İlham İSMAYIL
Stanislav Rostotski sevdiyim kinorejissorlardan biridir. “Bazar ertəsinədək gözləyək”, “Sakit üfüqlərdə” kimi məşhur filmlərin müəllifidir. İkinci Dünya müharibəsindən 27 il sonra çəkilmiş “Sakit üfüqlərdə” filmində müharibənin gurultusu, tankı, topu yoxdur. Böyük müharibənin gedişində döyüş tapşırığını yerinə yetirən qızlardan ibarət döyüşçülərin xarakteri, faciəli taleləri əks olunub.
Tapşırıq yerinə yetirilir. Qızların həyatı bahasına. Filmin sonunda məşhur Levitanın səsi ilə informasiya səslənir: “Cəbhədə xüsusi dəyişiklik olmamışdır. Bəzi bölgələrdə isə yerli əhəmiyyətli döyüşlər keçirilmişdir”.
“Yerli əhəmiyyətli döyüşlər”. Bəzən kiçik görünən, miqyası az olan işlər, böyük əhəmiyyət daşıyan hadisələrin, uğurun açarı olur. Dünya müharibələrində də.
Bu filmin başqa bir epizoduna da qayıdacağam, amma sonra.
Ermənistan-Azərbaycan müharibəsinin ağır, vacib döyüşləri, təbii ki, Qarabağda olub. Amma Qarabağın sərhədlərindən kənarda da – Qazaxdan Naxçıvana qədər – elə hadisələr, döyüşlər olub ki, az əhəmiyyət daşımır.
Çaykəndin azad edilməsi SSRİ-nin rəhbəri Mixail Qorbaçov, SSRİ müdafiə naziri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanın rəhbəri Ayaz Mütəllibov səviyyəsində müzakirə olunmuş, respublika rəhbərlərinin hamısı Xanlara (indiki Göygöl) gəlmiş və 1991-ci ilin aprelin 30-da başlanmış əməliyyat mayın 4-də tamamlanmışdı. Bu günlərin hər biri tarixi hadisələrlə doludur. İlk gündən sonunadək iştirakçısı və şahidi olduğum bu hadisələr tariximizin qələbə səhifəsidir. Az yada salınan, danışılmayan, unudulmuş qələbə…
Çaykəndin azad edilməsinə qədər onun ətrafında baş verən hadisələr və kəndin tarixi haqqında məlumat verməyi zəruri hesab edirəm.
Ermənilər bu kəndə 1896-cı ildə Türkiyədən köçüblər. Sultan Əbdülhəmidin dövründə Anadoluda yaşayan ermənilər və türklər arasında ilk ciddi qarşıdurmalar baş verən zaman Çar Rusiyasına sığınan erməniləri Gəncə ətrafında yerləşdirirlər. Çaykənddə, Martunaşendə (Qarabulaq) tikilən kilsələrin üzərində də 1896-cı il yazılmışdı.
Çaykənd erməniləri də söhbət zamanı babalarının Türkiyədən köçdüyünü söyləyirdilər.
Çaykənd Kürəkçay boyu, çayın hər iki sahilində salınıb. Bir tərəfi meşəli dağlar, bir tərəfi Kamo və Azad kəndləridir. Gəncə-Göygöl yolundan keçəndə kənd çox aşağıda, dərədə olduğundan görünmür. Çaykənd sonradan Murovdan çəkilmiş Kəlbəcər-Gəncə yolunun, Toğanadan, Göygöldən, Maral göldən gələn yolun, keçmiş Şaumyan rayonundan (Ağcakənd) Gəncəyə gələn dağ yolunun üstündə yerləşmiş strateji əhəmiyyətli, 1000-dən çox evi olan bir kənddir. Tarixçilərdən eşitdiyimə görə, 1918-ci ildə Azərbaycana gələn türk ordusu Çaykənddə döyüşməyi riskli sayıb, kəndi bir müddət mühasirədə saxlasa da, ora girməyib.
1991-ci il aprelin 26-da DTK-nın sədri Vaqif Hüseynov Gəncəyə gəldi. Şöbənin əməkdaşları ilə əməliyyat müşavirəsi keçirildi. 2 günə Çaykənddə əməliyyat aparılacağını və kəndin köçürülməsinin prinsipcə həll olunduğunu söylədi.
Əməliyyatın adı “Koltso” idi və tarixə də bu adla düşdü. Xanlar rayonunun kuratoru kimi mənə xüsusi göstərişlər, tapşırıqlar verildi.
Respublika rəhbərliyi Çaykənd ətrafında nələrin baş verdiyi barədə gün ərzində bir neçə dəfə məlumatlandırılırdı. Ayın 28-də daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko və digər rəsmi şəxslər Gəncəyə gəldilər.
Mayın 29-da Hacıkənd qəsəbəsindəki pioner düşərgəsinin qərargah kimi hazırlığını apardım. Həmin gün saat 3-də Hüseynov, Əsədov, Qayıbov, Polyaniçko, Sovet Ordusunun Gəncədə dislokasiya edilmiş qüvvələrinin komandiri polkovnik Maşkov və bir neçə yüksək rütbəli rus zabit, Gəncə, Xanlar rayonlarının rəhbərləri – Səbuhi Abdinov, Tofiq Kazımov, daxili işlər nazirinin müavini Ramiz Məmmədov, Gəncə Şəhər Milis İdarəsinin rəisi polkovnik Eldar Həsənov, DTK-nın Gəncə Şəhər Şöbəsinin rəisi polkovnik Rəhman Mikayılov, DTK-nın şöbə rəisi Yasif Nəsirlinin və bu sətirlərin müəllifinin iştirakı ilə uzun çəkən müşavirə keçirildi.
Hazırladığım arayış əsasında Vaqif Hüseynov kənddə yaraqlıların harada silahlı postlar qurduğunu, neçə nəfərin hansı silahlarla təchiz edildiyini, kənddə yerli əhali ilə Yerevandan gələnlər arasında hansı narazılıqlar olduğunu məruzə etdi.
Məhəmməd Əsədov OMON-un Çaykəndə hansı istiqamətdən və neçə nəfər döyüşçü ilə girəcəyini, pasport yoxlaması aparılacağını iştirakçıların nəzərinə çatdırdı.
Ordu nümayəndələri səhər erkəndən kəndin üstündə mövqe tutub səsgücləndiricilərlə silahların təhvil verilməsinə, təslim olmağa çağırış edəcəklərini, silah işlətməyəcəklərini, məsələnin danışıqlarla, dinc yolla həll edilməsinin vacibliyini bildirdilər.
Müşavirədə kəndin köçürülməsi məsələsi qəti şəkildə qoyulmadı. O gecə Hüseynov da, Əsədov da, Polyaniçko da Hacıkənddə qaldılar. Mənə onları səhər saat 6-da oyatmaq tapşırıldı.
Hava soyuq olduğundan Vaqif Hüseynov məndən isti kürkümü istədi. Fürsətdən istifadə edib kəndin köçürülməsinin qəti şəkildə qoyulmamasının səbəbini soruşdum.
General “Hər şey yaxşı olacaq” dedi.
Artıq DTK-nın xüsusi dəstəsi də gəlib çıxmışdı. Dəstəyə sonradan Daşaltı əməliyyatında itkin düşən Milli Qəhrəman Riyad Əhmədov başçılıq edirdi.
Riyadla universitetdən tanış idim. Həyatsevər, şən, ucadan gülməyi sevən, ən əsası qorxmaz, cəsur zabit idi. Əməliyyat keçirilən zaman Riyadın bir qız övladı da dünyaya gəlmişdi. Hacıkənd poçtundan zəng edib öyrənən kimi çox sevindi və çılğınlıqla havaya atəş açdı.
Aprelin 30-da, sübh tezdən 10-dan çox zirehli hərbi maşın Kamo və Azad kəndlərindən keçib Çaykənd qəbiristanlığı tərəfdə mövqe tutdu. Çaykəndin radiostansiyasını iflic etmişdik. Bütün efiri pelenqasiya edib xarici aləmlə əlaqələrini tamam kəsmişdik. Ermənilər dalğaları dəyişdirdikdə tezliklə müəyyən edir, dərhal 3 saylı radiostansiyanın köməyi ilə dalğaları vururduq. Hər dəfə bundan ötrü Hacıkənddən Xanlara gəlir, tezliklərin rəqəmlərini verirdim.
Polkovnik Maşkov BTR-lə kəndə girəcəyini deyib bələdçi istədi. Kəndi yaxşı tanıdığımdan bələdçilik etmək istədiyimi bildirdim. Rəisimiz Rəhman Mikayılov icazə vermədi, “Sən hər an burda lazımsan” dedi. Xanlarda avtovağzalda işləyən Aydın adlı gənc bələdçilik edəcəyini söylədi və BTR-ə mindi…
Səsgücləndiricilərlə kənd əhalisinə müraciət, silahların təhvil verilməsinə çağırış aramsız səslənirdi. Əks tərəf heç bir addım atmadı. Belə olan halda Əsədov OMON-a Toğana istiqamətindən kəndə girmək göstərişi verdi.
Polkovnik Maşkov BTR-lə kəndə getdi. Bizim dəstəyə hələ ehtiyac olmadığını, guya sülh yoluyla çaykəndliləri tərksilah edəcəklərini, kənddə bir nəfər də silahlının qalmayacağını vəd etdi. Yarım saat sonra Tatul Krpeyanın dəstəsi BTR-i əsgərlərlə birlikdə əsir aldı. Saat 14-də əməliyyat dayandırıldı.
Burda haşiyəyə çıxıb Qarabağ konfliktindəki indiki vəziyyətlə paralellər aparaq. 24 ildir bütün dünya, Minsk qrupu birmənalı şəkildə problemin yalnız sülh yoluyla həll olunmasını təkid edir, amma problem həll olunmur. Sabah polkovnik Maşkov kimi Minsk qrupunun rəhbərləri zirehli maşında Ağdama gedib desələr ki, gəlmişik Ermənistan silahlı qüvvələrini ərazidən çıxaraq ,“ikinci Tatul” onları mütləq əsir götürəcək. Sülh yaxşıdır, bir yerə qədər, bir zamana qədər, təəssüf ki, biz – torpağı işğal olunmuşlar o vacib zamanı əldən vermişik və belə getsə artıq de-fakto deyil, de-yure Qarabağı, hələ demirəm ki, müstəqilliyimizi də itirə bilərik. İtirmədiyimiz, hələ ki, ümidimizdir…
Yenidən həmin heyətlə təcili müşavirə çağırıldı. Rus əsgərlərin əsir düşməsi işləri korlamışdı. OMON kəndin Toğana hissəsində bir neçə erməni yaraqlını məhv etmişdi. Hərbiçilər narazılıq etdilər. Zabitlər OMON-un aşırı güc tətbiq etdiyini, lazım olmadan atəş açdıqlarını, dinc sakinlərə zərər vurduqlarını deyirdilər.
Mərkəzi Komitənin birinci katibi Ayaz Mütəllibov zəng vurub məsələni tez bitirməyi, Moskvadan narazılıq başlandığını demişdi.
Polyaniçko sanki bu durumdan razı idi: “Yaraqlılardan silahları alıb kənddə normal həyata başlanmalıdır” kimi real olmayan mülahizələri təkrar-təkrar söyləyirdi. Polyaniçkoya qarşı açıq irad bildirən olmayanda son sözü Vaqif Hüseynov dedi. O, tutarlı dəlillər gətirib kəndin deportasiya edilməsinin yeganə çıxış yolu olduğunu qəti şəkildə qoydu.
DTK sədri indiyədək azərbaycanlıların bir çaykəndlini də öldürmədiyini, onların isə 10-dan çox azərbaycanlını qətlə yetirdiklərini, qonşu kəndlərin gəliş-gedişinə mane olduqlarını, hər gün vertolyotla kəndə silah gətirildiyini faktlarla danışdı. Polyaniçkoya sual etdi: “Viktor Petroviç, bu gün rus əsgərləri, zabiti əsir götürənlərin azərbaycanlılara qarşı hərəkətini təsəvvür edirsinizmi? Siz zəmanət verirsinizmi ki, bu kənddə bir daha atəş açılmayacaq və onun hədəfi azərbaycanlı olmayacaq? Siz burda, Qarabağdan kənarda “sülh adası” yaradacaqsınız? Bu gün yaradıb sabah ona zamin dura biləcəksinizmi?”
Üzünü mənə tutub “Vremya”nın müxbiri Mais Məmmədovu otağa çağır” dedi.
Mais Məmmədovu müşavirə otağına dəvət etdim. Vaqif Hüseynov “Mais, axşama xəbər hazırla. Rus analarına müraciət et. Erməni yaraqlıların onların övladlarını əsir aldığını bildir. Qoy analar ölkə rəhbərliyinə müraciət etsinlər”.
Sonra yenə davam etdi: “Həm çaykəndlilər, həm azərbaycanlılar üçün ən yaxşı yol bu kəndin köçürülməsidir və proses elə bu gün başlayacaq”.
Hüseynovun çıxışı bitəndən sonra Polyaniçko bir qədər fikirləşdi və qarnının üstündə çarpazlamış əllərinin ikisini də stola çırpıb bir az təəssüf, bir az da qətiyyətlə dedi: “Da, yedinstvenniy vıxod – deportasiya”.
Vaqif Hüseynov üzünü Eldar Həsənova tutub “Sənin işçilərin və bizim uşaqlar əsirləri azad etmək üçün hazırlaşsınlar” dedi.
Rus zabitlər də ayağa qalxdı: “Biz yoldaşlarımızı azad edəcəyik”. Onlar tərpənənə qədər Gəncənin milisləri və bizim xüsusi dəstəmiz kəndin içərisinə irəlilədik. Kəndin içindən axan Kürəkçayın üstündə bir neçə körpü var, birinə çatanda ermənilər atəş açdı. Mövqe tutub əks tərəfə atəş açdıq. Bizə çətinlik yaradan əsir rus hərbiçilər idi. Tatul Krpeyan əlində avtomat Maşkovun arxasında dayanmışdı və rus dilində qışqırıb onu, əsir əsgərləri öldürməklə hədələyir, atışmanı kəsməyi tələb edirdi. İkinci dəfə atışma başlayan kimi Maşkov Tatulu bedro fəndiylə başının üstündən aşırıb önündən çəkildi, onun arxasına keçdi. Həmən anda hamımız dayanmadan atəş açdıq. İlk atəşlə Tatul və ona köməyə gələn döyüşçüləri yerə sərildilər. Maşkov tez zirehli maşına oturub əsgərlərlə birlikdə bizə tərəf sürdü, əsirlər azad olundu.
Təəssüf ki, bələdçi Aydın əsirlərin arasında yox idi. Ermənilər onu tanıyıb işgəncə ilə öldürmüşdülər. Atışma şiddətlənirdi. OMON kəndin aşağısından, biz yuxarıdan erməniləri tam sıxışdırmışdıq. Kənd sakinləri – qocalar, arvadlar küçəyə çıxıb atəşi dayandırmağı yalvarırdılar. Diqqət etdim ki, Martunaşen istiqamətində ermənilər geri çəkilir. Martunaşendən keçib, Sarısu kəndinin üstündən Şaumyan rayonu ərazisinə – Buzluq kəndinə girə bilərdilər. Çaykənd hələ təslim olmurdu.
Hacıkəndə dönüb vəziyyəti rəhbərliyə dedim. Əmin olmaq üçün Martunaşenin üstündəki Quşçu kəndində yerləşən şəmkirli milis işçilərini xəbərdar etmək lazım idi. Quşçuya arxa yoldan getmək çox vaxt aparacaqdı. Hacıkənddə həmin vaxt milis vertolyotu vardı. Şəmkirin milis rəisi Vaqif Quliyevlə vertolyota əyləşib Quşçuya uçduq. Martunaşenin üzərindən keçəndə hər an vurula bilərdik. Çox hündürdən uçmağa məcbur idik.
Quşçuya gəlib yolların kəsilməsini tapşırdıq və geriyə uçduq. Vaqif Hüseynov rəisimizi çağırıb, DTK-nın xüsusi dəstəsini götürüb arxa yolla Quşçuya getməyi və sabah erkəndən Martunaşen istiqamətində hücuma keçməyi tapşırdı.
Hava qaralırdı. Quşçuya çatanda artıq gecə saat 10 idi. Kəndin klubunda və yerli adamların evində az da olsa dincimizi aldıq.