Qələbədən qələbəyə (2)
- 18 Yanvar 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetTribuna
İlham İSMAYIL
Üç kəndin azad edilməsi üç rayonun – Gəncənin, Xanların (Göygöl), Goranboyun dincliyi, rahatlığı demək idi. Qarşıda Ağcakəndin azad edilməsi dururdu. Dağlıq Qarabağın ən böyük rayonuna – Ağdərəyə şimal tərəfdən yol tam açılacaqdı.
Kəndlər azad edildikdən sonra onların məskunlaşması prosesinə hazırlıq işləri görülürdü. Ermənistandan gələn qaçqınların və yandırılmış Başqışlaq kəndinin sakinlərinin bu yerlərə köçürülməsi nəzərdə tutulmuşdu. Bu plan, bir az gec olsa da, baş tutdu.
Bir neçə gündən sonra DTK sədri Vaqif Hüseynov yenidən Gəncəyə gəldi. Əməliyyat müşavirəsi keçirdi və növbəti hədəfin Ağcakənd rayonunun ərazisi – ermənilərin əlində olan Qaraçinar, Başkənd, Ağcakənd istiqaməti olduğunu və tezliklə əməliyyata başlanacağını bildirdi.
Ruh yüksəkliyi bizi göylərə qaldırmışdı. Müşavirə bitəndən sonra Vaqif Hüseynov üzünü mənə tutdu:
– Sən hazırlaş, mənimlə Goranboya gedəcəksən. Artıq sənin təcrübən var. Müşahidə aparacağıq. Komanda heyətinin məntəqəsini və hücum istiqamətlərini müəyyənləşdirdikdən sonra müzakirə etməliyik.
İnformasiya qıtlığımız var. Yəqin ki, səni Rus Borisi kəndinə (orada malakanlar yaşayır), ermənilərin arxasına atmalı olacağıq. Bələdçi səni müşayiət edəcək. Bir neçə gün erməni qüvvələri barədə maksimum informasiya topla, sonra geri dön, bir daha ölçüb-biçərik, uğurlu döyüş-əməliyyat planı hazırlayarıq. Amma hələ Goranboya bir yerdə gedəcəyik.
“Çayka”ya əyləşib yola düşdük. Yolboyu işdən çox ölkədəki vəziyyətdən, siyasətdən, qəzetlərdən söhbət etdik. Əlavə etdi ki, biz səninlə həm də jurnalist kimi kolleqayıq, ona görə mətbuatdan da danışırıq.
Aramızdakı dialoqu belə xatırlayıram:
– İlham, biz Çaykəndi, Buzluğu, Manaşidi, Erkeçi azad etdik, elədirmi?
– Bəli.
– Bu əməliyyatlarda özün gördün ki, bizə ruslar kömək etdi. Həm yeri gələndə neytral qaldılar, bəzən də texnika ilə kömək etdilər, elədirmi?
– Belə oldu.
– Biz indi hazırlaşırıq “Şaumyan selski”ni də (o vaxtkı Şaumyan kənd rayonunu) azad edək. Moskva yenə bizə kömək edəcək… Biləsən ki, bu, asan olmur, gecə-gündüz aparılan çox çətin danışıqların nəticəsidir. Vaxt gələr, bilərsən. İndi mənə de görüm biz bu işimizlə kimə xidmət edirik?
Sualı verib diqqətlə üzümə baxdı. Maşının arxasında yanaşı oturmuşduq.
– Xalqımıza, – dedim.
– Bəli, Azərbaycana, Azərbaycan xalqına xidmət edirik. Amma gör, sənin (bizim demədi) jurnalist kolleqaların nə yazır, – “Azadlıq” qəzetini göstərdi, – hər gün yazır ki, Moskvaya xidmət edirik… Bunlar bilmirlər ki, biz Moskvanın əli ilə xalqımıza xidmət edirik. Qarabağda da belə olacaq. Qarabağı da bu “boyevik”lərdən, saqqallılardan təmizləyəcəyik, Moskvanın əli ilə.
…DTK sədri general-mayor Vaqif Hüseynov, baş əməliyyat müvəkkili mayor İlham İsmayılovla qəlb söhbəti edirdi…
Bu mənim Vaqif Hüseynovla sonuncu söhbətim və görüşüm oldu. Goranboya gedib-qayıtdıqdan sonra bir daha generalı görmədim…
Mən Rus Borisi kəndinə getmək üçün avqustun 19-da sabah erkən DTK-nın Goranboy şöbəsinə gəldim. Heç kəs yox idi. Saat 9:00-da rəis Hüseynağa müəllim gəldi. Gülə-gülə dedi ki, heç yana getmək lazım deyil: “Qorbaçovu aşırtdılar. Gəncənin rəisi Nağıyev zəng vurmuşdu. Dedi İlham geri qayıtsın”.
Moskvada çevriliş olmuşdu. Əməliyyat telefonu ilə Gəncəyə zəng etdim. Rəis Cəbrayıl Nağıyev bildirdi ki, Vaqif Hüseynov deyir geri qayıtsın, plan dəyişib.
Gəncəyə qayıtdım. Vaqif Hüseynov təcili Bakıya dönmüşdü.
***
Tarixə “putça” kimi düşmüş hadisələrdən sonra ermənilərin Qarabağ və ətraf rayonlarda fəaliyyəti hiss ediləcək dərəcədə artmış, hətta azad etdiyimiz Buzluq kəndinə qədər gəlib çıxmış, Başqışlaq kəndini tamam yandırmışdılar. Respublika rəhbərliyi səviyyəsində “putça”dan sonra ruh düşkünlüyünün yaranması, qəti addımların atılmaması açıq görünürdü. Qarabağ və ətrafında cərəyan edən hadisələrə adekvat reaksiya verilmirdi. Ermənilərin Buzluğa girib-çıxması perspektivdə Çaykəndin yenidən işğalına gətirib çıxara bilərdi.
Şöbədə hamı nahar fasiləsinə gedəndə rəisin otağına girib hökumət telefonuyla parlament sədrinin müavini Tamerlan Qarayevin nömrəsinə zəng etdim. Özümü təqdim edəndən sonra yaranmış vəziyyəti danışdım və burda qüvvələr yerləşdirilməsə Çaykəndin yenidən işğal olunması təhlükəsinin olduğunu bildirdim. Tamerlan bəy Əsədovla danışacağına söz verib xudahafizləşdi.
Belə bir vaxtda – avqustun 29-da, günortadan sonra şöbəyə xəbər gəldi ki, Goranboyun Şəfəq kəndində bizim xüsusi təyinatlı dəstəmiz mühasirəyə düşüb, kömək etmək lazımdır. Mən və daha 4 əməkdaşımız silahlanıb Şəfəq kəndinə yollandıq.
Şəfəq kəndinə çatanda gördüklərimiz bizə yaxşı təsir bağışlamadı. Kəndin mədəniyyət evində xeyli sayda milis işçisi görəndə ilk sualımız bu oldu ki, siz burda qüvvəsiniz, bəs bizim uşaqlar niyə mühasirədədir? Milis işçiləri başqa rayondan (ad çəkmək istəmirəm, çünki o rayondan şəhid olanların ruhuna günah olar) gəldiklərini, buraları yaxşı tanımadıqlarını bəhanə gətirdilər.
Dərinə getmədik, faktiki qorxudan irəli getmədikləri açıq hiss olunurdu. Bizə yaxınlaşan gənc oğlan “Sizin işçilər bizim evdə mövqe tutublar, amma ermənilər də evimizi mühasirəyə alıblar. Bir yerdən ora keçmək olar, amma risk də var” dedi.
Məlum oldu ki, Şəfəq kəndinin hündür yerində kolxoz sədri Şubayın evi var və strateji nöqtədə olan bu evdən kəndə yaxınlaşan düşməni görmək mümkündür, amma ermənilər evin üç tərəfini tuta bilmişdilər, yalnız dar bir yerdən evlə əlaqə saxlamaq mümkün idi, o yolu da düşmənlər ferma tərəfdən atəşə tuturdu.
Ev sahibinin oğlu qoçaq idi. Bizi qonşu həyətlərdən keçirib həmin dar keçidə çatdırdı. Burdan keçmək və düşmən gülləsinə tuş gəlməmək qismət məsələsi idi. Fasilələrlə bir-bir yolu keçib yoldaşlarımıza çatdıq.
Dostlarımızın əhval-ruhiyyəsi yaxşı idi. Riyad (Milli Qəhrəman Riyad Əhmədov) məni görən kimi “Bildim ki, gələcəksən” dedi. Əlimdəki pulemyota baxıb: “Hə, indi gəl, iki istiqamətdə bu əclafların üstünə iki daraq boşalt, qoy bilsinlər pulemyotumuz da var”.
Pulemyot şaqqıldadıqca əhval-ruhiyyə də yüksəlirdi. Evin ikinci mərtəbəsində pəncərənin ağzında dayanıb ermənilərin yaxınlaşa biləcəyi yolu nəzarətdə saxlayır, hərdən düşmən tərəfə də atəş açırdım. Ermənilər də yaxın məsafədən evi, dayandığım pəncərəni atəşə tutur, reaksiyamızı yoxlayırdılar. Pəncərədən girən güllələr divarda sanki arx açmışdı.
Qaranlıq düşdükcə mühasirədə olmağın həyəcanı da artırdı, gecə vəziyyətin gərgin olacağı bəlli idi. Əfqanıstan müharibəsini keçmiş dəstəmizin komandiri Ağəli Rəhimovun soyuqqanlılığı onun bir tərzi idi. Riyad isə həmişəki kimi şən idi, zarafatlarından qalmır, hərdən rus dilində ermənilərə tərəf gur səslə yaxşı bir söyüş yollayıb, qumbaraatanla atəş açırdı.
Növbə ilə evin birinci mərtəbəsində şam edirdik. Gəncədən gələnlər – mən, Vahid Hüseynov (sonra Tovuz rayon bölməsinin rəisi), Aydın Muradov (sonra Gəncə şəhər şöbəsinin rəisi) şam edən zaman ermənilər güclü atəş yağdırdılar, hətta bayaqdan təhlükəsiz yer hesab edilən birinci mərtəbəyə güllələr yağmağa başladı.
Atəşdən əvvəl mühasirənin stressini çıxarmaq üçün stol arxasında meyvə arağı ilə sağlıq deyirdik. Komandir “Yerə yatın!” əmrini verəndə süfrənin arxasındakılar stolun altına girdik və qəribə mənzərə hamımızı güldürdü. Məlum oldu ki, “Yerə yatın” əmri veriləndə hamımız stolun altına əlimizdəki qədəhlə girmişik. Qədəhləri toqquşdurub, gülə-gülə içdik və hər kəs mövqeyinə süründü.
Güllələrin dağıtdığı pəncərə şüşələrinin parçası Vahidin əlinə girib yaralamışdı. Qarşılıqlı atışma dayanmadan davam edirdi. Ermənilər o qədər yaxından atəş açırdı ki, darvazadan, hasardan, pəncərənin altından, həyətdən hər an içəri girəcəklərini gözləyirdik. Gecəyə ermənilər yaxşı hazırlaşmışdılar.
Ev sahibinin oğlu bizə baş çəkməyə gəlmişdi, kəndə əlavə milis işçilərinin, cəbhəçilərin də gəldiyini, amma bizim mövqeyə yaxınlaşmaqdan çəkindiklərini söylədi. Bu qoçaq oğlanı hər dəfə gördükcə çöl aləmlə hələ əlaqənin kəsilməməsi bizdə ruh yüksəkliyi, inam yaradırdı.
Vəziyyət getdikcə dramatikləşirdi. Bu ev alınsa, bütün Şəfəq kəndi alınacaqdı, bizim də sağ qalmağımız möcüzə ola bilərdi.
“Şubayın evi” Böyük Vətən müharibəsində Stalinqraddakı məşhur “Pavlov evi”nə dönmüşdü. 58 gün müdafiə olunan “Pavlov evi” kimi “Şubayın evi” də xeyli müddət, daha çox MTN işçilərinin, sonra yerli döyüşçülərin hesabına sonadək qorundu.
Sonralar öyrənəcəyəm ki, mənim dayandığım pəncərəni qoruyan Goranboy sakini ermənilərin qumbaraatanla atdığı atəş nəticəsində başına dəyən qəlpədən həlak olacaq.
Baxmayaraq ki, patron və digər sursatımız kifayət qədər idi, amma bütün gecəni intensiv atışsaydıq, o da tükənə bilərdi. Arada atışma dayanır, gecənin zülməti, sükutu adamı güllə səslərindən də çox vahimələndirirdi. Növbəti həmləni dəf etmək üçün gözümüzü qırpmadan qarşı tərəfə baxırdıq. Gecə təxminən saat 4 radələrində bir BTR gəlib kəndin başqa hündür yerində durub atəş açmağa başladı. Atəş əsasən erməni tərəfə atılırdı, hərdən bizim mövqeləri də atəşə verəndə çaşıb qaldıq.
Hava işıqlanırdı, tək-tək atılan güllələr də eşidilməz oldu. Bu vaxt rayon rəhbərlərindən bir neçə nəfər gözləmədiyimiz halda qoruduğumuz evə gəldi. İlk ağlımıza gələn sual bu adamların mühasirəni necə keçib gəlmələri idi. Onlar atəş açmamağı söyləyib bildirdilər ki, Rusiya Federasiyası deputatlarının bir neçəsi erməni tərəfdən gəliblər, kənddə görüş keçirib, atəşkəsə nail olmaq istəyirlər.
BTR-in gəlişi hamımıza aydın oldu.
Bir neçə saatdan sonra Dövlət Dumasının iki deputatı, iki jurnalist, bir neçə rus hərbiçisi və 1990-cı ilin 14 yanvarında Çaykənddə azərbaycanlı girovlarla dəyişdiyim Meqriyan Şagen nümayəndə heyəti ilə kəndə gəldilər. Deputatlar məqsədlərinin atəşkəs əldə etmək olduğunu bildirdilər.
Danışıqları rayon rəhbərliyi aparırdı. Şagen ehtiram əlaməti olaraq əlini sinəsinə qoyub məni salamladı.
Bizə kənarda dayanmaq, söhbətdə iştirak etməmək tapşırılmışdı. Kənarda dayanmağımıza baxmayaraq rus jurnalistlərdən biri mənə yaxınlaşıb suallar verməyə başladı və hərbi formama, rütbəmə baxıb biləndə ki, mən DTK-nın mayoruyam, təəccüb etdi, hətta könüllü və ya əmrlə vuruşduğumu soruşdu. Hər ikisinin olduğunu söyləyib izah etdim ki, rəhbərliyin göstərişi olmadan əlimdəki pulemyotu mənə kim verər?
Döyüş məsələsində könüllülük də vacib şərtdir, çünki şöbədə xeyli əməkdaş olmasına baxmayaraq vuruşa kimlərin gedəcəyini rəhbərlik də yaxşı bilirdi (Bizdə biri vardı, Əfqanıstanda da olmuşdu, amma oradan simulyantlığına görə, kəsəsi, qorxaqlığına görə qovmuşdular. Gəncədə də heç vaxt ona silah verilmədi).
Rus jurnalist gülüb dedi: “Это уже конец СССР”.
Jurnalist düz fikirləşmişdi. Dörd aydan sonra SSRİ adlı dövlət rəsmən dağıldı.
Sentyabrın 13-də Ayaz Mütəllibov Vaqif Hüseynovu vəzifədən azad etdi… Bu qərarın incəliklərini bilmədiyim üçün xüsusi fikir söyləyə bilmirəm, amma indi də bu fikirdəyəm ki, Ayaz Mütəllibov Vaqif Hüseynovu işdən azad etməkdə, Əbülfəz Elçibəy isə onu həbs etdirməklə böyük səhvə yol vermişdilər.
Birincisi, Vaqif Hüseynovun Azərbaycan qarşısında xidmətləri böyük olmuşdu, ikincisi də onun potensialı imkan verirdi ki, xalqa yenə xidmət etsin. Vaqif Hüseynov kabinet generalı deyildi. Azərbaycanda gərginlik yaşanan bölgəyə şəxsən özü gələrdi, Qazaxın, Tovuzun Ermənistanla sərhədlərində, Çaykənddə, Todanda, Goranboyun döyüş bölgələrində bir yerdə olmuşuq. Qarabağ da öz yerində.
Əməliyyat müşavirələrində generalın yüksək intellekti, ədəbiyyatı, tarixi gözəl bilməsi, strateji düşündüyü, ən əsası, yüksək idarəetmə qabiliyyətinə malik bir rəhbər olduğu hamımıza məlum idi. O bizim işin peşəkarı deyildi, DTK-ya, necə deyərlər, partiya işindən gəlmişdi, amma biz heç zaman bunu hiss etmədik. İndi də internetdə Vaqif Hüseynovun Rusiya və dünya siyasəti ilə bağlı analitik yazılarını, müsahibələrini oxuyur və… yalnız təəssüf edirəm. O, Azərbaycan üçün çox şey edə bilərdi…
Məni düzgün başa düşün, olanı deyirəm. Məqsədim də o dövrdə Azərbaycan torpaqlarının necə planlı şəkildə azad olunduğunu faktlarla göstərməkdir. Bu, xatirə deyil, Azərbaycan tarixinin bir parçasıdır və bu tarixə öz imzasını qoymuş şəxslərin əməyini danmaq, gizlətmək olmaz!
Gənclik illərimizdə “işıqlı gələcək” ifadəsi bir sovet siyasi termini, siyasi şüar kimi tez-tez işlədilirdi. Bu gündən yaxın keçmişə nəzər salanda çox məsələdə – insan münasibətləri, ədalət, təhsil və s. – keçmiş daha işıqlı görünür. Bu kitabın yazılmasını aydınladan da keçmişdən süzülən işıqdır. Bəhs etdiyim hadisələr – Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi işi bu gün də qürurvericidir. SSRİ-nin dağılması ərəfəsində, ordu olmayan bir zamanda yalnız yüngül döyüş silahları ilə təchiz edilmiş DTK və OMON dəstələri Azərbaycan tarixində iz buraxıb. O günlər bütün fiziki çətinlikləri ilə mənən çox gözəl idi, çünki görülən işin nəticəsi vardı.
Buzluq, Manaşid, Erkeçin azad edilməsindən sonra 1992-ci ilin mayın sonunadək Ermənistan-Azərbaycan müharibəsində heç bir uğurumuz olmadı. 1992-ci ilin may ayının sonundan 1993-cü ilin martın 30-dək Qarabağ cəbhəsində böyük uğurlar qazanıldı. Ağcakənd, Ağdərə azad olundu. Xankəndinə bir neçə istiqamətdə yaxınlaşmışdıq.
1993-cü il aprelin 2-dən – Kəlbəcər işğal olunandan bu günə qədər Azərbaycan yalnız torpaq itkisinə məruz qalıb, bir qarış torpaq belə işğaldan azad olunmayıb. Qarabağ danışıqlarında isə iş o yerə çatıb ki, Çaykənd və ətrafındakı kəndlər belə “Getaşenski podrayon” ərazisi kimi ermənilər tərəfindən müzakirə predmetinə çevrilib və Minsk qrupu da bunu qəbul edib.
Qeyd etdiyim kəndlərin azad olunması praktikası göstərdi ki, uğurlu döyüş üçün əvvəlcə ağıllı, çevik diplomatiya vacib şərtdir. Uğurlu sülh danışığı üçün də güclü hərbi qüvvəyə malik olmalısan.
Deyəsən, çox şey istədik. Stalinin sözü olmasın, olanımız budur.
Budurmu?!