tərəfləri tanımazdı.
Gülpərinin qonaqları gəlmişdi. Evdə haray-həşirdən qulaq tutulurdu. Səhərdən qızdırması olan Lalə onları görcək bərk sevinmişdi. Sanki uşağın əhvalı bir qədər açılmışd. Lakin gələn kiçik qonaqlar qızcığazı oynatmaq əvəzinə itələyir, saçlarını dartır, onu vururdular. Lalə gözüyaşlı halda anasına sığınır, lakin az keçmiş yenə qaçıb onların yanına gedir, bir qədər sonra yenə üzgün halda anasının dizlərini qucaqlayıb başını onun ayaqlarına söykəyirdi. Şahanə uşaqları dilə tutur, başlarını sığallayır, Laləyə toxunmamağı xahiş edirdi. Gülpəri qonaqlarla şaqqıldayıb gülür, hər kəsin yanında Şahanəni danlayır, onların yanında gəlinini kiçik düşürüb bundan böyük zövq alırdı. Qadın Lalənin oyuncaqlarını qonaq uşaqların qarşısına tökür, onlara kənardan həsədlə baxan Laləni saymırdı.
Birdən uşaqların ən böyüyü arxadan Lalənin yanına gəlib onun qulağını dişlədi. Lalə həm qorxudan, həm ağrıdan çığıraraq ağlamağa başladı. Gülpəri gördüyü mənzərəyə üzülmək əvəzinə şaqqıldayıb güldükdə üzüntüsündən özünə yer tapa bilməyən Şahanə göz yaşlarına boğulmuş halda qaçaraq körpəni qucağına alıb öz otağına apardı, daha çölə çıxmadı.
Qızcığazın səhərdən olan qızdırması get-gedə artmağa başladı. Uşaq sayaqlayır, üzü-gözü od içində yanırdı. Şahanə neyləyirdisə uşağın hərarəti düşmür, vəziyyəti getdikcə ağırlaşırdı. Gənc qadın qorxu içində artıq özünün bir şey edə bilməyəcəyini anlayıb qaynatasının yanına qaçdı. Kişinin içkinin təsirindən gözləri axır, dili söz tutmurdu. Yox, bu halda o heç yerə gedə bilməyəcəkdi. Gəlin bu dəfə də göz yaşlarına boğula-boğula əyilib qaynanasının qulağına nəsə pıçıldadı. Arvad sanki bomba imiş kimi bərkdən partladı:
– Allah sənin başına daş salsın! Sənin hesabına evimə qonaq-qara da gəlməz olub. Özün bilə-bilə uşaqdan istifadə edirsən ki, hamının əhvalını korlayasan. Ay sənin üzünü mürdəşir yusun! Az, bu günə qədər mənim qapım təcili yardım həkimi tanımayıb. Arvad deyilsən? Get spirtlə ovxala, nə bilim, sirkə sürt, əyləmçənin qızdırması düşsün. O da sənə oxşayıb gün qaralıqda. Qorxma, ölməz. Sənə oxşayıb. Sizdə ölən sifət haradadır!
Şahanə bilmirdi balasına yansın, yoxsa təhqir olunmuş, alçaldılmış qüruruna ağlasın. “Amma yox. Daha yetər. Bəsdir. Mən cəhənnəmə. Uşağımı ayaqlar altına salmağa icazə verməyəcəm”.
Raufun telefonunu yığdı. Cavab almadı. Bir də yığdı. Bu dəfə də Kamilənin nəvazişlərindən məst olan Rauf telefonunu tamam söndürdü. Hər yerdən əli üzülmüş qadın tələsik atasına zəng vurdu.
On dəqiqə keçməmiş Elgizin maşınının siqnal səsi eşidildi. Şahanə Laləni qucağına alıb, “Mən uşağı atamla həkimə aparıram” – deyib qapıdan cıxdı. Gülpəri qəzəbindən yeri-göyü dağıtmağa hazırdı. Şahanənin üzə duraraq onun dediyini etməməsi qadını təbdən çıxartmışdı:
– Axı sən kimsən, ay ləçər, məni də, dağ boyda kişini də basıb dədən oğ… qoşulub bizim burnumuzun dibindən həkimə uşaq aparırsan?! Dayan q… olan! Qoy Rauf gəlsin! Səni it balası kimi döydürməsəm, atamın qızı olmaram. Ağrısını alım oğlumun. Nolar, o gəzdirdiyinin qolundan yapışıb gətirə sənin üstünə. Oh, bax, onda deyərəm canıma dəysin. Hələ bir döz, hələ bir gözlə. Sən gününü görərsən!
Qadının yadına illər öncə böyük qaynının arvadının üstünə gətirdiyi gənc qız düşdü. O qaynı ki, əvvəl anasını saxlayıb, sonra qızını qaçırtmışdı. O zaman hər kəs elə bilmişdi ki, kişi qızı oğluna qaçırdıb. Lakin biləndə ki, hələ yetkinlik yaşı tamam olmayan qızı kişi özü üçün gətirib, bütün şəhər çalxalanmışdı. İndi Gülpəri bunu öz gəlini üçün arzulayırdı.
Maşında arxa oturacaqda oturan Şahanə sanki yasa batmışdı. Körpənin hərarətdən od tutub yanan üzünə baxdıqca göz yaşlarına boğulur, için-için ağlayırdı. “Nə işlər çevirirsən, Rauf? Haralardasan? Kimin yanındasan, kimin? Kim səni bu qədər dəyişdirdi?”
Qadının yaddaşı sanki təzələndi. Ad günündə Raufa gələn ətir, dodaq boyası olan kağız yadına düşdü. “Yəqin o kağız sahibinin yanındasan. Yoxsa sən bu qədər dəyişməzdin”. O dəqiqə də düşüncələri beynindən qovmağa çalışdı. “Bəlkə mən səhv anlamışam. Bəlkə mənim idrakımın uydurmasıdır. Bəlkə həqiqətən dostları zarafat mənasında… Yox, yox. Məgər hər şey açıq-aşkar deyilmi?” Qadının hıçqırığı sinəsini deşdi. “Sənə görə nələrə dözdüm. Necə təhqirləri uddum Laləylə, sənin xatirinə. Amma sən… Adın var, özün yox, cismin var, ruhun yox. Niyə bu qədər vəfasız oldun? Mən sizin istəklərinizin qarşısında baş əydiyim zaman sən bu qədər zalım, rəhimsiz oldun. Dedin rayona qayıdaq. Baş üstə. Dedin nə desələr sus. Yenə baş üstə. Dedin atam-anam nə desə o olacaq. Ona da amin. Amma…”
Həkimlər Lalənin hərarətini salmaq üçün səhərəcən körpənin başının üstündən çəkilmədilər. Uşaq ağlamaqdan süst düşmüşdü. Şahanə bir gecənin içində solmuş, gözlərinin altı dərin halqa salmışdı. Məşədi Əliabbas tayfasından bir kimsə zəng edib bir dəfə də olsa uşağı soruşmamışdı. Şahanə artıq səbrinin tükəndiyini hiss edir, səbir etməyə gücü yetmədiyini başa düşürdü. “Neyləyim? – deyə özünü sorğuya tutmuşdu. – Bəlkə çıxım gedim”.
Boşanmaq onun üçün ən qorxunc söz olsa da, indi bu barədə düşünməyə başlamışdı. “Nə qədər gec deyil yolları ayırsaq, daha az üzülmüş olarıq. Belə daha xeyirli olar”. Öz düşüncələrindən kövrəldi. Şahanə Raufla bir-birinə söz verəndə, evlənəndə heç bunu ağlının ucundan da keçirtməmişdi. İndi illər sonra boşanmaq istəməsi qadının sabaha, gələcəyə olan xülyalarının üstündən qara xətt çəkirdi. Dalıb getmişdi. Lalə sayaqlayır, Şahanə eşitmirdi. Birdən silkələnib xəyallardan ayrıldı. “Can, can, anam, buradayam. Qorxma, mama yanındadır”. Əlini uşağın alnına qoydu. Qızdırması düşmüşdü. Ata… ata… atamı istəyirəm… Ana, atam hanı? Atamı istəyirəm”.
Şahanənin bayaqkı düşüncələrindən heç nə qalmadı. Qolları boşalıb yanına düşdü. Lalənin son sayaqlaması, atasını çağırması gənc qadının boşanma fikrindən daşınıb evinə dönməsinə zəmin yaratdı.
Həkim xanım sonuncu dəfə Laləni müayinə edib gülümsəyərək Şahanəyə baxdı. Şahanənin gecədən bəri yaşadığı üzüntü qadının gözündən qaçmamışdı.
– Qızım, daha qorxacaq heç nə yoxdur. Müalicəni evdə davam etdirə bilərsiniz. Sən də bu qədər vasvası olma. Bir dənədir uşaq?
Şahanə gülümsəyərək başını xəfifcə təpətdi.
– Hə, deyirəm də. Qızım, uşaq hər xəstələnəndə bu qədər həyəcan keçirtsən, onlar böyüyənə səndə ürək qalmaz. Özünü bu qədər üzmə. Kişiyə də, uşağa da qadın hər zaman lazımdır. Əsas da uşaq anasız uşaq deyil.
Qadın ehmalca Lalənin yanaqlarından öpdü:
– Daha ananı qorxutma, yaxşımı? Sağ-salamat gedin. Bir vaxt görəcəksən böyüyüb məktəbə gedir. Bir də görəcəksən tələbədir. Bax, onda deyəcəksən necə ağılsız olmuşam.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14