İlham İSMAYIL
Tarix o elmdir ki, insanı vətəndaş edir. (“Bazar ertəsinədək gözləyək” filmindən)
Mən Azərbaycan tarixinin bir parçasını – 1990-1991-ci illərdə Gəncəbasar ətrafındakı bölgələrdə baş verən qanlı-qadalı hadisələri, Çaykənd, Qarabulaq, Quşçu, Buzluq, Manaşid, Erkeç kəndlərinin erməni silahlı dəstələrindən azad edildiyini, Əlibəyli, Şəfəq kəndlərini necə müdafiə etdiyimizi yazdım. Necə vardısa elə, çünki hadisələrin iştirakçısı, şahidi, bəzənsə hadisənin özünü yaradan idim.
Bu hadisələrin detallarını təsvir etsəydim, bədii təxəyyülə güc versəydim, təbii ki, iri bir kitab alınardı. Amma məqsədim bədii əsər yazmaq deyil, tarixi qələmə almaqdır. Yazdıqlarımın hər sətrinə cavabdehəm. Azərbaycanın bəzən çox uzaq olmayan keçmişində elə hadisələr olub ki, bu gün onun yarımçıq izlərini tapanda doğru-dürüst mənbəni göstərə bilmirik, halbuki 50-100 il bundan əvvəl baş verənlər tarix üçün çox yaxın məsafədir. Keçən əsr öz yerində, yaşadığın çağdaş tarix doğru qələmə alınmayanda, birtərəfli göstəriləndə, cəmiyyətə saxta tarix sırınanda gələcək nəsil itirir. Saxta tarixlə tərbiyə olunan adam vətəndaşlıq səviyyəsinə qalxmayacaq.
Universitetdə təhsil aldığım illərdə Azərbaycan tarixi fənni cəmi bir semestr keçilirdi, axırda da imtahan yox, zaçot verirdik. Göy cildli qalın kitabın yarısı 1920-ci ilə qədər dövrü, yarısı da 50 illik sovet tarixindən bəhs edirdi. Tarix Gülüstan, Türkmənçay müqavilələrinə qədər tarix, sonrakı illər isə… siyasət idi.
Tarixin saxtalaşdırılması faktları çox qədimə, Fironun hökmdar olduğu Misirə gedib çıxır. Firon kənardan seyr etdiyi döyüşlərin salnaməsini yazdıranda özünü vuruşun mərkəzində göstərdir, şücaətindən bəhs etdirirdi.
Tarixi təhrif etmə, saxtalaşdırma siyasətinin müəllifləri tarixi deyil, istəklərini, arzularını şişirdilmiş formada cəmiyyətə sırıyıblar. Yaxşı ki, tarix gec-tez sırınmışları ələyindən keçirib, söküb zibilliyə atır, yenə də var olan həqiqət, əsl tarix yazılır.
Şəxsiyyətlərin tarixdə rolu danılmazdır, danılsa da, başqa bir şəxsiyyətin hakim olduğu zaman içində danıla bilər. Onun dövranı bitəndə, tarix onun dandıqlarını bərpa edir, üzə çıxarır. Tarixdə belə misallar çoxdur, yaxın keçmişimizdən birini xatırlatmaq istəyirəm. Sovet lideri Nikita Xruşşov müdafiə naziri, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Jukovu vəzifədən azad edir, sonra da daim nəzarətdə saxlayırdı. KQB-dən informasiya alınır ki, Jukov müharibədən kitab yazır. Siyasi Büroda məsələ müzakirə olunanda əksəriyyət deyir ki, qoy yazsın, başı qarışsın. Xruşşov qışqırır: “Biz bilməliyik ki, o nə yazır, istədiyimizi yazmırsa, onda necə olacaq?”
Müharibədən yazanda, təbii ki, Stalindən yazmamaq mümkün deyildi. Jukovun Stalin haqqında yazdıqları Xruşşovun xoşuna gəlmir. Naşir vasitəsilə çatdırırlar ki, Stalin haqqında yazdıqlarını dəyişsin. Marşala hər şey bəlli olur – həqiqəti yazmaq olmaz…
Azərbaycanın bu günü və ən yaxın keçmişi də təhrif olunur. Dərsliklərdə də, gündəlik xəbərlərdə də, rəsmi mövqelərdə də… Xüsusilə 1988-1993-cü illərə baxış belədir ki, respublikaya rəhbərlik edənlər bacarıqsız, əfəl olublar, buna görə də Azərbaycan, xalq, vətəndaşlar böyük əziyyət çəkib.
Yenə də “Bazar ertəsinədək gözləyək” filmindən tarix müəlliminin tarixi şəxsiyyətlərdən biri haqqında yazılanlara etirazını xatırlatmaq istəyirəm. “Hərdən eşidirəm, Jires nəzərə almadı, Gertsen bacarmadı, Tolstoy sonadək anlamadı. Belə çıxır ki, tarixə “2“ alanlar yığışıb”.
Bəs bizdə necə, bizə də işindən iki alanlarmı rəhbərlik edib? Azərbaycanda şəxsiyyət qıtlığımı var? Millət bu qədərmi qısırlaşdı?
SSRİ boyda nəhəng imperiya dağılırdı. Nəhənglər dağılanda dağıntılar altında çox şey qalır. Azərbaycan da bu imperiyanın neçə illər bir parçası olmuşdu. Təbii ki, imperiyadan qopan hər bir subyekt dərhal rahat həyat tapa bilməzdi. İmperiyanın basdırdığı minalar Cənubi Qafqazda, Moldovada, Rusiyanın özündə faciələrə səbəb oldu.
Qarabağ isə bu imperiyanın çökməsinin başlanğıcı idi. O illərin rəhbərləri iradələrindən asılı olmayaraq Rusiyanın təzyiqləri altında baş verənlərin qarşısını almaqda çətinlik çəkirdilər. O illərdə kimin rəhbər olması məsələyə, ümumi prosesə müsbət və ya mənfi mənada az təsir edəcəkdi. Gürcüstan kimi ictimai-siyasi şüur səviyyəsinin inkişaf etdiyi ölkə də bizim yaşadığımız taleni yaşadı. Baxmayaraq ki, SSRİ-nin xarici işlər naziri olmuş Şevardnadze Gürcüstan dövlətinin başçısı idi. Kamran Bağırovun vaxtında başlayan Qarabağ hadisələrinin, Ermənistandan qovulanların, Sumqayıt hadisələrinin günahını yalnız onun üzərinə qoymaq düz deyil. Kim olsaydı, vəzifədən çıxarılacaqdı. Ermənistanın rəhbəri ilə Azərbaycanın rəhbəri eyni gündə işdən çıxarılmışdı. Açar Moskvanın əlində idi.
Bəs Əbdürrəhman Vəzirov? Ən ağır dönəm məhz onun rəhbərliyi dövrünə düşdü. Ermənistandan gələn qaçqınlar, milli azadlıq hərəkatının böyük vüsət alması, erməni-azərbaycanlı qarşıdurmasının hərbi-silahlı mərhələyə keçməsi, Moskvanın həmişəki ikibaşlı oyunu və sonunda 20 Yanvarı törətməklə Vəzirovu günahkar tutması.
Vəzirovun dövründə Azərbaycan Xalq Cəbhəsi dövlət qeydiyyatından keçdi (Neçə ildir müstəqilik, qeyri-hökumət təşkilatları var ki, 10 ildir qeydiyyatdan keçə bilmir), 1960-70-ci illərdə təzyiqlərə məruz qalanların bəraət almasını da qeyd etməliyik.
Ayaz Mütəllibovun dövründə isə SSRİ rəsmən dağıldı. Artıq Ermənistan və Rusiya birləşib Azərbaycanı diz çökdürmək istəyirdilər. Mütəllibovun rəhbərliyində Xocalı faciəsi baş verdi, 1991-ci ilin noyabrında vertolyot qəzası və böyük kadr potensialının itkisi oldu, amma həm də önəmli tarixi hadisələr baş verdi: müstəqillik əldə etdik, BMT-nin üzvü olduq, Azərbaycan Ordusu yaranmağa başladı. 1990-1991-ci illərdə xeyli ərazi erməni silahlı dəstələrindən azad edildi.
Əbülfəz Elçibəyin hakimiyyəti dövründə – 1992-ci il mayın 25-dən başlayaraq 1993-cü ilin aprelinə kimi Qarabağda və onun ətrafında çox böyük uğurlar qazanıldı. Ağdərə alındı, Ağcakənd azad edildi. Bununla bərabər Kəlbəcər kimi strateji bir rayon itirildi. O dövrdə rus qoşunları Azərbaycandan tamamən çıxarıldı.
1993-cü ilin iyununda Heydər Əliyev hakimiyyətə gəldi. Rəsmən ali baş komandan vəzifəsini yerinə yetirməyinin ilk ayında Ağdam, ardınca Cəbrayıl, Füzuli, Qubadlı, sonda Zəngilan işğal olundu. Amma ölkədə dövlət strukturları möhkəmləndi, başqa separatçı hərəkatlar əzildi, neft kontraktı imzalandı və s.
Bəli, Azərbaycan Dağlıq Qarabağı vermədiyi üçün onun başına 20 Yanvar gələcəkdi. Rəhbər dəyişəcək, amma Xocalı, Şuşa, Laçın itiriləcəkdi. Hakimiyyət dəyişəcək, amma Kəlbəcər faciəsi yaşanacaqdı, rəhbər yenə dəyişəcək, amma Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan işğal olunacaqdı. Bugünkü təbliğat və hadisələrə baxış bucağı yalnız siyasi baş qaxıncı prizmasından dəyərləndirilir. Bu, Krılovun “Qurd və quzusu”dur. Məqsəd səni yeməkdir, səni düşmən kimi xalqa təqdim etməkdir və bu təkcə 1988-1993-cü illərə aid deyil. Azərbaycan Xalq Cümhuriyyətinə, onun yaradıcısı Məhəmməd Əmin Rəsulzadəyə olan münasibət də bu siyasətin tərkib hissəsidir.
Qələbəni unutdurmaq, müsbətə mənfi don geyindirmək, ağa qara demək təhrifçiliyə xas əlamətdir. Dərd ondadır ki, tariximizdəki faciələrə də münasibət ikilidir. Bəziləri yada salınır, hətta ondan siyasi dividendlər əldə olunur, bəzilərinin üstündən sükutla keçilir.
Tarix saxtalaşdırılaraq yazıla bilər, amma həqiqət anı da uzaqda deyil, əksinə, üzdə olan yalan, sabun köpüyüdür, partlayanda iz də qalmayacaq.
Həqiqət – o, həmişə yanımızdadır, bir az kölgədədir, sadəcə, onu görmək, üzə çıxarmaq çətindir. Bu yerə qədər yazdıqlarım, bundan sonra yazacaqlarım da tarixi həqiqətlərdir, kölgədəki həqiqət. Yer kürəsi fırlanıb kölgələri günorta yox etdiyi kimi zaman da fırlanır və kölgədəki həqiqətlər işıq üzü görür. Bəşər tarixi də bu həqiqətlərin üstündədir.
(Birinci hissənin sonu)