Novator.az saytı gənc yazar Firuzə Davudqızının “Həsrətindəyəm” romanının təqdimatına başlayır. İlk bölümü diqqətinizə çatdırırıq.
Firuzə DAVUDQIZI
1-ci bölüm
Mən onu ilk dəfə görəndə 17 yaşım yenicə tamam olmuşdu. Həmin tarix, bundan belə yaşayacaqlarımın başlanğıc nöqtəsi… keşməkeşli həyat hekayəmin ilk səhifəsi idi.
Həmin il mən valideynlərimin təkidilə rayonda fəaliyyət göstərən Tibb kollecinə daxil olmuşdum. Görünür elə əvvəldən tale mənə istəmədiklərimi yaşamağı nəsib edəcəkmiş…
Həmin gün mən mərkəzi yolu keçib, sıra ilə düzülmüş mağazaların yanından ötüb, məktəbin önündə dayanmışdım. Mənlə bir kursda oxuyan qızla sözləşmişdik ki, bu ünvanda görüşüb, buradan xəstəxanaya yollanaq. Biz, doğum evinə təcrübə keçməyə gedirdik.
Əynimdə qara palto, başımda çəhrayı beret vardı. Cüzi makiyajla saçlarımı həmişəki qaydada yanıma tökmüşdüm. Artıq 20 dəqiqədən çox idi ki, burada gözləyirdim, amma qız gəlib çıxmaq bilmirdi. Tez-tez qolumdakı saata baxır və hirsimdən bilmirdim nə edəm. Yanımdan ötüb keçənlərin diqqətini çoxdan cəlb eləmişdim. Buna görə də sıxılırdım. Bu vaxt gözüm yolun qarşı tərəfində dayanıb, açıq heyrət içində gözlərini mənə zilləmiş bir oğlana sataşdı. O, donuq baxışlarla üzümə elə baxırdı ki, sanki tilsimlənmişdi. Onun əhvalına baxıb, dostunu gülmək tutmuşdu. Əlini qəsdən oğlanın çiyninə vurub, onu sanki yuxudan oyatdı. Oğlan bunun mənim nəzərimdən yayınmadığını hiss edib, pərt halda dostuna baxdı. Narazılıqla başını buladı. Hirsli olmağıma baxmayaraq, gülməyimi güclə boğurdum. Dostu onu güclə yerindən tərpədib, qoluna girərək mağazalara tərəf apardı. Onun gedər ayaq dostuna:
– Bilmirsən, kimdi o qız? – sual etməsi, bu gün də qulaqlarımda səslənir.
Həmin tarixdən sonra mənim yolum hər gün o mağazaların yanından keçirdi. Onu da hər gün orada görürdüm. Mən dərsə gedəndə də, dərsdən evə qayıdanda da yolumun üstə dayanıb məni gözləyirdi. Etiraf edim ki, bir könüldən min könülə ona vurulmuşdum. İlk baxışda sevgiyə tale onu rastıma çıxardığı gün bütün qəlbimlə inanmışdım. Onun mənə biganə olmadığını açıq-aşkar sezirdim. Baxışlarından… Məni görəndə dəyişən ifadəsi və güclə boğmağa çalışdığı təbəssümündən…
O, çox yaraşıqlı idi. Eynən xəyallarımda canlandırdığım şahzadəyə bənzəyirdi. Ucaboy, cüssəli idi. Və ən əsası məğrur baxışları vardı. Bir baxışında adamın canına titrəmə salırdı. Ciddi duruşu və nadir hallarda peyda olan təbəssümü ilə məni çoxdan özünə əsir etmişdi. Onu görəndə ürəyimin çırpıntısına, əl-ayağımın titrəməsinə hakim ola bilmirdim.
Bir gün dərsə gecikmişdim. Yolu az qala qaça-qaça gedirdim. Həmin mağazanın səmtinə çatanda onun bir qədər irəli gəlib tez-tez qol saatına baxdığını və narahat olduğunu gördüm. Qəfil gözü mənə sataşanda elə bil dünyanı ona bağışladılar. Uzun çatma qaşlarının düyünü bir anda açıldı. Üzü nurlandı. Etiraf edim ki, onu belə dilxor görməyim mənə yaman ləzzət eləmişdi. Çünki bu mənə görə idi. Biz bir-birimizi sadəcə kənardan bir neçə saniyə görməklə kifayətlənməli olurduq. Rayon yerində bir oğlanın yolda hər kəsin içində qızı söhbətə tutması yaxşı hal sayılmır və qəbul edilmirdi deyə o mənə yaxınlaşıb hələ bir söz deməmişdi. Lakin mənim ona bir anlıq dikilən baxışımda təbəssümü tutduğu üçün könlümün onda olduğuna əmin olmuşdu. Özünü belə ağırbaşlı aparması mənim gözümdə onu bir az da ucaldırdı.
Eşqindən dəli-divanə olduğum, bir an belə ağlımdan çıxmayan oğlanın adının RÜFƏT olduğunu öyrənmişdim. Bütün elçilərə yox cavabı verirdim. Bu səbəbdən evdə hər gün üzüm danlanır, eşitmədiyim söz qalmırdı. Mənsə həyatımı ondan başqa heç kəslə təsəvvür edə bilmirdim. Gecələri onu düşünməkdən yata bilməyib xəyalını gözüm önünə gətirəndə istər-istəməz gülümsünər, onunla bağlı xoş xəyallar qurardım. Bir-birimizi sevib, uzaqdan-uzaqa baxışlarımızın diliylə danışsaq da, hər şey çox gözəl idi. Saf, təmiz və yalansız idi. Mənə sonralar xatırladıqca sızlayacağım xoş duyğular, hisslər yaşadırdı. Ta ki…
Sonra heç gözləmədiyim bir anda o, rastıma çıxdı. Taleyimi alt-üst, həyatımı cəhənnəmə çevirən adam! Adı ELŞAD idi. Ucaboy, idmançılara xas iri əzələləri, güclü və xarizmatik bir oğlan olsa da, onu görmək belə istəmirdim. Üzünü görəndə elə bilirdim başımdan aşağı qaynar su ələnir. O isə bunu başa düşmək istəmirdi. Ağla gəlməyən hər yerdə rastıma çıxıb, eşq elan edirdi. Rədd cavabı alsa da, əl çəkmirdi.
– Sən, mənim olacaqsan! Bunu unutma! – deyə özünə əminliklə, özünə olan müdhiş bir güvənlə hər dəfə mənə xəbərdarlıq edirdi. Artıq cana doymuşdum. Onun ucbatından dərsə də getmək istəmirdim. Məni qarabaqara izləyirdi. Beləcə bu qorxu və narahatlıqla günlərimi başa vurmaqda idim.
Üç ay sonra aldığım bir xəbər məni yerimdə dondurmuş, sarsılmışdım. Rüfət nişanlanmışdı, tezliklə toyu olacaqdı. Ona atasının dostunun qızını almışdılar. Bu xəbər məni yıxmışdı. Alt-üst olmuşdum. Yeməkdən kəsilmişdim, yuxu yatmırdım. Allahdan bircə arzum onunla qarşılaşıb gözlərinin içinə baxmaq, çəkdiyim əzabların hesabını sormaq idi. Hisslərimlə oynadığı üçün onu bağışlaya bilmirdim…
Hər şey başlamadan bitmişdi…
Aradan 4 il keçmişdi. Mən hələ də o xəbəri aldığım günün ağrısıyla yaşayırdım. Özümə gələ bilməmişdim. Həyata heç bir inamım, marağım qalmamışdı. Ruh kimi gəzib dolanırdım. Avqustun sonları idi. Yaxın qohumumun xeyli təkidindən sonra onlara gedəsi oldum. Bir az fikrim dağılar deyə, əslində bu təklif ürəyimdən olmuşdu. Amma kaş ki…
Axşamüstü evə qayıdarkən orta küçədə Elşad qarşıma çıxdı.
4 il bundan qabaq onun hərbi məktəbə daxil olduğunu və oranı bitirdikdən sonra daha rayona qayıtmayıb, Sumqayıtda hərbi hissədə işə düzəldiyini eşitmişdim. Bu səbəbdən gözləmədiyim üçün onu görüb duruxdum. Sən demə, dünən gecə rayona gəlibmiş və bura gələn kimi ilk işi yenə məni izləmək olub. Bir neçə saat əvvəl getdiyimi gördüyü üçün də buralarda gəzib dolanaraq qayıtmağımı gözləyirmiş. Ürəyimdə bu təsadüf üçün şeytanı lənətləyib yoluma davam etmək istədim. Qarşıma keçib yolumu kəsdi. Mən onu acılayıb yolumu dəyişmək istədikdə yanımızda bir maşın dayandı. Elşad bunu gözləyirmiş kimi, dərhal qolumdan yapışıb, məndən maşına minməyi tələb etdi. Mən bunu qətiyyətlə rədd edib, ona sərt üz göstərdim.
– Sən kimsən ki, mən sənin maşınına əyləşim?!
– Otur deyirəm sənə! Kim olduğumu, darıxma, biləcəksən! – deyə, Elşad qəzəblə üstümə bozardı. Bu anlar ətrafda mənə kömək edəcək kimsə gözə dəymirdi. Məni sarmış təlaşla əlindən çıxıb qaçmağı düşündüm. Hətta buna cəhd etdim də. Amma alınmadı. O, ildırım sürəti ilə mənə çatıb, tutdu. Bu an böyrümə soyuq bərk bir cisim dirəndiyini hiss edib diksindim. Bu, silah idi.
Mən bilirdim ki, hərbi hissədən çıxış izni alanda onlar silahı təhvil verib çıxırlar, icazə yox idi. Amma bunun, eşitdiyimə görə, əmisi general idi. Ona arxayın olub lotuluq edirdi. Həm də gördüyüm qədəri ilə rayona gələndə planla gəlmiş, əməlli-başlı hazırlıq görmüşdü. O, məni hədələyib:
– Səsini çıxarma, – dedi, – adam balası kimi otur maşına! Canından bezməmisən ki?! – Bir gözü ətrafı yoxlayıb, silah gücünə məni maşına basdı. Özü də keçib yanımda əyləşdi. Maşında sürücüdən başqa biri də vardı. Sonradan bildim ki, əmisi oğludur. Elşad qapını çırpıb örtən kimi sürücüyə:
– Sür! – əmri verdi.
Sürücü çaşıb qalmışdı. Belə dəli-dolu birinin əlində üstəlik silah da gördüyü üçün rəngi ağarmışdı. Deyəsən onların qız qaçıracaqlarından xəbəri yox imiş. Üzündə peşman bir ifadə var idi. Maşın yerindən tərpənən kimi mən qapıya əl atıb özümü yerə tullamaq istədim. Amma o, fikrimi göydə tutub, qolumdan yapışaraq məni özünə doğru çəkdi. Tam sürətlə hərəkət etməkdə olan maşının açıq qapısını örtməyə çalışdı. Mənsə ondan qurtulmaq üçün buna mane olmaq istədim.
– Burax ! Buuraxxx!!
(Ardı var)