Aynur MƏSİMOVA (TƏMKİN)
Nihal sözlü adamlar kimi elə hey vurnuxur, amma sözünü deməyə cəsarət etmirdi. Səbinə bacısını mənalı-mənalı süzür, gülürdü. Arada ona sataşır, şirin-şirin qımışırdı:
– Mama, deyirəm Firuzə xalanın nə məzəli, zarafatcıl oğlu var. Özü də şən, deyib-gülən. Necə də boy-buxunlu, yaraşıqlıdır.
Nihal söhbətin açılmasına uşaq tək sevindi. Bayaqdan bəri cəsarət edib deyə bilmədiyi sözləri Səbinə dilə gətirmişdi.
– Hə, vallah. Allah saxlamış elə bil Koroğludur durub. Ona gələn qız yarıyıb. Firuzə də gözəl anadır. Gözəl də övlad tərbiyə edib, yetişdirib. Nə içmir, nə çəkmir. İşə, evə. Qazandığının da qədrini bilir. Nazlı da yaxşı qızdır, gəlinlə yola gedəcək. Adama bundan artıq daha nə lazımdır? – Nihal bunu deyib gözucu qızına baxdı. Deyəsən Şahanə heç ona qulaq asmırdı.
– Sən nə deyirsən, ay bala?
Qız gözlərini kitabdan ayırıb, anasına baxdı:
– Nəyi, ana?
– Bəhramı deyirəm də. Ona gələn qız bəxtəvərdir.
– Allah yiyəsinə qismət eləsin.
Nihal bərk əsəbləşdi:
– Yiyəsi sən ol da. Evi-eşiyi, işi-gücü. Mərifəti, tərbiyəsi də öz yerində.
Şahanə qeyzlə divandan qalxdı. Gəlib anasının qarşısında durdu:
– Ana, sən Raufu qəbul etmədin. Mən də sən üzülməyəsən deyə istəyimi qəlbimə gömdüm. Sənə də söz verdim. Özü də dedim təhsilimi davam edəcəm.
Nihalın qaşları çatıldı:
– Davam etmək istəyirsən, et də. Əlindən almıram ki. Ərə gedəndən sonra da oxuya bilərsən. Allah qoysa, sabah bir uşaq olanda da köməkli baxarıq.
Şahanə anasının söylədiklərini eşidib alındı. Sanki kimsə ağır bir şeyi başına vurdu. Gözləri qaraldı, dünya-aləm başına fırlandı:
– Sən nə deyirsən, ana! Nə evlənmək, nə uşaq! Mən qəlbimi biriylə, yatağımı başqa… – Yatağımı başqasıyla demək istədi, lakin bədənini həya təri basdı. Sözlərini uddu. – Ana, mənə bir də Bəhram demə. Getsəm Raufdur, getməsəm qara torpaq. Sənə canım fəda. Amma bunu demə. Eşidirsən, demə!
Hər zaman sakit Şahanənin bu qədər çılğın ola biləcəyini Nihal təsəvvür belə etməmişdi. Ana qızını tanıya bilmirdi.
Səbinə maddım-maddım anasıyla bacısını süzür, söhbətin nədən getdiyini başa düşmürdü.
– Rauf kimdir? Ana, nə baş verir?
Şahanə heç bir cavab vermədən kitabını götürüb otağına keçdi. Lüzumsuz söhbətlərdən ürəyi bulanır, Bəhramın ona baxan gözləri yadına düşdükcə içini ikrah hiss bürüyürdü.
Gülpəri oğlunun kimə vurulduğunu eşitcək təzyiqi qalxmışdı. Divanda uzanıb gözlərini tavana dikərək ah-vaylanırdı. Təhsilli ailənin qızını evində gəlin görmək ona ölümdən betər gəlirdi. Kimsə ona təhsilsiz olduğu üçün yuxarıdan aşağı baxacaq, onun cahil olduğunu düşünəcək, sözü sözündən, özü özündən üstün olacaqdı. Bir zamanlar kasıb ailədə böyüyən, həmişə köhnə paltarda məktəbə gedən, yaxşı təhsil almağın, instituta girməyin xəyallarıyla yaşayan Gülpəri öz gözəlliyinin qurbanı olmuş, məktəbi bitirər-bitirməz Arazın ovuna dönmüşdü. Nə qədər ağlasa, sızlasa da, Araz onun göz yaşlarına, yalvarışlarına məhəl qoymadan onu zorla özünə arvad etmişdi.
Bu illər ərzində Gülpəri qəddarlaşmış, insanlara mərhəmət hissini itmişdi. Pul, qızıl onun həyat amalına çevrilmişdi. Bütün insani meyarları pulla, dövlətlə, vəzifəylə ölçür, keçmiş günlərini xatırlamazdı. Rauf anasını çox istəməsinə, ona ehtiramla yanaşmasına rəğmən inad edir, nəyin bahasına olursa olsun Şahanədən vaz keçməyəcəyini söyləyirdi. Qadın oğlunun hansısa qıza bu qədər dərindən bağlanmağına inanmaq istəmir, bunu ötəri həvəs kimi qəbul edirdi. Amma yox. Deyəsən Gülpəri bərk yanılmışdı. Ötəri bildiyi bu hiss düşündüyündən möhkəm çıxmışdı.
Valideynlər inad etdikcə gənclərin sevgisi hər gün daha da böyüyərək qohum-əqrəbaya yayılırdı. Firuzə də onların sevgisini eşidər-eşitməz əlini-ayağını çəkib oturmuşdu. Bəhram da sevgisindən vaz keçmişdi. Kimisə sevən bir qızdan başqasına çətin ki, arvad olardı. Cismi birinin, ruhu bir başqasının yanında olan nə ərdən ər olar, nə də qadından qadın. Ən yaxşısı bu başdan Bəhramın bu sevdadan vaz keçməyi idi.
Rauf kiçik dayısını uşaqlıqdan çox istəyir, ona hörmətlə yanaşır, bir sözünü iki etmirdi. Pənah da balası yerinə qoyduğu Raufu çox sevir, ona arxa-dayaq olur, böyük inam bəsləyirdi. Zəhmətkeş valideynlərinin min bir əziyyətini görən Pənah o zaman sayılıb-seçilən bir insan olacağına and içərək savad almaq üçün illərlə çox əziyyət çəkib, bir qarnı ac, bir qarnı tox oxuyub istədiyi vəzifəyə yüksəlmişdi. Yaşadığı acılar, təhqirlər onu Gülpəri kimi daşqəlbli birinə çevirə bilməmişdi. Əksinə, insanların problemləriylə həmişə maraqlanır, onlara dəstək verməyə çalışırdı. İndi bacısı oğlunun problemlərini eşidər-eşitməz rayona gəlmiş, ata-anasının məzarına baş çəkib oradan da bacısıgilə yollanmışdı.
İllər Gülpərinin qardaşına olan duyğusunu əlindən ala bilməmişdi. Pənah onun üçün qoca ata-anasının son yadigarı, madar balası idi.
Bir saatdan artıq idi ki, bacı-qardaş söhbət edib dərdləşirdilər. Pənah bacısını yola gətirmək üçün dəridən-qabıqdan çıxır, onu razı salmağa çalışırdı. O, asanlıqla əl çəkənə oxşamırdı.
– Axı niyə bu qədər inad, bacı? O qızla bu uşaq yaşayacaq, siz yox. Rauf özü ağıllı gəncdir. İnanmıram ki, pis qıza aşiq ola. İmkan verin gənclər həyatlarını yaşasınlar. Bu nədir belə? Bu tərslik, bu inad nəyə gərək? Səni anlamağa çətinlik çəkirəm, bacı. – Pənah acı-acı gülümsəyib baxdı. İçində bacısına həm qəzəb, həm mərhəmət vardı. Düşdüyü şərait onun sevimli bacısını bu hala gətirmişdi. Bir zamanlar yediyi kötəklərin, eşitdiyi təhqirlərin yarası qaysaqlamışdı deyəsən. İllər onu get-gedə zalım birinə çevirmişdi. Qadın indi xoşbəxtliyi, səadəti var-dövlətdə görür, Arazın və sülaləsinin ona yaşatdıqlarını heç xatırlamırdı da.
Araz da Pənahı diqqətlə dinləyir, hələlik bir şey söyləmirdi. Bir zamanlar evinin kandarından içəri buraxmaq istəmədiyi qaynı mühüm vəzifəyə seçildikdən sonra artıq bacı-qardaş istədikləri vaxt görüşür, söhbətləşirdilər və Araz daha onların münasibətinə qarışmırdı. Bəs necə. Axı o indi qaynının adından istifadə edərək istədiyi adamın qapısını təpiklə açıb içəri girər, işlərini ürəyi necə istəsə elə də həll edərdi. İndi o, sakitcə qaynını dinləyir, lakin içində onu asıb-kəsirdi: “Qudurasan, ay qurbağa. Elə bil çarıqlı Cəlilin oğlu yox, ministerin oğludur. Durub mənə, Məşədi Əliabbas oğluna zakon talkavat eləyir”.
Telefonun zəng çalmağından istifadə edib Araz otaqdan çıxdı. Gülpəri ərinin yoxluğundan sanki rahatlanmış kimi oldu. Ətrafına boylanıb bir kimsənin olmadığını görüb pıçıltıyla içinə yığılıb qalan, onu yandırıb-yaxan od-alovu püskürdü:
– Məni tanıya bilmirsən, eləmi? Düşünürsən ki, bacım var-dövlət aşiqinə çevrilib. Düz düşünürsən. Bu pula əl çirki deyirsiniz. Amma bu çirk dediyiniz nələri yuyub aparmır? Bu çirk olmadan nə həyat var, nə səadət, nə xoşbəxtlik. Bu pul deyildimi məni on yeddi yaşımda atamdan, anamdan qoparan? Bu pul deyildimi Məşədi Əliabbasların əl-qolunu açan? Dəyişmisən deyirsən. Dəyişərəm də. Pulsuzluq atamı nə hala gətirmişdi, unutmusanmı? Halal çörəyini qazanıb, min cür əziyyət çəkən atamın necə təhqir olunduğunu sən unutsan da, mən unutmamışam. Atamın pulu olsaydı nə sən, nə mən o əzabları yaşamazdıq. Bu dövranda insanlığa yox, pula önəm verirlər. Pul pulu gətirir. Ona görə də mən oğluma var üstünə var istəyirəm. Amma madam ki, onu istəyir, qoy elə də olsun. Bir bu başdan deyirəm ki, o qızın əvəzinə mən ailəmə uyğun huyu huyumdan, suyu suyumdan olan birini istəyərdim. Daha oğlu bilər, atası bilər. Əgər Araz razılaşarsa, daha mənə söz düşməz. Amma yenə deyirəm, mən o qızı istəmirəm, vəssalam.
Pənah Elgizin kabinetində səbirsizliklə gəzinir, onu gözləyirdi. Müşavirədən yenicə çıxan Elgiz kabinetində gəzinən tanımadığı qonağı bir xeyli süzdükdən sonra əl verib görüşdü. Oturmağa yer göstərib yerinə keçdi:
– Buyurun, oturun.
– Təşəkkür, Elgiz müəllim. – Pənah gülümsədi.
Elgiz müsahibinə zəndlə baxdı:
– Biz tanışıq?
Pənah gülümsədi:
– Deyilik, amma olarıq. Mən Raufun dayısıyam. Rauf məni bura sizin qızınız üçün göndərib. Sizin izniniz olarsa, biz elçiliyə gəlmək istəyirik.
Elgiz bir az pərt olmuşdu. Demək, bu məsələni Elgizdən başqa hər kəs bilirmiş. “Ax, səni Nihal. Belə şeyi də gizlədərlərmi?” Ata üçün yalnız indi sirr pərdəsi qalxırdı. Qızın hər gün solan rəngini, çuxura düşən gözlərini, iztirab içində gülümsəyən üzünü xatırlayır, onun niyə bu hala düşdüyünü yavaş-yavaş analyırdı. Qızının bu halı içini sızıldadır, övladına yazığı gəlirdi. Fikirləri qarışmışdı. Nihalın Məşədi Əliabbas tayfasını görən gözü olmadığını bilirdi. Haqsız da deyildi. Amma gəncləri də başa düşmək gərəkdi. Sevdalanan bir ürəyə hökm etmək ağılsızlıq olardı. “Yox, yox. Bu söhbət belə qala bilməz. Gözümün önündə uşağım əriyib gedir. Göz baxa-baxa əllərimlə onun həyatını məhv edə bilmərəm. Bilmərəm, vəssalam”.
Nihalın qəzəbi yeri-göyü dağıdırdı. Lakin Elgizin sərt baxışları altında Nihal özünü toplayıb sakit durdu. O, Elgizin səbirli olduğu qədər qəzəbli olduğunu yaxşı bilirdi.
– Qulaq as, Nihal. Əgər Şahanə o oğlana sevdalanmamış olsaydı, mən qızımı heç vaxt o nəslə gəlin verməzdim. Lakin burada iş başqa cürədir. Biz göz baxa-baxa balamızı bədbəxt edə bilmərik ki. Sən anasan. Qız uşağı anaya daha yaxın olur. Sən övladını hər kəsdən yaxşı tanıyırsan. Ağlın kəsirmi ki, bu qız başqasına ərə gedər? Bax, susursan. Getməz. Düz də edər. Mənim oğlum olsa, başqasını sevən bir qızla ailə qurmaq istəsə, qoymaram. Gəl daşı ətəyindən tök, Nihal. Uşağı bədbəxt eləmə. Məşədi Əliabbas tayfasının hamısı eyni xasiyyətdə deyil ki. Nə bilirsən, bəlkə oğlan ana nəslinə çəkib. Dayısı da insan adama oxşayırdı. Mədəni, mərifətli.
Nihal ərinin müəyyən qədər haqlı olduğuun bilirdi. Elgiz düz deyirdi. Şahanə asanlıqla istədiyindən vaz keçməyəcək, ailə qurmayacaqdı. Daha inad etməyin mənası yox idi.
– Nə deyirsən? Gəlsinlərmi? – Elgiz arvadının cavabını gözləyirdi.
Qadın içində hey danışır, götür-qoy edirdi. İçindəki qorxu, təlaş keçmirdi. Amma daha faydası yoxdu. Elgiz bu işə əl qoymuşdusa, tərslik etmək mənasız işdi.
– Sən mənə deməyə söz qoymadın. Nə deyim, Allah xoşbəxt eləsin! – deyə gözlərini sildi.
(Ardı var)