Aynur MƏSİMOVA (TƏMKİN)
Bu il hava tez isinmişdi. Hər yanda yaşıllıq göz oxşayır, yorğun ruhu dincəldirdi. Şahanə Laləni sinəsinə basıb lay-lay deyir, onu yatızdırmağa çalışırdı. Rauf da bu gün tez gəlmişdi. Əhvalı yerində olduğu üz-gözündən oxunurdu. Təmiz havada, anasının isti qucağında körpə tez yuxuya getmişdi. Gənc ana ehmalca aparıb uşağı çarpayısına uzatdı. Yatağında uzanan Rauf da, deyəsən, yatmışdı. Şahanə nazik adyalı götürüb ərinin üstünə örtdü. Getmək istəyəndə Rauf qadının əlini tutdu. Onun əlinin təmasından, yoxsa əvvəlki Raufu arzuladığındanmı kövrəldi. Amma bunu büruzə vermədi. Onun Raufdan qəlbi bərk qırılmışdı. Könlü parça-parça idi. Şahanə haqsızlıqdan küsüb yorulmuşdu. O, hər şeyə dözərdi. Yetərdi ki, Rauf ona üzü dönük çıxmasın.
Rauf Şahanənin buz kimi soyuq əllərini dodaqlarına yapışdırdı. Qızın üzgün, eyni zamanda şöləsi öləziyən gözlərinə baxdı, içərisi od tutub yandı. Könlündəki dəli eşqi fırtına kimi bədənini sardı. O, Şahanəsiz nəfəs almağın belə zor olduğunu düşündü. Laləsiz çıxan günəşin də anlamsız olduğunu fikirləşdi. Şahanəsiz bu həyatın, hətta özünün belə mənasız olduğunu xəyallarından keçirtdi. Lakin bu fikirlər, bu hisslər yalnız bir neçə dəqiqə çəkdi. Anası gözü qarşısında canlandı. Və yenə qan beyninə vurdu sanki. “Anamın könlünə girsə, onun istədiyi kimi olsa, ona şirin sözlər deyib qılığına girsə, dünya dağılmaz ki. Gözünə girməyə çalışsa xəncərinin qaşı düşməz ki?” – deyə ürəyində Şahanəni qınadı. Şahanə ərinin haldan-hala düşdüyünü görür, dilinin ucundakı sözləri deməyə cəsarət edə bilmirdi. “Amma yox. Deyəcəm. Nə zamanacan hisslərimi, fikirlərimi içimdə saxlayacam. Mən deyim, gerisi nə olarsa olsun”.
– Rauf, – astaca pıçıldadı. Onun səsi heç də dəlicəsinə aşiq olan qadının səsinə bənzəmirdi. – Rauf, mən işləmək istəyirəm.
Deyəsən əvvəlcə Rauf söhbətin nədən getdiyini anlamadı. Sakitcə dinləyib baxdı. Birdən nə anladısa dikəlib yatağın içində oturdu:
– Nə istəyirsən?
– Deyirəm mən işləmək istəyirəm, Rauf.
Rauf qəzəblə ayağa sıçrayıb arvadını hiddətlə süzdü:
– Sənin ağzın deyəni qulağın eşidir, ya yox?! Nə işləmək! Mən arvadı işləyən kişilərdən deyiləm sənin üçün. Otur oturduğun yerdə.
Şahanə kövrəlmişdi:
– Axı sən Bakıda belə demirdin. Söz vermişdin ki, Lalənin üç yaşı bitəndə işə çıxarsan. İndi nə dəyişdi axı, nə?
– Bura bax, Şahanə. Mənə yas qurma. Qaxıl xarabanda otur, uşağına bax, bozbaşını bişir, ütünü ütülə. Bir-iki iş görürsən, elə bilirsən baş yaratmısan? Ondansa get mamama kömək elə. Yazıq arvadın axşamacan iş görməkdən canı çıxır. Evin gəlini sənsən. Sən olan yerdə anamın iş görməyi ayıb deyil?
Şahanə çaşmışdı. Raufun nədən danışdığını anlamırdı. Hansı iş, nəyi Gülpəri edir? Məgər Rauf kordur? Gülpəri heç düz-əməlli evdə oturur ki. Gah bu eltinin evində, gah o eltinin evində. Evdə olanda da əlində pult o serial sənin, bu serial mənim.
– Rauf, nə iş? Sənin anan özünə bir stəkan çay belə süzmür. O ki qaldı iş görə.
Rauf qəzəblə Şahanəni süzdü:
– Bəsdir, Şahanə. Az yalanlar uydur. Bir qabı yumaq, evə tozsoran salmaq iş görmək anlamına gəlməz. Bir də mənə iş, Bakı söhbəti etməyəsən. Sən Bakıda yaşayıb çaşmısan. Get gör səndən də artıq qızlar hansı vəziyyətdə yaşayırlar.
Şahanə kökü laxlamış məhəbbətinə, tapdanmış ləyaqətinə, aldanmış hisslərinə ağlayırdı. Rauf sonu bilinməz, sonu görünməz bir yola düşmüşdü. O yol onu və ailəsini addım-addım fəlakətə sürüyürdü. Rauf kor-koranə bu yola aparırdı.
Raufun qəzəbinin sonu yoxdu. O, anasının hər dəfə xəstələnməsinin səbəbini Şahanədə görür, hər şey üçün onu ittiham edirdi. Rauf sonsuz ittihamlarıyla aralarına gözə görünməyən yekə sədd çəkərək, özü də fərqinə varmadan fəlakətə doğru sürünürdü.
Deyəsən gündüzkü problemlərini unutmuşdu. Dostlarıyla əylənir, şaqraq gülüşləri hər yana yayılırdı. Dağın döşündə gözəl mənzərəli qədimi tikili, samovar çayı, keçmişi xatırladan hər şey ona hər kəsi unutdurmuşdu. Evdə gözü yaşlı qoyduğu Şahanənin varlığı belə xəyalından silinmişdi. Ailəsindəki problemdən, hər gün anasının Şahanədən etdiyi şikayətlərdən o qədər sıxılmışdı ki, indi bu ortam ona olmazın ləzzət edir, beyninə, fikirlərinə bir aydınlıq gətirirdi.
Kənar masaların birində gənc qızlar oturaraq bərkdən gülüşürdülər. Onların gülüşləri ətrafa yayıldıqca hər kəsin baxışını çəkirdi. Elə bil qızlar gənc oğlanların baxışlarının üzərlərində olmasını hiss edərək daha da bərkdən qəhqəhə çəkib hallarından feyziyab olurdular. Hər kəs onlara baxıb, kimlikləriylə maraqlanırdı.
– Kimdir bunlar? – deyə Emin Cavidandan soruşdu.
Cavidan evli olmasına rəğmən gözə xoş görünən qızlarla maraqlanar və tez-tez əyləncə mərkəzlərində görünərdi. Bu üzdən Emin sualı birbaşa ona ünvanladı. Cavidan gözucu qızlara baxıb onlara gülümsədi:
– Biri buranın sahibinin qızıdır. O birilər də onlar qədər olmasa da zəngin ailənin qızlarıdır. Yəni qısası, həmin qızın rəfiqələridir. Ə, qaqaş, bu qızlar bizim arvadlara bənzəməz. Bunlar dədə şotuna kef eləyib, həyat sürənlərdir. Amma öz aramızdır, əntiqə şeylərdi. Adamın hamısını birdən yeməyi gəlir.
– Sən də yaxşı, ə. Yekə kişisən. Gəlinbacı bilsə səni öldürər, vallah. – Cavidan ona sataşdı.
– Biləndə bilsin də. Ondanmı qorxacam? Yeməyə çörəyi, yatmağa evi. Otursun evində, uşağına baxsın.
– Deyirəm xoş halına sənin, ay Çavidan. Görək bu eşqbazlıqdan nə zaman əl çəkəcəksən. Qorxuram axırda başına bir iş açasan. – Rauf göz vurdu.
– Ə, mən ölüm bəzən sənə baxıb fikirləşirəm ki, deyəsən Gülpəri əmidostum doğum evində səni səhv salıb. Əmioğlu, elə bil sən heç bizdən deyilsən.
– Niyə, soruşması ayıb olmasın? – Raufu gülmək tutdu.
– Niyə? Ona görə ki, ətrafda nə qədər gözəl-göyçək qız var könül əyləndirməyə. Deyirəm nə qədər pulun var, cavansan, kefini çək, həyatın dadını çıxart. Bax, əmioğlu, məndən sənə tövsiyə. Könlünü əyləndirməyə, kef etməyə çöl, qocalanda qulluq olunmağa ev.
Kamilənin gözləri qonşu stola ilişib qalmışdı. Qız gözlərini oğlandan çəkə bilmirdi. Oğlan maqnit kimi qızı özünə çəkirdi. Qız nəzərlərini ondan ala bilmir, oğlanın hər hərəkətini izləyirdi. Qızlar bunu hiss edərək bərkdən gülüşməyə başladılar.
– Kama, deyəsən yenə ova çıxmısan?
– Hiss olunur? – Kamilə qızlardan soruşdu.
– Olunur, olunur. Özü də necə. Amma bax, o sənə heç baxmır da. – Şeyla dilləndi. – Deyəsən özü də evlidir.
– Evlidir? – Kamilənin ürəyi həyəcanla döyündü. – Nə bildin? Sən insanların üzünə baxıb onun taleyini oxuya da bilirsən?
– Qızım, deyəsən sən həqiqətən də məst olmusan axı. Ay qız, bir barmağına bax də. Görmürsən nişan üzüyünü?
– Nəysə, mənə nə bundan. Lap deyək, evlidir. Olsun. Belə daha həyəcan verər. Evli birini başdan çıxartmaq? Bir bunu da sınayaq. Görək Kamilə xanım daha nə bacarır.
– Qız, görmürsən necə ciddi oturub? O biriləri hara, bu hara. Qızım, vaxtını heyif etmə. Bunun kimiləri ailələrinə bağlı olur. – Bunu da “Pivə Rafiq” ləqəbi ilə tanınan tanınmış içki dükanının müdirinin qızı dedi.
Kamilə əllərini bir-birinə vurub bərkdən güldü:
– Qızlar, özünüzü yormayın. Mən onunla tanış olacam, vəssalam.
– Evli olduğunu bilə-bilə! – deyə qızlar heyrətlə baxışdılar.
– Hə. Lap elə bilə-bilə.
– Bacarmazsan, Kama.
– Doğrudan?
– Hə, doğrudan.
– Gəlin sizinlə mərc gedək. Razısınız?
– Razıyıq, razıyıq, – qızlar yeni əyləncə tapdıqlarına sevindilər.
Kamilə ofisiant oğlanı yanına çağırıb onun qulağına nəsə pıçıldadı. Az keçmiş oğlan qonaqlar üçün xüsusi hazırlanmış dolu məcməyini Raufun qarşısında masaya qoydu. Xidmətkar Raufa tərəf azca əyilərək:
– Bunu sizə Kamilə xanım şəxsən göndərib. Bizim məkanı seçib gəldiyiniz üçün təşəkkürünü bildirir, – dedi.
Rauf ilk dəfə ötəri gördüyü bir qadının jestini təəccüblə qarşıladı. Əvvəl məcməyini qaytarmaq istədi. Lakin nə düşündüsə, yüngülcə başını tərpətməklə təşəkkürünü bildirdi, amma bircə dəfə də olsa qızın üzünə baxmadı. Emin qaş-göz işarəsiylə Cavidana:
– Ə, qaqaş, deyəsən atəş bacanı bürüyüb, – deyib şaqqanaq çəkdi.
Rauf son udum çayını içib ayağa qalxdı:
– Mən getdim. Sizə nuş olsun, – deyib tələsik uzaqlaşıb getdi.
Kamilənin rəngi qızarmışdı. Oğlanın qəfil çıxıb getməyinin səbəbini özündə görüb pərt olmuşdu. Bu günə qədər heç bir oğlan onun gül üzünə uf deməmiş, heç bir oğlan onun cazibəsi qarşısında tab gətirməmişdi. Kamilə şəhərdə Məşədi Əliabbas oğlu qədər tanınan Şaiq Camalın ortancıl qızı idi. Son dərəcə yaraşıqlı, incə və dürüst biçimli bədən quruluşuna malik olan bu qızın badamı gözləri, uzun, düz xurmayı saçları vardı. Ali məktəb bitirməsinə baxmayaraq tarix müəllimi olmaq istəməyib, atasının məkanında onun yoxluğu zamanı oranı idarə etməklə məşğul olurdu. Şaiq Camal bu qızını oğul yerinə qoyaraq bütün işlərini ona həvalə etməkdən çəkinməzdi. Ata qızına avtomobil alaraq ona hər bir sahədə sərbəstlik vermişdi. Qızın gözəlliyinə, varına-dövlətinə, atasına görə arxasıyca sürünənlərin sayı-hesabı yox idi. Qız onların bəziləriylə bir müddət əylənərək sonra bir bəhanəylə onları tərk edərdi. Bunu yalnız o edərdi. Hələ heç kəs cəsarət edib ona səndən ayrılıram deməmişdi. İndi heç kimi bəyənməyən Kamiləni Rauf rədd etmiş, ona yaxınlaşmaq niyyətini beşiyindəcə boğmuşdu. Bu da qızın izzət-nəfsini incitmişdi. Qız nəyin bahasına olarsa olsun Raufu əldə edəcəyinə öz-özünə söz verərək bir az sakitləşmişdi.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10