Aynur MƏSİMOVA (TƏMKİN)
Cavidan ağrıyan vicdanını sakitləşdirmək üçün qəlbində özünə bəhanələr axtarır, pis bir şey etmədiyini öz-özünə gündə min kərə təkrarlayırdı. Bəzən də “Raufu min Kamilə olsa yolundan döndərə bilməz” – deyib təskinlik tapırdı. Neçə gecə idi yuxu tapa bilmir, yatağına qor tökülmüş kimi əzab çəkirdi. Bir tərəfdən can dostunun evliliyinin təhlükə altında qalması, digər yandan da atasının xofu, el içində rüsvay olma təhlükəsi. Oğlan məkana getdiyi günü lənətləyir, içdən-içə özünü yeyib bitirirdi. Nəhayət, atasının xofu hər şeyə üstün gəldi. Və daima dostluqdan, kişilikdən dəm vuran Məşədi Əliabbas tayfasının gənc nümayəndəsi “Ağlı var etməsin, Kamilələrə uymasın” – deyib, öz-özünü sakitləşdirib, Raufu Kamilənin təkidi ilə çaya dəvət etdi.
Rauf o hadisədən sonra Cavidanın bir daha ora getməyəcəyini düşünmüşdü. Lakin Cavidan zəng edib onu ora, çaya dəvət edəndə bərk təəccübləndi. Rauf “İşim var” – deyib dəvəti rədd etməyə çalışdıqda Cavidan israrla babasının qəbrinə and verib, ona “Gözləyəcəyəm” – deyib dəstəyi asdı.
Rauf dostunun bu istəyini anlamağa çalışır, lakin hələ ki, oğlanın nəyə nail olmağa çalışdığını başa düşə bilmirdi. Cavidanın israrlı çağırışları hər gün daha da artır, Raufu da ora alışdırırdı. Hər gedişində Kamilənin qaynar, odlu baxışlarını üzündə hiss edən Rauf ürəyinin lap dərin guşəsində bu baxışlardan xoşhallandığını duyur, daha qıza saymaz yanaşmırdı. Oğlan addım-addım qızın cazibəsinə uyur, çay öz məcrasını dəyişib yanlış yerə axan kimi Kamiləyə yaxınlaşdıqca Şahanəylə arasındakı məsafə artır, qızı daha çox incidib, qəlbini qırırdı. Atasının qəzəbli baxışlarından, sərt yanaşmalarından, anasının deyinmələrindən usanan Rauf Şahanəni cəhənnəmin ortasında qoyaraq başını götürüb qaçırdı.
Şahanə hər gün eşitdiyi təhqirlərdən çox yorulmuşdu. Hər şeyi söz edən Gülpəri Şahanəyə gün verib, işıq vermir, onun heç bir işini bəyənmir, qızın qulağı eşidə-eşidə nalayiq sözlər deyərək onun ürəyində dərin iz buraxıb, bərk yaralayırdı.
Şahanə ata dəlisi olan qızının xatirinə hər şeyə susur, dərdini içinə verirdi. O, qızını atasız buraxıb onun körpə qəlbini incitməkdən qorxurdu. Bunun üçün o, evdə söz-söhbətdən qaçır, bəzən ona olan haqsızlığı görməzliyə vururdu. Fəqət o, bu qədər fədakarlıq edib, dözüm göstərdiyi halda bütün qəlbiylə, varlığıyla bağlandığı əri hər gün onu sarsıdaraq, biganəliyi ilə qadının yaralı könlünü daha çox yaralayırdı.
Şahanə Raufun ona olan soyuq münasibətindən şübhələnməyə başlamışdı. O, bunun üçün elə bir əsas tapmasa da içini didib-dağıdan nəsə onu üşürgələndirirdi. Böyük bir təsadüf Şahanənin sonuncu inamını da qıraraq gənc qadın üçün hər şeyi bir andaca ortaya çıxartdı.
Böyük zalda süfrəni bəzəməkdə olan Şahanə bərk tələsirdi. Arzuyla danışa-gülüşə gah mətbəxə, gah da zala girib-çıxır, əlindəkiləri süfrəyə düzürdü. Özünə bir günlük istirahət verən Rauf hələ də yatağından qalxmamışdı. Lalə oyuncaqlarını bir-bir ortaya tökür, güya ki, o da anası kimi süfrə açırdı. Qızına məftunluqla baxan Şahanə fərəhindən göyə uçurdu. Evdəki pis münasibəti, Raufun son vaxtlar göstərdiyi soyuqluğu, hər şeyi unutmuşdu sanki.
Qadın saat 6 olduğunu görüb ərini durğuzmaq niyyəti ilə otağın qapısını açdıqda, Rauf çaşqınlıq içində əlindəki telefonu bilmədi neyləsin. Qadın onun bu halını görüb duruxdu:
– Bəs sən yatmırdın? Kiminlə yazışırsan elə? Dur daha… – deyə oğlanın gözlərinə baxdı.
Baxışlarını arvadından qaçırdan Rauf yorğanı bir kənara atıb qalxdı:
– Axşamın xeyir, Şahanə. Yatmağa yatmırdım. Uşaqların mesajları hara qoyur yatmağa. Hamısı təbrik yollayıb. Əslində yatacaqdım. Amma imkan vermədilər. Acından ölürəm. De görüm ərinə nə bişirmisən? – deyə gümrahlıqla eyvana çıxdı.
Atasını görcək Lalə qaçıb onun dizlərinə sarıldı. Rauf onun saçlarını sığalladı, qızını qucağına götürüb ona bərk sarıldı. Kiçik qız qollarını atasının boynuna dolayıb, burnunu atasının burnuna yapışdırdı:
– Ay kişi, niyə duymursan, hə? Ata da bu qədəy yatay?.. – Qız şirin-şirin danışır, Raufu güldürürdü.
Ad günü ziyafətinin xoş və sakit keçməsi Şahanəni sevindirməyə bilmirdi. Aylarla qapılarını açmayan Elgiz, Nihal və Səbinə uzun müddətdən sonra ilk dəfə idi ki, onlara qonaq gəlmişdi. Qızlar kiçik Laləylə oynayıb gülüşdükcə Şahanə körpə uşaq təki sevinir, xoşbəxtlikdən göylərə uçurdu. Lakin sevinc hissi ilə bərabər içində müdhiş bir qorxu da baş qaldıraraq onun fikirlərini bürüyürdü. Heç özü də bilmirdi bu qorxunc duyğular hardan onun içinə dolur.
Qapının zəngi basıldı. Manqala baxmaq üçün həyətə enən Rauf gedib qapını açdı. Əlindəki dövrəni ərinə vermək üçün onun arxasıyca çıxan Şahanə oğlanın kiminləsə söhbətləşdiyini gördü. Gələn adam kim idisə Raufa nəsə verib çıxıb getdi. Şahanə Raufa tərəf gəldi. Başı nəyəsə bərk qarışan oğlan onu görmədi. Qadının gözləri ərinin əlindəki ətir şüşəsinə ilişib qaldı. Beynindəki suallara cavab axtara-axtara bilmədi neyləsin. Qadın səssizcə ərinə baxdı. Bayaqkı həyəcanı və təlaşı getdikcə artaraq bütün bədəni boyunca yayıldı, bayaqkı sevinc və fərəhi əriyib getdi. Rauf çevrilib Şahanəni gördükdə özünü itirdi, əlindəki hədiyyəni bilmədi neyləsin. Hətta nə deyəcəyini belə bilmədi. Qızın baxışları altında əzildi, əridi sanki.
– Bu nədir belə? – Şahanənin səsi sanki quyunun dibindən gəldi.
Raufun dili topuq çaldı:
– Hədiyyə. Uşaqlar göndərib.
– Uşaq kimdir, Rauf? – Qadının gözləri yerə düşən kağıza sataşdı. Əyilib yerdən qaldırdı. Əlləri əsə-əsə, gözləri yaşla dolmuş halda, güclə eşidiləcək səslə: – Bu nə deməkdir belə? – deyə ərindən soruşdu. Dodaq boyası ilə öpüşlərə qərq olan kağızı ərinə uzatdı.
Çaşqınlıq içində qalan Rauf çıxılmaz vəziyyətə düşdü. Uydurmağa tutarlı bir yalan da tapa bilmədi. Nə desə qadın onsuz da inanmayacaqdı. Rauf kobud şəkildə kağızı dartıb qızın əlindən aldı:
– Dedim ki, uşaqlar göndərib. Zarafatca belə ediblər. Get buradan. Qonaqlardan ayıbdır. Mən də indi gəlirəm.
Şahanə evliliyi boyunca ilk dəfə idi bu qədər sarsıdıcı, çökdürücü bir zərbə alırdı. Ürəyini parçalayan bu kağız onun güvənini yerlə-yeksan etməyə yetmişdi. İndi, bu anda məhz bu kağız parçası onun evliliyinin süquta getdiyini göstərir, Raufun ona olan məhəbbətinin soyuduğunu sübut edirdi. Əvvəlki nəşəsinin yerini qüssə, kədər tutmuşdu. O öz vəziyyətinin kritik olduğunu bilirdi. Lakin bunu valideynlərinin yanında büruzə verməməyə çalışırdı. Onun xəyalları darmadağın idi. Onun qadınlıq hissiyyatı təhqir olunmuşdu. Onun sabaha olan güvəni, inamı yoxa çıxmışdı.
Rauf bir zaman uğruna canını verməyə hazır olduğu Şahanəsinin nələr çəkdiyindən xəbərsizdi. O, qadının hər gecə göz yaşları içində yuxuya getməsindən bixəbərdi. O, gənc qadının bütün ülvi duyğularının məhv olduğunun, sevgiyə, insanlara inamının qırıldığının fərqində deyildi. Vicdanı onu ağrıtmırdı. Gənc Məşədi Əliabbas davamçısı ən nəhayət qürur duyduqları babalarının yoluna qədəm basaraq ailəsinin müqəddəsliyini şəhvətinə satmışdı.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13