Şərəfli bir ömür qoyub gedirəm…
Şair Vaqif Məmmədovu çoxdan, lap çoxdan tanıyırdım, düz qırx il öncədən… Bir şair kimi… Şərur rayonunda çıxan “İşıqlı yol” qəzetinin səhifəsində çap olunan şeirlərindən… Özünü isə “Şərur qönçələri” ədəbi dərnəyinə ayaq açdığım gündən tanıdım və getdikcə həm gözəl şair, həm də səmimi bir insan kimi sevdim.
Çubuq “atlarını” çapan dostlarım,
Yığışın bir yerə, mən də gəlmişəm.
Nanə qoxusuna, yarpız ətrinə,
Ana qayğısına – kəndə gəlmişəm.
“Yaşadacaq bu yol məni” adlı ilk kitabı çap olunduğu zaman onun bu uğuruna sevinənlərdən biri də mən olmuşdum. O zamanlar Şərur rayonunun Dəmirçi kənd orta texniki-peşə məktəbində Azərbaycan dili-ədəbiyyatı müəllimi işləyirdim. Vaqif müəllimi məktəbə dəvət etdik, onunla adına layiq və yaddaşlara yazılası bir görüş təşkil etdik.
Tufan küləkdən haqlı,
Xəlbir ələkdən haqlı,
İblis mələkdən haqlı,
Nə deyim, sənə dünya?
– deyən Vaqif müəllimi erməni işğalçılarının torpaqlarımıza hücum etdiyi zamanlarda – Sədərək kəndinin ağır günlərində, 1990-1993-cü illərdə bir ər kimi əli silahlı döyüş meydanında səngərlərdə görmüşəm.
Düşəndə taleyin soyuq qışına,
Əslini, kökünü dananlar da var.
Dönüb od içində simurq quşuna
El üçün şam kimi yananlar da var.
Şair qardaşımın sözü ilə əməli, əməli ilə sözü bir idi, xalqının sevimlisinə çevrilməsinin kökündə də bu dururdu. Özünün dediyi kimi:
Mənanı axtarma əsrdə, ildə,
Zəhmətsiz keçibsə, eyləmir kömək.
Qədrin, qiymətin ucasa eldə,
Sən elə vətənə gərəksən demək.
Vaqif Məmmədovun poeziyasında doğulduğu torpağa, Vətənə sevgisinin bariz ifadəsini, sadə və səmimi bir dillə poetik laylasını görürük və sevirik.
Oğuz diyarıdır, qopuzun, sazın
Adını yaşadan yüz qalası var.
Cəlilin, Cavidin, Məmməd Arazın
Bu ulu torpaqda söz qalası var…
Ustad şairimiz Məmməd Arazın yaradıcılığı min bir ləllə, gövhərlə dolu olan bir bulaqdır. Bu gün sinəsinə döyən elə bir şair tapılmaz ki, o bulaqdan su içməmiş, şəhdi-şirəsindən dadmamış ola. Vaqif Məmmədov da o bulaqdan su içmişdi.
Azərbaycan havası nur, suyu nur,
Azərbaycan baharı nur, yayı nur.
Azərbaycan nur selində yuyunur,
Ülviləşir yaddaşlarda qalmağa,
Belə yerdə nə var şair olmağa.
Azərbaycan yarı nəğmə, yarı söz,
Hər qarışı yarı torpaq, yarı söz.
Bir diyar ki, varı halal, varı düz,
İstəyi yox yaddan tikə almağa,
Belə yerdə nə var şair olmağa.
Onun lirikasında Vətənə məhəbbət mövzusu daha böyük yer tutur. Şairin qəlbində olduğu kimi, yaradıcılığında da Vətən sevgisi sonsuz dərəcədə sarsılmazdır. Hər dəfə oxuduqca adama elə gəlir ki, sanki bu şeirlər yazılmayıb, onun içindən axıb gəlir, axa-axa, doğula-doğula da ülviləşir.
Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir, bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir.
Bu vətənpərvər şair işğal olunmuş torpaqlarımızın ağrısını öz ağrısı kimi qəbul edir və özününküləşdirirdi. Bu ağrıları, acıları da zaman-zaman kövrək bir dillə qələmə alırdı.
Qəminə qısılanın,
Haqq deyib asılanın.
Torpağı basılanın,
Gözündən qəm tökülər.
Onun hər misrasında, hər beytində, hər bəndində lirik duyğularının, fəlsəfi düşüncələrinin çırpıntılı ahəngi duyulur. Və eyni zamanda ritmik mübarizlik ahəngi… İlk olaraq işğal olunan Kərki kimi kəndimizin, Göyçənin, Zəngəzurun, Qarabağın – Laçının, Şuşanın, Cəbrayılın, yəni itirilmiş torpaqlarımızın dərdinə ağı deyən şair yazırdı:
Elə bil tilsimə, daşa düşübdü,
Kədər sevinc ilə qoşa düşübdü.
Könlümə bir az da Şuşa düşübdü,
Torpaq, Vətən hara – əsirlik hara?
Mütləq dönəcəyik o torpaqlara.
Qəlbindəki bu cür ali vətəndaşlıq hisslərini ustalıqla qələmə alan şair oxucusunun da qəlbində vətəndaşlıq duyğularını oyatmağa can atır. Vətən sevgisini, yurd sevgisini, torpaq sevgisini qaldıra bildikcə ucalara qaldırır.
Hər bir şairin öz yaradıcılıq yolu, öz yaradıcılıq manerası olduğu kimi, Vaqif müəllimin də özünəməxsus yaradıcılıq üslubu var. Çünki o, gördüyü hər bir həyat həqiqətini yalnız və yalnız öz ürək süzgəcindən keçirdikdən sonra onlara poetik bir don geyindirib. “Acı” şeirində olduğu kimi.
Namus ləkəsi.
Ögey ana səsi.
Təmənnalı kömək.
Dost matəmində verilən yemək.
Övlad itkisinin dadı.
Ana fəryadı…
Nə qədər yığcam, lakonik bir dillə, bədii boylarla əks olunan poetik lövhədir.
Şərə salmaram meyil,
Haqq işə yol alaram
Qanmaza ağa deyil,
Qanana qul olaram.
– deyən Vaqif müəllim bu misraları ilə bir insan kimi nə qədər sadə və səmimi olduğunu açıb göstərib. Məhz elə bu sadəliyi və səmimiyyəti ilə ürəklərdə özünə taxt qurub, bir şəxsiyyət, bir şair kimi böyüyüb, ucalıqlara qalxıb.
Təbiət rəngbərəng boya üstündə…
Sönən ocaqlarda köz qalacaqdır.
Xınası islanan qaya üstündə,
Kəklik ayağından iz qalacaqdır.
Bir az yorğun idin, bir az da xumar,
Dünya sirr sandığı – açmaq olmayır.
Dünyanın qəribə təzadları var,
Alın yazısından qaçmaq olmayır…
Çağdaş poeziyamızda öz adı, öz imzası ilə sayılıb seçilən Vaqif Məmmədov şeiriyyətilə ürəklərə çox asanlıqla yol tapa bilir, oxucusunu öz dünyasından alır, düşüncələrə sövq edir, söz-söz oxucusunun qəlbinə, könlünə hakim kəsilir.
Havam da, suyum da, çörəyim də sən,
Qəlbimdə çox sənli xatirəm yatır.
Uzaqda deyilsən, ürəyimdəsən,
Nə ünüm yetişir, nə əlim çatır.
Onun şeirlərində hisslərin, duyğuların emosional təsir gücü nə qədər təsirli olsa da belə, sözün məna yükünü, poetik sanbalını bir o qədər də artırır.
Yalan uydurdular, şər atdılar ki,
Böhtana düşənlər kiriyə bilməz…
Ancaq unutdular, unutdular ki,
Yalan ayaq tutar, yeriyə bilməz.
Vaqif Məmmədov dünyanın harasında olursa-olsun, öz soyuna, kökünə bağlı olan bir türk oğlu kimi soyu, kökü ilə iftixar duyan bir şair olub. Türk dünyasının çox hissəsini gəzən bir insan kimi olduğu türk torpaqlarını şeirlərində sevə-sevə vəsf eləyib, köks dolusu o yerlərdən söz açıb, Dədə Qorqud yurdlarını – Oğuz yurdlarını dönə-dönə, böyük bir ilhamla, məhəbbətlə tərənnüm edib.
Ozandımı, aşıqdımı?
Ahıldımı, uşaqdımı?
Göydən gələn işıqdımı?
Dədə Qorqud boylarında.
Sal qayada bitən durur,
Əsrlərdən ötən durur.
Bütövcə bir Vətən durur,
Dədə Qorqud boylarında.
Vaqif Məmmədov böyük məharətlə, sənətkara layiq bir ustalıqla şeirlərində öz həyat yaşantılarını ana dilimizin incəliklərindən incə bir şəkildə istifadə etməklə qələmə almağı bacarmış bir şairdir. Bunun əksini parlaq boyalarla “Nəsihət” şeirində görürük.
Xırmanın buğdasız, dənsiz olanda,
Dərələr dumansız, çənsiz olanda,
Məni itirəndə, mənsiz olanda
Həsrəti içində boğ, boğa bilsən.
Bu gün şair qardaşım Vaqif Məmmədov aramızda olmasa da özündən sonra iftixar doğuracaq böyük bir ədəbi irs və bir də ən yüksək insani keyfiyyətlərini bizim üçün miras qoyub gedib. Elə buna görə də inamla demək olar ki, ey ustad, sən bizimlə birgə olacaqsan. Həyat kredomuza çevirdiyimiz bir şeiri ilə də fikrimə son nöqtəni qoymaq istəyirəm:
Kimsənin yazığı gəlməsin mənə,
Sanmayın qəlblərə dəyib gedirəm.
Atımı sürmədim dumana-çənə…
Şərəfli bir ömür qoyub gedirəm…
Ələsgər TALIBOĞLU
Şair-publisist,
“Məmməd Araz” mükafatı laureatı