Müstəqil dövlət – müstəqil fəaliyyət (1)
İlham İSMAYIL
Vaqif Hüseynov vəzifədən azad edildikdən sonra DTK əməkdaşları, xüsusi təyinatlı dəstə istisna olmaqla, Qarabağ döyüşlərinə cəlb edilmədi. Yeni sədr İlhüseyin Hüseynov əvvəldən bizim döyüşlərdə iştirakımızın əleyhinə idi. Hüseynovun işinin peşəkarı olması mübahisə doğurmasa da, bu gün də hesab edirəm ki, düzgün mövqe deyildi, çünki Azərbaycan Ordusu hələ yaranmamışdı.
Çaykənddən sonra içimdə bir boşluq hiss edirdim. Elə bilirdim ki, Xanlar rayonu üçün mənim görəcəyim bir iş qalmayıb. Açığı, vuruşmaq istəyirdim. Ona görə hər həftənin sonu Ağdama, Tərtərə gedir, vəziyyətlə tanış olur, yerli kolleqalarımdan maddi və mənəvi köməyimi əsirgəmirdim.
Oktyabrın 18-də Milli Məclis müstəqillik aktı qəbul etdi. Şüurlu həyatımın, tələbəlik illərimizin, həmfikir dostlarımızın arzuladığı, xəyalında olduğumuz tarixi hadisə baş verdi – biz müstəqil dövlət olduğumuzu elan etdik! Amma millət olaraq həmin günü təntənə ilə qeyd edə bilmədik. Müstəqilliyimizin elan olunmasını hakimiyyət də, xalq da sükutla, hətta əndişə ilə qarşıladı. Bu tarixi gün elan olunanda fikirləşirdim ki, hamı küçələrə axışacaq, atəşfəşanlıq olacaq, sevinc yaşları axacaq. Olmadı…
Heç indi də istədiyim, ürəyimdən keçən o ehtişamı görmürəm. Səbəbləri çoxdur. Səlahiyyət sahiblərinin də, toplumun da bu günə münasibətdə dərin siyasi, sosioloji problemləri var, onun da başında defisit sayıla biləcək AZAD OLMAQ düşüncəsi gəlir…
Noyabrda ağır itki ölkəni sarsıtdı. Azərbaycanın say-seçmə oğulları, dövlət rəhbərləri Qarabağda vertolyotu ermənilərin vurması nəticəsində həlak oldular. Azərbaycan indiki dillə desək, şok yaşayırdı. Mütəllibovun komandası faktiki olaraq yox idi.
Həmin günlərdə Gəncədə Leninin heykəli axşam saat 10-da götürüldü. Heykəlin götürülməsinə nə sevinən vardı, nə etiraz edən. Xalq ağır dövrünü yaşayır, baş verən siyasi hadisələr xalqın yarasına məlhəm olmurdu.
Bu ağır zamanda məni Şəmkir rayon bölməsinə rəis təyin etdilər. Bakıya əmrimi almağa gəlmişdim. Kadrlar İdarəsində bildirdilər ki, gözlə, bəlkə Mütəllibov səni qəbul etdi. Adətən SSRİ dönəmində rəislər təyin olunanda respublika rəhbərliyi qəbul edər, söhbət aparılardı. Günün sonuna kimi gözlədim, dedilər ki, prezidentin vaxtı yoxdur, qəbul edə bilməyəcək.
Həmin gün dəhlizdə Riyad Əhmədovla qarşılaşdım. Riyadı Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəis təyin etmişdilər. Biləndə ki, rayona rəis təyin edilmişəm, ciddi görkəm alıb dedi: “Mən də fikirləşirdim səni Müdafiə Nazirliyinə aparam. Nə var rayonda, sən döyüşçüsən, gəl gedək Qarabağa. Kadr yoxdur, peşəkarlar azdır”.
Mən: “Əmrə tabeyik, hara deyirlər, hələ ki, ora getməliyəm. Baxarıq, sabah şərait elə olar ki, dəstəmizin hamısı ora gələr”.
Bu mənim Riyadla son görüşüm oldu. Yanvarda Daşaltı əməliyyatında Riyadın öldü-qaldısı bilinmədi…
Riyad Əhmədov həqiqətən qəhrəman idi, qəhrəman kimi də Vətən yolunda getdi.
Şəmkirdə rəis vaxtilə məni KQB-yə qəbul etmiş Əvəz Quliyev idi. Kadrlar İdarəsinin şöbə rəisi məni təqdim etməyə gələndə yarı zarafat, yarı ciddi dedi: “Günah məndədir, səni niyə orqana götürürdüm ki, bu gün də mənim yerimə gələsən”.
Kadrın əməkdaşı Adil müəllim: “Əvəz müəllim, deməli, düzgün kadr seçmisiniz, Sizi öz kadrınız əvəz edir”.
İcra başçısına təqdim olundum. Daşkəsən rayonu da Şəmkir rayon bölməsinin xidməti ərazisi olduğu üçün səhərisi gün Daşkəsən rayon rəhbərliyi ilə tanışlıq oldu. Bu tarixi ona görə qeyd edirəm ki, aylar keçəcək, Daşkəsənlə, Şəmkirlə bağlı hadisələr ortaya çıxacaq və o hadisələrin bir bölgəni deyil, bir kiçik rayonu deyil, Azərbaycanı səciyyələndirdiyinin şahidi olacaqsınız.
Şəmkir respublikanın ən böyük rayonlarından biridir. Əhalisinin sayına görə də, ərazisinə görə də. Dağdan dağı, arandan aranı olan, su elektrik stansiyasının, Sovet Ordusunun desant briqadasının, qırıcı aviaeskadrilyasının, vertolyot bazasının yerləşdiyi Şəmkir Ermənistan sərhədindəki Gədəbəy rayonu ilə qonşuluğuna, Ermənistanın tabeliyindəki Başkənd anklavına yaxınlığına görə əməliyyat şəraitinin gərgin olduğu bir bölgə idi. Çaykənddən çıxıb rahatlığa düşməmişdim.
İlk işim bölmənin giriş qapısındakı lövhəni dəyişmək oldu. 1991-ci il dekabrın 25-i Gəncədə hazırlatdığım, üçrəngli bayrağımızın fonunda “Azərbaycan Respublikası MTN Şəmkir rayon bölməsi” loqosunu ürəyimdəki böyük təntənə ilə giriş qapısından vurdurdum. Özümü xoşbəxt sanırdım. Mənə müstəqil Azərbaycanın xüsusi xidmət orqanının tərkib hissəsi olan bir bölmənin rekvizitini darvaza önündə asdırmaq nəsib olmuşdu.
Müstəqil fəaliyyətimi arzularımla, xəyallarımla həyata keçirirdim. Tabeliyimdə olanlarla davranışdan tutmuş rayon ictimaiyyəti ilə olan münasibətlərə qədər.
Hadisələr, ölkədə vəziyyət sürətlə dəyişirdi.
İşə bax ki, əvvəl işlədiyim Xanlar rayonunda olduğu kimi Şəmkir rayonunun da mərkəzini almanlar salıb. Qismətimə alman koloniyasının Azərbaycandakı izlərinin ardınca getmək yazılıbmış.
Şəmkirin adı Aninfeld olub, qısaca Anino deyirmişlər. Almanlar Şəmkirdə də böyük mədəniyyət qoymuşdular. Səliqə ilə salınmış 5 küçə, alman memarlığının nümunələri olan fərdi evlər, kirxa binası, konyak zavodu, indi adı Çinarlı olan böyük Georqsfeld qəsəbəsi və oradakı şərab zavodu almanlardan qalan qiymətli yadigarlardır.
1992-ci il gəldi. İl gərgin hadisələrlə başladı. Gərginliyə səbəb Gürcüstandakı hadisələr oldu. Yanvarın 5-də Gəncədən zəng vurub xəbər verdilər ki, Gürcüstan prezidenti Zviad Qamsaxurdiyanı deviriblər və o, Azərbaycan ərazisinə keçib Gəncə istiqamətində gəlir, qarşılayıb Gəncəyə gətirin.
Onlarla hərbiçi-mühafizəçinin müşayiət etdiyi Gürcüstan prezidentini Şəmkirin ərazisində qəbul edərək Gəncəyə çatdırdıq.
Qamsaxurdiya DTK Gəncə Şəhər Şöbəsinin rəisi Cəbrayıl Nağıyevin qaldığı evdə yerləşdirildi. Bir neçə saat ölkə başçısı Ayaz Mütəllibovla danışıqlar aparıldı. Rusiyadan ehtiyat edən Azərbaycan rəhbərliyi hələ Gürcüstan prezidenti olan şəxsi ölkədə saxlaya bilmədi və bu, Qamsaxurdiyaya çatdırıldı.
Qamsaxurdiya Ermənistanla, konkret olaraq Ter-Petrosyanla əlaqə saxladı. Ermənistan prezidenti ona ölkəsinin ərazisinə keçməyə razılıq verdi.
Ermənistanın bu jesti Azərbaycanın Qamsaxurdiyadan imtinasına görə idi və mən bu fikirdəyəm ki, bizim rəhbərlik düz addım atmadı.
Qamsaxurdiya və onun yorğun, əldən düşmüş silahlı dəstəsinin üzünə baxanda xəcalət çəkirdim. Bizə sığınmaq istəyən qonaqdan imtina etmişdik. Məni bu düşüncə narahat edirdi, nəinki Rusiyanın hansısa növbəti təzyiqi. Amma Ermənistan Rusiyaya bizdən yaxın olsa da, bu “qonaqpərvərliyi” göstərdi.
Mənimsə gücüm Qamsaxurdiyanı müşayiət edən hərbiçilərə “Motel” deyilən restoranda nahar yeməyi verməyim oldu. İndiyə kimi Qamsaxurdiya və onun adamlarının əzablı sifəti, yuxusuz gözləri yadımdan çıxmayıb, Gəncənin rəisi Cəbrayıl Nağıyevin dedikləri də: “Yaman kəmfürsətlik etdi bizimkilər. Heç bir gün də saxlamadılar ki, adam dincini alsın. Erməni bizdən ağıllı tərpəndi”.
Cəbrayıl müəllimlə həmfikir idim.
Müstəqil dövlət idik. Ölkələr bizim müstəqilliyimizi tanıyırdı. BMT-nin üzvü olduq. Amma bölmənin növbəti il üçün iş planının tutulmasına göndərilən təkliflər sənədi rus dilində tərtib olunmuşdu və məzmunu da sovet zamanından heç nə ilə fərqlənmirdi. Bir nömrəli düşmən yenə ABŞ və Qərb göstərilirdi. Etirazımı rəhbərliyə bildirdim. “Hər şeyin zamanı var” dedilər.
Qarabağda vəziyyət dramatik olaraq qalırdı. Yanvarın 26-da bəd xəbər gəldi, Daşaltı əməliyyatı uğursuz olmuşdu. 100-dən çox əsgərimizi itirmişdik və təəssüf ki, Riyad Əhmədov da onların arasında idi. Heyf Riyaddan…
Daşaltı əməliyyatı barədə az qala 10 gün əvvəldən biz məlumatlıydıqsa, deməli, erməni də xəbər tutmamış deyildi. Müdafiə Nazirliyinin bir Şahin Musayevi vardı, general idi. Hamı deyirdi ki, bu Rusiyanın adamıdır, amma yenə də saxlayırdılar onu.
Daşaltıdan sonra daxil olan əməliyyat məlumatları ürəkaçan deyildi. Torpaq itkisi ilə hakimiyyəti dəyişmək planları barədə informasiyalar gəlirdi, hakimiyyətə gəlmək istəyən qüvvələr mövcud iqtidarın torpaq itkilərini hakimiyyətə gəlmək üçün bir dividend kimi görürdülər. Yəqin MTN-in arxivində qalar.
O zaman bu istiqamətdə Şəmkirdən bir analitik informasiya göndərmişdim ki, Xocalı və Şuşanın itiriləcəyi təqdirdə müxalifət Prezident Aparatına hücum edib hakimiyyəti dəyişəcək.
Açığı, məsələni bir az da şişirirdim ki, rəhbərlik qınağa dolsun, heç olmasa hakimiyyət naminə torpaqların müdafiəsini möhkəmlətsin. Təəssüf ki, olmadı, təəssüf ki, mənim arayışımın təsiri qaranquşun alovun üstünə atdığı bir damcı su effektindən o yana olmadı, hakimiyyət qınağa dolmadı.
Fevralın 26-da millətimizin böyük faciəsi – Xocalı qətliamı baş verdi.
Martın 6-da Ayaz Mütəllibov istefa verdi. Şəmkirdə işlədiyim iki il ərzində ölkədə 5 dövlət başçısı dəyişdi. Mən Mütəllibovun zamanında rəis kimi işə başlamışdım, martda Yaqub Məmmədov, mayda İsa Qəmbər, iyunda Elçibəy, bir il sonra Heydər Əliyev olacaqdı. Belə sürətli əvəzləmələr ölkəyə, cəmiyyətə yaxşı heç nə vermirdi.
Ali Sovetin sədri Yaqub Məmmədov ölkə başçısı səlahiyyətlərini icra edirdi. Rəhim Qazıyev artıq müdafiə naziri idi. Şəmkirdə üç növ sovet qoşunu dislokasiya olunmuşdu. Zəyəm qəsəbəsində yerləşən qırıcı təyyarə eskadrilyası aprel ayında Azərbaycanı tərk etməyə başladı. Məlumat daxil olurdu ki, yük maşınları Gürcüstana aparılıb satılır. Yük təyyarələri hərbiçilərin ailələrini köçürmək üçün Zəyəm aerodromuna enmişdi.
İcra başçısı Elxan Əliyev Rəhim Qazıyevin rayona gələcəyini, amma onunla görüşmək istəmədiyini dedi. Rəhim Qazıyevi mən qarşıladım. Yanında Yaşar adlı bir türk general, nazirliyin mətbuat xidmətinin çəkiliş qrupu və bir neçə hərbiçi vardı.
Zəyəm aerodromuna getdik. Hərbi hissənin komandirinin otağında komandir və digər zabitlərlə uzun söhbət, mübahisə oldu. Azərbaycan tərəfi bir neçə qırıcı təyyarə, hücum vertolyotları, hərbi texnikanın saxlanmasını tələb edirdi. Komandir hər iki ölkənin razılığa gəldiyini, bir neçə texnikanın veriləcəyini təsdiqləsə də, qırıcı təyyarələrin verilməyəcəyini israr edirdi. Təyyarələrin yanına getdik.
Komandir:
– Gəl, təyyarəyə minib səninlə uçaq. İdarə edə bilərsənmi?
– Əlbəttə, yox. Mən pilot deyiləm.
– Bəs kimdir pilot sizdə? Heç kim. Pilotunuz yoxsa, təyyarə nəyinizə lazım?
– Pilotumuz olacaq.
Komandir əlini yelləyib dedi ki, o təyyarə verə bilməz, amma vəziyyətin dramatik olduğunu Moskvaya çatdıracağını və nə qərar verilsə ona əməl edəcəyini bildirdi.
Komandir bir hərbiçi kimi düz danışırdı. Söhbət xeyli çəkdi. Prinsipial razılıq olsa da, daha yüksək səviyyədə danışıqlar olacağı qərara alındı, bir şərtlə ki, razılıq olanadək aerodromdan bir təyyarə də qalxmayacaq. İrəli gedərək deyim ki, sonralar razılıq əsasında iki qırıcı təyyarə bizə verildi.
Rəhim Qazıyev geri qayıtmalı olduqlarını deyəndə mən onu qonaqlarla birlikdə nahara dəvət etdim. Rəhim bəylə süfrə arxasında bir az sıcaq söhbətimiz oldu və söhbətdən o nəticəyə gəldim ki, Qarabağda vəziyyətin perspektivi daha çox Rusiyanın mövqeyindən də asılı olacaq.
Sabahı bu görüş televiziyada nümayiş etdirildi.
Bu hadisəni həm də ona görə qeyd edirəm ki, Rusiya Ordusunun Azərbaycanı tərk etməsi prosesi elə həmin günlərdən – Yaqub Məmmədovun ölkə prezidentinin səlahiyyətlərini icra etdiyi vaxtdan başlamışdı. Elçibəyin hakimiyyəti dövründə isə qalan hissələr ölkədən çıxarıldı, Rusiya Ordusunun sonuncu bazası – Qəbələ RLS İlham Əliyev dövlət başçısı olduğu zaman Azərbaycanı tərk etdi.
May gəldi. İndiyədək Azərbaycanın ağlına gəlməyən başına gəldi. Mayın 8-dən 9-na keçən gecə Şuşa işğal olundu. Gəncədən əməliyyat rabitəsi ilə zəng vurub Şəmkirə xəbər verdilər. Təcili Gəncəyə gəldim. Hərə bir söz danışırdı, biri döyüş getdiyini, o biri artıq hər şeyin bitdiyini söyləyirdi. Bakıdan da dəqiq bir söz demirdilər.
Gecə Şuşa ilə heç bir əlaqənin olmadığı bəlli oldu. Nə edəcəyimi bilmirdim. Fikirləşirdim ki, yəqin sabah səfərbərlik olar, hamı silahlanar, hər tərəfdən hücuma keçər, Şuşanı azad edərik. Gözləyirdim ki, sabah bütün nazirlik səfərbər ediləcək, bizi Ağdama yığacaqlar, oradan hücuma keçəcəyik, eyni vaxtda Kəlbəcərdən, Laçından, Ağdamdan hücum etsək, erməni Şuşanı boşaldacaq.
Evə gələndə yoldaşım “Doğrudan Şuşanı alıblar?” deyib üzümə baxanda otağın ortasında dizi üstə çökdüm. Ağlamağımı güclə boğur, danışa bilmirdim.
Yoldaşım qoluma girib məni qaldırdı. Özümə gələndə “Yəqin sabah bizi Ağdama apararlar, hərbi paltarı çıxar, hazırla” dedim.
Məni hərbi paltarda, əlisilahlı görməyə adət etmiş xanımım heç nə demədi, amma qorxduğu, həyəcanlandığı hiss olunurdu.
Sabah Şəmkirə yox, Gəncə şöbəsinə getdim. Məni formada görən əməkdaşlar təəccüb etdilər, elə mən də, niyə hamı formada deyil? Bakı ilə əlaqə saxladıq. Heç bir göstəriş, informasiya olmadı.
Mən elə bilirdim ki, ölkə əhalisi axın edib, döyüş tələb edəcək, döyüşə gedəcək. Olmadı, millət faciələrə, torpaq itkisinə alışmışdı.
Amma Şuşa itkisi başqa itkiyə bənzəmirdi axı…
Bir süstlük, hərəkətsizlik vardı ölkədə. Bakıdan Şəmkirə qayıtmağımı istədilər. Şəmkirdə nə edim?
Şuşa bütün yaddaşımla gözümün önündə idi.
Bakı yenə qaynamağa başladı. Milli Məclisdə dava, mübahisələr… Heç gözlənilmədən Ayaz Mütəllibov parlamentdə prezident postuna qayıtdığını bəyan edəndə yalnız təəccüblənmək qalırdı. Deməli, yenə torpaq itkisi, yenə hakimiyyət dəyişikliyi…
Ayaz Mütəllibovun ilk kadr təyinatı Rəhim Hüseynovu Nazirlər Sovetinin sədri təyin etməsi oldu. Aydın məsələ idi ki, Mütəllibovun yenidən qayıtması bir plan idi, amma sonadək düzgün işlənməyən plan. Hakimiyyət dəyişikliyinin, faktiki olaraq çevrilişin, öz qaydaları var. Nazirlər Sovetinin sədri 10 gün sonra da təyin oluna bilərdi, amma həmin gün ilk olaraq daxili işlər naziri təyin edilməliydi və təqdimatdan sonra nazir qətiyyətli çıxış etməliydi. Həmin gün MTN, MN rəhbərləri yenilənməli, qarşılarında ən sərt tələblər qoyulmalıydı. Heç biri olmadı.
Səhərisi gün Xalq Cəbhəsi bir neçə silahlı adam və üzvləri ilə Mütəllibovu Moskvaya getməyə məcbur etdi. Ali Sovet çağırıldı, İsa Qəmbər parlament sədri olaraq dövlət başçısı səlahiyyətlərini icra etməyə başladı. Ölkədə yeni dönəm yaranırdı, fərqli siyasət yürüdülür, yeni kadrlar təyin olunurdu.
MTN-ə Fəxrəddin Təhməzov nazir təyin edildi. Fəxrəddin müəllim bir neçə ay əvvəl Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı Şəhər Şöbəsinə rəis müavini təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi.
Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi göstərib. Müzakirədə iştirak edənlər Namiq Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz ediblər. Belə olanda Elçibəy israr edib ki, milli təhlükəsizlik nazirinin namizədliyini müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin (?!). İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət, Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə Elçibəy də, müzakirə iştirakçıları da razılaşıb.
Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli, o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən.
Nazirin birinci müavini vəzifəsinə Sülhəddin Əkbər, müavin vəzifəsinə isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu.
(Ardı var)