İlham İSMAYIL
Yanvarın 19-da xəbər gəldi ki, Xanlar cəbhəçiləri bizim əsirləri dəyişməyimizə etiraz ediblər, hətta Asəf müəllimin evinə gediblər. İttiham da bu olub ki, guya biz pul müqabilində əsir dəyişmişik.
Haqsızlıq hər zaman məni əsəbiləşdirib. Həyatda hələ çox haqsızlıq görəcəyəm. Ömrümdən-günümdən alan haqsızlığın cəmiyyətdə adi hal kimi qəbul ediləcəyi illər uzaqda deyildi.
Həmin gün Moskvadan gələnlər erkən saatlarda Gəncəni tərk edib getmişdilər. Aerodromdan haraya uçduqlarını bilmədik, çox güman ki, Bakıya – Nasosnuya uçmuşdular.
Günün necə keçdiyini xatırlamıram. Gecə evdə təxminən saat iki-üç arası qapı döyüldü. Bir anlığa fikirləşdim ki, yəqin cəbhəçilər mənim də evimə gəliblər. Qapıya yan dayanıb kim olduğunu soruşdum. Gələn şöbənin komendantı, qonşu binada yaşayan Vaqif Quluzadə idi. Qapını açdım.
Vaqif: “Rəis dedi ki, hamı şöbəyə gəlsin. Deyirlər Bakıda camaatı qırıblar”.
Tələsik çıxdıq, 5 dəqiqədən sonra şöbədəydim. Qısa müddətə bütün əməkdaşlar toplandı.
Rəis çox hüznlə: “Bakıda ordu şəhərə girib, qarşısına çıxanı güllələyib. Xeyli adam qırılıb. Çoxu cavanlardır, bəlkə də bir nəsil gənclər qırılıb”.
Hamımız həyəcandan suallar yağdırırdıq. Hər birimiz ilk növbədə Bakıdakı doğma adamlarımıza, qohuma, dosta-tanışa zəng etmək istəyirdik.
Televiziyanın işləmədiyini öyrəndik. Respublikanın rəhbərliyi nə edir, niyə mane ola bilmirlər, bizim təşkilat nə işlə məşğuldur? Suallar çox, aydın cavablarsa yox idi.
Rəisin kabinetindən çıxan kimi telefona cumduq. Bakıya ilk olaraq qardaşıma, bacıma zəng etdim. Şükür, salamat idilər, amma hamısı həyəcanlı idi. Güllələrin səsini telefonda aydın eşidirdik.
Dostum Cavanşir Cahangirova zəng etdim. Cavanşir televiziyada işləyirdi, informasiyası başqalarından çox olmalı idi. O, televiziyada böyük partlayış olduğunu, əməkdaşların iş yerlərini qoyub çıxdıqlarını, indi də evlərinin yanında, Elmlər Akademiyası ətrafında atəş səsləri gəldiyini, balkona belə çıxmağın təhlükəli olduğunu dedi.
Hamı bir söz deyirdi: xeyli adam öldürüblər və öldürməkdə davam edirlər. Səhərə qədər bəd xəbərlər davam edir, Bakının qana boyandığını artıq dərk edirdik.
Rəis şəhər partiya komitəsinə çağırıldı. Bir neçə saatdan sonra qayıdıb birinci katib Süleyman Məmmədovla Bakıya getməli olduğunu dedi. İndi əsas məqsəd Gəncəni qırğından qurtarmaq idi. Xəbər gəlirdi ki, növbəti hədəf Gəncədir.
20 Yanvar haqqında geniş yazmaq məqsədim yoxdur. Çox şey deyilib, yazılıb, amma hər şey deyilməyib, hər şey, bəlkə də ən vacibi yazılmayıb.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. DTK sədri Vaqif Hüseynov 20 Yanvardan əvvəl və sonrakı dövrü “Bir ömürdən artıq” kitabında ətraflı, peşəkarcasına, olduğu kimi yazıb. Bu gün Vaqif Hüseynova qarşı ittiham var ki, o, 20 Yanvarda Sovet Ordusunu Bakıya çağırıb, fövqəladə vəziyyəti o yaradıb, televiziyanın enerji blokunu partlatmağı o göstəriş verib. O dövrdə işləyən, bu gün də fəaliyyətdə olan heç bir əməkdaş Vaqif Hüseynovun belə göstəriş verməsini deyə bilməz. Təbii, olmayan məsələni necə söyləmək olar, hətta keçmiş sədri sevməyən işçilər belə.
Birincisi, Hüseynovun dediyi kimi, 28 aprel 1920-ci ildə Azərbaycana gələn Qızıl Ordu nə vaxt respublikanı tərk etmişdi ki, hələ bir geri də çağırılsın.
İkincisi, bir əməkdaş da mən idim. Mənə, şöbəmizə, heç kəs silahla xalqın üstünə gediləcəyi tapşırığını verməmişdi. Bu əsassız ittihamlar yalnız siyasi xarakter daşıyır və mən özüm də belə qondarma ittihamla rastlaşmışam. 2003-cü ilin prezident seçkisində namizəd Hafiz Hacıyev televiziya çıxışında deyirdi ki, guya mən Gəncədə 20 Yanvar günü əhalini qırmışam, öldürmüşəm. Axı Gəncədə 20 Yanvar hadisəsi olmamışdı və olmaması üçün də şöbəmizin rəisi, içi mən qarışıq əməkdaşları əllərindən gələni əsirgəməmişdilər və bu faktdır.
Yanvarın 20-də Azərbaycan Radiosu ilə ilk etiraz Ali Sovetin sədri Elmira Qafarovadan gəldi. Sovet Ordusunun xalqa qarşı aşırı güc tətbiq edərək günahsız insanları qətlə yetirməsini xanım Qafarova pisləmiş və Azərbaycan xalqının bu haqsızlığı heç vaxt bağışlamayacağını bildirmişdi.
İkinci etiraz məhz DTK kollektivindən oldu. Sədr Vaqif Hüseynov başda olmaqla Dövlət Təhlükəsizlik Komitəsinin zabit heyəti 20 Yanvar qətliamını şiddətlə qınayan bəyanatla çıxış etdi. Bu bəyanat o gün də, bu gün də çox aktualdır və tariximizdə SSRİ-nin dayağı sayılan bir təşkilatın azərbaycanlı əməkdaşlarının şücaətidir, ünvanımıza hələ də iftira atanlara tutarlı cavabdır.
İki gündən sonra rəis Bakıdan qayıtdı. Bakıdan gələn adama möcüzə kimi baxırdıq. Nə baş verib, Bakı nə gündədir? Hamımızı narahat edən suallara rəis geniş olmasa da şəhərin birinci katibi Süleyman müəllimlə “Stavkanın” zirzəmisində Yazovla görüşdüklərini və SSRİ müdafiə nazirinə Gəncədə fövqəladə vəziyyət elan olunmasına ehtiyac olmadığına onu inandırdıqlarını söylədi.
Fevralda bacım Bəstiylə Bakıya getdik. Şəhidlərin qırxı hələ çıxmamışdı. Xiyabanı ziyarət etdik. Xatirə dəftərləri vardı, ora ürək sözlərimizi yazdıq. Maraqlıdır, o dəftərlər dururmu?
Respublikada rəhbərlik dəyişdi. Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçildi. Vəzirov çox pis dönəmdə respublikaya rəhbərlik etmişdi. Ekstremal situasiyaya hazır deyildi və daha çox Moskvanın mövqeyini gözləməsi, sərbəst qərarlar qəbul edə bilməməsi onun karyerasını çox pis bitirdi.
(Ardı var)