Əlibəylinin müdafiəsində və…
İlham İSMAYIL
Əlibəyli Ermənistanla həmsərhəd kənddir. Qələmçə bulağından Göycənin evi kimi şərti sərhəd zolağının 12 kilometr uzunluğu vardı. 3 avtomatla, çətin olsa da, hər gecə bu məsafəni ən azı iki dəfə gəzib ermənilərin mümkün hücumunun qarşısını almağa hər an hazır idik.
Getməyimizin 3-cü günü sərhədi dolaşıb, postları yoxladıqdan sonra kənd sovetinin sədri Valehin evinə gəlib bir az dincəlmək istədik. Təzəcə rahatlanmaq istəyirdik ki, Qələmçə bulağı istiqamətində atışma eşitdik. Təcili ora yollandıq, postda cəmi üç milis işçisi vardı. Ermənilər fasiləsiz atəş açır, getdikcə lap yaxınlaşırdılar. Ermənilərə tərəf daha üç avtomatdan atəşə başlayanda düşmən tərəfdən qışqırtı, bağırtı səsləri ara vermədi.
Atışma təxminən yarım saat çəkdi. Artıq səhər açılırdı. Baxmayaraq ki, yorğun, həyəcanlı idim, o gün açılan yaz səhərinin gözəlliyi heç vaxt yadımdan çıxmaz. Hava işıqlandıqca quşlar səs-səsə verib yamaclarda, ətrafımızda oxuyurdu, hər yan yenicə açılmış çiçəklərlə dolu idi. Günəş yüksəldikcə dağın al yaşıl rəngi gözümün qarşısında daha da gözəlləşir, günəşin şüaları artdıqca çəmənliyin şehi muncuq kimi otların arasından parlayırdı.
Gündüz sakit keçdi. Axşam Moskva televiziyasında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atışma olduğu və bir erməninin yaralanması barədə xəbər verdilər.
Yerli əhali də gecələr postda durur, ov tüfəngləriylə də olsa kəndi müdafiə edirdilər.
Əlibəylidən danışanda kənd sakini Etibar Əmiraslanovu yada salmamaq mümkün deyil. Rayon prokuroru Kamo Fətəliyev bu qoçaq oğlana şəxsi vəsaiti hesabına avtomat alıb vermişdi. Etibar gecələr düşmən tərəfə kəşfiyyata gedirdi. Yaxşı mövqe seçib atışmağı da vardı. Sonralar müharibənin miqyası artanda Etibar Əmiraslanov böyük bir dəstəyə komandirlik etdi. Tovuzu düşməndən qorumaqda şücaət, igidlik göstərdi.
Bir haşiyəyə çıxmağı vacib bilirəm. 1992-ci ilin yayında “Nicat” cəmiyyətinin sədri, müəllimim Famil Mehdi və cəmiyyətdəki müavini, bəstəkar Vasif Adıgözəlov Gəncədə mənimlə görüşəndə yalnız Qarabağ bölgəsində deyil, Tovuz, Qazax istiqamətində də döyüşən əsgərlərdən xüsusi fərqlənən şəxsə cəmiyyətin fəxri diplomunu və pul mükafatını təqdim etmək istədiklərini və kimi məsləhət bildiyimi soruşdular. Mən tərəddüd etmədən Etibarın adını çəkdim. Tovuzda qoçaq, igid döyüşçülər vardı, amma mənim yaxından tanıdığım Etibar idi. Biz Tovuza, birbaşa səngərə yollandıq. Famil müəllimlə Vasif müəllim (Allah hər iki kişiyə rəhmət eləsin!) Etibar Əmiraslanova fəxri diplomu və pul mükafatını təqdim etdilər. Etibar pulu müavininə verib “Ehtiyacı olan uşaqlara paylayın” dedi.
Təəssüf ki, Etibar Əmiraslanov kimi döyüşçünü sonra həbs etdilər. Səbəbi də dəqiq bilinmədi. Mətbuatdan gedən məlumatlara görə, indi çətin, sıxıntılı günlər yaşayır, əksər keçmiş döyüşçülər kimi, mənim kimi…
Yeddi gün tamam olanda bizi şöbənin başqa əməkdaşları əvəz etdi. Beləcə fasilələrlə 21 gün Əlibəylinin müdafiəsində oldum. Çox əzizdir o günlər. Kənd camaatı bizə çox mehribanlıq göstərir, kəndin, rayonun rəhbərləri həmişə qayğı ilə yanaşırdılar. Kənd sovetinin sədri Valeh bizi kəndin fəxri vətəndaşları elan etmişdi.
Tovuz camaatının aşıq sənətini çox sevməsi hamıya məlumdur. Gecə postlara çıxmazdan əvvəl kəndin aşıqlarından biri həmişə kənd sovetinə gələr, saz çalıb oxuyardı ki, əhvalımız yaxşı olsun. Bir dəfə də postlara çıxmazdan əvvəl aşığa dedim ki, indi də bir “Misri “çal, yeriyək düşmən üstünə.
Aşıq mənə baxıb: “Vallah, mənə deyəndə ki, KQB işçiləri gəlib, kəndi qoruyurlar, arada gəl saz çal, mən deyirdim, əşi, onlar urus kimi adamlardır, hardan bilirlər saz nədir, amma indi baxıram, necə sazdan ləzzət alırsız, aşıq havalarının adlarını bizim bəzi kəndçilərdən yaxşı bilirsiniz, sizə halaldır, elə əsil azərbaycanlı sizsiniz”.
Aşıq düz deyirdi, o zamanlar cəmiyyətdə, ictimai şüurda bizi Moskvanın adamları kimi tanıyır, millətdən uzaq, kosmopolit insanlar olduğumuzu zənn edirdilər. Amma hadisələr sübut etdi ki, SSRİ-nin bel sütunu sayılan KQB-nin azərbaycanlı əməkdaşları, əksər zabitləri məhz çətin günlərdə xalqla bir yerdə oldular.
***
1990-cı ilin yayında artıq silah sarıdan korluq çəkmirdik. DTK-nın sədri general Vaqif Hüseynovun göstərişi ilə Gəncə şöbəsində xeyli silah-sursat toplanmışdı. Gəncə milisi də silahlanmışdı. OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi) sürətlə yaranır, əməliyyatlar keçirirdi. Ermənilər təşvişdə idi.
OMON yayda Çaykənddə yoxlama aparmağa nail oldu. Həmin vaxt OMON Çaykəndə gündüz girib, gecə çıxırdı. Bu işin effekti az idi. Yerevandan gələnlər yoxlama müddətində gizlənə bilirdilər. Yeganə uğurlu tədbir Çaykənd radiostansiyanı ələ keçirmək oldu. Mariyanın evində iki yük maşını qədər radiostansiya ləvazimatını müsadirə etdik.
Kənd camaatı rayon rəhbərliyi ilə görüş təklif etdi. Görüşdük. Çaykəndlilər ac olduqlarını, şəkər, qarpız, pomidor, xiyara möhtac olduqlarını söyləyir, xislətlərinə uyğun yazıq görkəm alırdılar. Qatı millətçi çaykəndlilər xahiş edir, ərzaq istəyirdilər. Birinci katib Kazımov sadəlövhcəsinə görüşdən sonra iki maşın ərzaq verməyin vacib olduğunu deyəndə mən qəti etiraz edib, ermənilərin vaxt qazanmağa çalışdıqlarını, ərzaq problemlərini bizim hesabımıza həll etmək istədiklərini anlatdım. Fikrimi də bir neçə gün əvvəl ermənilərin radiostansiya danışıqlarından əldə etdiyimiz informasiya ilə əsaslandırdım. Katib razılaşdı.
Ermənilər bu yoxlamadan sonra bir daha bizi kəndə buraxmadılar, əksinə, silahlı qüvvələrinin sayını daha da artırıb bütün bölgəni təhlükədə saxlamaqda davam etdilər.
1990-cı ilin yayın sonunda parlament seçkisinə hazırlıq kampaniyası başlamışdı. Azərbaycan SSR tarixində ilk dəfə olaraq həqiqi seçki, alternativ namizədlərin iştirakı ilə parlament seçkisi keçirilirdi.
Rəisimiz məni çağırıb söhbət etməyə başladı və dedi ki, Vaqif Hüseynovun göstərişidir, namizədliyini verməlisən, sənin Xanlarda kifayət qədər nüfuzun var, sədr namizədliyini verməyini məqsədəuyğun hesab edir. Gözlənilməz oldu mənimçün, amma tez razılaşdım. Avqust ayından kampaniyaya start verildi.
***
1990-cı ilin qanunu hərbiçinin xidməti davam etdirməklə deputat seçilməsinə imkan verirdi. Artıq təkcə hərbi xidmətçi deyildim, siyasətə qoşulmuşdum. Bu gündən baxanda primitiv görünə biləcək seçki kampaniyası keçirdim. Plakatlarım hazırlanmışdı, görüşlər keçirir, seçicilər qarşısında çıxışlar edir və təcrübə qazanırdım. Sentyabrın 3-də rayon icraiyyə komitəsinin binasında seçki ilə bağlı müzakirələr gedəndə zəng gəldi. Sədr məni telefona çağırdı ki, səni istəyirlər. Zəng Tərtərdən idi: “Gözün aydın, oğlun oldu!”
Hər şeyi yarımçıq kəsib ayağa qalxdım: “Mən arzuma çatdım, deputat seçilməyim vacib deyil, Allah məni oğul atası seçdi” deyib, maşınıma oturub sürətlə Tərtərə sürdüm.
***
Seçkidəki rəqiblərim üç nəfər idi. Konyak zavodunun direktoru Yunus Mustafayev, xəstəxananın baş həkiminin müavini Vilayət Musayev və Hafiz Hacıyev.
Seçkidən geniş danışmaq fikrim yoxdur. Bir onu demək istəyirəm ki, bu Hafiz Hacıyev hara gedirdisə, mütləq 20 Yanvar qırğınını KQB-nin törətdiyini və mənim də iştirak etdiyimi danışırdı. Rayon camaatı məni yaxşı tanıdığından Hafizin danışdıqlarına inanmır, mənim fəaliyyətimin göz qabağında olduğunu deyib onu qınayırdılar. Həmin vaxtlar respublika mətbuatında məndən iki müsahibə götürmüşdülər. “Azərbaycan gəncləri” qəzetində ilk müsahibəm çıxdı. Müsahibəni məndən dostum, gözəl insan, bu dünyadan vaxtsız köçən Adil Qaçayoğlu götürmüşdü. Başlıq da beləydi: “Demokratlar qalib gəlsələr”. Demokratik qüvvələrin qalib gələcəyi halda Azərbaycanda ciddi qanun dəyişikliyinin olacağını vurğulamışdım.
O dövr üçün bizim xidmət işçilərinin belə müsahibə verməsi birmənalı qarşılanmırdı və sonralar bizim əməkdaş olmuş Oleq Əliyev bu yazıya görə bir ay mənim telefon danışıqlarıma qulaq asıldığını etiraf etmişdi.
Seçki oldu və Yunus müəllimlə mən ikinci tura keçdik. İki həftədən sonra təkrar seçki olmalıydı. Bakıdan xəbər gəldi ki, Hafiz Hacıyevin şikayəti əsasında seçkinin nəticələri ləğv olunub. Niyə, nə səbəbdən, bəlli olmadı. Məsləhət oldu ki, mənim şikayət etməyimə ehtiyac yoxdur.
O zaman nisbətən demokratik, saxtakarlıq hallarının az olduğu seçki keçirildi.
Seçki bitdi, siyasi ehtiraslar azaldı. Mən yenidən işimin başındaydım. İşim isə daha çox Çaykəndlə bağlı idi.
Seçkidən sonra jurnalist Nadejda İsmayılova “Dalğa” verilişinin rus buraxılışı üçün Çaykənddən süjet hazırlamağa gəlmişdi. Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri Nizami Xəlilovun xahişi ilə Nadejda xanımla Kamo, Azad kəndlərində olduq. Çaykəndin sərhədinə gəldik.
Çaykəndi Sovet Ordusunun əsgərləri qoruyurdu. Şlaqbauma yaxın yerdə Çaykəndin kinomexaniki Dereni gördüm, çağırdıq, gəlmədi. Sonralar Dereni vertolyotla yola salanda mənə dedi ki, televiziyadakı verilişin səhərisi günü Tatul onu döyübmüş. Qızışıbmış ki, niyə Azərbaycan televiziyasına düşmüsən?
Çaykənd haqqında bütün məlumatları “Dalğa”da səsləndirdik. Bu verilişə görə cəza aldım. “Şanksiyalaşmamış müsahibəyə” görə mənə xəbərdarlıq edildi. Əsas səbəb isə o idi ki, Çaykəndin Moskvadan himayə olunduğunu, burada baş verən hadisənin 1 saatdan sonra Kremlə məruzə edildiyini açıqca söyləmişdim. Həmin video Youtube-də “Nadejda Çaykend” adı ilə var.
Çaykənddə OMON-un yoxlaması zamanı radiostansiya onlardan alınmışdı, amma heç bir ay keçmədi ki, yeni, daha güclü stansiya quruldu. Biz Xanlardakı 3 saylı radiostansiyanın və DTK-nın “R” xidmətinin köməyi ilə artıq onların bütün danışıqlarına nəzarət edirdik. Erməni dilində aparılan danışıqları Gəncədəki əməkdaşımız, əslən ermənistanlı Tofiq Nuriyev tərcümə edib mənə verirdi. Asan proses deyildi.
Çaykənd Gəncəni, Xanları, Goranboyu tam gərginlikdə saxlayırdı. Kəndə yeni silahlar gətirilirdi (radiostansiya danışıqlarından bilirdik). Az qala hər həftə Bakıya analitik arayışlar göndərirdik.
***
1991-ci il gəldi və Qarabağda baş verən proseslərə tam olmasa da qismən müdaxilə etmək imkanlarımız yaranmışdı. İlin əvvəlindən ölkə 20 Yanvarın ildönümünə hazırlaşırdı. Gəncədə şəhidlərin dəfn olunduğu qəbiristanlıqda həmin gün izdihamlı mitinq nəzərdə tutulurdu. Rəis Rəhman Mikayılov Bakıya çağırılmışdı, müavin Fəxrəddin Təhməzov da məzuniyyətdə idi. Rəis getməzdən əvvəl kollektivi yığıb o olmadığı müddətdə mənim onu əvəz edəcəyimi söylədi. Üç gün rəisi əvəz etdim. Bu mənə böyük etimad idi.
20 Yanvar tədbirini keçirmək məqsədilə Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi Səbuhi Abdinov iclas çağırdı və mən də rəis əvəzi kimi iştirak etdim. Vəziyyətlə bağlı şəhər milis idarəsinin rəisi polkovnik Eldar Həsənov məlumat verəndən sonra mən də çıxış edib İrandan bir neçə ruhaninin Bakıya, Gəncəyə göndərildiklərini, mitinqdə çıxış etmək niyyətində olduqlarını, şəhidlərin azadlıq uğrunda deyil, din yolunda şəhid olduqlarını önə çəkmək niyyətləri barədə məlumat verdim. Qərara alındı ki, həssas zamandır, qarşıdurma yaratmadan yola vermək lazımdır tədbiri.
Sabah dediyim kimi də oldu. Mitinqin ortasında İrandan gələn molla dua oxuyandan sonra Kərbəla şəhidlərindən danışıb ağlamağa başladı. Məsələ uzanırdı, mollaya yaxınlaşıb yanında dayandım, qara çuxasından möhkəm dartıb bitirməyi işarə etdim. Molla tez dua verib kənara çəkildi.
23 fevral günü səhər erkəndən xəbər gəldi ki, Polyaniçko Gəncəyə gəlir, cəbhə bölgələrində əsgərlərə baş çəkmək istəyir. Polyaniçko vertolyotla gəldi. Rəis mənə pulemyotu götürüb aeroporta getməyimi tapşırdı. Polyaniçkonu Səbuhi Abdinov və rəisimiz qarşıladı. Polyaniçko “Vaxt itirməyək” deyib bizi də vertolyota dəvət etdi.
İlk uçuşumuz Qazaxa oldu. Polyaniçko Sovet Ordusunun əsgər və zabitləri ilə görüşür, vəziyyətlə maraqlanır, pul və digər hədiyyələr verirdi. Dadaş Rzayev də Polyaniçkonu müşayiət edirdi.
Qazaxdan Ağdərəyə uçduq. İlk dayanacağımızın İmarət Qərvənd kəndi olacağını biləndə çox həyəcanlandım. Babam Nüsrət bəyin kəndi, anamın doğulub 13 yaşınadək yaşadığı kəndimiz. Bizim kəndimiz. Anamın hakimiyyətin qorxusundan bizi bu yerlərə qoymadığı məkan. İndi mən həmişə arzusunda olduğum anamın kəndinə gəlmişdim.
Əlimdə pulemyot vertolyotdan düşüb ətrafa baxdım, təhlükə olmadığına əmin olandan sonra Polyaniçko və digərlərinə işarə etdim ki, düşə bilərlər. Rəisimizə yaxınlaşıb bu kəndin babamın kəndi olduğunu dedim. Rəis gülüb dedi: “Səni kəndinizə gətirdim, daha nə istəyirsən?”
Kənd əhalisi gəlib gətirdiyimiz ərzağı aparanda dedim ki, bura babamın kəndidir. Üzümə baxıb: “Kimdir baban?” soruşdular. Pulemyotu çiynimə keçirib: “Nüsrət bəy” dedim. Söz ağzımdan çıxan kimi kəndin baş tərəfini göstərib: “Odur ey, bəylik ordadır, babanın evləri oradır”.
Mən babamın bacısı qızı, anamın bibisi qızı Zibər xalanın babamın evində qaldığını bilirdim. Zibər xalanı soruşanda bir uşağı göndərib dedilər qızı burdadır, çağırın gəlsin.
Zibər xalanın qızı Vüsalə gəldi. İndiyədək onu görməmişdim. Mənim kim olduğumu biləndə ağlayıb boynuma sarıldı: “Ooy, Firəngiz xalamın oğlu gəlib” dedi.
Polyaniçko bir tərəfə qalmışdı, kənd camaatı bizə baxırdı. Xalamı soruşdum, dedi ki, sənin gəldiyini bilsə, ayaqyalın yüyürəcək. Vüsalə:
– Hələ burdasan?
– Yox, Xocalıya uçuruq.
– Orda nə işin var, deyir yaman qorxuludur oralar.
– Narahat olmayın.
– Xalaoğlu, bir söz soruşum, sən bilərsən, bu Səddam Hüseynin axırı necə olacaq?
Qız üzümdəki təəccübə baxıb:
– Vallah, bu Səddamın davası elə erməniynən bizim davamız kimi bu kəndi maraqlandırır ki, görən kim qalib gələcək? İşıqlarımız tez-tez keçir, televizora baxa bilmirik…
“Yaxşı olacaq” deyib vertolyota doğru addımladım.
Həmin günlərdə davam edən ”Səhrada tufan” adlanan Amerika-İraq müharibəsinə müsəlman təəssübkeşliyi prizmasından yanaşan camaatımızın öz çıxılmaz durumlarına baxmayaraq hələ bir Səddamın da dərdini çəkməyini heç cür anlaya bilmədim.
Polyaniçko artıq havanın qaraldığını, tez uçmaq lazım olduğunu dedi.
Beləcə anamın heç vaxt görmədiyim kəndini, Mehdiqulu xanın ulu babam Temirxan bəyə verdiyi İmarət Qərvəndi (kəndin bir adı da Kərəmlidir) görüb tərk etdim. Bir neçə aydan sonra babamın kəndini ermənilər işğal edəcək.
Hələlik isə Sırxavənd istiqamətində uçanda erməni kəndlərinin üstündən keçərkən erməni dilində hazırlanmış müraciət vərəqələrini səpməyə başladıq. Yeni Qaralar kəndində də enib ərzaq verdik.
Polyaniçkonu Xocalı aeroportuna aparıb, geri qayıtmalı idik. Vertolyota minəndə Polyaniçko köməkçisinə işarə edib məni göstərdi: “Bizi qoruyan zabiti təbrik etmədik, axı bu gün Ordu günüdür”.
Gözüylə pul çantasına işarə etdi. Köməkçi pul dolu çantadan 500 rubl götürüb mənə verdi.
Xocalı aeroportuna endik. Bu, Tərtərin üstündəki Ağdərə kəndləri istisna olmaqla mənim Dağlıq Qarabağa son səfərim oldu, yəni bu sətirləri yazanadək. Allah qismət eləsin, yenə əlimdə pulemyot o yerlərdən bir də keçim.