Povestin əvvəli: 1 2 3 4 5
Aynur MƏSİMOVA (TƏMKİN)
Rauf hər gün evinə tələsir, Şahanəni gördükdə ruhu təzələnirdi. Eşqi hər an, hər dəqiqə daha da artır, sıx tellərlə onları daha möhkəm bağlayırdı. Nə qədər gərgin iş günü keçirsə də evin kandarından içəri girdikdə arvadının gənc, həyat dolu simasını gördükdə yorğunluğu çıxır, həyatın ona verdiyi hər gözəl günü Tanrının ona bəxş etdiyi bir lütf hesab edirdi. Məgər insanların daima axtarışında olduğu xoşbəxtlik bu deyildimi? Yeməyini, yatağını, qəlbini, evini paylaşdığın bir insan səni anlayırsa, sənə yanırsa, bu xoşbəxtlik deyilmi? Üzünün əzələsinin titrəyişindən, tək baxışından anlayırsa, bu xoşbəxtlik deyilmi? Rauf öz həyatından, eşqindən meysiz sərxoş idi.
Niyəsə o, pilləkənin başına çatar-çatmaz açılan qapı bu gün bağlı qalmışdı. Rauf həyəcanla açarla qapını açıb Şahanəni səslədi. Qızın cavab vermədiyini görüb təlaşlandı. Bu qız hara olub belə? Ondan xəbərsiz qapıdan çıxmayan Şahanə hara getmişdi indi? Mətbəxə keçdi. Yeməyin altı söndürülməmişdi. Süfrə də hazırlanmış, üzərinə örtük çəkilmişdi. Demək, Şahanə çox da uzağa getməyib. Bəlkə Nargingilə keçib? Onların qapısını döymək istədi. Amma vaz keçdi. Telefonu götürüb zəng vurmaq istəyəndə qapı açıldı, Şahanə içəri girdi. Raufu evin ortasında görüb gülümsədi:
– Nə zaman gəlmisən, Rauf?
Lakin oğlanın sərt baxdığını görüb daha dinmədi.
– Harada idin, Şahanə? Adam gedəndə bir xəbər verməz?
Qız gülümsəyib qollarını ərinin boynuna doladı:
– Əsəbləşmə, Rauf. Dedim sən gələnəcən qayıdaram.
Oğlan qızın gülümsər gözlərinə baxıb qəzəbini unutdu.
– Axı hara getmişdin ki, sən?
Qız sirli-sirli gülümsədi:
– Bir az səbir. Artıq heç nə. Mənə bir dəqiqə vaxt ver. İndi gəlib deyəcəm. Dözə bilərsən?
Raufun qızın şirin gülümsəməsinə gülməyi tutdu. Divana əyləşib Şahanənin nə deyəcəyini gözlədi. Bir neçə dəqiqə keçdi. Rauf səbirsizliklə qızı səslədi. Şahanə yanaqları allanmış halda gözlərini utancaqlıqla yerə dikib oğlanın qarşısında durmuşdu. Sanki artıq bir addım belə atmaq iqtidarında deyildi. Ərinin ona təəccüblə zillənən baxışlarında sual oxuyur, amma cavab verə bilmirdi. Rauf qızın çaşqınlığını görüb cəld ayağa qalxdı. Qızın çiyinlərindən yapışıb onu özünə doğru çəkdi. Raufun içinə bir qorxu düşdü:
– Şahanə, sənə nə oldu? Niyə dillənmirsən, ay qız? Haransa ağrıyır? Ya nə?..
Şahanə heç nə demədən oğlana sarılıb, üzünü ərinin sinəsində gizlətdi. Güclə eşidiləcək səslə:
– Rauf, mən ana olacam, – deyə pıçıldadı.
Raufun eşitdiyi xəbərdən fikirləri bir-birinə dolaşmışdı. Həm sevincindən göylərə uçur, həm də həyəcanlanırdı. Ata olmaq? Bu nə gözəl səadətdir. Sevdiyi qadından övlad sahibi olmaq onun ən mübhəm arzusuydu. Bu hissləri yaşamağı nə qədər arzulamış, nə qədər Tanrıya dua etmişdi. Bax, indi o xəyalların gərçəkləşdiyini duyduğu bu dəqiqələrdə ən xoşbəxt, ən bəxtəvər insan, ər idi.
Oğlan qızı qucaqlayıb ev boyu fırlatdı. Ayaqları yerdən üzülmüş Şahanə nəşə ilə gülür, Raufdan onu endirməyi xahiş edirdi. Qızı yerə qoyar-qoymaz Rauf telefonu götürüb anasına zəng etmək istədi. Şahanə ehmalca ərinə yaxınlaşıb onun üzünü kiçik ovuclarının arasına aldı:
– Rauf, xahiş edirəm bir az səbir elə. Qoy bir həkimə də gedək. Sonra tətilə getdiyimiz vaxt hamiləliyimi həm sizinkilərə, həm bizimkilərə söyləyərik. İndi utanıram. Olar? – deyərək ərini süzdü. Oğlan xəfifcə gülümsəyib usdufca qızın burnunu sıxdı:
– Burada utanılası nə var ki?.. Amma sən elə istəyirsənsə qoy elə də olsun.
– Rauf, düzü, bu seriallara baxıram, qayınata bilmirlər, qayın bilmirlər. Aləmə car çəkirlər. Xoşlamıram belə şeyləri, vallah.
Rauf gülümsəyib, qızın saçlarını qarışdırıb daha heç nə demədən razılıqla başını tərpətdi.
Gülpəri oğlunun ata olacağını eşidib bərk sevinmişdi. Uçmağa qanadı yox idi. O, Raufun ata olacağı günü səbirsizliklə gözləyirdi. Qadın uşağın oğlan doğulmasını arzulayır, bunun üçün Allaha dua edirdi. Gülpəri qız uşağının olmasını heç cürə istəmirdi. Öz qızını canı qədər sevsə də, qız nəvəni görəsi gözü yox idi.
Nihal qızının hamiləliyini eşidib dərindən nəfəs almış, nəzir-niyaz paylamışdı. Elgizin sanki kürəyindən ağır yük götürülmüşdü. Onun üçün övladın olması ən gözəl xəbər, ən şirin duyğu idi. Allah-təala qızlarına davasız-dərmansız ən müqəddəs varlığı bəxş etmişdi. Kişi ürəyində uşaq olduqdan sonra qurban kəsib kasıb paylamağı niyyət etmişdi.
Araz isə nəvə müjdəsini biganə qarşılamış, çox önəm verməmişdi. Bu tayfanın oğul-uşağı sevib-sevindiklərini büruzə verməz, bunu yüngüllük kimi başa düşərdilər.
Həftələr ayları qovub, fəsillər bir-birini əvəz edib, çılpaq ağaclar yenidən yaşıllaşmağa başlamışdı. Şahanə hamiləliyinin son günlərini yaşayır, yavaş-yavaş doğuma hazırlaşırdı. Rauf hər dəqiqə işi qoyub çıxa bilmədiyi üçün Gülzar işdən çıxıb Şahanənin yanına gəlir, oğlan evə dönənəcən onu yalqız buraxmırdı. Şahanə ağırlaşdığından çətinliklə hərəkət edirdi. Anasına, qayınanasına doğum vaxtını bir az gec demişdi. O bu vəziyyətdə böyüklərin gözü qarşısında dolaşmaqdan utanırdı. Özünə qalsa heç Gülzarı da yormaq, incitmək istəmirdi. Lakin Pənahla Gülzar qızın bütün israrlarına rəğmən onu tək buraxmırdılar. Qız qadının bu qədər qayğısının qarşılığında xəcalət çəkir, utanırdı. Qadının ona olmazın nəvaziş göstərməsi Şahanəni son dərəcə duyğulandırırdı.
Gecədən başlayan ağrıları get-gedə artıb, dözülməz həddə çatmışdı. Raufu oyatmamaq üçün qonaq otağına keçən Şahanə ağrıdan qovrulur, zülüm-zülüm ağlayırdı. Anasının yanında olmamağının peşmançılığını çəkir, yumruqlarını dişləyərək dözməyə çalışırdı. Lakin canı daha çox yanır, artıq bir addım belə ata bilmirdi. Ehtiyatla, bir zülmlə yataq otağının qapısının ağzınacan gəldi. Oğlanı qorxuya salmamaq üçün astaca onu səslədi. Şahanənin səsinə hövlnak yerindən qalxan Rauf qızı ağlayan görüb qorxdu:
– Şahanə, nə olub, sən nə zaman durmusan? – Oğlan qızın cavabını gözləmədi. Dili topuq vurdu. – Yoxsa ağrıların başlayıb sənin?
– Ölürəm, Rauf. Mənə kömək ol, nə olar. Daha dözə bilmirəm, – deyib qız hönkürdü.
Gənc, təcrübəsiz ər çaşqınlıq içində donub qalmışdı. Gecənin bu vaxtı qonşu Nargini necə oyatsın? Evdə körpə uşağı, qayınanası, qayınatası… “Qadını çağırsam əri sonra nə deyər? Yox, ayıbdır bu saatda kiminsə qapısını döymək”.
Əlləri əsə-əsə dayısının nömrəsini yığdı. Telefonu açan Pənah Raufa danışmağa macal vermədən “Gəlirik, sən Şahanəni xəstəxanaya çatdır, biz də gəlirik” – deyib telefonu söndürdü.
Raufun həyəcandan dodaqları səyriyir, uşaq kimi hönkürüb ağlamaq istəyirdi. Büruzə verməsə də tez-tez eşitdiyi ana ölümləri xəbəri onun içinə qorxu salaraq, narahatlığını artırırdı. Rauf doğuş əsnasında Şahanəyə bir şey olacağından bərk qorxur, doğuşun sağ-salamat bitməsini arzulayırdı.
Qapının səsini eşidən Nargin tələsik əynini geyinib çıxdı. Rauf qonşu qadının gəlişindən sevinərək, onunla köməkləşib Şahanəni maşına oturtdu. Şahanə Narginin əlindən möhkəm yapışıb sıxır, ağlayırdı. Ağrılar daha da artaraq bütün bədənini bürüyürdü. Rauf sükan arxasından bir gözü yolda, bir gözü güzgüdə Şahanəni süzür, sanki onun ağrısını hiss edirmiş kimi dodağını dişlərinin arasında möhkəm sıxırdı.
Xəstəxanaya çatan kimi Şahanəni otağa salıb qapını örtdülər. Rauf əllərini övkələyə-övkələyə o yan-bu yana gəzinir, özünə yer tapa bilmirdi. Gülnaz baş həkimdən Narginlə özü üçün xələt alıb doğuş otağına girdi. Saatlar ağır-ağır keçir, lakin uşaq heç cürə dünyaya gəlmək istəmirdi. Dəhlizdə gəzinən ər ara-sıra Şahanənin səsini eşidir, onun əzabını hiss edirdi. Getdikcə Raufun səbri tükənir, həyəcanı çoxalırdı.
Dan yeri çoxdan ağarmışdı. Şahanənin taqəti getdikcə zəifləyir, qadın gücdən düşürdü. Gənc ana doğuşdan qurtula bilmirdi. Həkim qadın qıza gah söylənib, gah da oxşayaraq: “Di haydı, bir də güc ver” – deyə yalvarırdı. Həkimin alnından tər bulaq kimi axıb gedir, gərginlikdən dili-dodağı quruyurdu. O, Şahanə üçün bərk təşviş keçirir, doğuşun pis nəticə verəcəyindən qorxurdu.
– Di haydı, Şahanə. Bir də, qızım, bir də. Bax, ananı düşün, ərini düşün, körpəni düşün. Dərindən nəfəs al. Ay sağ ol. Tez, bir az da tez.
Şahanə son güçünü toplayıb dərindən nəfəs aldı.
Gülzar göz yaşlarını silə-silə otaqdan çıxıb Raufu qucaqlayaraq bağrına basdı:
– Oğul, gözün aydın olsun, qızın oldu.
Rauf daha göz yaşlarını saxlaya bilməyib, əlləri ilə üzünü tutub yerə çökdü. Hər kəsdən göz yaşlarını gizləmək üçün üzünü divara çevirdi. Pənah gecədən bəri üzüntü içində çabalayan bacısı oğlunu tək qoymamaq üçün ona yaxınlaşmaq istədi. Lakin Gülzar oğlanın tək qalmağa ehtiyacı olduğunu söyləyib ərini saxladı:
– Pənah, onun bu dəqiqə tək qalmağa ehtiyacı var. Getmə yanına. Qoy içini boşaltsın.
Bir qədər toxtayan Rauf içəridən çıxan tibb bacısına yaxınlaşıb onu səslədi:
– Xanım, mənim yoldaşım necədir?
Tibb bacısı oğlanın qızarmış gözlərinə baxıb gülümsədi:
– İlk dəfə ata olmağınız halınızdan bəllidir. Heç nədən narahat olmayın. Ana da, bala da yaxşıdır.
Taqətdən düşən Şahanə zorla başını qaldırıb qızı olan tərəfə boylandı. Həkim onun həsrətlə boylandığını görüb körpəni qucağına alıb ona yaxınlaşdırdı.
– Bax, anası, özün kimi gözəl qızın olub. Allah bəxti, naxışı gözəl olanlardan eləsin. Qızım, əsil ana olub, övladını hec nədən əsirgəməyəsən. Doğmaq şərt deyil. Əsas odur ki, onu əsil ana kimi sevib, qoruyasan. Allah balanı atalı-analı böyütsün.
Nihal dayanmadan zəng edir, lakin Rauf hələ ki, telefonu açmağa cəsarət etmirdi. O, qayınanasını həyəcanlandırmaq istəmirdi. Rauf onun nə qədər həssas bir ana olduğunu bilirdi. Odur ki, oğlan Şahanənin palataya köçürülməsini gözləyir, Şahanənin anasıyla danışacaq qədər qüvvət toplamasını istəyirdi. Nihalın qızının ana olduğunu eşidən kimi özünü ona çatdıracağından əmin idi Rauf. Yenidən telefon zəng çaldı. Rauf daha səbir edə bilməyib zəngə cavab verdi. Nihal Raufun səsini eşidib bərk həyəcanlandı. Yeznəsinin salamını alıb qızını soruşdu. Rauf gülə-gülə Nihala qızı olduğunu söyləyər-söyləməz Nihal telefon əlində hönkürüb ağladı. Bir az sakitləşib oğlanı təbrik edib dəstəyi qoydu. O dəqiqə də yola yığışmağa başladı. Qızı üçün nəyi alacağını, nəyi qoyacağını bilmədən çaşıb qaldı. Ürəyinin şiddətli atmasından narahat olub divana əyləşdi. Ürək döyüntüləri qulağında guppuldayır, həyəcanı getdikcə artırdı.
Rauf anasına şad xəbər vermək üçün tələsir, sevincindən uçmağa qanad axtarırdı. Telefon aramsız çalır, lakin Gülpəri cavab vermirdi.
Şahanəni artıq palataya köçürtmüş, körpə qızını da yanına vermişdilər. Şirin-şirin gözlərini yumub yatan qızcığazı bir anlıq görən gənc ata onun xırda əllərinə, burnuna, güclə açılan gözlərinə məftun olmuşdu.
Rauf özünü dünyanın ən xoşbəxt adamı hesab edir, hamının onun sevincinə şərik olmasını istəyirdi. Hər təbrik eşitdikdə gənc ata uşaq təki sevinir, fərəhlənirdi. O, ata olmaq duyğusunun bu qədər gözəl və bir o qədər də məsuliyyətli olduğunu, bu duyğunun möhtəşəm və dərin olduğunu yalnız indi başa düşmüşdü. Onun dünyası bir andaca daha rəngli, daha təravətli olmuşdu. Şahanə də, qızı da ondan ötrü göy səmadakı sarı günəşi, asimanda ulduzu, parlaq Ayı idi.
– Dayı, qızıma Lalə adı vermək istəyirəm. Arzum idi ki, qızım olsun, adını Lalə qoyum.
Pənah gülümsədi:
– Gözəl addır. Lalə kimi gözəl, təravətli olsun, – deyib bacısı oğlunun kürəyinə döydü.
Gülpəri qız doğulmasını eşidib qaşlarını dartıb oturmuşdu. Oğlundan xəbəri aldıqda “Niyə mənə gec demisən?!” – deyib telefonu söndürmüşdü. Tək Arzu bibi olmasına sevinir, ürək dolusu bu hissi yaşayır, qohum-qardaşa bildirirdi. Araz inadla nə oğluna zəng edirdi, nə də onun zənglərinə cavab verirdi. Kişi oğul nəvəsi olacağı xəyalına özünü o qədər hazırlamışdı ki, indi qız olması xəbərini həzm edə bilmirdi. Hələ oğlunun onlarla məsləhət etmədən ad qoymasını heç qəbul edə bilmirdi.
Şahanə xəstəxanadan çıxıb evə gələn gün yığıncaq edib, kiçik Lalənin gəlişini bayram etmişdilər. Nihal körpənin qırxı çıxanacan qalıb nəvəsinə baxmağa yardım etmək istəmiş, lakin Narginin və Şahanənin təkidindən sonra evinə dönmüşdü. Nargin hər işdə Şahanəyə yardım edəcəyini söz verib Nihalı sakitləşdirmişdi. Təzyiqi hər zaman yüksək olan Nihalın həm çağaya qulluq etməsi, həm də Gülpəri kimi bir qudayla eyni evdə qalması onu xəstə edəcəkdi. Bu səbəbdən Şahanə anasının daha artıq üzülməsini istəməyib, onu bəhanələrlə geri dönməyə razı salmışdı. Nihal geri qayıdan kimi Gülpəri də onun arxasıyca yol almış, rayona qayıtmışdı.
(Ardı var)