İlham İSMAYIL
20 Yanvardan sonra vəziyyət dəyişmişdi. Xanlar rayonunda 4 erməni kəndi qalmışdı – Kamo, Azad, Martunaşen və Çaykənd. Kamo və Azad kəndlərinin sakinlərindən bir neçəsi ilə əlaqə yaratdım və dəfələrlə gizli görüş keçirdik. Kənd sakinləri köçməyə hazır idilər. Demək olar ki, 80 faizi Stavropol vilayətinə, bir qismi isə Ermənistana köçmək istəyirdi. Yalvarırdılar ki, onları Çaykənddəki Yerevan ermənilərindən bircə həftə qoruyaq, evlərə görə bir az pul verib köçürək.
Plan hazırlayıb respublika rəhbərliyinə məlumat verdik. Həsən Həsənov artıq Nazirlər Sovetinin sədri idi. Lazım olan pulun ayrılacağına söz verib məsələni tez həll etməyi tapşırdı.
1990-cı ilin mart ayının əvvəlləri idi. Hacıkəndə qar yağırdı. Kamo kəndinə gedib keçmiş partkom, mühasib və başqa bir sakinlə kənd kitabxanasının yanında gizli görüşdük (Təhlükə böyük idi. Hər zaman çaykəndlilər peyda olub öldürə bilərdilər.). Onlar Çaykənd yolu kəsiləcəyi halda 3 gün içində kəndin köçürülməsinin mümkün olduğunu dedilər və yalvardılar ki, işi tez həll edək.
Rayon mərkəzinə gəlib rəhbərliyi məlumatlandırdım və hazırlıq planı üzərində işləməyə başladıq. Səhərisi gün xəbər gəldi ki, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovun xüsusi komissiyası Xanlara gəlir və Çaykənd, Kamo, Azad kəndlərinə baş çəkəcək.
Komissiya gəldi. Rəhbəri vaxtilə Bakıda “Stavka”nın (SSRİ Silahlı Qüvvələrinin Cənub İstiqaməti Komandanlığı) komandanı olmuş general Şirinkin idi. Gəncənin komendantı general Korobko, bir neçə zabit və əsgər komissiyanı müşayiət edirdi.
Komissiya üzvləri rayon milis şöbəsində toplaşdılar və dedilər ki, Yerevandan da general Surkov vertolyotla gəlir, birlikdə o kəndlərdə görüş keçirəcəyik. Məqsəd də budur ki, guya biz o kəndləri zorla köçürürük, komissiya onları dinləmək, şikayətlərinə qulaq asmaq istəyir. Şirinkin dedi ki, məlumata görə, o kəndlərdə aclıq başlayıb, ərzaq qıtlığı var.
Komissiya üzvləri yerli hakimiyyət orqanlarından heç kimi görüşə aparmayacaqlarını da açıqladılar. Təəccübləndik. Mən DTK-nın mayoru olduğumu və mütləq onlarla gedəcəyimi dedim. DTK-nın adı onlarda başqa bir şübhə doğurmadı və məni də özləri ilə götürdülər. Milis rəisinin maşınında mən də komissiya üzvləri ilə birlikdə Kamo kəndinə getdim.
Kəndin klubunda qələbəlik idi. Kamo və Azad kəndlərinin sakinlərindən çox çaykəndlilər, Yerevandan gələnlər və general Surkovun dəstəsi yığışmışdı. Klubun səhnəsində dayanan komissiya üzvləri kəndliləri növbə ilə dinləyirdilər. Hamı Azərbaycan rəhbərliyindən şikayət edir, zorla köçürülmələrindən danışır, acından öldüklərini deyirdilər.
Sərxoş vəziyyətdə bir xeyli gənc də vardı. General Şirinkin sözarası dedi ki, heç ac adama oxşamırlar, hamısı yaxşı yeyib-içib gəlib.
Azərbaycanlı bircə mən idim. Bu vaxt bir qadın Mingəçevirdən qaçıb gəldiyini söylədi və əlini mənə tuşladı ki, bu adam Mingəçevirdə oğlumu qətlə yetirib, BTR-in üstündə elə bu paltoda idi, oğlumu o öldürüb. Ermənilər himə bənd idi, söyə-söyə səhnəyə yaxınlaşmağa başladılar. Danışmaq istəyəndə bir gün əvvəl mənə köçmək üçün yalvaran ermənilərdən biri əlini dodaqlarına aparıb yalvarışla üzümə baxdı. Başa düşdüm ki, onları köçməyin təşəbbüskarı kimi göstərsəm, işlər tamam korlana bilər.
Bu vaxt Makiç adlı arıq, uzun müəllim qabağa çıxıb bütün günahların səbəbkarının mən olduğumu, hər gün kəndə gəlib əhalini köçməyə məcbur etdiyimi söylədi. Çaykənd erməniləri bir an içində səhnəyə daha da yaxınlaşdılar. Məni bu qarışıqlıqda öldürəcəklərini hiss etdim. Əlimi pistoletə aparıb fikirləşirdim ki, ən azı 9 erməni öldürəcəm.
“Makarov” tapançasının ağzına həmişə bir patron qoyar, darağına 8 patron yerləşdirirdim. Əlim döşümün üstündə idi. Bu vaxt general Korobko əli ilə kürəyimə vurub gülümsəyərək “Uspokoysya, molodoy çelovek, vsyo budet normalno” söylədi. Bunu deyib klubdan çıxdı. Fikirləşdim ki, hər dəqiqə üstümə atılacaq adamlarla məni baş-başa qoyub bu hara getdi?
Bir dəqiqədən sonra general iki avtomatlı zabitlə içəri girdi. Yanıma gəldilər. General məni zabitlərə göstərib: “Na neqo nastroyenı, bereqite yeqo, i uvedite”. Yanaqları soyuqdan qıpqırmızı olmuş zabit mənə “Çıxaq” dedi. Ona dedim ki, mən bu camaatın arası ilə keçsəm, hərə mənə bir zərbə vuracaq, mən ən axırıncı çıxacam. General razılaşdı. Zabit də çox nümayişkaranə şəkildə avtomatı mənə yaxınlaşmaq istəyənlərə tuşladı.
Komissiya üzvləri heç kimin köçürülməyəcəyini, burada rahat yaşayacaqlarını deyib üzücü iclası yekunlaşdırdılar.
Mən avtomatlıların müşayiəti ilə bayıra çıxdım, ermənilər isə əl çəkmir, ən azı döymək, xətər yetirmək istəyirdilər. Bayırda Çaykənd sovetinin sədri Gürcüyana üzümü tutub dedim: “Qrant, bunlar hamısı sənin işindir, sənnən görüşəcəyik”. Bir xeyli dalımca gəlib heç bir günahının olmadığını, aranı Yerevandan gələnlərin qarışdırdığını dedi.
Uzaqdan rəisin sürücüsü Ələddinə əlimlə işarə etdim ki, maşını işə sal. O, arxamca gələn erməni sürüsünü görüb işi anladı, maşını işə saldı, qapını açıb oturmağımla “Volqa” yerindən sürətlə tərpəndi. Komissiya üzvləri hərbçilərin maşını ilə geri qayıdası oldular.
SSRİ Nazirlər Sovetinin sədri Rıjkovun ermənilərə simpatiyası güclü idi. Ermənilərin təhriki ilə xüsusi komissiya göndərilməsi, Yerevandan SSRİ Ali Sovetinə deputat seçilmiş general Surkovun Çaykəndə ezam olunması adi məsələ deyildi. Bu gün Nikolay Rıjkov Ermənistanın milli qəhrəmanları siyahısındadır. Çaykənd ermənilər üçün xüsusi önəm daşıyırdı.
Komissiyanın üzvləri rayon partiya komitəsində deyil, Xanlardakı sovet ordusunun briqadasında görüşün yekunlarını müzakirə etdilər. Gördüklərini Moskvada danışacaqlarını söylədilər. Ermənilərdən heç də xoş təəssürat aparmırdılar.
Səhərisi gün Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, rəhmətlik Zahid Dünyamalıyev, şəhər icraiyyə komitəsinin sədri Nizami Xəlilov və mən Xanların milis şöbəsində görüşdük. Onsuz da az qala hər gün görüşürdük, amma bu dəfə konkret plan cızdıq. Kamo və Azadı köçürmək üçün bizə iki zirehli hərbi maşın və əsgərlər lazım idi ki, Çaykənddən Kamo və Azada gələn yolu bir neçə günlük bağlasın, həmin müddətdə kəndləri köçürək.
Hərbi aerodromda briqada yerləşirdi. Briqada komandirinin yanına getməyi və nə yolla olur-olsun onu bu işdə bizə kömək etməyə razı salmağı qərara aldıq. Konyak zavodundan 20 litr konyak götürdüm. Fikirləşdik ki, hətta lazım gəlsə, pul təklif edərik.
Komandir bir polkovnik idi. Bizi yaxşı qarşıladı. Konyakları hədiyyə kimi verdik və fikrimizi ona çatdırdıq. Zahid müəllim onu arxa otağa keçirib söhbət etdi. Məsələni uzatmadan sabaha iki BTR və əsgərlər verib yolu kəsməyə razı oldu. Komandir qızının evlənəcəyini, ona mebel və soyuducu almağımızı xahiş etdi. Bu, asan məsələ idi, istəkləri dərhal yerinə yetirildi. Komandir də iki gündən sonra BTR-ləri və əsgərləri ilə Çaykəndin yolunu kəsdi.
Biz isə artıq hazırlıq görmüşdük. Həsən Həsənovun göstərişi ilə Rusiyanın Mineralnı Vodı şəhərinə xüsusi TU-134 təyyarə ayrıldı. Gəncə Nəqliyyat İdarəsi Rustavi avtobazasından gürcülərin idarə etdiyi yük maşınlarını cəlb etdi ki, Ermənistana köçmək istəyənləri aparsın. Həsən Həsənovun göstərişi ilə rayon bankına bir xeyli nağd pul göndərildi. Pasport qeydiyyatı idarəsinin işçiləri erməniləri qeydiyyatdan çıxarmaq üçün tam səfərbər oldular. Martın 5-dən başlayaraq kəndlərdə bütün köçürmə prosedurları hazır idi.
Bir həftənin içində 4 milyon rubl ödəməklə hər iki kəndin əhalisinin köçürülməsini problemsiz başa çatdırdıq. Pulun yarısını xüsusi qəbzlə ödəyirdik ki, qalanını Stavropol vilayətində ala bilsinlər. Beləliklə, martın 15-də hər iki kənd köçürüldü. Çaykəndlilərin ara-sıra gecə atəşləri, təxribatları boşa çıxdı.
Rus əsgərlər gedəndən sonra milis işçilərindən ibarət postlar təşkil etdik. Tezliklə kəndi qaçqınlarla məskunlaşdırmalıydıq. Göyçədən gələn qaçqınlar arasında hər iki kəndin evlərini püşkatma yolu ilə, ədalətlə bölüşdürdük. Bu komissiyada mən də vardım.
Qarşıdan Novruz bayramı gəlirdi. Çaykəndlilərə kəndlərdə məskunlaşmanı nümayiş etdirmək lazım idi. Təəssüf ki, paylanmış evlərin qapısına hərə bir qıfıl vurub, hələ köçməyə risk etmirdi. Axır çərşənbə günü rayonun prokuroru Rauf Səmədovla Kamo və Azad kəndinə gəldik. Gecə bir neçə yerdə tonqal yandırdıq, məqsədimiz o idi ki, Çaykəndlilər kəndlərin məskunlaşdığına inansınlar.
Qarşıda Çaykənd vardı. Düz bir il qalırdı Çaykəndin azad edilməsinə. Bu bir ildə Çaykənd ətrafa xeyli zərər vuracaqdı. Baxmayaraq ki, onun çəmbəri tamam daralmış, kənd bir növ mühasirə vəziyyətinə düşmüşdü. Təəssüf ki, vertolyotların qarşısını almaq hələ imkanımız xaricində idi. Hava yolu Çaykəndin xarici aləmlə yeganə əlaqəsi olduğundan Kamo və Azad kəndləri köçürüləndən sonra vertolyotların uçuşu intensivləşmişdi.
Martunaşendə əməliyyat mənbəyim vardı, çox çətinliklə Kuşşi Armavir kəndinin kənarında görüşümüz baş tutdu. Məlumata görə, Çaykəndə Yerevandan Tatul Krpeyan adlı cavan dəstə başçısı gəlmişdi. Həddindən artıq əzazil olduğu deyilən bu şəxs yerli çaykəndlilərin vertolyotla köçməsini, gediş-gəlişini qadağan etmişdi. İtaət etməyəni həbslə hədələyir və adamları, görk olsun deyə bir neçə gün həbs edib kənara buraxmırdı.
Daşnaksütun Partiyasının üzvü olduğunu, Zori Balayanla yaxından tanışlığını, ixtisasca tarixçi olduğunu öyrənmişdik. Hərdən məktəbdə uşaqlara erməni tarixindən danışır, azərbaycanlılara nifrət aşılayırmış. Dəstəsində 20-dən çox adam vardı. Yerli cavanlar da məcburən onun başına yığılmışdı.
“Ded” ləqəbli Simon Açıqgözyan da sonradan gəlib Tatulun dəstəsinə qoşulmuşdu və dəstə üzvləri arasında xüsusi nüfuza malik idi. Kəndin 8 yerində daimi post qoyub, səngər qazmışdılar. Pulemyot, avtomat, hətta AQS-lə (qumbaraatan) silahlanmış dəstə gecələr Hacıkənd-Toğana-Göygöl yolunu tam nəzarətə götürür, keçən maşınlara atəş açırdı.
Bu bir il ərzində Tatulun dəstəsi əməliyyat keçirməyə getmiş Xanlar Rayon Milis Şöbəsinin və Səfərəliyev bölməsinin 5 əməkdaşını pusquya salıb öldürdü. Quşçu kəndinin sovxoz direktoru Gürzalı Əliyev və sürücüsünü də xəyanətlə qətlə yetirdilər. Todan kəndinin 2 sakinini öldürüb, 2-sini ağır yaraladılar.
Kəlbəcərdən gələn bir ailəni Toğana kəndinin yaxınlığında atəşə tutub yaralamışdılar. Gəncəyə Toğanadan məlumat gəldi ki, yaralılar xəstəxanaya çatmasalar, vəziyyətləri ağır olacaq. Hacıkənddə müvəqqəti dislokasiya olunan sovet ordusunun zirehli maşınları vardı. Gecə saat 10-da mən və digər əməkdaşlarımız Vahid Hüseynov, Rəfail Mirzəyev BTR-in komandiri ilə danışıq apardıq. Etiraz etdilər ki, dumandır, yolu tanımırıq. Piyada BTR-in qarşısına düşüb dedim ki, məni görürsənsə gəl, yolun ortası ilə gedəcəyəm. Bir kilometr piyada getdim, BTR arxamca gəlirdi. Təhlükəli hissəyə çatmağa az qalmış komandir məni səslədi və özlərinin gedəcəklərini bildirdi.
BTR getdi, bir saatdan sonra köhnə UAZ-da kəlbəcərliləri müşayiət edərək döndü, yaralılar Gəncədəki 3 saylı xəstəxanaya çatdırıldı.
Kamo, Azad kəndlərinin köçürülməsi təzəcə başa çatmışdı ki, Tovuzun Əlibəyli kəndindən həyəcanlı xəbərlər gəlməyə başladı. DTK sədri Vaqif Hüseynov göstəriş verdi ki, Gəncə şöbəsinin əməkdaşları təcili Əlibəyliyə köməyə getsinlər. Şöbədə cəmi 3 “Kalaşnikov” avtomatı vardı. Əlibəyliyə 3 əməkdaş – Elbrus Nəzərov, Rəfail Mirzəyev və mən yola düşdük.