Aynur MƏSİMOVA (TƏMKİN)
Zaman keçir, Lalə ağlaya-çığıra, xəstələnə-sağala böyüyür, ailəni bir-birinə daha möhkəm bağlayırdı. Ata da, ana da onunla nəfəs alır, onunla ağlayıb, onunla gülürdü. Şahanə qızına baxmaqdan doymur, yuxusuz gecələr keçirir, körpəsinə qulluq edirdi. Körpəni ana qoyub, ata götürür, başına pərvanə kimi dolanırdılar. Onun qığıltısından, oyunlarından usanmırdılar. Körpə doğulduqdan sonra bir-birilərinə olan məhəbbətləri daha da möhkəm və qırılmaz olmuşdu. Artıq onların həyatda tək amalı, qayəsi, mənası körpə qızları idi.
Qapının zəngi basıldı. Rauf uşaq oyanmasın deyə tələsik qapıya qaçdı. Çoxdan görüşmədikləri Nailəylə İlqarı görcək oğlan duruxdu. Bu qəfil gəliş onu həm çaşdırdı, həm sevindirdi. Nailəyə əl verdi, İlqarı qucaqladı. O biri otaqdan səsə gələn Şahanə Nailəni görüb ona sarıldı. Tələbəlik dostları kiçik qızcığaza çoxlu hədiyyə alıb onu görməyə gəlmişdilər.
Bir xeyli körpəni oxşadıb, oynadıb güldülər. Şahanə Nailəylə uşağı yatdırmaq üçün yataq otağına keçdi. Onlar xısın-xısın danışıb, nəyəsə gülürdülər. Nailənin göz bəbəklərinə dolmuş işıltı onu cana gətirmişdi. Şahanə pıçıltıyla Nailədən İlqarla olan münasibətini soruşdu. Nailə həyəcanla tezliklə nişanlanacaqlarını söylədikdə Şahanə qızı bağrına basıb qucaqladı. Xoşbəxt olmaq Nailənin haqqıdır deyə düşündü. İlqar da çox mədəni, dəliqanlı oğlandır. Bir-birilərinə çox yaraşırlar deyə könlündən keçirdi.
Axşamacan oturub xeyli söhbətləşdilər. Körpə yuxudan ayılanadək keçmiş günlərə qayıdıb xatirələri yada saldılar. Onlar gedəndən sonra Rauf Şahanədən yeni xəbəri bilib-bilmədiyini soruşduqda qız “hə” mənasında başını tərpətdi. Rauf gülümsədi:
– Sənin fikrincə, bunların bir araya gəlməsi yaxşıdır?
Şahanə oğlanın sözlü adama oxşadığını görüb çaşqınlıq içində ərinə baxdı:
– Nə olub ki?.. Məncə, çox gözəl cütlükdülər. Ən azından söhbətləri tutur, vaxtları da yaxşı keçir, bir-birilərini analyırlar. Nəsə olub ki? – deyə Şahanə soruşdu.
– Nə olacaq? Heç nə olmayıb. Sadəcə mənəmi elə gəldi, ya doğrudan da belədir, düşünürəm ki, İlqar Nailəni heç sevmir.
Şahanə təəccüblə Raufu süzdü:
– Başa düşmədim, ay Rauf. Necə yəni sevmir? Elədirsə, niyə yazıq qıza ümid verir? Sevməsə, onu nişanlamaq istəyər? Yox, yox, yanılırsan.
Əslində Rauf oğlanın gözlərinin dərinliklərindəki mənanı anlamağa zorluq çəkirdi, onu tapa bilmirdi. İlqar onun tanıdığı İlqar deyildi. Niyəsə onun gözlərinin dərinliyində gizlənən ifadə Raufun xoşuna gəlməmişdi. Oğlan dostundakı dəyişikliyi müəyyənləşdirmək istəsə də, hələ ki, bunu bacara bilməmişdi.
Telefon aramsız zəng çalır. Şahanə yuxuya daldığı divandan qalxa bilmirdi. Zəng isə ara vermir, yuxusuz Şahanəni ayılda bilmirdi. Nəhayət, qız zor-bəla yerindən qalxaraq dəstəyi götürdü. Dəstəyin o başında Nailə hönkürə-hönkürə ağlayır, danışmaq istəsə də danışa bilmir, üzüntü içində çırpınırdı. Xeyli gözlədikdən sonra Şahanə Nailəylə İlqarın ayrıldığını başa düşdü. İndi qız bütün bunlara görə dərin depressiyaya düşmüşdü.
Nailənin Şahanəyə zəng vurmağından bir aydan artıq vaxt keçirdi. Şahanə o vaxtdan qızdan xəbər ala bilmir, zəng etdikdə də nömrəsinə zəng çatmırdı. Şahanə rəfiqəsi üçün çox narahat olur, onu tapmağa çalışırdı. Sanki yer yarılmış, Nailə yerin dibinə girmişdi. Nə Nuranə, nə Arzu, nə Məlahət, nə Fərid onun haqda heç nə bilmirdi.
Günortadan xeyli keçmişdi. Körpənin arxadan dişi çıxırdı, ya nədən idisə, uşaq çox narahatdı. Şahanə uşağı yerə qoya bilmir, səbirsizliklə Raufun gəlişini gözləyirdi. Qapının zəngi basıldı. Deyəsən gələn Rauf deyildi. Kim idisə, zəngi qorxa-qorxa basırdı.
– Kimdir? – deyə Şahanə səsləndi.
– Mənəm.
Şahanə Nailəni səsindən tanıyıb sevincək qapıya qaçdı. Qarşısındakı insanı tanıya bilmədi. Onun çaşqın baxışlarını görən Nailə zorla gülümsədi:
– Şahanə, tanıya bilmədin, eləmi?
Şahanə dəhşət içində qızı süzür, deməyə söz tapmırdı.
Lalə sakitləşib yuxuya getmişdi. Nailə hıçqıraraq başına gələnləri anladır, bəzən də gözünü bir nöqtəyə zilləyib fikrə gedirdi.
– Axı mən anlaya bilmirəm. Sonuncu dəfə bizdə görüşəndə siz nə qədər xoşbəxt görünürdünüz. İndi nə oldu birdən-birə? Aradan nə keçdi ki?
– Bilirsən, Şahanə, onun bunu mənə etməyə haqqı yox idi. Özü nişanlanmağı istəmişdi. Biz sizdən çıxan gün dedi ata-anamı sizə göndərəcəm, “hə”ni də alarıq, üzüyü də taxarıq. Razılaşdım. Evdə atam-anam bütün qohum-əqrəbanı başına yığdı, süfrə açdı… – Qız yenə hönkürdü. – Gəlməyə bir saat qalmış mənə zəng etdi ki, bağışla, səninlə evlənə bilməyəcəyəm. Sənə də heyif olacaq, mənə də. Mən birini sevmişdim. Elə bildim unutmuşam. Amma anladım ki, unuda bilməmişəm, ondan başqa da bir kimsəni sevə bilməyəcəyəm. Şahanə, mən İlqara nifrət edirəm. O məni hər kəsin içində rüsvay etdi. Bunu əvvəlcədən demək olmazdımı? Vaxtında desəydi dünya dağılardı? Allahdan ona ölüm arzulamıram. Ölməsin, amma o məni necə qırdısa, Allah da onu qırsın.
Qızın gözləri o qədər solmuş, bənizi o qədər saralmışdı ki… Şahanə qızın halından çox sarsılmışdı. Yenicə işdən evə dönən Rauf da eşitdiklərindən məyus olmuşdu. Son görüşdə oğlan ona xoş təsir bağışlamasa da, onun bu qədər alçaqcasına davranmağını ağlına belə gətirməmişdi.
– Yaxşı, Nailə, sən onun öncədən kimisə sevdiyini eşitmişdin?
– Yox, Rauf, vallah, yox. Əgər bilsəydim ki, onun ürəyində, könlündə biri var, heç vaxt bu izdivaca razı olmazdım. Vallah, olmazdım…
Artıq gün batmağa doğruydu. Nailə getmək üçün dəhlizə keçib çəkmələrini geyindi. Rəfiqəsini qucaqlayıb onu sinəsinə sıxdı:
– Sizə bir xəbərim də var. Özüm sona saxladım ki, daha çox üzülməyəsən. – Ara verib Şahanəni məzhun baxışlarla süzdü. – Mən ən ucqar rayona işləməyə gedirəm. – Şahanənin heyrətdən bərəlmiş gözlərinə baxıb udqundu. – Bax, üzüldün. Nə olar, ürəyinə salma. Gedim çatım, sizə zəng edəcəm. Nə qədər ki, Bakı torpağında İlqar adlı adam yaşayır, bu havayla nəfəs alır, mən bir də buraya ayaq basmayacam. İnşallah, yerimi nizamlayım, siz mənə qonaq gələrsiniz.
Qız rəfiqəsini son dəfə də öpüb qapıdan çıxdı.
Nailə özüylə bərabər zərif çiyinlərinə düşən dərdlərini də çəkib apara-apara getdi.
(Ardı var)