İlham İSMAYIL
Müharibədə ruh yüksəkliyi qələbə üçün vacib amildir. Bu ruh təkcə döyüşçülərə aid olmur, millətə də təsir edir. Ruhu, inamı olan millətin döyüşçüsünün qələbə əzmi ondan güclü olan düşmənin məğlubiyyətinə gətirir. Tarixdən də məlumdur ki, ruhu, qələbəyə inamı olan ordu sayca özündən artıq olan düşməni həmişə məhv edib.
1991-ci ilin aprelində Çaykəndin azad edilməsi onu azad edənlərdə – yəni DTK və OMON-un döyüşçülərində xüsusi ruh yüksəkliyi yaratmışdı və təbii ki, bu ovqat xalqa da sirayət etmişdi.
Ağcakənd (keçmiş Şaumyan) rayonunun şimal hissəsindəki üç kənd – Erkeç, Manaşid, Buzluq erməni yaraqlılarının hərbi bazasına çevrilmişdi. Bu kəndlərin qonşuluğundakı Sarısu, Todan kəndləri, eləcə də azad edilmiş digər kəndlər hər zaman erməni qüvvələrinin hücumuna məruz qala bilərdi.
Çaykəndin geri alınması üçün ermənilərin hazırlıq gördüyü barədə məlumatlar gəlirdi. Bu üç kəndin azad edilməsi Ağcakənd istiqamətində yolu tam açır, perspektivdə Ağdərəyə həm Tərtər, həm də Ağcakənddən daxil olmaq imkanı yaradırdı. Gəncədə əməliyyat müşavirəsi zamanı DTK sədri Vaqif Hüseynov qarşıda məhz belə bir strateji hədəfin olduğunu deyəndə bəzilərinə real görünməsə də, Çaykənd əməliyyatı zamanı generalın istər hərbi, istər siyasi baxımdan Rusiyanın vacib dairələri ilə apardığı prinsipial danışıqlar onun dediklərinin reallaşacağına inam yaradırdı. Qısa bir zamanda əməliyyat hazırlığı başlandı.
Erkeç, Manasid, Buzluğun azad edilməsi DTK-nın xüsusi təyinatlı dəstəsinin və şəxsi heyətinin gücü ilə həyata keçirilməli idi. OMON o dövrdə daha çox Dağlıq Qarabağda əməliyyatlar keçirirdi. Amma əməliyyata başlamazdan əvvəl OMON-dan da xüsusi bölük köməyə gəlmişdi. 1991-ci ilin iyulun əvvəllərində artıq Todan kəndinin klubunda DTK-nın qüvvələri kazarma yaratmış, hazırlıq işləri başlanmışdı. Hər üç kəndə eyni vaxtda və üç istiqamətdə hücum hazırlanırdı.
Sovet Ordusunun əsgərləri hələ də erməni yaşayış məntəqələrini qoruyurdu. Belə bir durumda döyüşün faktiki olaraq rus əsgərlərlə aparılacağı gözlənilirdi. Rəhbərliyin apardığı danışıqlar nəticəsində iyulun 15-dən sonra rusların Xankəndidəki hərbi hissəyə qayıdacaqları məlum oldu. Goranboyun Dəliməmmədli qəsəbəsində DTK qüvvələri peşə məktəbinin həyətində son təlimatlar alandan sonra Todan kəndinə yollandı. Səhər tezdən hücum başladı. Elə ilk atəşdən sonra Manaşid, Buzluq kəndi istiqamətlərində Sovet Ordusunun 2 zirehli maşını göründü. Buzluq və Manaşid istiqamətlərində hücuma keçən əməkdaşlarımız onların güclü atəşi nəticəsində yarı mühasirə vəziyyətinə düşdü. Güllə yağış kimi yağdığından baş qaldırmaq mümkün deyildi. Biz tərəfdən avtomat, pulemyot atəşləri yetərli deyildi, geri çəkilmək belə çətinləşmişdi. Rusların hələ də bu kəndləri qoruduğunu gözləmirdik.
Düşmən tərəfdə elektrik transformatorunun arxasında dayananların atəşi heç imkan vermirdi. Bizim qumbaraatançımız mənə dedi irəli sürünək, ta o məsafəyə qədər ki, dizi üstə durub, erməni mövqeyini qumbaraatanla məhv edə bilsin. Təhlükəli idi, amma oldu. Pulemyotla erməni mövqeyini aramsız atəşə tutub ona şərait yaratdım ki, dizi üstə durub atəş aça bilsin. 3 mərmi atəşindən sonra ermənilərin istehkamı dağıldı və bir az geri çəkildilər.
Bu vaxt fürsətdən istifadə edib bizim uşaqlar geri çəkilə bildi. Heç iki dəqiqə keçməmiş yenidən atəş altına düşdük. Qumbaraatançı ilə çox çətinliklə sürünüb təhlükəsiz yerə çəkilə bildik. Həmin gün kəndləri ala bilmədik.
Axşam tərəfi yenə Dəliməmmədli qəsəbəsinə toplaşıb döyüşün nəticələrini müzakirə etdik. Məktəbin stadionunda DTK sədri Vaqif Hüseynov və milis polkovniki Ramiz Məmmədov qarşımızda çıxış edib bildirdilər ki, döyüş zamanı bizim əməkdaşlardan iki nəfər yaralanıb, OMON-dan isə iki əsgər həlak olub. DTK-nın əməkdaşları etiraz etdilər ki, nədən rus əsgərlərin olduğu əvvəldən bilinməyib, nədən zirehli maşınların mövcudluğu barədə informasiya verilməyib? Bir neçə izahatdan, sual-cavabdan sonra Vaqif Hüseynov bir əhvalat danışdı və bununla da suallara son qoyuldu.
Vaqif Hüseynov dedi:
– Bir dəfə yazıçı Fadeyev Stalinin qəbuluna gedib yazıçılardan şikayət etməyə başlayır. Deyir ki, Simonov semitdir, İlya Erenburq antisemitdir, Şoloxov tamam antisovetdir, filankəs də burjua yazıçısıdır. Üzdə olan bir çox yazıçılar barədə donosvari çıxış edir.
Stalin qulaq asıb deyir: “Aleksandr Aleksandroviç, mənim sizin üçün başqa yazıçılarım yoxdur. Olanımız budur, gedin işinizlə məşğul olun”.
İndi Stalinin sözü olmasın, siz elə şey tələb edirsiniz ki, o da yoxdur. Yəni bizim ordumuz, sərkərdələrimiz yoxdur. Olanımız budur. Amma bu olanla da istəyimizə çatacağıq. Səbir edin.
İki gün Todan kəndində hazırlıq işləri gördük. Bu günlərdə ermənilərin radio-danışıqlarını qeydə alır, gecə tərcümə etdirir, məlumatları Vaqif Hüseynova çatdırırdım. General Gəncədə dislokasiya olunmuş Sovet Ordusunun komanda heyəti ilə görüşlər keçirir, Xankəndidə yerləşən hərbi hissələrə Moskva vasitəsilə təsir edir, məsələni hüquqi cəhətdən əsaslandırır, ermənilərin qanunsuz silahlı dəstələrinə qarşı dövlət strukturlarının apardığı əməliyyata ordunun nəinki bitərəf qalmasını, hətta bizi dəstəkləməsini tələb edir, yüksək səviyyədə danışıqlar aparırdı. Və bütün bunlar Bakıdan deyil, birbaşa hadisə yerindən – DTK-nın Gəncə Şəhər Şöbəsindən aparılırdı.
***
İyulun 18-də yenə də üç istiqamətdə hücuma keçməyi planlaşdırırdıq. Sabah ciddi döyüşün olacağını bilirdik. Ermənilərin radio-danışığından hiss edirdik ki, qarşı tərəf də hazırlaşır. Qərara alındı ki, axşamdan təxribat məqsədli kiçik hücum təşkil edib düşməni çaşbaş salmaq, atəş nöqtələrini, silahlarının növünü öyrənmək lazımdır. Üç kənddən birini seçməli idik. Ən çox silahlanan Erkeç kəndi idi. Gün enəndə kiçik bir dəstəylə kəndin lap yaxınlığına – haradasa 200-300 metrliyinə yaxınlaşdıq. Cəmi 10 nəfər idik. Komandir Ağəli Rəhimov, Riyad Əhmədov, Akif Rüstəmov, Qoşqar Hüseynov, adlarını unutduğum daha 5 üzvümüz və mən mövqe tutduq, ermənilərin səsini də eşidirdik.
Komandir məni kiçik bir ağacın arxasına keçib mövqe tutmağımı, döyüş başlayanda atışma səsinə qonşu erməni kəndlərindən gələ biləcək qüvvələrin qarşısını almağı tapşırdı. Mövqeyim bir az açıq yer idi. Saatlar yoxlandı, konkret vaxtda atəş açılması əmri verildi. Mən gözləməli, yalnız geri çəkiləndə erməni mövqelərini atəşə tutub, diqqəti yayındırmalı, dəstənin geri çəkilməsinə şərait yaratmalıydım.
Döyüş başladı, ermənilər təşvişdə idilər, hara gəldi atəş açır, bizim qəfləti hücumu gözləmirdilər. 10 dəqiqə bitdi, növbə mənim idi. Əl pulemyotu ilə kiçik fasilələrlə atəş açır, uşaqların geri çəkilməsini təmin edirdim. Ermənilər mənim mövqeyimi güclü atəşə tutdular. Belə də olmalı idi. Bütün atəş mənə tərəf yönəlmişdi, əməkdaşlarımız geri çəkilirdilər. Yerim, mövqeyim çox da etibarlı deyildi. Güllələr başımın üstündən keçib, nazik armud ağacına girirdi. Gün tamam batdığından güllələrin işığı aydın görünürdü. Güllə üstümə yağış kimi yağırdı. Dayandığım dikdən çönüb geri çəkilmək belə mümkün deyildi.
Dəstəmizin dərədə onları gözləyən maşına mindiklərini görəndə geri sürünməyə başladım. Etiraf edim ki, indi vurularam, bu saat vurularam fikri beynimdən çıxmırdı. Geri-geri bir xeyli sürünüb təhlükəsiz yerə çatanda dayanıb nəfəsimi dərdim. Artıq güllələrin başımın üstündən yuxarı uçduğunu sakit izləyirdim. Qarın nahiyəmdən yanıqlı ağrı hiss etdim. Fikirləşdim ki, axı ağzı üstə uzanıb atəş açırdım, qarnımdan yaralana bilmərəm. Əlimi ağrıyan hissəyə toxundurdum, əlim tamam qana batdı. Yenə anlamırdım ki, axı mənə güllə dəyməyib, üzü üstə olmuşam. Baxdım. Yayın günündə çalınmış otların sərt kökləri mən geri süründükcə hərbi koftanı yuxarı çəkmiş, dərimi ot kökləri tamam dağıtmışdı. Dəstənin üzvlərinə tərəf getdim, maşına minib Todan kəndinə döndük.
Səhərisi gün yaxşı əhval-ruhiyyə ilə üç istiqamətdə hücuma keçdik. Artıq ilk atışmada ermənilər geri çəkilməyə, sonra qaçmağa başladılar. Kənd camaatı yaraqlıların qaçdığını görüb onlara qoşuldu. Şərait yaratdıq ki, əhali çıxa bilsin. Bu mənzərəni o anda müşahidə etmək xoş olsa da, elə gecə növbə çəkəndə evini, neçə il yaşadığı yeri, keçmişini itirən insanların, xüsusilə qadınların bir az uzaq olsa da üzlərindəki, səslərindəki təlaşı, vahiməni, həyəcanı görürdüm və yaddaşımda yenidən canlandırıb bu adamları böyük siyasətin qurbanları hesab edirdim. Millət olaraq bunlar daha çox bizim başımıza gəldi. Malını, canını, ən əsası doğma yurdu, vətən torpaqlarını itirmək bizim alnımıza yazıldı. Alın yazımız davam edir, onun pozulmasının Allahdan nə qədər asılı olduğunu deyə bilmərəm, amma özümüzdən asılı olduğuna şübhəm yoxdur. Buzluqda növbə çəkdiyim o gecədə də belə düşünürdüm, indi də…
7 OMON-çu və 12 nəfər DTK işçisi Buzluq kəndinə girdik. Başqa dəstələr də Erkeç, Manaşid kəndlərini azad etdi. Bu kəndlər, xüsusilə Buzluq kəndi Azərbaycanın ən səfalı guşəsində yerləşir. Kəpəzin şərq hissəsində həm meşəliyi, həm Alp çəmənliyi olan bu kənd bir təbiət möcüzəsidir. Kəndin içindən axan çay və çay boyu tikilən evlər çox gözəl mənzərə yaratmışdı.
Tələbəlik illərində Hacıkəndə dincəlməyə gələrdik. Geri qayıdanda bir dəfə yaxın qohumum, xanım-xatın Rəxşəndə xalam soruşdu ki, hara yaylağa getmişdin? Dedim ki, Hacıkənddə idik. Rəxşəndə xalam: “Hacıkənd nə vaxtdan yaylaq olub? Yaylaq Buzluğun boynudur”.
Buzluq kəndinə girib mənzərəni görəndə, havasını udanda bildim ki, xalam düz deyirmiş.
Hər evi axtarıb əmin olduq ki, heç kəs yoxdur. Ağcakənddən gələn yolu daim nəzarətdə saxlaya bilmək üçün kəndin hündür yerindəki bir evi qərargah, həm də müşahidə məntəqəsi kimi seçdik.
Qərargah kimi seçdiyimiz evdə çox şey qalmışdı. Qalan əşyalar içərisində məni ən çox ağrıdan fotoalbom oldu. İnsanın keçmişi, tarixi, xatirələridir fotolar.
İllər keçdi, “Avropa” qəzetində “Şəkilli söhbət” rubrikasının qonağı oldum. Şəkilləri redaksiyada dostum Hikmət Sabiroğluna verəndə dedim ki, hamısı itsə olar, bircə 6 yaşımda çəkilmiş şəkildən başqa. Hikmətin üzünü bir anda bürüyən hüzn yadımdan çıxmaz: “İlham bəy, ailə albomlarımız Şuşada yandı. Şəkil itkisinin nə olduğunu yaxşı bilirəm”.
Onda Buzluqdakı erməni evində qalmış fotoalbomu xatırladım və bir daha bu müharibəni başlayanları ürəyimdə lənətlədim.