Eşq və xəyanət (9)
- 18 Dekabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Aynur MƏSİMOVA (TƏMKİN)
Zaman sürətlə axıb gedirdi. Şahanənin rahat, xoşbəxt günləri hər gün bir az da azalırdı. Sanki Rauf da bu mühitin təsirindən dəyişir, sakitliyi gecə həyatında tapırdı.
Gülpərinin davranışı daha da sərtləşir, evdə addımbaşı mübahisə yaradırdı. Qadın gəlininin qulağı eşidə-eşidə onu söyür, təhqir edirdi. Şahanə bütün təhqirlərə səssiz qalır, yalnız gecə hamı yatdıqdan sonra için-için ağlayaraq ürəyini boşaldırdı. O, Raufdan inciyib, küsürdü. Rauf anasının hərəkətlərini sanki görmür, Şahanənin üzüntüsünə biganə qalırdı. Həmişə son dərəcə düşüncəli olan Raufun yerini tanımadığı, bilmədiyi bir adam tutmuşdu. Gülpəriylə Araz oğlanlarını təhqir eləməkdən də çəkinmirdilər. Ata-ana yeri düşdükdə övladına yol göstərər, tənbeh də edər. Amma Gülpəri eləcə söz demirdi. O, övladının haqqına girirdi.
Rauf ata-anasının yanında artıq qızını qucağına almağa cəsarət etmir, hətta sığalını da ondan əsirgəyirdi. Ayrı vaxt duz kimi yaladığı balası körpə canıyla atasının niyə belə etdiyini anlamır, gəlib dizinə söykənərək altdan yuxarı onu süzürdü. Lakin son zamanlar uşaq daha atasına əvvəlki tək yaxın gəlmir, sanki ondan qaçırdı. Yalnız öz otaqlarına çəkildikləri vaxt onun sinəsinə sıxılıb yatırdı. Rauf bu zaman övladının qarşısında xəcalət çəkirdi. O, arvadıyla, övladıyla arasına girən məsafəni hiss edir, lakin nəsə etməyə təşəbbüs göstərmirdi. Necə etsin axı? O, valideynlərinin yanında Şahanə oturan yerdən uzaq durur, bunun üçün də qəlbində özünü lənətləyərək aciz adlandırırdı. Axi niyə çəkinirdi, nədən, kimdən qorxurdu? Övladını qucağına almaqda nə qəbahət vardı ki? Arvadıyla beş-altı söz kəsməkdə nə ayıb iş vardı? Rauf aralarındakı məsafənin hər gün bir az da artdığını, dərinləşdiyini hiss edir, çıxılmaz bir labirintə girdiyini anlayırdı. O, evdəki vəziyyəti ələ alıb, ailəsini qorumaq əvəzinə get-gedə evindən soyuyur, rahatlığı dostlarıyla gəzməkdə-dolaşmaqda görürdü. Evə gec gəlir, Şahanəylə tez-tez mübahisə edirdi.
Soyuq hava adamı qılınc kimi kəsirdi. Evdə hər kəs yatır, bir Şahanə tez-tez eyvana çıxır, Raufun yolunu gözləyirdi. Saat on ikini çoxdan keçmişdi. Gənc qadın tez-tez gözlərini övkələyir, soyuqdan əsnəyirdi. “Axı bu harada qaldı, ay Allah. Telefonu da bağlıdır. Yoxsa başına bir iş gəlib? Yol-izdə yəqin buz bağlayıb. Ax, Rauf. Sən nə zaman bu qədər dəyişdin. Nə mənim sənin üçün bir dəyərim qalıb, nə Lalənin. Allah axırımızı xeyir eləsin. Gənc Məsədi Əliabbas nəvəsi. Əvvəl-axır qan öz işini görür”. Öz-özünə gülümsədi. Ahıl qadın kimi fikirləşməsinə kədərləndi.
Uzaqdan maşın səsi gəldi. Deyəsən gələn odur. Qadın tələsik qapıya qaçdı. Amma yox. O deyildi. Şahanənin gözləri doldu. “Haradasan sən, Rauf, harada? Gecənin bu saatında kimə zəng vurum, harada axtarım səni? Adama nə deyərlər?” Qadının qəlbini bir yandan qorxu, bir yandan qısqanclıq didib tökürdü. Hirsindən ağlayırdı. Hirsindən dünyanı yıxıb-dağıtmağa hazırdı. “Axı bu nə deməkdir? Rauf nə zamandan bu qədər məsuliyyətsiz olub? Mən cəhənnəmə. Bəs uşaq, onun nə təqsiri var?”
Maşından düşən işıq həyəti aydınlatdı. Qadin ərinin enməsini gözləmədən darvazını açdı. Raufun maşından düşməsini gözləməyə səbri çatmadı. Dodaqları əsə-əsə, qəhərdən boğula-boğula:
– Sən nə vaxt bu qədər dəyişdin, Rauf?! – deyib sürətlə uzaqlaşdı.
Yastığı suyun içində idi. Canından artıq sevdiyi Rauf get-gedə yad insana çevrilir, hər gün bir az da uzaqlaşırdı. Şahanənin ailəsini bir arada saxlamaq üçün göstərdiyi bütün səyləri o, görməzliyə vururdu. Gənc qadın qayınanasının hər gün artan zülmünə, təhqirlərinə dözür, “Raufun anasıdır, hörmət etmək borcumdur” deyib arvadın üzünə qayıtmırdı. Gündüzlər o qədər iş görürdü ki, gecələr ayağının zoqqultusundan yata bilmir, amma səsini çıxartmırdı. Gələn qonaqların yanında ünvanına söylənən bütün acı sözləri udurdu. Gülpəri hər kəsə “Gəlinim tənbəlin biridir, səhərdən axşamacan biz ona qulluq edirik, o da kef eləyir” deyə yalanlar söyləyir, hər şeyə rəğmən Şahanə yenə dözür, onun yalanını çıxartmırdı. Qadın hər kəsin içində onun cehizini lağa qoyub gülür, qız yenə səbirlə susurdu. Qayınanası heç vaxt ürəklə oxşamadığı nəvəsini səbəbsiz acılayır, Şahanə göz yaşlarını içinə axıdır, ancaq cavab vermirdi. Söyüşcül Araz isə evin içində nalayiq sözlər danışmağından qalmırdı. Bütün bunlar Raufun gözü qarşısında baş versə də, o, səsini çıxarmırdı.
Rauf qızı qucaqlayıb saçlarını qoxladı. Sinə dolusu nəfəs alıb qızın ətrini ciyərlərinə çəkdi. Şahanənin başını özünə tərəf çevirdi. Qızın nəmli gözləri ərlik izzət-nəfsini yandırdı. Gözlərinin dərinliyindəki kədər, üzündəki məsumluq sümüklərinə qədər işlədi.
– Nə olub, Şahanə. Niyə ağlayırsan?
Qadın son zamanlarda bəlkə ilk dəfə Raufun səsində əvvəlki istiliyi, sevgini hiss etdi. Bəlkə də bu səbəbdən hirsi soyudu, onun sinəsinə sığınıb dəlicəsinə hönkürdü:
– Gedək, nə olar, Rauf, gedək evimizə.
Rauf gecə səhərədək yatmadı. Gah durub totuq əllərini başının altına qoyub yatan qızına baxdı, oxşadı, gah da saçları pərişan halda yastığa dağılan, ayrı cürə gözəl görünən Şahanəyə baxdı. Onlara bu qədər əziyyət verdirməyə nə haqqı vardı onun? Hara olmuşdu onun əvvəlki əzmi, cəsarəti?
Şahanə yerindən qalxıb Raufu görmədi. Həmişə gec durmağa vərdiş edən Raufun səhər tezdən oyanmağına bir anlam verə bilməyən Şahanə tələsik paltarlarını geyinib saçlarını düzəldə-düzəldə otaqdan çıxdı. Aynabəddən Raufla Arazın səsini eşidib ayaq saxladı. Ata-oğul mübahisə edirdi. Qadın geri qayıtmaq istədikdə adını eşidib dayandı. Araz onun ünvanına təhqiramiz sözlər işlədir, Rauf da çılğınlıqla nəsə deyir, bəzən də səsini ucaldırdı. Şahanə söhbətin nədən getdiyini bilmir, amma otağa da girmək istəmirdi. Raufla Arazın səsi yüksəldikcə yüksəlirdi:
– Bəsdir, ata. O sənin gəlinindir. Şahanə haqqında belə danışa bilməzsən. Axı neyləyib sənə? De, bir günahı varsa mən də bilim. Bakıya yalnız o yox, elə ikimiz də qayıtmaq arzusundayıq. Sözünü yerə salmadım, geri döndüm. Nə qazandım, ata? Balaca uşaq təki sənin əlinə baxıram. Mən mən deyiləm. Öz əməyimin çörəyini yemək istəyirəm. Mən nə qədər sağam, övlad kimi sizin qarşınızda borcumu yerinə yetirəcəm, qayğınıza qalacam. Amma xahiş edirəm mənə getməyimə mane olma. Mən artıq sənin kölgəndə avara-avara dolaşmaq istəmirəm. Əgər sən mənə baxacaqdınsa, onda niyə oxudurdun, ata? Dayıma acıq elədin, oduna məni yandırdın. Halallıq ver, ata. Xahiş edirəm. Qoy çıxım gedim, evimə qayıdım.
– Nə ev, ə… Ə, kişi ol e… Əgər sən buradan çıxıb getsən evi də əlindən alacam, maşını da. Haqqımı halal etməyəcəm.
Raufun əsəbdən üzü gərilmişdi. Əlləri əsir, dodaqları titrəyirdi. Atasının son sözləri onun qürurunu yaralamışdı.
– Şahanə! – deyə bağırdı. – Şahanə, səninləyəm! Açarları da gətir, bura gəl.
Şahanə gözü yaşlı, olanlarda özünü təqsirli bilə-bilə açarları gətirib ərinə uzatdı. Rauf bir-bir açarları ayırıb atasının qarşısına qoydu.
– Bunumu istəyirdin? Al, ata. Bax, bu maşının açarı, bu da evin. Mən ailəmə baxmağı bacararam…
Səs-haraya yuxudan durub qaçaraq gələn Gülpəri başını itirmişdi. Bilmirdi ərini sakitləşdirsin, ya oğlunu. Heç kimə gücü çatmayan qadın başını aşağı dikib duran Şahanəni nifrətlə süzür, amma nəsə deməyə cəsarət etmirdi. Raufun qəzəbinə tuş gəlməkdən qorxurdu. Qadın artıq onları sakitləşdirməyi bacarmayacağını başa düşüb çarəni aşıb düşməkdə gördü. Hər zaman məharətlə ifa etdiyi rolu bu dəfə də böyük ustalıqla yerinə yetirdi. Anasının yerdə çabaladığını görən Arzu çığıraraq qadını qucaqlayıb üstünə qapandı. Bir anlıq nə olduğuna çaşan Rauf özünü ələ alıb masanın üstündəki stəkanı götürüb anasının üzünə su çilədi. Hərə bir yandan qolundan yapışıb Gülpərini divana uzatdılar.
Zaman keçir, Gülpəri ayılmırdı. Rauf günahkar bir ifadəylə anasını süzür, təşvişlə onun ayılmasını gözləyirdi. Nəhayət, qadın gözlərini açıb altdan-altdan oğlunu süzdü. Onun bikef vəziyyətinə yalnız özü hiss edə biləcəyi tərzdə gülümsədi. Əli titrəyə-titrəyə oğlunun buz kimi əllərini tutdu, zarıdı:
– Qorxma, Rauf. Mamanın üzü bərkdir. Ölüb eləmərəm. Amma sən məni çox istəyirsənsə bizi qoyub getmə, bala. Yox, əgər getsən, ölsəm üstümə gəlməyəsən, – deyib qadın yenə özündən getdi.
O gündən Şahanə Raufla bir də o barədə söhbət etmədi, heç Rauf da bu barədə düşünmədi. Anasının son halı onun övlad kimi vicdanını o qədər sarsıtdı ki, qadının bu hala düşməsində özünü təqsirkar bildi.
Nihal qızının evinə ayda bir dəfə də olsa gəlməz, yalnız hər gün zəng edib hal-əhval tutardı. Bunu da Gülpərinin gözü götürmür, əsəbləşib deyinirdi. Onun bu hərəkətlərini gördükcə Şahanə mənən sarsılaraq bütün hirsini-əsəbini içinə tökürdü. Səhərdən axşamacan başını iş görməklə qatır, əgər boş vaxt tapsa onu da qızıyla keçirirdi. Hər gün qonaqlı-qaralı xanimana gəlib-gedənin sayı-hesabı bilinmirdi. Gələn qonaqları xoş üzlə qarşılayan gəlin süfrə açıb, çayını-çörəyini qoyub, işlərinin ardıyca qaçır, söhbətə müdaxilə etmirdi. “Bəlkə gizli söhbətləri, deyiləsi dərdləri var. Mənim yanımda açıb ağarda bilmirlər” – düşünüb onlarla oturmurdu.
Diləfruz arvad qapını yüngülcə taqqıldadıb həyətə girdi. Lalə həyətdə fevral günəşinə aldanıb cücərməyə başlayan otları körpə əlləriylə sığallayır, günəşin ilıq şəfəqləri altında xoşhallanırdı. Diləfruzu görən qız qollarını geniş açıb onun üstünə yüyürdü:
– Diləfruz nənəm gəldi. Ana, Diləfruz nənəm gəldi.
Qadın uşağı qucağına alıb sinəsinə sıxdı, toppuş yanaqlarını öpüb, iylədi. Diləfruzun isti münasibətini uşaq canıyla anlayan körpə qız onu çox sevir, nənəsindən çox ona meyl göstərirdi. Şahanə pillələri enib qadını qucaqladı.
– Düş, nənəni yorma, quzum, – deyib qızına göz ağartdı.
Qadın Laləni bir az da bərk qucaqlayıb:
– Sən narahat olma, qızım. Mənə xoşdur. Belə gözəl baladan yorulmaq olar? – deyə gülümsədi.
Gülpəri divana yayxanıb mürgüləyirdi. Səsə gözlərini açıb Diləfruzu görcək tələsik durub oturdu:
– Az, xoş gəlmisən. Gəl bəri. Otur, sən Allah. Səhərdən çabalayıb-çabalayıb indi oturmuşam. Ağız, Şahanə… Ay Şahanə! Az, görürsən bunu! Eşşəkdir, vallah, bu qız, eşşək! Bir gələnə adam xoş gəldin deməz?
Diləfruz Şahanənin duyacağından ehtiyatlanıb qadının ətəyini çəkdi:
– Ay elti, sen neyləyirsən? İndicə görüşmüşük.
Şahanə dolu məcməyi içəri keçdi. Əllərindəkini süfrəyə düzüb otaqdan çıxdı. Qadın əllərini cüt çarpazlayıb gəlinin arxasıyca yellədi:
– Kül sənin başına. Görürsən qaraqabaq qızını.
Diləfruz təəccüblə eltisini süzdü.
– Ay bacı, bu yazıqdan nə istəyirsən axı. Daha nə istəyirsən ki, sən?
– Sən onun sakit görkəminə baxma. Bu var e, bu. Mənim uşağımı yoldan çıxartmışdı yenə. Azca qala Bakıya qayıdırdılar. Aley… mən qoydum, sən də getdin. Mənə də Gülpəri deyərlər! – deyib qaşlarını oynatdı.
– Nə olar gedəndə. Onların evi-eşiyi, işi-gücü oradadır. Sənin yanında, Allaha şükür, dağ kimi ərin, qızın. Yazıq uşaqlardan nə istəyirsən ki, sən?
– Mən ölüm, sən də bunun tərəfini tutma. Yazıq ilan vursun bunu yalansa. O Şahanədirsə, mən də Gülpəriyəm. Elə oyun oynadım ki, fələk də baş açmadı.
Diləfruz maraq dolu nəzərlərlə eltisinə baxdı:
– Nə etmisən ki?
Gülpəri şaqqıldayıb güldü:
– Neyləmədim ki, sən onu de. Uzandım tirtap buradan ora. Güya ki, ürəyim getdi, təzyiqim qalxdı. Rauf da məni o halda görüb daha Bakı söhbətinə birdəfəlik nöqtə qoydu.
Limonu mətbəxdə unudub, sonra geri qayıdan Şahanə donub qaldı. Eşitdiklərindən don vurmuşa döndü. O, qadının bu qədər məkrli olacağını heç vaxt ağlına gətirməmişdi. İndi eşitdiklərinin müqabilində gəlin nə düşünəcəyini bilmirdi.
(Ardı var)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8