Qarabağ ili – Azərbaycan dərdi (4)
- 11 Dekabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
İlham İSMAYIL
Bakı hadisələrinin dördüncü günü Gəncədə mitinq elan olundu. Noyabrın 22-si saat 17-də şəhər partiya komitəsinin qarşısındakı Lenin meydanında mitinqçilər yenicə toplaşan zaman heç kimin, o cümlədən meydanda olan əməkdaşlarımızın da gözləmədiyi halda meydana və ətrafına hərbi texnika, əsgərlər daxil oldu və mitinq iştirakçılarını döyüb qovmağa başladılar. Desant briqadasının əsgərləri silahsız idilər, yalnız kiçik əl belləri vardı, həm də sayları az idi – 50 nəfərə kimi olardılar.
Zirehli maşınlar meydanda dövrə vurub əhalini qorxutmuşdu, meydan bir neçə dəqiqəliyə boş qaldı. Mən də mitinqçilərlə bərabər məscidə tərəf çəkilmişdim. Hirsimdən nə edəcəyimi bilmirdim, mitinq iştirakçıları ilə bərabər qışqırıb əsgərlərə hücum etdik. Sayca az olan əsgərlər geri çəkilirdi. Zirehli maşınların ikisini elə meydanın qarşısında benzin dolu butulka ilə yandırdılar.
Vəziyyət sürətlə idarəolunmaz hala gəldi. Bayaqdan əsgərləri, hərbiçiləri qovurduqsa, indi onları kütlənin linç etməsinin qarşısını almağa başladıq. Kütlə şəhər partiya komitəsinin binasına sığınmaq istəyən əsgərlərin ardınca binaya daxil oldu. Binanın qarşısındakı bir “Volqa”nı yandırdılar. Qısa müddətdə binanın birinci mərtəbəsindən də tüstü çıxmağa başladı. Kütlə aksiyaya güc tətbiqinin başında birinci katib Ramiz Bağırlının durduğunu qışqırır, onu axtarıb məhv etmək istəyirdi. Milisin köməkliyi ilə binaya girən kütləni birtəhər çölə çıxarmağa müvəffəq olduq. Birinci katib yox idi.
Qaranlıq düşmüşdü. Əməkdaşlardan biri gəlib məni rəisin çağırdığını söylədi. Yaxınlaşanda şöbənin qaranlığa büründüyünü, heç yerdə işıqların yanmadığını gördük. Bir anlığa təxribat olduğunu, işıqlarımızın qəsdən kəsildiyini düşündük. İçəri daxil olanda hər şey məlum oldu. İşıqlar yanırdı, amma rəisin göstərişi ilə bütün pəncərələrin qara pərdələri endirilmişdi.
Kabinetə təzəcə daxil olmuşduq ki, növbətçi bir nəfərin təcili ancaq rəislə görüşmək istədiyini xəbər verdi. Gələn gənc bir oğlan idi. Rəis bizi otaqdan çıxarmadan onu dinlədi və məlum oldu ki, o, əməkdaşımız Eldar Rüstəmovun tapşırığı ilə gəlib. Rüstəmov birinci katib Ramiz Bağırlı ilə şəhər partiya komitəsi binasının çardağında olduqlarını xəbərini göndərmiş və təcili oradan çıxarılmalarını istəmişdi. Eldar birinci katibin həyatını xilas etmişdi, yoxsa onun linç edilməsi an məsələsi olardı.
Rəis xəbəri gətirənə təşəkkür edib mənə, Rəfail Mirzəyevə və şöbəmizə bir neçə ay əvvəl Rusiyadan gəlmiş Valeh Abdullayevə Ramiz Bağırlını sağ-salamat gətirməyi tapşırdı. Kabinetdən çıxanda “İlhamın maşınını tanıyan çoxdur, Valehin maşını ilə gedin” dedi.
Valehin bir köhnə “Moskviç”i vardı, binaya yaxın yerdə saxladıq, bizə xəbər gətirən gənclə Rəfail Mirzəyev çardağa qalxdılar. Binanın ikinci çıxışında onları gözləyirdik. Kütlə hələ də meydanda idi, iki milis işçisi də yanımızdan əl çəkmir, bizimlə söhbət edirdi.
Milis işçilərindən yaxa qurtarmaq üçün bir bəhanə lazım idi. Binanın qarşısına keçib tez də geri döndüm. Milis işçilərinə binanın qarşısına rəislərinin gəldiyini, tapşırıq verdiyini söylədim. Getdilər, ətrafda şübhəli bir kəs görünmürdü. Rəfail Mirzəyev çıxıb bizə tərəf baxdı, başımızı tərpətməklə gəlmələrini istədik. Ramiz Bağırlı Eldarın plaşını geyinib Rəfailin də şərfini bağlamışdı. Sakitcə gəlib maşının arxasında oturdu.
Darısqal “Moskviç”də – Rəfail bir tərəfində, Eldar da o biri tərəfində – əyləşdi, mən də qabaqda. Maşını birbaşa şöbəyə sürmədik. Arxamızca gələnin olub-olmadığını yoxlamaq məqsədilə dövrə vurduqdan sonra şöbənin qapısında saxladıq.
Bağırlı mənim otağıma girib şlyapasını asdı, Eldarın da plaşını soyunub rəisin kabinetinə keçdi. Gecə hərbiçilərin köməyi ilə Bağırlı aerodromdan hərbi təyyarə ilə Bakıya uçdu. Şlyapa otağımda qaldı.
Bir ildən sonra qapıçımız Qoca dayı gəlib “İlham müəllim, o papağı mənə ver, kənddə bostanda iş görəndə gün başımı deşir, bu, enli papaqdır, başımı gündən qoruyar” dedi.
Papaq Qoca dayıya verildi.
1996-cı ilin yanvarında Ramiz Bağırlı televiziyada 20 Yanvar hadisələrindən danışanda əsas səbəbkar kimi Tamerlan Qarayevi günahlandırırdı. Tamerlan bəy həmin vaxt Çində səfir idi. Hiss olunurdu ki, Bağırlıya göstəriş belə verilib. Bu adam hər kəsi bir tərəfə qoyub Tamerlan Qarayevdən yapışmışdı. Onun sözlərindən belə çıxırdı ki, tankları da, hərbiçiləri də Tamerlan bəy idarə edib komanda verirmiş.
Bu, haqsızlıq idi. O vaxt mən “525-ci qəzet”də Bağırlının mövqeyini kəskin tənqid etdim. 1988-ci ilin 22 noyabr Gəncə hadisələrini xatırlatdım. Heç kəslə məsləhətləşmədən mitinqçilərin üzərinə Sovet Ordusu əsgərlərini Gəncə meydanına məhz onun dəvət etdiyini, az qala mini “20 yanvar” yaratdığını yazdım, şlyapasını da xatırlatdım.
Mən o yazını yazanda Tamerlan Qarayevlə şəxsi tanışlığım yox idi. Tamerlan bəy Çindən 2000-ci ildə ilk məzuniyyətinə gələndə görüşdük. Dedi atam (Yelmar Qarayev) Çinə zəng edib sənin məqaləni tamam oxuyub və soruşub ki, yazan kimdir, demişəm tanımıram, bəlkə də tələbəm olub.
***
Xanlara gələn qaçqınların çoxluğunun bir səbəbi də rayonun 8 kəndində ermənilərin kompakt yaşamaları idi. Qaçqınlar öz kəndlərini erməni kəndlərinə başabaş dəyişmək ümidi ilə gəlirdilər.
Xanların giriş-çıxışına hərbiçilər nəzarət etməyə başladı. Moskva yerli orqanlara etibar etmirdi. Xanlara Ukraynadan bir batalyon əsgər ezam etmişdilər. Məqsədləri də bu idi ki, rayonun erməni əhalisini müdafiə edəcəklər. Rayonun giriş-çıxışına özbaşına post qoyub yoxlamalar edir, onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirirdilər. Prokuror, milis rəisi və mən batalyonun komandirlərini icraiyyə komitəsinə dəvət edib sərt danışıqlar apardıq. Komandirə bütün postları götürməyi ciddi şərt kimi irəli sürdük. Batalyon komandirinin müavini, mayor rütbəsində bir zabit ayağa qalxıb azərbaycanlı olduğunu, Dərbənddə anadan olduğunu dedi.
Bu, Nəcməddin Sadıqov idi.
Nəcməddin Sadıqov bir müddət rayonun komendantı kimi fəaliyyət göstərdi. Rayonda özünə yaxın bildiyi adam mən idim. Peşə məktəbinin binasında kabineti və yaşayış otağı vardı. Hərdən Xanlar konyakı üçün mənə müraciət edir, birlikdə tez-tez süfrə arxasında əyləşir, yerli məmurlarla onun tanışlıq əlaqələrini yaradırdım. Arada bizim kolleqalar – Gəncədə dislokasiya olmuş hərbi hissənin “osobistləri”, yəni SSRİ DTK-nın Müdafiə Nazirliyindəki əks-kəşfiyyat tədbirlərini həyata keçirən çekistlər də Sadıqovla görüşürdülər.
Nəcməddin Sadıqov indi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir. “Pis o əsgərdir ki, general olmağı arzulamır”, 1988-ci ildə Azərbaycana mayor rütbəsində ezamiyyətə gələn Sadıqov indi müstəqil Azərbaycanın general-polkovnikidir.
Biz sonralar başqa yerlərdə də rastlaşdıq.
İcevandan, Sisiyandan gələn azərbaycanlılar rayonun ermənilər yaşayan Mirzik, Zurnabad, Qarakeşiş kəndlərinin sakinləri ilə başabaş kəndlərini dəyişdilər. Hər şey qanun və sülh yolu ilə həll olundu. Göyçənin Zod kəndinin sakinləri isə Çaykəndlə faktiki anlaşmışdılar. Tezliklə hər iki tərəf köçə başlamalı idi. Bu işə mane oldular. Xanların birinci katibi Qərib İsgəndərov Çaykəndə gedib iclas keçirdi, elan etdi ki, Mərkəzi Komitə kəndin köçməyinə icazə vermir. O, yalan danışırdı, çünki qonşu Şəmkir rayonunda elə Çaykənd boyda olan Çardaxlı kəndini yerli hakimiyyət rahatca köçürmüşdü.
İsgəndərovun həm də Qorbaçovun köməkçisi Şahnazarovla telefon danışıqlarının olduğu barədə söhbətlər dolaşırdı. Bu köçün dayandırılması bizə baha başa gəldi.
Xanların Çaykəndi qaynayırdı. Gündəlik Çaykənd-Yerevan avtobusu ilə bir xeyli emissar gəlib-gedir, qızışdırıcı təbliğat aparırdılar. Bu təbliğatın əsasını Qarabağın Ermənistana verilməsi tutsa da, ümumilikdə Azərbaycana nifrət, guya haqlarının pozulması məsələləri, erməni millətinin dünyada ən qədim və mədəni millət olduğu barədə yazılı materiallar, hətta Göygölün Çaykəndin ixtiyarına verilməsini tələb edən müraciətlər yayırdılar.
Təbliğat materiallarından biri də dünyanın ən məşhur erməniləri haqqında uzun bir siyahı idi. Erməni fantaziyası o qədər sərhəd tanımırdı ki, İohan Sebestyan Baxı da məşhur ermənilərin siyahısına qatmışdı. Görünür, “Sebestyan” adının “yan” sonluğuna görə ermənilər Baxı özününküləşdiribmiş.
İnformasiya aldığım mənbələr olsa da, agentə ehtiyac vardı. Qısa müddətdə Çaykəndə bitişik Martunaşen kəndindən bir ermənini agent kimi əməkdaşlığa cəlb etdim. Zamanında informasiya almağın üstünlüyü özünü göstərirdi. “Razdanmaş”da bir xeyli çaykəndli işləyirdi, oradan gələnlər özləri ilə o vaxt üçün qadağan olunmuş “samizdat” materiallar, xəritələr gətirib çaykəndlilərə paylayırdılar. Məlumat aldım ki, bunlardan biri lap qabağa gedib, bir it küçüyünü qucağına alıb dəlləkxanaya gətirib və hamının yanında dəlləyə “Bu türkün başını qırxarsanmı?” deyib.
Məlumatı alan kimi Xanlar Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə müavini Novruz Həsənovla məsləhətləşib sahə müvəkkilinə tapşırıq verdik. Hərbi komissarlığa çağırış adı ilə onu rayona gətirməyə nail olduq. Milis əməkdaşları onu komissarlıqdan götürüb milis şöbəsinə gətirdilər. Əməlini boynuna almadı. Bu işin perspektivi görünmürdü, amma yenə də bir gün həbsdə saxladıq.
İlk emissar, daha aqressiv təbliğat aparan, hamının yaxşı tanıdığı, bu gün də Ermənistanın siyasi mühitində fəal olan İqor Muradyan idi. Muradyanın tutulması, kənddən çıxarılması çətinlik törədirdi. O vaxt az qala hadisələrlə bağlı tutulub-buraxılma məsələlərinə sanksiyanı xeyli müddət Ağdamda ezamiyyətdə olan SSRİ hərbi prokurorunun müavini Aleksandr Katusev verirdi.
Novruz Həsənovla Ağdama gedib rayon prokurorluğunda oturan Katusevlə görüşdük. İqor Muradyan haqqında və həbsdə saxladığımız erməni barədə danışıb yerli prokurora göstəriş verməsini xahiş etdik. Katusev bizə qulaq asıb dedi: “Sizi başa düşürəm, əvvəllər bu əmələ görə həbs etmək də olurdu, Sibirə göndərmək də. Amma indi cin şüşədən çıxıb və onu geri qaytarmaq mümkün olmayacaq. Gedin, o həbsdəkini buraxın, Muradyanı isə bir yolla kənddən uzaqlaşdırın”.
Son sözləri deyib mənə baxdı: “Sən bilirsən onu necə çıxarmağı. Hərəkətə keçin”.
Ağdamdan Xanlara zəng vurub ermənini buraxmağı tapşırdıq. Muradyan barədə rəislə məsləhətləşib bu qərara gəldik ki, ən yaxşı variant onu Moskvadan gələnlərin əlilə tutmaqdır. Rəisimiz Gəncədə ezamiyyətdə olan Moskva Şəhər Cinayət-Axtarış Şöbəsinin rəisi general Pankratovla danışdı. Pankratov əməliyyat məlumatına əsaslanmayacağını, konkret şəxslərdən şikayət verilməsini və o şəxslərin də azərbaycanlı olmamasını şərt olaraq söylədi.
Bir günə iki ərizə yazdırdım. Birini kənd sovetinin sədri Gürcüyan Qrantdan, o birini Mixaylovka kəndinin sakini, əməliyyat əlaqəsində olduğum bir gənc rusdan aldım. Ərizələri şöbəyə gələn generala verdik.
Növbəti gün Pankratovun ayırdığı əməliyyatçılarla Çaykəndə getdik. Muradyanın kəndin baş həkiminin evində qaldığını müəyyənləşdirmişdim. Ruslar ona izah etdilər ki, kənddən çıxmalısan. Muradyan razılaşdı ki, kəndi tərk edir, amma mənə işarə edib, azərbaycanlı orqan işçilərinə təhvil verilməməsini istədi. Muradyan Gəncədən təyyarə ilə Moskvaya göndərildi.
Bir həftə keçməmiş Muradyanın səsi yenə Yerevan meydanlarından gəldi.
1988-ci ilin sonunda Mərkəzi Komitədə, DTK-da ciddi kadr dəyişikliyi baş verdi. Namiq Abbasov sədr müavini vəzifəsindən azad edilib Murmansk vilayətinə idarə rəisinin müavini vəzifəsinə göndərildi. Nəriman İmranov isə kadr üzrə müavin vəzifəsindən uzaqlaşdırıldı və bildiyim qədər Ural tərəfdə xidmətini davam etdirdi.
Əbdürrəhman Vəzirovun ölkədə hadisələri nəzarətdə saxlamaq imkanları hər gün çətinləşir, vəzifədən çıxarılanlarsa bu situasiyadan maksimum yararlanıb əhalini Vəzirova qarşı qaldırırdılar. Vəzirovun kadr təmizləmə siyasəti isə yarımçıq idi.
***
1989-cu il gəldi. Həmişəki kimi yanvarın ikinci həftəsində Gəncədə ətraf rayonlarla birlikdə ötən ilin yekunları ilə bağlı əməliyyat-hesabat yığıncağı keçirildi. Vəziyyətin mürəkkəbliyi bir daha etiraf olundu. DTK-nın yeni sədr müavini general-mayor İlhüseyin Hüseynov 1988-ci ilin yekunlarına görə şöbədə ən yaxşı əməliyyat göstəriciləri əldə etdiyim üçün mənə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri Kryuçkovun təşəkkür elan etməsi haqqında əmri olduğunu deyib vəsiqəni təqdim etdi.
Bir həftə sonra, yanvarın 22-də isə ən böyük həyat vəsiqəmi – ata statusunu aldım. İlkim – qızım Əsmər dünyaya gəldi. Ata olmağın qüruru və məsuliyyəti bir başqadır.
***
Şöbədə vəzifəm də artırıldı, artıq baş əməliyyat müvəkkili idim. Hər beş ildən bir çekistləri ixtisasartırma kurslarına göndərirdilər. Martın 7-də Daşkəndə 2 aylıq kursa gedəcəyim bəlli oldu. Əvvəl Moskvaya uçub dostum, SSRİ DTK-nın mərkəzi aparatında işləyən, bu gün isə general rütbəsində olan Mehman Hüseynovla görüşdüm. Mehman əslən Xanlardandır, ilkin sənədlərinin hazırlanmasında mənim də əməyim olmuşdu.
Mehman Hüseynovla ölkədəki vəziyyəti müzakirə edirdik. O, baş verən hadisələr və ölkənin perspektivi barədə daha çox informasiyaya malik idi. Hüseynov vəziyyətin getdikcə kəskinləşəcəyini, sosialist düşərgəsinin dağılma ehtimalının güclü olduğunu, Əfqanıstandan tam geri çəkilmə ilə bu prosesin sürətlənəcəyini söyləyirdi. Daxildə isə hər şey ola biləcəyini, hətta Qorbaçovun aradan götürülməsini də mümkün sayırdı. Sovet xüsusi xidmət orqanının iki zabiti ölkədə dəyişikliyi zəruri hesab etsə də, bu proseslərin ölkənin dağılması ilə sonuclanacağını ehtimal belə etmirdi.
İllər keçəcək, Moskvada yenə Mehmanla görüşəcək, o zaman yalnız Azərbaycandan danışacaqdıq.
Səhərisi gün Daşkəndə uçdum. Moskvanın qarlı havasından sonra Daşkənddə əsil yaz havası ilə rastlaşdım. Gəncədəki dostlarımın yaxınları məni hörmətlə qarşılayandan sonra məktəbə baş çəkib qeydiyyata düşdüm. Yataqxanada yer verildi, amma yataqxanadakı cansıxıcı rejimdənsə sərbəst olmaq üçün bir müddət “Daşkənd” mehmanxanasında qalmağı tərcih etdim. Hərbi formanı yataqxanada saxlayır, dərs başlamazdan gəlib əynimi dəyişir, dərslərə davam edirdim.
Daşkənd məktəbi puştu, əfqan dillərini öyrətməklə əsasən Əfqanıstanda xidmət etmək üçün kadrlar hazırlayırdı. İxtisasartırmaya gələnlərə dil öyrənmək şamil olunmurdu.
Məktəbdə Azərbaycandan olan Fəxrəddin Qazıbəyovla tanış oldum. Fəxrəddin Qazıbəyov sonralar uzun müddət AZAL-da təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işlədi. Fəxrəddinin ailəsi bir neçə gündən sonra Bakıya qayıtdı və onun xahişi ilə mən də Fəxrəddinlə kirayələdiyi mənzildə qalası oldum.
Daşkənd məktəbi Minskdən fərqli idi. Burda işimizin əlifbası öyrədilmirdi, əsasən mövcud situasiyaya uyğun fəaliyyət istiqamətləri aşılanırdı. Hər gün mühazirələrdə sovet rejimini qorumaq üçün hansı addımların atılması öyrədilir, axşam televiziyadan ölkədə bir-birinin ardınca SSRİ-nin təməl prinsiplərinin bu və ya digər regionda, xüsusilə Moskvada dağıdıldığının şahidi olur, səhərisi mühazirənin yarısı müəllimlərlə sual-cavaba həsr olunurdu.
Mühazirələr 5-ci xətt üzrə (ictimai-siyasi proseslər) keçirilirdi. Daşkənd məktəbində sərbəstlik çox idi. Milli münasibətlərin gərginləşmə səbəblərini dərsdə müzakirə edirdik. Müttəfiq respublikaların bəzi hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi barədə müzakirələr aparılırdı. Mən çıxışımda bir sıra məqamlara toxundum. Kinossenarilərin Moskvada təsdiq edilməsini, müttəfiq respublikaların alimlərinin akademik titulu alması üçün əvvəl öz respublikasının, sonra SSRİ Elmlər Akademiyasının üzvü ola biləcəyini, RSFSR alimlərinin isə birbaşa SSRİ Elmlər Akademiyasına üzv seçildiyini deyəndə ruslar etiraz etdi ki, yalandır. Mühazirə deyən özbək müəllim mənim sözlərimi təsdiqlədi.
Daşkənd məktəbində o illər üçün məxfi sayılan bəzi məlumatlar artıq bizə açıq şəkildə deyilirdi. Bu məlumatların içində Əfqanıstana 1979-cu ilin sonunda olan sovet müdaxiləsi və daha çox Əfqanıstanın həmin vaxt dövlət başçısı Əminin sarayının alınması maraq doğururdu. DTK və Baş Kəşfiyyat İdarəsinin keçirdiyi bu əməliyyat doğrudan da dərslik kimi tədris oluna bilər.
Bizə əməliyyatda iştirak edən bir podpolkovnik geniş məruzə etdi. Biz onda bildik ki, sarayın alınması cəmi 45 dəqiqə çəkib. 2500 nəfərin qoruduğu saray DTK-nın 60 nəfərlik xüsusi təyinatlı dəstəsi və 500 nəfərlik “müsəlman batalyonu” adlanan BKİ-nin (QRU) dəstəsinin yardımı ilə alınıb. Məruzəçi müəllim özbək, türkmən və taciklərdən ibarət “musbat”ı tez bir zamanda bütün hərbi hissələrdən topladıqlarını və təlim keçdiklərini deyirdi.
İndi internetdə o əməliyyat barədə xeyli informasiya yerləşdirilib, amma yazılmayanlar da var, məsələn, məruzəçi müəllimin zabitlərin Əminin sarayından qızıl əşyaları necə qənimət kimi götürdüyü barədə dedikləri qəzetlərdə yazılmayıb. Sarayın alınmasında 400 əfqan, 11 sovet hərbiçisi ölmüşdü. Sonrakı 10 illik müharibədə sovet tərəfi 15 mindən çox əsgərini itirdi və bu rəqəm rəsmi rəqəmdir, qeyri-rəsmi rəqəm daha böyük hesab olunur.
Daşkənddə xeyli soydaşlarımız yaşayır. Aqan adlı bir soydaşımızın köməyi ilə Səmərqəndə gəzməyə getdik. Əmir Teymurun qəbrini ziyarət etməyimiz ən yadda qalan hadisə oldu.
Daşkənddə olduğumuz vaxt Tbilisidə 9 aprel hadisələri baş verdi. İlk informasiya təhsil alan gürcülərdən gəldi. Tbilisidə ordunun qırğın törətdiyini, xeyli insan tələfatı olduğunu gürcülər həyəcanla danışırdılar. Sonra 16 nəfərin öldüyünü eşitdik və bu rəqəm bizə çox görsənirdi. Nə biləydik ki, bir neçə ay sonra bu qırğını Sovet Ordusu Bakıda törədəcək və bizdə ölənlərin sayı Tbilisidən 10 dəfə çox olacaq.
Daşkənd kursu başa çatdı. Mayın 5-də Tbilisiyə, oradan da Gəncəyə gəldim. 1989-cu il nisbətən sakit keçirdi, amma bu, müvəqqəti idi. Yerevanda, Stepanakertdə ermənilər bir an belə sakit dayanmırdılar. Qarabağda tətbiq olunan Xüsusi İdarəetmə Komitəsi (Volski komitəsi) daha çox Yerevana meyilli idi. Ölkə rəhbərliyi Qarabağı tam tabe etdirmək iqtidarında deyildi və bu işdə Moskva əsasən ermənilərin yanındaydı. Moskva çöldən sosialist düşərgəsinin, içəridən müttəfiq respublikaların çökməsi prosesi ilə üz-üzə qalmışdı.
Daşkənddən gələn kimi mayor rütbəsini aldım. SSRİ-də hərbi rütbə layiq olduğunda gecikdirilmədən verilirdi. Müstəqil Azərbaycanda müşahidə etdiyim odur ki, rəhbər şəxs – nazir, sədr istədiyi vaxt tabeliyində olan dostuna, tanışına, dostunun övladına rütbə “hədiyyə” edir, ad gününü bu yolla təbrik edir. Elə bu üzdən də balaca bir ölkə “general bolluğu” yaşayır.
(Ardı var)