Gəncə – taleyimə yazılan şəhər
İlham İSMAYIL
1983-cü ilin avqust ayında Bakıya qayıtdım. Hələ məzuniyyət başa çatmamışdı, bir neçə gün də istirahət edə bilərdim. Bacım Dilşadgil Şuşada idilər, məni də ora dəvət etdilər və təxminən 10 gün Şuşada qaldım. İllərdir Şuşasızıq və hər dəfə fikirləşirəm ki, nə yaxşı o vaxt 10 gün də olsa Şuşada qalmışam.
Məzuniyyət bitdi, Bakıya gəldim. Komitədə sədr Ziya Yusifzadə Minskdən gələnlərə DTK-nın vəsiqələrini təqdim edib iş yerlərimizi elan etdi. Mənim Gəncə şəhər şöbəsinə göndərildiyim elan olunanda bunu talenin qisməti kimi dəyərləndirdim, necə deyərlər, niyyətin hara, mənzilin ora.
Gəncəni həmişə sevmişəm, həm də Tərtərə cəmi 80 kilometr məsafədə yerləşir. Gəncə çox milli şəhərdir və təsadüfi deyildi ki, Azərbaycanda belə bir deyim vardı: Bakı Azərbaycanın, Gəncə azərbaycanlıların paytaxtıdır.
Mənimlə bərabər Şahnazarov Aleksandr da Gəncəyə göndərildi.
Ümumiyyətlə, məni heç vaxt böyük şəhərlər özünə cəlb etməyib. Bu gün də imkanım olsa, gedib kəndimizdə yaşayaram.
Payızın ilk günlərində Gəncəyə gəldim. Şöbənin rəisi polkovnik Adna Adnayev kollektivi yığıb məni təqdim etdi (Şahnazarovdan bir neçə gün sonra gəlmişdim).
DTK-da əməliyyat işi “obyekt-xətt” (обьектово-линейный) prinsipləri ilə müəyyən edilirdi. Elə həmin gün obyekt kimi Xanlar rayonu, xətt kimi isə axtarış sahəsi həvalə olundu.
Xanlar rayonu ərazisində bütün xətlər üzrə əməliyyat işləri görməli, şöbə üzrə isə DTK-nın axtarışında olanlar üçün əməliyyat-axtarış tədbirlərini həyata keçirməli idim.
Məni Xanlar rayonunun rəhbərliyinə təqdim etdilər. Birinci katib Murad Aşurovla tanış olduq. Murad müəllimlə bu gün də münasibətlərimiz davam edir.
Tədricən rayonun ictimaiyyəti ilə tanış olur, normal münasibətlər formalaşırdı.
Xanlar (indiki Göygöl rayonu) böyük rayon idi, mən işlədiyim müddətdə Samux rayonu yaranmamışdı, rayon şimaldan Gürcüstanla, Mingəçevir su anbarı, Qax rayonu, şərqdən Goranboy, cənubdan Kəlbəcər, qərbdən Daşkəsən, Şəmkir rayonları ilə həmsərhəd idi.
Gəncə şəhərinin dörd bir tərəfi Xanlar rayonunun ərazisiydi. Rayonda sovet ordusunun raket briqadası, hava hücumundan müdafiə sistemi mövcud idi. Vacib obyektlər sırasında Xanlar konyak zavodu (o vaxt SSRİ konyakının 12 faizi təkcə bu zavodda cəmlənmişdi), heyvandarlıq üçün dərman preparatları hazırlanan Azbioloji kombinat, Qızılca çınqıl karxanası nəzdində partladıcı maddələr saxlanan anbar, Göygöl dövlət qoruğu daim əməliyyat nəzarətində idi.
Rayon mərkəzində və 9 kənddə ermənilər, bir kənddə ahıska tükləri, bir kənddə ruslar – malakanlar, rayon mərkəzində assuriyalılar yaşayırdı. Sürgün olmuş millət kimi ahıska türkləri, dini zəmində Rusiyadan vaxtilə köçürülmüş baptist-malakanlar, hər zaman mövcud olmuş erməni millətçiliyi, xeyli sayda İrandan köç edib yaşayan kontingent rayonun əməliyyat şəraitini xarakterizə edən DTK hədəfləri idi.
Ümumiyyətlə, rayonda baş verən bütün neqativ hallar xüsusi xidmətin nəzərindən qaçmamalı, onların böyüyüb kütləvi narazılığa çevrilməməsi üçün zamanında profilaktik tədbirlər görülməli idi.
Bunları deməkdə məqsədim odur ki, əyalət olmasına baxmayaraq bütün istiqamətlərdə kifayət qədər işim vardı.
***
Xanlar rayon mərkəzini almanlar salıb. 1819-cu ildə Almaniyanın Vürtemberq əyalətinin almanları Rusiya çarının himayəsini qəbul edib Azərbaycana köçürlər. Qazaxda, Ağstafada, Şəmkirdə məskunlaşan almanların böyük, həm də nisbətən varlı hissəsi, 520 ailə Gəncənin qərb hissəsində yaşamağa başlayır. Yelenendorf, qısaca Yelino deyilən qəsəbəni almanlar salıb. Qəsəbə çar I Aleksandrın sevimli bacısı Yelena Pavlovnanın şərəfinə adlandırılıb.
Stalinin göstərişi ilə almanlar 1938-ci ildə Qazaxıstana sürgün ediliblər.
Almanlar 120 il yaşadıqları bu yerlərdə böyük mədəniyyət qoyublar. Şərab zavodları, pivə zavodu (sovet dövründə pivə zavodunu tikiş sexinə çevirmişdilər), bondar-mexaniki zavod, süd emalı zavodu, gözəl arxitekturası olan evlər, səliqəli küçələr, lüteran kilsəsi bu gün də rayona fərqli çalar verir.
Xanlar rayonunun adını dəyişəndə, zənnimcə, onun tarixi adını – Yelenendorfu bərpa etmək lazım idi. Almaniya dövlətinin bu yerə xüsusi qayğısına köhnə adı bərpa etməklə nail olmaq mümkün idi.
Alman dəqiqliyi bütün işlərdə özünü göstərmişdi. Bəzən vaxtilə burda anadan olan almanlar haqqında o vaxtkı Almaniya Demokratik Respublikasından, Moskvadan, Qazaxıstandan sorğular göndərilirdi. VVAQ şöbəsində alman jurnalları dediyimiz, sinif jurnallarına bənzəyən, mürəkkəblə yazılmış qeydiyyat jurnalları vardı. Anadan olan hər kəsin doğulduğu tarixlə yanaşı həftənin günü, günün saatı, anadan olanın gözünün rəngi dəqiq qrafalarda göstərilirdi. Mürəkkəb isə sanki bu gün yazılmış kimi görünür, bir damcı solğunluğu bilinmirdi. Amma 30-40-cı illərdə bizim kəndlərdə anadan olanların qeydiyyatını çox vaxt tapa bilmirdik.
1984-cü ilin ilk ayında rəisimiz dəyişdi. Adnayev Bakıdakı mərkəzi aparatda 3-cü şöbənin (Daxili İşlər Nazirliyində əks-kəşfiyyat fəaliyyəti) rəisi təyin edildi. Bizə isə Rəhman Mikayılov gəldi və 7 il rəisimiz oldu.
Fevralın əvvəlində SSRİ rəhbəri Yuri Andropov öldü, Konstantin Çernenkonun dövrü heç nə ilə yadda qalmadı, faktiki olaraq ölkə tezliklə növbəti baş katibin ölüm xəbərini gözləməyə başladı.
May ayında ilk verbovkamı etdim. Rəisimizin sözləri yadımdadır: “İlk verbovka həmişə yaddaqalan olacaq, bir də bu gün şəhərdə ən ciddi siyasi akt bu verbovkadır. Yadınızda saxlayın: hər agent verbovkası ciddi siyasi hadisədir”.
Yazda daha bir əlamətdar hadisə oldu, şəhərin mərkəzində birotaqlı mənzil verdilər mənə, o vaxta qədər şöbənin qonaq evində qalırdım. Artıq öz evim vardı. Ev alanda rəisimiz dedi ki, evlənmək lazımdır, subaylara DTK-da pis baxırlar. Potensial adaxlı olsam da, hələ bəyəndiyim yox idi.
Həmin günlərdə mənə yeni bir vəzifə də tapşırıldı – şöbənin şifrəçisi (шифровальщик). Mərkəzi aparatda 3 günlük təlim-hazırlıqdan sonra şifrə işinin sirlərinə də yiyələndim.
1984-cü ilin sentyabrında ilk məzuniyyətimə çıxıb Yaltaya getdim, yaxşı istirahətdən sonra Moskvaya yollandım. Moskvada SSRİ Ali Sovetinin deputatı, gəncəli Afiq Mayılovla “Moskva” mehmanxanasında görüşdük.
Afiq İslandiyadan gəlirdi. Mehmanxanada onunla bir yerdə səfərdən qayıdan şair Nəbi Xəzri, müğənni Xuraman Qasımovayla görüşüb səhər yeməyi yedik.
Nəbi müəllim harada işlədiyimi biləndə “Afiq, dostunu bəlkə bizi izləməyə göndəriblər?” deyə zarafat etdi.
Mən də söz altda qalmadım: “Nəbi müəllim, izlənəsi olsanız heç vaxt onu hiss etməyəcəksiniz, narahat olmayın”.
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4 5 6 7 8 9