Aynur MƏSİMOVA (TƏMKİN)
Aramsız yağan yağışdan, tutqun boz buludlu havadan sonra boylanan günəşi görüb təbiət necə sevinirsə, Şahanə də elə sevinirdi. O qədər xoşbəxt, bəxtəvər, məsuddu ki, nəşəsini anlamaq çətin deyildi. Qızın ruhu gülür, sevincindən göylərə uçurdu. Göz bəbəkləri atəşlə parıldayır, içində dolub-daşan sevgisi üzünə yansıyırdı. Qız rəqs etmək, bütün dünyaya sevgisini hayqırmaq istəyirdi. Acıları bir andaca yox olmuşdu. Sevgisinin şirin-şərbət şərabını udum-udum, hər anı, hər dəqiqəni hafizəsinə, yaddaşına həkk eləyib saxlamağa çalışırdı. İçini didib-parçalayan qorxuları getmiş, yerini qarşısı alınmaz gözəl duyğular tutmuşdu. Hər an, hər dəqiqə, hər saniyə eşqi Raufa daha da böyüyür, qırılmaz tellərlə onu oğlana daha çox bağlayırdı.
Rauf Şahanənin sevincini görür, qızı bağrına basmaq, saçlarının qoxusunu içinə çəkmək istəyirdi. Qızı dəlicəsinə həm sevir, həm də qısqanır, eşqinin şiddətindən od kimi yanırdı. Hələ Şahanə barmağında onun nişan üzüyünü gəzdirdikdən sonra oğlanın xoşbəxtliyinin həddi-hüdudu yox idi. Qız onun həyat amalı, aldığı nəfəsi, içdiyi suyu idi. Oğlan ayrılıq sırasında dərdini bir kimsəyə bildirməsə də, aylarla həsrət çəkmiş, yuxusuz gecələr keçirərək səadətinə çatmaq üçün yollar aramışdı. Hərdən ümidsizliyə qapılaraq kədərinin ağırlığından çökmüşdü. Dünya-aləm gözündə dəyərini itirmişdi. Bu arzusuna çatmaq üçün oğlan hər şeyindən keçməyi belə gözə almışdı. Şahanə onun bu dünyada tamamlanmış hissəsi idi.
Heç bir zaman aşırı təmtərağı sevməyən Nihal böyük zalda gözəl süfrə açmışdı. Hər şeyi salonlara daşımağı xoşlamayan Nihal bacılarının, baldızlarının köməyi ilə ləziz təamları əlləriylə hazırlayaraq masaya düzmüşdü. İlk mübarək işini öz evində görmək istəyən ana Raufu gördükdə içi isinmiş, sanki ona güvənmişdi. Özündən asılı olmayaraq Nihalda bir inam yaranmışdı. “Bəlkə Elgiz düz deyir. Rauf ana nəslinə çəkib”. Onun uca boyu, yaraşıqlı siması, üzündəki uşaqlara məxsus bir məsumluq ananın qəlbini sakitləşdirmişdi.
Gülpərinin ədası, forsu “dünyanı” dağıdır, bütün diqqətləri üzərinə çəkirdi. Qadının çatılmış qaşları, büzülmüş dodaqları nəzərdən qaçmır, açıq-aşkar gözə çarpırdı. Nə yaxşı ki, Pənahla Gülzar aradakı gərginliyi azaldaraq söhbətin səmtini dəyişdirməyi bacarmışdılar. Məclis qızışdıqca söhbət axarına düşür, hər iki gənc xoşbəxtlikdən məst olur, özlərini göyün yeddinci qatında hiss edirdilər. O qədər bəxtəvərdilər ki, nə Gülpərinin təkəbbürlü ədası, nə Arazın yekəxana duruşu onların səadətinə kölgə sala bilmirdi.
Ay səmada bərq vuraraq hər yanı nura boyamışdı. Hamının şirin-şirin yatdığı bir vaxtda nə Rauf, nə Şahanə yuxu tapa bilirdi. Açıq pəncərədən içəri dolan yasəmənlərin xoş rahiyəsi qızda şirin xatirələr oyadır, onun gənc qəlbini heç vaxt hiss etmədiyi duyğularla doldururdu. Qız beynində xəyallar qurur, Raufa qovuşacağı günün həsrətiylə yanırdı. Rauf isə ən çətin olanı fəth eləmiş cəngavər kimi qələbəsinin nəşəsini yaşayır, qızın xoşbəxtlikdən atəşlə parıldayan gözlərini xatırladıqca ürəyi həyəcandan çırpınırdı.
Onların məhəbbətin qanadında uçduqları bir zamanda valideynlər alıb-qoymaqla, düzüb-qoşmaqla məşğuldular.
Gənclər toya tələbə yoldaşlarını da dəvət edərək öz məsudluqlarını onlarla bölüşmək arzusundaydılar. İlqar da toya dəvət olunanların içində idi. Onun içi qan ağlayır, itirdiyi məhəbbəti üçün hər gün daha çox üzülürdü. Amma neyləməli, onun sevdalandığı qız bir başqasına sevdalanmış, qəlbini ona vermişdi. Şahanənin sevdalandığının özünun yaxın dostu olması oğlanın qürurunu daha çox incidirdi. İndi bu zərif işləməli dəvətnamələr onun həyat sevincinin puç oduğunu bir daha sübüt edir, köz kimi əlini qarsıyırdı.
Yox. O bu toya heç bir vəchlə getməyəcəkdi. O bunu özünə qarşı haqsızlıq hesab edirdi. Sanki oğlanla qızın bir-birini sevməsində onun bir qəbahəti, günahı var imiş kimi özünü təqsirkar görürdü. O, vaxtında sevgisini etiraf etsəydi, bəlkə də Şahanə onun yarı olacaq, gəlin kürsüsünə onunla oturacaqdı. Oğlan qızın eşqiylə yandığı bir vaxtda onu başqasının yanında görməyə dözə biləcəyinə inanmırdı. O əli Rauf tutacaq, o saçları Rauf qoxlayacaqdı. Qısqanclıq içini ac qurd kimi didib dağıdırdı. Toyda iştirak etməyi özünə xəyanət bilir, hər kəsə getməyəcəyini söyləyir, lakin səbəbini açıqlamırdı. Adamlar onun bu qəribə sevgisindən xəbərsiz olduqları üçün onun bu səbəbsiz tərsliyini anlaya bilmirdilər.
Nihal tərpənən yük maşınının arxasıyca bir dolça su ataraq ev bəzəməyə gedənləri yola salıb evə döndü. Qızların evdə yır-yığış etdiklərini görüb daha içəri girmədi. Gəlib divanda əyləşdi. Bir az dincəlmək üçün yastığa dirsəkləndi. Gözlərini nə vaxt yuxu tutduğunu bilmədi. Telefon zənginə yerindən sıçradı. Əgər telefon zəng çalmasaydı yəqin hələ çox yatacaqdı. Neçə gecə idi qadın gecə yuxusunu unutmuşdu. Dəstəyi götürüb qulağına tutdu.
– Alo.
– Salam, ay Nihal. – Qudasının səsini o dəqiqə tanıdı, ürəyi əsdi. “Görəsən nə xəbər var? Gedənlər hələ çatmayıblar. Nə olub görəsən?”
– Salam, Gülpəri bacı. Necəsiniz, nə var, nə yox? Bizimkilər hələ gəlib çatmayıblar?
Dəstəyin o başından Gülpərinin ədalı səsi eşidildi:
– Gəliblər, gəlməyinə. Amma, ay Nihal, bu nə cer-cehizdir qızına vermisən? Day elənçiyinə qalsaydı elə mənimkilərdən istifadə edərdi də. Bu boyda rayonda cehiz almağa ayrı firma tapmadın? Alırdın, barı nemesin malını alaydın. Sən bilmirsən qızı hansı qapıya, hansı nəsilə gəlin verirsən?
Dünya-aləm sanki tərsinə fırlandı, Nihal səyirləndi. Qadının rəngi divar kim ağardı, bir andaca boğazı qurudu. Dodaqları susuzluqdan çatlayan torpaq kimi qurudu, cadarladı. Eşitdiyi sözlər qadına ağır gəldi. Bir zamanlar kasıb ailədə böyüyən bir qız, varlı ərin yaşatdığı lüks həyatdan sonra anasının çəkdiyi əziyyətləri asanlıqla unutmuşdu deyəsən. İnsanların min bir əziyyətlə qurub yaratdıqlarını belələri bir dəqiqədə uf demədən yerlə-yeksan etməyə qadir idilər.
– Gülpəri bacı, mən cehizi qızıma vermişəm. Əgər xoşu gəlməsə, işlətməz. Siz də çox istəsəniz sonra dəyişərsiniz. Mən müəllim adamam. Hər halda mənim də azdan-çoxdan başım çıxır. Qızıma pis bir şeyi nə almaram, nə vermərəm. Xüdahafiz, – deyib dəstəyi asdı. Ürəyi bərk-bərk döyünür, qulaqları guppuldayırdı. Görünür təyziqi qalxmışdı. Əliylə ürəyini tutdu. Əsəbindən bədəni titrəyirdi. Qorxusu yenidən bütün bədənini çulğamışdı:
– Mən bilirdim. Bilirdim. Məşədi Əliabbas nəslindən xeyir gəlməz. Bilirdim, amma dinlədəmmirdim.
Qadın elə hey vurnuxur, neyləyəcəyini bilmirdi. Bir anlıq qəzəbi güc gəldi. Bir istədi zəng edib baldızına desin ki, yığın malı da, geri gəlin, toy-filan olmayacaq. Amma fikrindən daşındı. Həmin an Şahanənin gülümsər, məsum çöhrəsi gözü qarşısında canlandı. Və qadının o dəqiqə qolları boşaldı. Ana iqtidarsız halda pilləkənin yanındakı kötüyə oturdu. Gözündən iki damcı yaş damlası süzülüb əllərinin üstünə düşdü.
Nə böyük xoşbəxtlikdir övladı gəlin köçürtmək, evləndirmək. Nə böyük bəxtəvərlikdir övladını xoşbəxt görmək. Şahanə ağ gəlinlikdə nə qədər gözəl və təravətli görünürdü. Gəlinə baxmaq üçün yığılanlar qıza xeyir-dua verir, onun ulduz tək alışıb yanan gözlərinə baxıb gülümsəyirdilər. Nihal ağlamamaq üçün özünü zor tutur, təlaşını içində boğmağa çalışırdı. Elgiz üçün də qızından ayrılmaq çətin idi. Lakin qızı sonunda evlənməli, yuvasını qurmalı idi. Dəqiqələr arasındakı məsafələr qısaldıqca ayrılıq zamanı sürətlə yaxınlaşırdı. Artıq gəlin maşınlarının siqnal səsləri gəlir, maşın karvanı yaxınlaşırdı. Budur vağzalının insanı həyəcanlandırıb, duyğulandıracaq avazı. Kim bu səsi eşitdikdə duyğulanmır, təsirlənmir ki. Ata ağacın gövdəsinə söykənərək, hülqumunda ilişib qalan qəhərini udmağa çalışırdı. Nihal isə dözmək iqtidarında deyildi.
Ana əlləri əsə-əsə qızının yaşaran gözlərini silib dodaqlarını onun yanağına yapışdırdı. Səsi titrəyə-titrəyə:
– Get, xoşbəxt ol, anam. Bu qapıya qonaq kimi gəl, qonaq kimi get. Qurduğun ailənin dəyərini bil. Heç vaxt xırda sözü, məsələni problemə döndərmə. Ev oturanın, söz götürənin deyiblər. Evində-eşiyində başa çıxanlardan ol, – deyib kənara çəkildi.
Bu gün onların günüydü. Hər kəs onlardan danışır, onlara baxırdı. Hər ikisinin göz qamaşdıran zərifliyi hamının diqqət mərkəzində idi. Bu gün dünya-aləm bu iki gəncin idi. Dost-tanışla, qohum-əqrəbayla rəqs edir, ortada süzürdülər.
Rauf hər yanda gözüylə İlqarı arayıb tapa bilmirdi. Axı bu oğlan hara olub, niyə görünmür? – deyə ürəyində danışırdı. Nailə Şahanəylə nə barədəsə danışıb, gülüşürdülər. Nailənin rəfiqəsinin toyuna sevinməyi üzündən oxunurdu. Rauf Nailədən İlqarın harada olduğunu soruşduqda qızın yanaqlarının allanmağı ikisinin də gözündən qaçmadı.
– Aha, deyəsən bunların arasında nəsə var, – deyə Rauf gülümsədi. – İkisi də bir-birinə yaraşır, bir-birindən xoşhallanana oxşayırlar. Səncə də elədirmi, Şahanə? – Oğlan Şahanədən soruşdu. Nailənin cır səsi onları fikirdən ayırdı:
– Uşaqlar, İlqar gələ bilmədiyi üçün sizdən üzr istəyir. O da bizimlə gələsi idi. Amma son anda zəng gəldi ki, maması bərk azarlayıb. Buna görə də məndən onun adından üzr istəməyimi xahiş etdi.
Bir gözəl dünya vardı ki, rəngləri göy qurşağının rəngi kimi al-əlvan. Bir dünya vardı ki, hər ikisini bir-birinə möhkəm bağlayan. İki gənc vardı bir-birinə möhkəm sarılan. Bir-birinə həsrət, bir-birilərinə dəli kimi aşiq. Onlar qovuşmalarını yaşarkən İlqar yumruqlarını divara çırparaq hönkür-hönkür ağlayırdı. Raufla Şahanə möhkəm-möhkəm sarılarkən Nihal əlini göylərə tutub Allahdan balasına gözəl ailə arzulayırdı. Onlar uzun çəkən vüsaldan sonra qovuşmalarının gözəl anlarını yaşadıqda Pənahla Gülzar iki sevən gənci bir araya gətirə bildikləri üçün mənən dincəlirdilər.
İçdiyi arağın təsirindən Araz kefli halda kresloya sərələnib qalmış, qohum-əqrəba çoxdan dağılıb getmişdi. Gülpəri qaşlarını düyüb oturmuşdu. Arzu yorğunluqdan çarpayısına uzanıb yatıb qalmışdı. İndi Gülpəri tək-tənha oturaraq, gəlin otağının qapısından gözünü çəkmirdi. Heç özü də bilmirdi niyəsini. Deyəsən oğlunu görmək qadını sevindirmirdi. Yox, əsla, yox. Sadəcə olaraq gəlini heç cürə döşünə yatmır, qadın gəlinini hec cürə qəbul edə bilmirdi. Amma yenə də nəticədə oğlu ailə qurmuşdu. O bunu illərlə gözləmiş, arzulamış, xəyalını qurmuş, ayları, günləri, həftələri bitirə bilməmişdi. Bəs nə idi onun halı? Yarımçıq qalan arzularımı, bir vaxt həsrətini çəkdiyi gəlinlikmi? Gülpəri fikirləriylə dalaşır, ürəyinin lap dərinliyində yaşamadığı gəncliyinin paxılığını çəkirdi. Qadın bəlkə bir qədər özünü məcbur etsə, gəlinini sevə biləcəyini düşünür, lakin onun pas atmış duyğuları buna imkan vermirdi.
(Ardı var)