Aynur MƏSİMOVA (TƏMKİN)
Yazın gəlişi ilə Şahanə ev-eşiyi tökür, bir dəqiqə belə dayanmırdı. Evin bütün yükünü çiynində çəkir, gah çardaq süpürür, gah aynabəndin divarını-tavanını sürtür, şüşələri silirdi. Gülpəri Şahanəyə kömək etmək istəyən qızına imkan vermir, qızın başına tərs oyun açırdı. Şahanə olan-bitənə səs çıxartmır, bacardıqca səbir edirdi. Xeyli vaxtdı atası evinə getməyən Şahanə anasını görmək arzusuyla alışıb-yanır, lakin Gülpəri buna hec vəchlə imkan vermirdi.
Novruz bayramı münasibətiylə Şahanə gözəl süfrə bəzəmişdi. Artıq işlərini tamamlayıb, Laləni geyindirib Raufu gözləyirdi. Gülpəri gəlini atası evinə buraxmamaq üçün dava salmağa bəhanə axtarır, hey vurnuxurdu.
Həyətdən Raufun səsi gəldi. Qadın qaşlarını dartıb eyvanda göründü. Gəlinin pillələri endiyini görüb, əlini belinə qoyub oğlunu səslədi:
– Xeyir ola, ay bala. Yenə hara gedirsiniz?
Şahanə qayınanasına baxıb, gülümsədi:
– Ana, atamgillə bayramlaşıb gəlirik. Çoxdandır onları görmürəm.
Qadın nifrətlə Şahanəni süzdü:
– Bu günə qalıb sənin gedişin, ay qız? Gəlib-gedən olacaq. Nə deyəcəm mən onlara?
– Ana, bir aydan çoxdur görmürəm mamamı. Tez görüb qayıdacam. Hər şey hazırdır.
Sakitcə anasıyla arvadını qıraqdan seyr edən Rauf daha dözmədi:
– Gələn-gedən səni görməyə gəlir, ay ana. Allaha şükür, Arzu evdədir. Şahanə də bir-iki saata qayıdacaq.
Oğlunun dediklərindən hiddətlənən Gülpəri deyinə-deyinə otağa qayıtdı:
– Ay səni doğanın qarnı yansın belə. Gedən günün olsun, gələn günün olmasın. Belə, dədənin evi xaraba qalsın.
Nihal səbirsizliklə içəri girib-çıxır, qızının, nəvəsinin yolunu gözləyirdi. Bir şəhərin içində yaşayıb qızına həsrət qalan ananın burnunun ucu göynəyirdi.
Telefon zəng çaldı. Nihal dəstəyi götürər-götürməz Gülpərinin od püskürən səsi dəstəkdən kənara yayıldı:
– Elə ki qızını yanında istəyirdin, daha niyə köçürürdün? Deməkdən ki, otur evində-eşiyində, gəlib-gedənini yola sal, qızını mənə acıq olsun deyə evinə çağırırsan, hə?! Özü də bu günü. Səndən olan ananın boyunu yerə soxum elə. Belə bayramın qara gəlsin…
Və hikkə ilə dəstəyi çırpdı. Nihal yerində quruyub qaldı. Qadının bayram əhval-ruhiyyəsi tamamilə korlandı. Qadın qızına acıdı. İçinə saldığı üzüntünü, dilə gətirmədiyi dərdini analdı. Qadın vanna otağına keçib ağladı. İçi boşalmadı. Dərdi qəlbini deşdi. Ana dərdini kimə deyəcəyini bilmədi. Əllərini soyuq suyun altına tutb bir xeyli gözlədi. Üzünü, güzünü sildi. Güzgüdə çöhrəsinə baxdı, gülümsəməyə çalışdı:
– Yalandan gülə də bilmirsən, ay Nihal. Yazıq balam. Gör o evdə nə çəkir. Sənsə gecələr başını rahat qoyub yatırsan. Balanın dərdi çox, deməyə adamı yox.
Qadın hamamdan çıxıb bir az çöldə durdu. Maşını səsindən tanıdı. Qaçaraq gedib qapını açdı. Lalə nənəsini qucaqlayıb, boynuna sarıldı. Nihal əl verib Raufla görüşdü.
– Keç, oğul, içər keç, – deyə onu evə dəvət etdi.
– Sağ olun, Nihal müəllimə, – oğlan qayınanasına təşəkkür etdi. – Bir ayrı vaxt, inşallah, rahat oturarıq. İndi icazə verin, dostlarım məni gözləyir. Bayramınız da xeyirli-uğurlu gəlsin.
Rauf sağollaşıb getdi. Ana-qız Elgiz gəlincə bir xeyli dərdləşdilər. Nə Nihal zəngin üstünü vurdu, nə Şahanə içinə yığılıb qalan dərdini anlatdı. Ana da içini yandıran dərdini özünə saxladı, qızı da.
Elgizin sevincinin həddi-hüdudu yoxdu. Bir aydan bəri görmədiyi nəvəsi qucağında oturub onunla bərabər aş yeyirdi. Kişi nəvəsini iyləməkdən, qoxlamaqdan doymur, qucağından düşürmürdü. Bəlkə də son vaxtlarda ilk dəfə idi ki, ailə bir yerdə süfrə başına toplaşmışdı. Şahanə sevinir, bir qədər dərddən-sərdən uzaq qaldığı üçün rahatlanırdı. Bir xeyli oturduqdan sonra Rauf onların arxasıyca gəldi. Nihal nəvəsinin adına hazırladığı xonçaları maşına qoydu. Şahanəgili yola salıb ardlarıyca uzun müddət tamaşa etdi. İçindəki fırtına get-gedə şiddətlənməyə başladı, bütün varlığını sardı. Ana sanki öncədən nələrinsə baş verəcəyini hiss edərək çırpındı. Lakin əlindən bir şey gəlmədiyini anlayıb dərin üzüntü içində fikirlərinin içində itib batdı…
Sonuncu qonaqları da yola salanda gecə yarıdan keçmişdi. Evdə hər kəs çoxdan yerinə girmişdi. Şahanə hey yuyur, yığışdırır, ortalığı sahmana salmağa çalışırdı. Rauf ayaqlarının ucunda qıza yaxınlaşıb arxadan onu qucaqladı. Şahanə qorxu içində geri çevrildi, Raufu görcək sevindi:
– Dəli olmusan, Rauf?
– Qorxdun? – Rauf gülümsədi.
– Qorxdun da sözdür? Ürəyim ağzıma gəldi.
– Di gəl gedək yataq. Daha bəsdir… – Oğlanın baxışlarında o qədər şəfqət, məhəbbət vardı ki.
– Yox, Rauf. Qoy işimi bitirim. Daha bir şey qalmayıb. Sən get yat.
Rauf inad etdi:
– Ay Şahanə, işini səhər bitirərsən.
– Yox, sən Allah. Sən get. Uşaq durub ağlayar, eşitmərik.
Ərinin yanağını sığallayıb, qollarını onun boynuna doladı. Raufun isti nəfəsi onun yanaqlarını isitdikcə, onun məhəbbətlə nəvazişini hiss etdikcə sanki ağrı-acısı, yorğunluğu yoxa çıxdı. Onun yanaqlarını öpüb ehmalca itələdi:
– Səni çox istəyirəm, Rauf. Nə yaxşı ki, varsan, – deyə pıçıldadı.
– Mən də səni, Şahanə. Özü də lap çox. Mən dünyanın ən xoşbəxt əriyəm ki, həyat yoldaşım sənsən.
Gənc qadın eşitdiyi sözlərin təsirindən o qədər məsud və bəxtəvərdi ki. Bu dəqiqə həyat Şahanəyə son dərəcə gözəl və əsrarəngiz görünürdü.
– Di gecən xeyrə qalsın. Get yat. Narahat olma. Səhər bir az artıq yataram, yorğunluğum çıxar.
Qapı zərblə divara çırpıldı. Raufla Şahanə yerlərindən dik atıldılar. Qorxu içində ətrafa boylandılar. Haraya Lalə ayılıb ağlamağa başladı. Gülpəri əlləri belində təhdidlə Şahanəni süzür, qəzəbindən əsirdi:
– Yerin çox rahatdır deyəsən, ay xanım. Maşallah, maşalllah. Bu nə qədər yatmaqdır?! Dur, dur. Oğlumun içindən çıx. Həyasız.
Şahanənin bədənini həya təri basdı. Qızın gözlərindən yaş süzülür, hıçqırıqlar içini deşirdi. Xələtini əyninə keçirib, ağlayan Laləni qucağına aldı. Raufun sanki ağlı başından çıxdı. Yataqdan sıçrayıb anasının qarşısında durdu:
– Ana, bu nə deməkdir belə? Nə haqla belə yataq otağına daxil olursan? – Raufun əsəbdən bütün bədəni titrəyirdi. – Anamsan, canımsan. Amma belə hərəkət etməyə ixtiyarın yoxdur. Dərdin nədir axı sənin? Bütün bunlar nə deməkdir?
Raufun boğazında damarları şişib qalxdı. Gülpəri oğlundan bunu gözləmirdi. Bu günə kimi onun hər hərəkətinə göz yuman Rauf indi üzünə durmuşdu. Qadın əllərini uzadıb Şahanəni göstərdi:
– Bu ləçərə görə anana səsini qaldırırsan, hə?! Südüm sənə haram olsun. Haram!
– Olsun, ana, olsun. Yetər. Şahanə sənin gəlinin, nəvənin anasıdır. Bəsdir təhqir etdiyin.
Oğlan özünü ələ almağa çalışır, amma bacarmırdı. Üzünü Şahanəyə tutdu:
– Paltarlarımızı yığışdır, gedirik. Atamın evində rahat yuxu da haramdır mənə.
Gülpərinin gözləri hədəqədən çıxdı:
– Ola bilməz. Gedə bilməzsən. Heç yana gedə bilməzsən. Ölsəm də qoymaram. –
Və Gülpəri tappıltıyla yerə sərildi. Bilərəkdən yıxılsa da başı bərk dəymişdi. Yarası qanayırdı. Raufun əvvəlki qəzəbindən heç nə qalmadı. Anasının hərəkətsiz bədənini görcək qorxdu. Tələş içində qadını yerdən qalxızıb yerinə uzatdı. Şahanənin baxışları Gülpəridən Raufa, Raufdan Arzuya qaçır, qadının məkri qarşısında donub qalırdı. Gülpərinin get-gedə daha təhlükəli olması gənc qadını daha da çox qorxudurdu. Artıq o, nigahın fikirləşdiyindən də çox təhlükədə olduğunu başa düşür və daxilən çox sarsılırdı.
Rauf bayaqkı Rauf deyildi. Onun övladlıq duyğusu anasının oyunları qarşısında sarsılmışdı. Oğlan dediyi hər sözün xəcalətini çəkirdi. Nə olursa olsun, o, anasıyla belə rəftat etməməliydi. Lakin artıq gecdi. Qadın övladının dediyi sözlərdən bərk incimişdi.
Həmin hadisədən sonra Rauf anasına daha da yaxın olub başına pərvanə kimi dolanır, Şahanəylə arasına məsafə qoyurdu. Şahanə isə günbəgün içindən yeyilir, tərki-dünya olurdu. Öz-özünə suallar verir, lakin cavab tapmağa acizlik çəkirdi:
– Axı mən başlamadım, mən heç nə etmədim. Bircə kərə üzünə qayıtmadım, bir sözünü iki etmədim. Yaxşı, mənim təqsirim nədir? Bu belə nə vaxtacan davam edəcək?
Anasının oyunlarından xəbərsiz Rauf yenə hər şeyin səbəbini Şahanədə axtarır, qızı ittiham edirdi. Onun bu hərəkətlərinin təsiri altında əzilən Şahanə isə bircə dəfə də olsa niyə haqsızlıq etdiyini soruşmurdu. Qüruru buna imkan vermirdi. Şahanə artıq evdə kölgə kimi dolanır, əvvəlkindən də erkən durub gec yatırdı. İçinə qapılır, hər kəsdən uzaq qaçmaq istəyirdi. Onun xəyal etdiyi, qurduğu eşq dünyası hər an, hər dəqiqə sürətlə çökür, varlığı sonsuz bir boşluq içində əriyirdi. O, təqsirini bilmirdi. Bilsəydi bəlkə də yüngülləşərdi. O, Raufdan bunu gözləmirdi. Gözləsəydi bəlkə də bu qədər üzülməzdi. O, haqsızlığa susurdu. Dinsəydi bəlkə də bu qədər yanmazdı. O, eşqi üçün, qızı üçün, sevdiyi Rauf üçün bütün çətinliklərə sinə gələrək səbirlə dözürdü. Bütün bunlara baxmayaraq ən çox sevdiyi insan ondan üz çevirmişdi və heç cürə səhvini anlamırdı.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9