Aynur MƏSİMOVA (TƏMKİN)
Araz gələn qonaqları yeməyə dəvət edib, onları Şaiq Çamalın məkanına gətirdi. Qonaqlar şəhərin gözəlliyinə məftunluqla tamaşa edir, maraqla ətrafı süzürdülər. Dağdan əsən axşam yeli onları üşüdür, xumarlandırırdı. Təbiətin bəxş etdiyi bu gözəlliyin qarşısında heç kəs danışmır, yalnız göz dolusu baxmaqla kifayətlənirdi.
Rauf nədənsə gecikir, gəlib çıxmaq bilmirdi. Araz səbirsizlik edir, tez-tez zəng vururdu. Nəhayət, uzaqdan Raufun gəldiyini görüb, keçib qonaqların yanında əyləşdi. Araz üçün önəmli olan bu görüşdə Rauf atasının maraqlarını qoruyacaq, hüquqşünas qismində iştirak edəcəkdi. Evə gedib-gələnəcən bir xeyli vaxt ötmüş, Rauf bu üzdən gecikmişdi. İlk gündən tərəfdaşlarının yanında işinə məsuliyyətsiz yanaşan adam təsiri bağışlamamaq üçün Rauf yeyin-yeyin yeriyir, ətrafına baxmırdı. Birdən kiməsə dəydiyinin fərqinə vardı. Təsadüfə bax. Bu ki keçən dəfə onlara çay yollayan qızdır.
– Xanım, bağışlayın, görmədim, – deyə üzrxahlıq edən Rauf Kamiləyə ağzını açmağa imkan vermədən uzaqlaşdı. Oğlanın vurduğu bahalı ətirin qoxusu qızın burnunu qıcıqlandırıb onu bihuş etdi. Qızın gənc qəlbi ehtirasla çırpınır və o, ətrafdakıların sezə biləcəyi qədər baxışlarını Raufdan çəkmirdi. Rauf bunu hiss etsə də, özünü o yerə qoymur, onu görməzdən gəlirdi.
Gecədən xeyli keçmiş qonaqlar dağılışdılar. Kamilə onlar gedənəcən məkandan ayrılmadı. Raufun sərt duruşu onu uzaqlaşdırmaq əvəzinə daha da cəzb edərək qızın marağını artırmışdı. Raufun hər halı onun xoşuna gəlirdi. Oğlan inadla onu görməzdən gəldikcə qızın onu əldə etmək istəyi daha da qabararaq təhlükəli hala çevrilirdi. Arzuladığı hər şeyi əldə etməyə vərdiş etmiş Kamilə üçün yox sözü mövcud deyildi. Sanki yeri-göyü, xarüqələri Şaiq Çamal yaradaraq, olmazları oldurmuşdu. İndi qızın şəhvət hissi o qədər güclənmişdi ki, hər vasitəyə əl atıb istəyinə çatacaqdı. Nə atasının qəzəbi, nə də anasının sərt baxışları onu qorxudurdu.
Ortalığa son dəfə özü nəzarət etmək istəyib hər yanı gözdən keçirdi. Nəzərləri masanın üzərində unudulan telefona ilişdi. Uşaq təki sevindi, hətta əl çaldı. Fürsət özü onun ayağına gəlmişdi. Kaş telefon onun olaydı deyə ürəyindən keçirtdi. Ətrafına boylandı. Heç kəs gözə dəymirdi. Telefonu götürüb bir xeyli fikrə getdi. Telefonun olduğu yerə görə orada kimin oturduğunu xatırlamağa çalışdı. Birdən üzü güldü. Quşu, necə deyərlər, gözündən vurmuşdular. Telefon Araza məxsus idi.
Qız telefona baxdı. Kodda deyildi. Axtarıb Raufun nömrəsini tapdı. Gecənin gec saatı olmasını düşünmədən nömrəni yığdı. Gözlərinin dərinliyində məkr ildırım sürəti ilə yanıb söndü. Üzünü görmədiyi Şahanənin nə düşünəcəyini, bəlkə də qısqanacağını təsəvvür edib ləzzətlə güldü.
Qız həyəcandan əlləri titrəyə-titrəyə nömrəni yığdı, gözlədi. Ürəyi quş kimi çırpınır, nəfəsi kəsilirdi. Nəhayət, gecdən-gec Rauf telefona cavab verdi. Kamilə səsindəki titrəyişi güclə gizlədərək oğlana salam verdi. Rauf atasının telefonunda qadın səsi eşidib deyəsən bərk çaşmışdı. Bunu hiss edən Kamilə bərkdən şaqqıldayıb güldü:
– Rauf bəy, atanızın telefonu bizim məkanda qalıb. Sizin nömrənizə zəng etdim ki, axtarmayasınız. Sabah nə zaman istəsəniz mənə xəbər edin, gəlin. İndi öz nömrəmlə sizə zəng edəcəm, telefonun yaddaşına salarsınız.
Rauf lazım deyil demək istədi. Lakin gec idi. Kamilə telefonu söndürmüşdü.
Qıraqdan ərini seyr edən Şahanə maraq dolu baxışlarını onun üzündən çəkmirdi. Qaşlarını çatıb gözləri bir nöqtəyə zillənən Rauf nə barədəsə bərk-bərk fikirləşirdi. Şahanə zəng edənin kim olduğunu soruşanda oğlan gülümsəyərək onun burnunu ehmalca sıxdı:
– Dədəm telefonunu bu gün getdiyimiz məkanda qoyub gəlib.
“Oranın sahibinin qızıdır” demək istədi, lakin nə düşündüsə, bunu dilinə gətirmədi. Şahanə bunu sövq-təbii qadın hissi ilə sezdisə də səsini çıxartmadı. Raufun telefonuna gələn mesajdan oğlanın üz ifadəsinin dəyişməsi qadını şübhələndirdi. Qəlbi analşılmaz, xoş olmayan duyğularla doldu. Bir andaca rahatlığını itirdi. Səbrini basa bilmədi:
– Rauf, nə olub, nə baş verir? Mənim bilmədiyim nəsə olub? – deyə qısqanclıqla ərini süzdü.
Rauf çıxılmaz vəziyyətə düşmüşdü. Nəyi, necə izah etməli olduğunu bilmirdi. Necə desin zəng edən qadındır, mənə yaxınlaşmaq üçün hər vasitəyə əl atır. Şahanə bunu bilsə, onsuz da gərgin olan münasibətləri daha da pozulacaq, söz-söhbət böyüyəcəkdi.
– Ay Şahanə, dedim axı, dədəm telefonunu unudub getdiyimiz yerdə qoyub. İndi zəng edən adam da onu deyirdi. Sabah səhər gedib götürəcəm. Di, haydı. Mənim yuxum tökülür. Yatıram. Gecən xeyrə qalsın. – Əyilib Lalənin yanaqlarından öpərək yatağına uzandı.
Şahanəni fikir götürdü. Telefondan kənara çıxan səs qadın səsi idi. Məhz bu səs onun onsuz da təlaşlı qəlbini bir az da sıxmışdı.
– Rauf…
Oğlan yatmamışdı. Lakin Şahanəyə cavab vermək istəmirdi.
– Rauf, bilirəm, yatmamısan. Amma bunu da bil ki, səsi eşitdim. Zəng edən qadın idi. Bu günə qədər hər şeyinizə dözsəm də, xəyanətə əsla dözmərəm.
Rauf arvadına doğru çevrilib, gülümsədi:
– Düz deyirsən. Zəng edən məkanın sahibinin qızı idi. Yoxsa qısqanırsan?
– Qısqanmağı qısqanmıram. Sadəcə sənə inanmağa çalışıram. Vəssalam. İnşallah, sənə güvəndiyimə görə peşman olmaram.
Raufun gözləri çoxdan qapanmışdı. Heç deyəsən sonuncu sözləri eşitməyib yatmışdı.
İnanıram desə də, içində getdikcə artan şübhə ona səhərəcən yatmağa imkan vermədi. Bir zamanlar çox güvəndiyi, canından artıq sevdiyi Rauf onun xəyallarını az puç etməmişdi.
Rauf yalnız axşama doğru vaxt tapıb telefonu götürməyə getdi. Giriş qapısından içəri gircək Kamilə gülə-gülə onu qarşıladı. Qız bayaqdan səbirsizliklə onun gəlişini gözləyirdi.
– Nəhayət. Xoş gəldiniz, – deyib Raufa əlini uzatdı.
Olacağa çarə yoxdur. Oğlan məcburən qızın əlini sıxdı. Qızın zərif, yumşaq əli onun möhkəm ovuclarının arasında görünməz oldu. Qız işvəylə, xəfifcə gülümsədi:
– Əgər tələsmirsinizsə, sizi çaya dəvət etmək istəyirəm.
Oğlan ürəyincə olmayan təklifi rədd etdi:
– Sağ olun, bir başqa vaxt. Zəhmət olmasa telefonu verin, gedim. Qızım məni gözləyir.
Kamilə bərk tutuldu. Lakin bu halı uzun sürmədi:
– Aaaaaa. Qızınız da var… Maşallah, maşallah. Heç bənzəmirsiniz… Nə zaman istəsəniz qızınızı da bura gətirə bilərsiniz. Bizim məkanda hər yaşda uşaqlar üçün əyləncələr var.
Oğlanın təşəkkür etməkdən başqa bir çarəsi qalmadı. Tələsik sağollaşıb buradan uzaqlaşmaq istəyir, lakin Kamilə oğlandan əl çəkmirdi. Rauf qızdan yenə telefonu istədi. Kamilə çarəsiz telefonu oğlana uzatdı. Rauf son dəfə də qıza təşəkkür edib oradan ayrıldı.
Kamilənin baxışları getdikcə uzaqlaşan oğlanın kürəyində, vücudunda idi. Qızın ehtirası sümüklərinə qədər işləyir, onu öz ovunu parçalamağa hazırlaşan yırtıcıya çevirirdi. Qız ilk baxışdan eşqə inanmasa da, Raufu tanıdıqdan sonra öz-özünə ilk baxışdan vurulduğunu etiraf etməli olmuşdu. Qız bu bədəni qucaqlamaq üçün hər hərəkətə əl atmağa hazırdı.
Neçə vaxtdı Kamilə Raufun həyatını vərəq-vərəq araşdırır, onun barəsində hər məlumatı toplayırdı. Hətta Şahanə və Lalənin fotoşəkillərini taparaq gecə-gündüz Şahanəni özüylə müqayisə edir, qadını onun ərinə qısqanırdı. Rauf Kamilənin xəyallarına, fikirlərinə sarmaşıq kimi dolaşırdı. Qız istəyinə çatmaq üçün səbir və məharətlə planlar qurur, məkrli niyyətini həyata keçirtmək üçün zaman gözləyirdi.
Heç nə təsadüfdən yaranmır. Bir təsadüfdən insanın ağlına gətirmədiyi hadisələr ortaya çıxır. Məkanın ən sadiq hüquqşünasının qəfil ölümü Kamilə üçün əlverişli şərait yaratdı. O bu işə Raufu real namizəd görərək onu işə cəlb etmək, beləliklə, məkrli planını həyata keçirtmək istəyirdi. Bircə Raufu bu işə necə cəlb edəcəyini hələ ki, bilmirdi.
Həyat qızın sanki üzünə gülür, hadisələr sürətlə onun xeyrinə cərəyan edirdi. Kamilə hər gün arzusuna doğru bir addım da irəliləyərək, Raufun qəlbini ələ alacağı günü gözləyirdi. Rauf onun həyat amalına çevrilmişdi. Qız Raufu əldə etməklə bir daha rəfiqələrinə nələrə qadir olduğunu sübuta yetirməyə, nə qədər güçlü olduğunu göstərməyə çalışırdı. Sanki Raufu əldə etməklə qız dünyanın ən qlobal problemini həll edəcəkdi.
Kamilə Şahanəni şəxsən tanımasa da, onu özünə güclü rəqib sayır, onun sevib evləndiyi ərini əlindən almağı özünə qələbə bilirdi. O, Şahanənin fotolarını ilk dəfə görəndə Raufun böyük zövq sahibi olduğunu ürəyində özünə etiraf etmiş, qıza olan kini, nifrəti daha da böyümüş, qadını ərinə daha çox qısqanmışdı. O, Raufu Şahanənin əri olduğu üçün qısqanırdı. O, Raufu Şahanədən övladı olduğu üçün qısqanırdı. O, Raufun Şahanənin yanında keçən hər dəqiqəsini, hər anını qısqanırdı. Bu qız üçün ər-arvad, övlad toxunulmazlığı, müqəddəsliyi mövcud deyildi. Onun üçün şiddətlə arzuladığı bir kəslə yaxın münasibət adi və qəbul olunan bir haldı. O, yaşadığı gəncliyin bütün dadını çıxartmağa, ehtiraslarını öldürməyə hazırdı. Onun üçün mental dəyər yoxdu. Onun üçün ayıbın özü belə ayıb hesab olunurdu.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11