İlham İSMAYIL
İl başlayan kimi Moskvadan Gəncəyə xüsusi təyinatlı bir dəstə gəldi. Gələnlər məşhur “Alfa” qrupunun üzvləri idi. 20 nəfərlik bu dəstəyə general formasında orta yaşlı, Aleksandrov soyadlı zabit rəhbərlik edirdi. “Alfa”nın üzvləri üçün açılıb-yığılan çarpayılar gətirilib şöbənin qonaq evinə yerləşdirilmişdi. Mehmanxanada qalmırdılar. Dəstənin üzvləri qonaq evində hər mitinqdən əvvəl – mitinqlər isə hər gün idi – hazırlıq vəziyyətində olurdular, şöbənin əməkdaşlarıyla kontaktdan maksimum yayınır, yaxınlıqdakı hərbi hissənin yeməkxanasında yemək yeyirdilər.
Bir dəfə təsadüfən qonaq evinə girdim. Dəstənin üzvləri silahlanırdı. Bu silahlanma Şvartsnegerin “Komandos” filmində son döyüşdən əvvəl silahlanmasına bənzəyirdi. Bıçaqlar, pistoletlər, əl bombaları, zirehli gödəkcələr və sairə.
Şəhərdə yenə mitinq idi. Mən içəri girəndə soruşdular ki, meydanda nə qədər adam var? Dedim, iki min olar. “Нормально” deyib silahlanmağa davam etdilər. Bu 20 nəfərin iki min adamı heç nə hesab etməsi Daşkənd kursunda DTK-nın “Qrom”,”Zenit” dəstələrinin 60 nəfərlə 2500 silahlı əfqan əsgərlərini 45 dəqiqəyə darmadağın edib prezident Əmini öldürmələri haqqındakı mühazirəni yadıma saldı.
Bu dəstənin 5 nəfər üzvü mülki paltarda həmişə mitinqdə iştirak edir, bizimlə söhbət edirdi. Mitinqdəki çıxışların mahiyyəti barədə bizdən nadir halda soruşurdular. İki gündən sonra bu beş nəfərlik dəstənin türk dilini mükəmməl bildikləri bəlli oldu. İçərilərindəki abxaz millətindən olan Ajba adlı bir zabit türk dili üzrə mütəxəssis olduqlarını söhbət əsnasında bildirdi.
Moskvadan gələnlər yerli çekistlərə inanmırdılar. Faktiki olaraq bu heyət yanvarın 18-nə kimi Gəncədə həm informasiya toplayıb Moskvaya ötürür, hər zaman da tətikdə idilər.
Amma yanvarın 18-nə kimi Gəncədə çox hadisə olmuşdu. Yanvarın 10-da Xanlar rayonu ilə Şaumyan kənd rayonunun sərhədində AXC üzvləri Bakıdan gəlmiş bir neçə silahlı ilə birlikdə (biri Xəyyam adlı snayper idi) Şaumyan kənd rayonunun bütün rəhbərliyini həbs etdilər. Prokuror Stepanov aradan çıxmağa müvəffəq olmuşdu. Birinci katib Ağacanyanı cəbhəçilər Bakıya aparmışdılar (sonra onu kiminləsə dəyişdilər). Nəzarət Komitəsinin sədri, Aqrar-Sənaye Kompleksinin sədri, iki sovxoz direktoru, iki milis işçisi və bir neçə sıravi adam da tutulub Xanlar Rayon Milis Şöbəsinə təhvil verilmişdi.
Tutulanlar milis şöbəsinin zirzəmisindəki Lenin guşəsində saxlanırdı. Onlarla ilk söhbəti mən və milis rəisi Cavanşir Babayev apardı. Manaşid kəndinin sovxoz direktoru Çaykəndə yas yerinə gəldiklərini desə də münasibətlərin kəskin olduğu bir vaxtda Çaykəndə bu heyətlə xoş niyyətlə gəlmədikləri, əsil məqsədlərinin bizə qarşı plan qurmaq olduğu aydın idi. Amma nə planı? Bunları çözmək istəyirdik ki, Toğana kəndindən xəbər gəldi. Bizim üç azərbaycanlını – bir milis serjantını, Toğana kənd sakinini, Gəncə Yaşıllaşdırma İdarəsinin işçisini girov götürüb tələb edirdilər ki, bizim tutduqlarımızla dəyişdirilsin.
Axşamtərəfi idi. Tutulanların yanına gəldim, üzlərindən yorğunluq, qorxu, həyəcan və aclıq yağırdı. Onlara yemək gətirəcəyimi deyib Üçtəpə kəndindəki dostum Siyavuşun yeməkxanasına gəldim. Az qala bir toy qazanı boyda quzu ətinin pörtməsini, gəncəlilər demişkən, şalampur bişirtdirdim, bütün yemək ləvazimatlarıyla şöbəyə gətirdim. Lenin guşəsində süfrə açdırdım və erməniləri yeməyə dəvət etdim.
Üzümə şübhəylə baxırdılar. Gülüb yeməyə başladım. Aqrar-Sənaye Kompleksinin sədri Meqriyan Şagen “Ara, kişi əziyyət çəkib yemək gətirib, yeyin” dedi. Yeməyə başladılar.
Bu hadisənin səhərisi günü Todan kəndi ətrafına bir neçə vertolyotda sovet əsgərləri və “saqqallılar”ın gəlməsi, ətrafı atəşə tutduqları barədə xəbərlər gəldi. İlk atışma, döyüş oldu. Todanın müdafiəsinə gedən könüllü döyüşçülər – Rüzgar Qasımov, Bəxtiyar Əliyev, Abbasqulu Məmmədov şəhid oldular, milis işçisi Mirtağı Bağırov ağır yaralandı. Gəncədə təntənəli dəfn mərasimi keçirildi.
Yanvarın 12-də Todan camaatı Gəncəyə axışıb müdafiələri üçün kömək istəyirdi. Meydan insanla dolu idi. Xanlarda milis şöbəsində qərargah fəaliyyət göstərirdi. Daxili işlər nazirinin müavini Nurəddin Yusifov da neçə gün idi ki, bizimlə bərabər idi. Məndən Gəncədə nə baş verdiyini öyrənmək üçün ora baş çəkməyimi xahiş etdilər.
Gəncədə bir xaos yaşanırdı. Meydanda hamı dünənki atışmadan, ölənlərdən, yaralılardan, rus əsgərlərin erməni tərəfdən vuruşduqlarından danışırdı. Hadisələr sürətlə bir-birini əvəz edir, gah Gəncədə, gah Xanlarda gərgin saatlar yaşanırdı.
Səhərisi gün tezdən Xanlara çatan kimi rayon partiya komitəsinin ikinci katibi Tofiq Kazımovla görüşdüm. Məlum oldu ki, axşam birinci katibə baş çəkməyə gedən Tofiq müəllimi İsgəndərov qovub. Kazımov nə edəcəyini bilmirdi. Onu sakitləşdirib təcili plenum çağırmağı və İsgəndərovu vəzifədən azad etməsini bildirdim. Başqa yol yox idi. Rayonun prokuroru Rauf Səmədov, polis rəisi Cavanşir Babayevlə də görüşüb məsələni izah etdim. Onlar da razılıqlarını bildirdilər.
Milis şöbəsində olanda Qərib İsgəndərov zəng vurub nazir müavini Nurəddin Yusifovla danışdı. Biz danışığa şahid idik. İsgəndərov nazir müavinindən onun təhlükəsizliyini təmin etməyi tələb edirdi. Nurəddin müəllim onu sakitləşdirir, müalicə olunmağını tövsiyə edirdi. Yusifov İsgəndərovun işə çıxmasının məqsədəuyğun olmadığını nəzakətlə başa salmağa çalışırdı. Birdən Yusifov əsəbi şəkildə “Əşi, sən nə təhər adamsan, niyə başa düşmürsən ki, burda bu saat camaat səni şişə çəkməyə hazırdır. Mən sənə deyirəm ki, gəlmə, gəlirsənsə mən sənin həyatına cavabdeh deyiləm” deyib dəstəyi asdı.
Bu söhbətdən sonra raykom hərəkətə keçib plenum üzvlərini iclasa çağırdı. Mərkəzi Komitənin təlimatçısı Malaxov da Xanlarda ezamiyyətdə idi. Gecə saatlarında rayon icraiyyə komitəsinin binasında iclas başladı və gündəlikdə bir məsələnin – birinci katib Qərib İsgəndərovun vəzifədən azad edilməsi olduğu bildirildi. Bütün plenum üzvləri bu təklifin lehinə səs versə də, Malaxov plenumu səlahiyyətsiz hesab edərək bildirdi ki, yetərsay yoxdur.
Həqiqətən üç nəfər çatmırdı. Plenum sabah yenidən toplanmağa qərar verdi.
Ertəsi gün hamı toplanmışdı, amma çox çətinliklə və sərgüzəştlərlə. Aqrar-Sənaye Kompleksinin sədri İsmayıl İsmayılov ucqar kənddə olan plenum üzvü, ferma işçisi gənc qıza plenuma gəlməsinin vacibliyini telefonda belə başa salırdı:
– Ay qız, kvorum çatışmır, sən mütləq gəlməlisən.
Qız:
– Məni neynirsiniz, kormu göndərin burda qəbul edək.
– Ay qız, yem demirəm e, kvorum deyirəm, tez ol gəl.
Mən:
– İsmayıl müəllim, yetərsay deyin, bəlkə başa düşdü.
– Ay müəllim, o sözü heç mən bilmirəm, o yazıq hardan qanacaq.
Xanlarda SSRİ Ali Sovetinin deputatı, sağıcı Sünbül Qasımova vardı. Sünbül birinci katibin həmkəndlisi idi. Birdən xəbər gəldi ki, İsgəndərovun adamları Sünbülü aradan çıxarırlar. Hay düşdü, Sünbülü, obrazlı desək, “atdan saldıq”. Hamı gəldi, ucqar kənddəki qızdan başqa.
Məşğulluq idarəsi yaxınlıqda idi. İdarənin müdiri İmamverdi Cəfərovun yanına gedib bir qız işçisini iclasda oturmağa göndərməsini istədim, qıza da plenum üzvü qızın adı çəkiləndə ayağa durmağını tapşırdım. Başqa yol yox idi, plenum baş tutmasaydı rayonda qarşıdurma xeyli güclənəcək, fəsadlar yaranacaqdı. Burda çeviklik, zamanı dəyərləndirmək daha önəmli idi, nəinki hansısa sağıcının iştirakı.
Nəhayət, plenumda yetərsay alındı və Qərib İsgəndərov birinci katib vəzifəsindən azad edildi, səlahiyyətləri ikinci katib Tofiq Kazımova tapşırıldı. Bu aqibəti İsgəndərov özü qazanmışdı. Hadisələrə köhnə, stereotip prizmalardan yanaşanlar, situasiyaya çevik münasibət bildirməyənlər, xüsusilə xalqın, millətin marağından çıxış etməyənlər bu hadisələrdə “yandılar”, o cümlədən respublika rəhbəri Əbdürrəhman Vəzirov. Bu barədə hələ sonra.
***
Tutulan erməniləri uzun müddətə saxlamaq mümkün deyildi. Artıq Bakıdan xəbər göndərirdilər ki, ermənilər təcili azad olunmalıdır, həm də bizdən də onların əlində üç nəfər vardı.
Çaykənddəki 3 əsir azərbaycanlı ilə Şaumyan rəhbərliyindən 3 nəfəri dəyişmək qərarına gəldik. Həm də Şaumyan kənd rayonunda (indiki Ağcakənd) ermənilər Başqışlaq kənd sakinlərindən bir neçəsini, o cümlədən qatıq satan qadınları tutub həbsxanaya salmışdılar. Xəbəri bizə o rayonun ikinci katibi Atəş müəllim çatdırmışdı.
Meqriyan Şageni rəisin otağına gətizdirib dedim: “Şagen, səni də, daha iki nəfəri də azad edəcəyik, amma bil ki, burda qalan yoldaşlarının taleyi ordakı qadınların, başqa girovların azad edilməsinə bağlıdır. Rayona çatan kimi onları azad edirsən, biz də burdakı adamları sərbəst buraxacağıq”.
Şagen söz verdi. Hacıkənd yolu tamam bağlanmışdı, yola yaraqlı ermənilər nəzarət edirdi. Qərara alındı ki, Daşkəsən ərazisinə keçib Çıraqlı kəndindən Kəlbəcərin ərazisinə, oradan da Toğanaya enmək olar.
Yanvar ayında Murovun, Qoşqarın ətrafında piyada hərəkət etmək çətindir, o ki qala “Niva” maşınları ilə. “Niva” çatmırdı, dostum, heyvandarlıq kompleksinin direktoru Məmməd Ələkbərova zəng edib xidməti “Niva”sını göndərməyi xahiş etdim. Maşın gəldi.
Əsirləri kimin dəyişəcəyi sual yaratmışdı. Bizim əsirlikdə olanların qohumlarından iki nəfər, milis şöbəsindən Rəşid və sahə müvəkkili Mətləb, Hacıkənd qəsəbə sovetinin sədri Nəsrəddin, rayon icraiyyə komitəsinin sədri Asəf Məmmədov da getməyə razı oldu.
Əsir düşən Arzu adlı milis işçisinin atası İlham şöbənin dəhlizində birdən yerə əyilib dizlərimi qucaqladı. Ağlaya-ağlaya “Mən atayam, amma oğlumu xilas etməyə gedə bilmirəm. Sənə yalvarıram, sən getməsən, heç kim getməyəcək, get mənim balamı gətir”.
Onu ayağa qaldırıb gedəcəyimi dedim və 10 dəqiqəyə yola düşdük.
Artıq hava qaralırdı. Şaumyan (kənd) Rayon Xalq Nəzarəti Komitəsinin sədrini, Manaşid kəndinin kolxoz sədrini və Meqriyan Şagen Znaveroviçi mənim əyləşdiyim “Niva”ya götürüb yola çıxdıq.
Şagen Ağcakənddə erməni millətçilərinin başında dururdu, xüsusi nüfuza sahib idi. Onunla sonralar, 1991-ci ildə Şəfəqdə də rastlaşdıq. Ağcakənd azad ediləndə Şagen öldürüldü. Erməni fədailəri siyahısındadır.
DTK-da hara gedirdiksə, rəhbərliyi məlumatlandırır, icazə veriləndə gedirdik. Bu dəfə rəisimizə – rəhmətlik Rəhman Mikayılova heç nə demədim. Bilirdim ki, icazə verməyəcək. Ağlayan atanı heç cür çarəsiz qoymaq olmazdı. Mən gedəcəyim halda milis işçilərinin də gedəcəyini düşünüb icazə almadan əsirləri dəyişməyə yollandıq.
Tüləllər kəndini keçib Çıraqlıya çatdıq, çox sərt bir yoxuş vardı. “Niva”lar qarda heç cür yoxuşu qalxa bilmədi. Bir saatdan sonra KrAZ markalı yük maşını gəldi. Hava tamam qaralmışdı. Erməni əsirləri də götürüb KrAZ-a mindik. Mən, Nəsrəddin, Asəf müəllim kabinədə oturduq. Qalanlar, o cümlədən ermənilər maşının kuzasında yer aldılar. Sürücü yolu tanısa da, bəzən yol itir, hara gedəcəyimiz bilinmirdi. Sərt bir döngəyə çatanda Nəsrəddin dözmədi, “Bu maşın aşacaq, heç olmasa yuxarıda olsam tullanaram” deyib kabinədən kuzaya qalxdı. Bu səfərə çıxanlar həyatlarıyla risk etdiklərini bilirdilər.
Ən təhlükəli yerlərdən keçib 3 saat sonra Toğanaya çatdıq. Asəf müəllimin qohumlarından birinin evində yerləşdik.
Biz Toğanaya çatanda SSRİ televiziyasının “Vremya” verilişi başlamışdı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov müsahibə verirdi ki, Bakıda bir neçə erməni ailəsinin evi dağıdılıb.
Kənddə heç bir rabitə əlaqəsi yox idi. Həyat yoldaşımın və körpə Əsmərin bütün gecəni gözü yolda qalacağını, işdə narahatçılıq olduğunu təsəvvür edirdim.
Sabaha qədər yatmadıq, əlimizdəki cəmi 2 avtomatla həm özümüzü, həm də əsir erməniləri qoruyurduq. Pəncərədən qarlı meşəyə baxanda çılpaq ağaclar ağ qarın fonunda bəzən gözümə hərəkət edən adamlar kimi görünür, hər zaman istirahətə gəldiyim, gözəlliyindən ləzzət aldığım Toğana kimi səfalı bir yerdə həyəcanla həm sabahın açılmasını, həm də düşmənin namərdliyini bildiyimizdən qəfləti hücumunu gözləyirdim.
Səhər açılanda təxminən 4 saat danışıq getdi. Danışıqlar Çaykəndlə Göygölə gedən yolun ayrıcında aparılırdı. Bu yolu xatırlamağımın səbəbini sonra qeyd edəcəyəm.
Əsirləri bir-bir dəyişdik. Birinci Şageni istədilər, yola salanda tutulanların azad edilməsini ona bir də xatırlatdım.
Adamlarımızı sağ-salamat geri aldıq və yenə axşama yaxın həmin çətin, buzlu-qarlı yollarla geri qayıtdıq. “Niva”ların sürücüləri də arxamızca gəlib Toğanaya yetişmişdilər.
Xanlara çatanda hamı bizi sevinclə qarşıladı. Bəziləri öldürüldüyümüzü zənn edibmiş.
Gəncəyə, iş yerimə gəldim. Axşam 9 olardı, onsuz da işdən evə gec gedən rəisimiz məni gözləyirdi. DTK-dan Pərviz Hətəmzadə də içəridə idi. Rəis əsəbi şəkildə “Hardasan?” soruşdu.
Danışdım əhvalatı.
– Niyə icazə almamışdın?
– Bilirdim ki, icazə verməyəcəksiz. Mən getməsəydim, onda mənə qorxaq kimi baxacaqdılar, həm öz nüfuzuma, həm də təşkilatımızın adına xələl gələcəkdi. Getməyə bilməzdim.
Rəis heç nə demədi, hətta üzündə məmnunluq hiss etdim:
– Yaxşı, get evə, narahatdılar, amma sabah ətraflı arayış təqdim edərsən.
Səhərisi əsirlikdən azad etdiklərimizlə söhbət etdim. Yerevandan gələn ermənilər bir neçə dəfə cəhd ediblər ki, onları ocaqda yandırsınlar. Yerli ermənilər hər dəfə mane olublar. Yerevan ermənilərindən biri əsirlərə deyib ki, qayıdanda Kirovabadda (Gəncə) bildirin – Pzo Çaykənddədir.
Neçə illərdən sonra, ötən il internetdən oxudum ki, Pzo “vor zakon” olub, bir müddət ABŞ-da yaşayıb və hansısa əməlinə görə Yerevanda tutulub. Pzo qanunsuz silah alveri ilə də məşğul imiş. Əsl adı Armen Qazaryandır.
Şagen dediyinə əməl etdi. Bütün tutulanlar azad edildi, biz də öz növbəmizdə milisdə saxladığımız ermənilərin hamısını azad etdik. Todan kəndinə aparıb ordan ermənilərin yaşadığı Erkeç kəndinə yola saldıq.
(Ardı var)