Qarabağ ili – Azərbaycan dərdi (1)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
İlham İSMAYIL
1988-ci il gəldi. Azərbaycanın həyatında təlatümlü hadisələrin, dəyişikliyin, faciələrin, milli oyanışın başlanğıc ili. İctimai-siyasi hadisələrin fərqli istiqamət aldığı bu ildən xüsusi xidmət orqanı olaraq bizim də fəaliyyətimiz daha çevik, daha təsirli, daha təhlükəli xarakter almağa başladı.
Yanvarın ikinci həftəsi Gəncədə ətraf rayon bölmələrinin iştirakı ilə ənənəvi illik əməliyyat müşavirəsi keçirildi. Müşavirəni DTK-nın əməliyyat işləri üzrə sədr müavini Namiq Abbasov aparırdı. Ənənəvi hesabat-çıxışlardan sonra Abbasov Şəmkir rayon bölməsinin baş əməliyyat müvəkkili Aşot Osipova üzünü tutub kəskin formada “Sən nə işə baxırsan, sənin vəzifən erməni millətçilərinin xidməti ərazidə istənilən əməlini zamanında xəbər vermək deyilmi?” soruşdu. Osipov vəziyyətə nəzarət etdiyini deyib bəraət qazanmaq istədi. Abbasov: “Necə nəzarət edirsən ki, Çardaxlı kəndinin adamları sovxoz direktorunun dəyişdirilməsinə etirazı Yerevanda edir, ardınca restoranda yığışan erməni alimlərinin Dağlıq Qarabağla bağlı Moskvaya, Mərkəzi Komitəyə göndərdikləri müraciətə Çardaxlıdan olan bir nəfər də imza atır?”
Sədr müavini son zamanlar Dağlıq Qarabağın Ermənistana verilməsi barədə Yerevanda bəzi erməni millətçilərinin fəallaşdığını, ötən ilin noyabrında Parisdə akademik Aqanbekyanın bu barədə Fransa mətbuatına müsahibə verdiyini də nəzərimizə çatdırıb diqqətli olmağı tapşırdı.
Sonuncu fakt – Aqanbekyanın müraciəti artıq hamının bildiyi məsələ idi. Yenə də məsələnin açıq forma ala biləcəyi ağlımıza gəlmirdi. Təəssüf ki, respublika rəhbərliyinə, o cümlədən DTK rəhbərliyinə Ermənistanda, hətta Qarabağın özündə müəyyən hazırlıqların getdiyi barədə informasiyalar məlum olsa da, təsirli əks tədbirlər görə bilməmişdilər. Partiya məmurlarının erməni millətçilərini dilə tutmaq məqsədilə Qarabağın erməni rayonlarında partiya yığıncaqları keçirməsi “donuzun kiş-kişlə darıdan çıxarılması”na bənzəyirdi. Demək olar ki, bu partiya iclasları ermənilər tərəfindən boykot edildi və faktiki olaraq baş tutmadı.
Fevralın 14-də adi qaydada işə gəlmişdik. Rəis hamımızı otağına çağırdı. Hələ də nə baş verdiyini bilmirdik. Rəis: “Dünən Stepanakertdə mitinq olub, erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edib. Vəziyyət gərgindir. DTK sədrinin kadr üzrə müavini Nəriman İmranov artıq Stepanakertdədir. Bakıdan bəzi əməkdaşlar da ordadılar. Ehtiyat edilir ki, ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yarana bilər. Biz də imkan daxilində kömək etməliyik”.
Rəis danışdıqca bədənimdə giziltilər oyanır, hirsimdən nə edəcəyimi bilmirdim. Kömək sözünü eşidən kimi ayağa qalxıb getməyimə icazə istədim. Rəis “Sənin orda nə imkanların var?” soruşanda Şuşada qohumlarımın, tələbə yoldaşlarımın və başqa xeyli tanışımın olduğunu dedim və bir az da yalandan artırdım ki, mənə icazə versin.
Sonra şöbənin erməni millətindən olan işçisi Aleksey Arzumanyanın mütləq getməsi, dəmir yolunun Stepanakert hissəsi də Gəncə Dəmir Yolu İdarəsinə tabe olduğu üçün dəmir yolu üzrə məsul əməliyyat işçisi, əslən tərtərli Eldar Rüstəmovun da getməsi vacib bilindi. Silahımızı götürüb Stepanakertə yollandıq.
Mən də, Eldar da şəxsi maşınlarımızda getdik. Arzumanyan mənim maşınıma mindi.
Yolboyu Arzumanyanın həyəcanlı olduğunu sezməmək mümkün deyildi. Əsgərana çatanda evlərinə 5 dəqiqəlik baş çəkdi, geri dönəndə üzü gülürdü. Səbəbini belə izah etdi ki, evdəkiləri sağ-salamat gördüyünə sevinib. Arzumanyan və Qarabağ erməniləri atdıqları addımdan sonra Azərbaycanın atacağı sərt addımlardan, ən azı həbslərdən, dava-dalaşdan qorxurdular. İndi kim nə deyir desin, o vaxt Azərbaycan rəhbərliyi sərt tədbirlər görə bilmədi, hər bir məsələni Moskvanın ixtiyarına verdi. Moskva da sona qədər öz marağının, yəni erməninin yanında oldu.
Arzumanyan Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbəri Boris Gevorkovu söyməyə başladı ki, dünən çıxış edib deyib Stepanakerti qanda boğacam. Arzumanyan artıq mövqe nümayiş etdirirdi.
Stepanakertə çatıb Nəriman İmranovla görüşdük. İmranov şəhərdən informasiyanın qıtlığını, erməni əməkdaşların faktiki hərəkət etmədiyini, Şuşadan isə narahat olduğunu deyib daha çox şəhərdən informasiya almaq üçün imkanlardan istifadə etməyin vacibliyini bildirdi. Arzumanyanı çağırıb şəhərdəki tanışlarıyla əlaqəyə girməyi tapşırdı.
Arzumanyan çıxandan sonra İmranova onun xəbər gətirməyinə şübhəm olduğunu dedim. İmranov başını buladı: “Bilirəm, amma başqa imkan varmı?”
Bəli, dəhşət o idi ki, muxtar vilayətdə bütün sferalarda, o cümlədən DTK-da heç bir təsir rıçaqları yarada bilməmişdik. Zaman-zaman Yerevanda vilayətin Ermənistana birləşdirilməsi ilə bağlı atılan addımlar, vilayətin özündə ermənilərin respublika hakimiyyətinə sözdə tabe olduğu, reallıqda özlərini Ermənistanın bir parçası saymaları barədə informasiyalar Azərbaycanın rəhbərlərinə çatdırılıb, təəssüf ki, vəziyyəti xeyrimizə dəyişdirmək istiqamətində nə gizli, nə aşkar siyasət yürüdə biliblər.
Stalindən Qorbaçova qədər hər dəfə rəhbər dəyişdikcə vilayətin Ermənistana verilməsi barədə ermənilərin müraciət etdikləri Azərbaycan rəhbərlərinə məlum idi, yəni bu məsələ daim ermənilərin gündəmində olub, bizim rəhbərlərin bu prosesə qarşı əks tədbirləri isə hansısa erməniyə Azərbaycanın xalq artisti, xalq yazıçısı adı verməkdən, orden, bayraq təltifindən, televiziyada erməni mahnıları səsləndirməkdən və s. effektsiz təbliğatdan uzağa gedə bilməmişdi. Açıq və gizli formada demoqrafik, ideoloji-milli siyasət yürütmək, daha çox qanunun sərt dili ilə millətçiləri cəzalandırmaq, bu məqsədlə vilayətin hüquq mühafizə orqanlarına daha çox milli kadrlar yerləşdirmək, vilayətin Azərbaycandan iqtisadi-siyasi asılılığını hüquqi cəhətdən əsaslandırmaq siyasəti faktiki olaraq aparılmadığından Stepanakertin ortasında Azərbaycan SSR DTK sədrinin müavini “Başqa imkan varmı” sualı ilə aciz durumda qaldığımızı dilə gətirmişdi.
DTK-nın vilayət komitəsində yeganə azərbaycanlı kadr Tahir Hümmətovla Stepanakertin ortasına çıxdıq. Maşınla bir neçə dövrə vurandan sonra mitinq gözlənən meydanda maşından endik. Topa-topa yığışıb söhbət edən ermənilər bizə baxır, bir-birlərinə nəsə söyləyir, qayğılı və ehtiyatlı olduqları hiss olunurdu. Çox saymazyana şəkildə paltomun qabağını açıq qoyub silahlı olduğumu nümayiş etdirdim. Tahir bunu hiss edib dedi: “Bunların ən çox qorxduğu Ağdamdır. Ağdamlılardan it kimi qorxurlar. İndi sənin də boy-buxununa, geyiminə, maşınına, silahına baxıb elə bilirlər ki, ağdamlısan, elə bu saat silahını çıxarıb atassan”.
Tahir sözünü təzə bitirmişdi ki, boz paltolu bir gödək kişi toplaşanlara rus dilində qışqırdı: “Burda durmaqla heç nə edə bilməyəcəksiniz, qorxaqlar mitinqə gəlmədilər, gecə elə qorxudublar ki, indi çölə çıxmırlar, çıxın gedin, Ermənistandakılar da bilsin ki, biz qorxağıq”.
Ardınca erməni dilində danışa-danışa çıxıb getdi. Tahir onun həkim-cərrah, həm də yazıçı Zori Balayanın qohumu olduğunu dedi.
Axşam düşürdü, şəhərdə sakitlik idi. İmranovun yanına gəlib şəhərdə bu gün mitinq olmayacağını dedik.
Tahir zarafatla “İlhamdan qorxdular” dedi.
Söhbət məndən getmir, amma bu zarafatın həqiqət pərdəsi o idi ki, Azərbaycan Stepanakert üsyanını beşiyində boğmaq üçün Daxili İşlər Nazirliyinin, DTK-nın canlı qüvvəsindən elə həmin gün istifadə etməli, çoxsaylı həbslər aparmalı, komendant saatı elan etməliydi. Moskvaya da bildirilməliydi ki, qanunun bütün gücündən istifadə edirik ki, hadisələr məcrasından çıxmasın…
Yaxşı, biz sadəcə əməliyyat işçiləri idik, amma respublika rəhbərliyində oturanların ki idarəetmə təcrübəsi, hüquq mühafizə orqanları rəhbərlərinin Kamran Bağırov qarşısında tələb qoyub hərəkətə keçmək imkanları var idi axı. Niyə hər şeyi ilana zəhər verən kərtənkələyə tapşırdılar?
Elə bilməyin ki, indi bu fikirləri yazmaq asandır, o dövrün tələbi başqa idi, xeyr, həmin günlərdə də bütün əməliyyat müşavirələrində, yazdığımız arayışlarda respublika rəhbərliyinin qəti addım atmasının vacibliyi, məqsədəuyğunluğu xüsusi vurğulanırdı. Maraqlananlar arxivə girib baxa bilərlər.
Mən Şuşaya getmək istədiyimi bildirəndə İmranov “Çalışıb camaatı sakitləşdirmək lazımdır, məlumat daxil olub ki, Laçından bir maşın adam gəlir Şuşaya. İmkan verilməsin, elə Şuşadan da geri qaytarın onları” dedi.
(Ardı var)