Seymur KAZIMOV
İtkin düşmüş 3 alpinistin taleyindən hələ də xəbər yoxdur. Sosial şəbəkələrdə bu şəxsləri yaxından tanıyan, o cümlədən onların axtarışında könüllü fəaliyyət göstərən insanların açıqlamaları yer alır. Bir də, bu axtarışlar zamanı aralarında narazılıq yaranan iki qurum – Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin bir-birini ittiham edən açıqlamalarını görürük.
Alpinistlər harada, hansı şəraitdə itkin düşüblər, niyə itkin düşüblər, axtarışlar nə yerdədir, haralarda axtarış aparılır?
Axtarışlarda neçə nəfər iştirak edir?
Axtarış zamanı hansı vasitələrdən istifadə edilir?
Niyə onları tapmaq mümkün olmur?
İki nazirlik arasındakı qarşıdurmadan çox, ictimaiyyəti bu və buna bənzər suallar maraqlandırır. Bu sualları kim verməlidir? Media. Azərbaycan mediası bu dəfə də təəccübləndirmədi. Mediamızın özü fövqəladə hallara hazır deyil.
Nə üçün Azərbaycan medası itkin düşmüş 3 alpinistlə bağlı protokoldan, rəsmi açıqlamalardan kənar materiallar hazırlamır?
Televiziya kanalları, onlayn media nə üçün hadisə yerində deyil?
Axtarışlar nə üçün birbaşa yayımlanmır?
Media menecerləri, lap elə media maqnatlar, sahibkarlar, baş redaktorlar gündəmin əsas mövzusu olan, həm də 3 nəfərin müəmmalı taleyindən bəhs edən hadisə barədə media quruluşlarını niyə səfərbər etmirlər?
Ümumiyyətlə, media nə işlə məşğul olur?
Jurnalistikanın əsasını insan faktoru təşkil edir, yəni hər şey insan üçündür. İki nazirliyin bir-birini ittiham etməsini qeyd etdik. Yaxşı olardı ki, media ictimai institut kimi onların fəaliyyətini kənardan izləsin və cəmiyyətə doğru-dürüst məlumat versin.
Dəfələrlə yazılıb, yəqin ki, 2018-ci ildə də aktual qalacaq – Azərbaycanda media müstəqil deyil. Müstəqillik olmayan yerdə rəqabət mühiti də yoxdur. Deməli, auditoriya dərdi də yoxdur. Buna görə də, gündəm mövzuları, ictimai məsələlər, vacib xəbərlər, ən əsası insanları düşündürən bütün məsələlər ən yaxşı halda rəsmi, ütülü, səthi məlumatlardan o tərəfə keçmir, ən pis halda isə ciddi mövzuların yerini şit, bayağı şoular, ailə-məişət davaları və hind kinoları tutur. Kimi məcbur qalıb vəziyyətlə ayaqlaşır, kimi də könüllü, təzyiqsiz-filansız asan pul qazanmaq yolunu seçir. İkincilərin də sayı kifayət qədərdir. Orta statistik vətəndaş haradan normal məlumat alsın?
Ənənəvi mediaya alternativ sosial media, bloqlar göstərilirdi. Ötən yazılarımızın birində bu mövzuya geniş toxunmuşuq. İllər öncə vaxtilə Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar bloqçuluğun inkişafı üçün yüksək məbləğdə vəsait xərclədilər. Bakıda, Sumqayıtda, Gəncədə, o cümlədən regionlarda bloq təlimləri təşkil olunurdu. Bu təlimlərdə yüzlərlə gənc iştirak edib. Onlara bloqun yazı, foto, video və digər texniki tərəfləri barədə bilgilər verilib. Prosesə həm yerli, həm də beynəlxalq təlimçilər dəvət olunurdu. Hətta bloqçuluğu jurnalistikadan üstün tutanlar da vardı. Haradadır bu qədər bloqçu? Bugünədək onlar yaşadıqları rayondan, kənddən nə yazıblar? Hansı ictimai problemləri qabardıblar? (Təbii ki, 2-3 istisnanın olması labüddür, söhbət kütləvi yanaşmadan gedir.). Ənənəvi media müstəqil deyil, onun imkanları məhduddur, icazə vermirlər və s.
Bəs, bloqçulara kim mane olur?
İtkin düşmüş 3 alpinist haqqında hansı bloq yazısı var?
Hansı bloqçu hadisə yerində olub, itkin düşənlərin ailə üzvləri, dostları ilə görüşüb?
Sualları artırmaq, siyahını da uzatmaq olar.
Belə görünür ki, Azərbaycanın internet məkanı da alternativ media rolunu üstlənə bilmir.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”