Novella haqqında novella
- 15 Noyabr 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Elə ağbirçək-ağsaqqal var, az qalırsan ki, hər ağzını açanda yıxıb yerə ağzına-ağzına beş nömrə qaloşla döyəsən…
Türkün məsəli
Xatırlayırsınızsa, oyrəli “Feyzbuk”da bir status paylaşmışdım, – “Gülqız xalanın bizə 50 manata sırışt eləmək istədiyi xoruz hinduşkasının başını necə oldu ki, 10 manata əkdik?!”. Əslində məzəli bir hekayə mövzusu idi deyə, açmasını vermədim, dedim, qalsın, sonra imkan, vaxt tapanda novella yazaram. İdeyası maraqlı idi, – “Hər ağsaqqalın-ağbirçəyin öyüd-nəsihətinə qulaq assan, sonda həqiqətən “ulaya-ulaya qalarsan”… Gülqız xala da həmin yöndəmsiz ağbirçəklərdəndir. Həmişə bu arvaddan qaçmışam. Çünki ağızdan çox padarafdır, o qədər latayır danışandır ki, tanıdı-tanımadı, adamda nə nənə qoyur, nə də dədə. Özü də ölmüş, adamın elə yerlərinə söyür ki, namusun gizildəyir, – “çənənin əyri yerinə”, “nənənin bişməcəli qoltuğunun altına”, “dədənin bığ yerinə”, bax, bu cür iyrənc qığlamalarından qalmır. Heç nə də eyninə deyil, erkək Fatmadan betərdi!..
Həmin gün vurğun təpəsindən vurmuş Müğdətin feylinə uyub getdik Familgilə ki, həyətlərində qurduğu kələsər talvarına kömək edək, – Girəvəliyib Gülqızın hinduşkalarından birini də taxarıq şişə… – nə gizlədim, bir az da Müğdətin bu vədinə şirnikdim, ağzımın suyunu yığıb-yığışdıra bilmədim. Günəşli bazar günündə siftə hinduşka kababının yeri görünürdü. Qaynaqçıya bir-iki dəmir profil uzatdıq, vəssalam, qalan vaxtı gözümüz “behlədiyimiz” hinduşkadaydı. Quş da ki, maşallah, o qədər palıd qozası yemişdi ki, erməni harsını kimi pipiyindən qan damırdı – yalan olmasın, ayaqları ən azı 8-10 kilo ət daşıyırdı üstündə. Müğdət sapılcada bizə lobya qızardan Gülqız arvada iki dəfə söz tulamazladı ki, hinduşkanı bizə neçəyə satar. Dilini ilan çalmış da qayıtdı ki, – “Əlli manatdan bir köpük aşağı vermərəm”. Müğdət 30 dedi, Gülqız da onun dədəsinin qəbirdə çürüyən qabırğalarını yağladı. Lobya qabağımıza gələnə qədər hinduşka bizə, biz də hinduşkaya baxırdıq. Quqquldayıb, – Nədi, qeyrətiniz elə bura qədər idi, g…z çatmadı? Yedinizmi, …ını?! – Gülqız arvad hinduşka cildinə cirib bizə yandıq verirdi elə bil…
Amma bu məzhəkəni yazmaqdan vaz keçdim. Ona görə ki, Əli Bəy Azərinin “Qəribə tramvay sərnişini” adlı hekayəsini oxudum və gördüm ki, nəsrimizin obrazlar rəfində artıq Gülqız kimi ifritə arvad var…
Əli bəyin mətni əvvəla, hekayə yox, novelladır. Biz Gülqız arvada nə toy tutmuşduqsa, Əli bəyin kaftarı da ona onqat artığını tutdurub. Müəllifə kəf gələn kaftar-sərnişin onunla nəyi var məzələnib, hara qədər desən “dərs verib”…
Mətnə düşməyə nərdivan tapaq… Bilmirəm bu Vudro Vilson kimdir, amma gözəl bir fikri var. Deyir ki: “Əgər sən mənim yanıma bərkimiş yumruqlarınla gəlsən, səni ondan da böyük və bərk yumruqlarımla qarşılayacağıma şübhən olmasın”. Həmişə insanlar can deyib-can eşitmirlər ki, arada-bərədə yumruq da danışıb, təpik də. Kökü də çox vaxt hara getsə, ürf-adət, insan qanunları, oturuşmuş ənənələrə gəlib çıxır. Adətlə qaydanın kəllələşməsi şeytanın düşündüyü çox məkrli şəltədir. Misal çəkim, avtobusa bilet almışam, demək, rahat oturacaqda mənzil başınadək əyləşmək haqqı qazanmışam. Amma yanımda ələm ağacı kimi dimdik (bu sözə də əl gəzdirmək lazımdır – duruşla toyuq dimdiyi fərqlənməlidir) dayanmış özümdən yaşlıya, qadına, uşağa öz yerimi peşkəş etməliyəm. Etməsəm tərbiyəsiz, qanacaqsız oluram, el-aləm üstümə dolu kimi tənə (bu sözün də apostrof əvəzi bir fərqlənmə nişanı olmalıdır) tökər. Sözsüz ki, vicdanın mental tələbi kimi öz yerini səndən çox ömür yaşayıb başını daşlarda əzmiş, ya da gələcəkdə əzəcək birinə verəndə rahat olursan. Bu hərəkətimiz hər iki halda rəhmdilliyimizin, yazığımızın gəlməsi əlamətidir. Bunun alt qatında bir əfi ilan yatır – istəyirik ki, kimlərinsə bizə də yazığı gəlsin, kiməsə yazığımız gəldiyi üçün özümüzü yuxa qəlbli insan sayırıq, özümüzü yazıq günə salırıq… Fəxr edirik ki, Adamıq, adamlığımız var. Bu xeyirxahlığı başqasından gözləyirik və tələb də edirik. Burda bir pay da həmdərdlik var. Ən azından bu vətəndə başa dəyən daşların sayı-hesabını, daşların necə bərk olduğunu özün də görürsən və bir gün vətən daşları arasında sən də tam əziləndən sonra diqqət və qayğıya ehtiyacın olacaq – yəni sabaha qoyulmuş depozit yazıqlıq deyək…
Amma elə yaşlı da var ki, dirsəyi-diziylə böyrünü dürtmələyir ki, “tez ol e, dur, oturum!”… Əli bəyin novellası da elə bundan bəhs edir:
– Cavan oğlan, bəlkə nənəyə oturmağa yer verəsən? – gör ha, trolleybus bombalamboş ola-ola Allahın lənəti gəlib mıxını dirəyib tək-tənha sərnişinin böyrünə. Bununla səsini kəssə nə var ki, adam balası kimi qalxıb zəhərə dönmüş rahatlığını soyuqda-sazaqda verərsən bu iblisə. Diliyanmış dilini dinc saxlamır axı, başlayır üdüləməyə, – Mənim yerimə bir cavan qız olsaydı, illah da yubkası gödək, yaxası açıq, o dəqiqə ayağa qalxıb yer verərdin. Elə bilirsən, görməmişəm? Ayağa durub oturacaqdan bircə qarış aralanmırsınız ki, girəvə düşdükcə, özünüzü ona sürtəsiniz. Sonra da gözünüzü sinəsinə zilləyib durursunuz. Guya ki, bilmirsiniz qadının orasında nə olur, elə bil ömür boyu heç görməmisiniz, ya da süddən yanıqsınız. Az qalırsınız gözünüzlə xalxın məməsini dartıb çıxardasınız. İndi nolar ki, ələyi əyrilmiş, xəlbiri sovrulmuş qoca, qartımış bir qarıyam. Yaxşı ki, hələ yol pulumu ödəməyi xahiş eləməmişəm. Şükür Allaha, pensiya alıram, özümə bəs edir…
– Yaxşı da, bəsdirin!!! – Əli bəyin hünəri çatıb bunu deməyə, başqası olsaydı, yumruğu geydirərdi qarının 78 yaşının üstünə… Arvadın da məqsədi elə qurcalayıb ya qan çıxarmaq, ya da söz qoparmaqdır. (Ümumiyyətlə yaşlı adamların deyingənliyi çox ciddi araşdırma mövzusudur). Arvad bir az yumşalır, çünki qandan qabaq söz çıxıb. Söz də dili gödək edər axı:
– Mən hər gün bu tramvayla evə gedirəm. Hər gün də eyni yerdə otururam. Sən bu gün mənim yerimdə əyləşmisən. (!? – kaş müəllif oxucuya ipucunu bu tezliklə verməyə tələsməyəydi…) Özü də qanacaqsızlıq edib ayağa durmaq istəmirsən. Dağıl səni, belə zamana! Arada pərdə qalmayıb, böyük-kiçiyə hörmət qalmayıb!..
– Mən həmişə böyüyə-kiçiyə hörmət saxlamışam, amma trolleybus tamam boşdur axı, niyə elə mənim yerimə göz dikmisiniz, oturmağa yer qəhətdir?!… – gerisi novellanın müqtəsinə keçiddir və özünüz oxuyub görəcəksiniz…
Özümün də qocalanda ehtirama ehtiyac duyacağımı hiss edirəm, odur ki, başqasına yer verməyin indidən tərəfdarıyam. Amma ictimai nəqliyyatda özündən yaşlılara, qadın və uşaqlara yer vermək məsələsi fərqli beyinlərdə eyni cür qaynamır. İngilislər deyir ki, yaşlı insanlara yer verməklə biz onların sağlamlığına ciddi ziyan vurmuş oluruq. Çünki müəyyən yaşdan sonra insanların daha çox fiziki hərəkətdə olması onların səhhəti üçün daha faydalıdır. Cavanlaşmaq istəyən yaşlı nəsli istirahət etməməyə çağıran cərrah Skarteltt Maknelli bu məsələdə baltanı lap kökündən vurur, – “Qocalmanı fəallaşdıran birinci amil qidalanmadırsa, ikinci amil passiv həyat, depressiv psixologiyadır. İctimai nəqliyyat vasitələrinə mindikdə qocaların ayaqüstə qalmağı olduqca faydalıdır. Onlara yer verən cavanlar yaşlıların ölümlərini sürətləndirirlər. Yaşlılara metroda, yaxud avtobusda yer verərkən öz-özünüzə bir düşünün, ayaqda qalmaq onlar üçün əvəzedilməz idmandır”…
Əli bəyin hekayəsini oxuyanda məni nədənsə elə hiss bürümüşdü ki, sanki bu adsız obraz elə Gülqız arvadın özüdü. Çünki bu cür obrazlar az fərqlə tipik olurlar. Öz payıma deyirəm, bu yaşımadək hələ pis insan necə olur, bilməmişəm, xatirimdə murdar insan qalmayıb. Əsl murdarlığı da biz özümüz etdik o gün.
Quru lobya Müğdətin boğazından keçmirdi. Tut arağı da bir işə yaramırdı. “İmansızın öhdəsindən dinsiz gələr” – Familə çımxırdı ki, stolun həndəvərində lobya dimdikləyən hinduşkanı tutsun. İnanmazsan ki, Famil Gülqızın qarnından çıxıb. Tutdu. Müğdət zoruna döndüyüm bir çappa tut arağını gillətdi quşun xirtdəyinə. Hardasa, beş dəqiqə lobya didələdik. Baxdıq ki, hinduşkanın ağzından köpük gəlir. “Ədə, tut görüm!” – bu dəfə də 50 qram tut arağı zaya getdi. Amma heç üçcə dəqiqə keçməmişdi ki, quşun saqqalı yer süpürdü, səkkiz yaza-yaza özünü yerdən-yerə vurdu, başladı torpaq yalamağa.
– Boy, bu hinduşkaya noldi, ə!.. – bu məmləkətə Müğdət kimi fırıldaq adam gəlməyib, gəlməyəcək də… Bir çığır-bağır saldı ki, gəl görəsən. Famil “əl-ayağa” düşdü, – Ay nənə, tez ol, hinduşka mundar oldu!!! – Müğdət Familin üzünə için-için qımışırdı, – Ay səni, bij-bijəltək, zinakar…
Hay-həşirə Gülqız çıxdı, gördü ki, quş əldən gedir, – A sizin nəslinizin qəbrinə…, kim vurdu quşumu!? – tələsik də qaçdı içəri qəməlti dalınca. Ha eləyib eşiyə çıxınca Famil hinduşkanın qanad-qılçasını qibləsarı almışdı ayağının altına, – Tez ol, ay arvad, bu saat gəbərəcək!.. Gülqız arvad bıçağı oğluna uzatmamış Müğdətə qayıtdı ki, – Ədə, gorbagorun oğlu, 30 manatı ver görüm!..
– Nə 30, hansı 30?..
– Ananın başlıq parası 30! Bayaq hinduşkaya 30 vermirdin?
– Ay Gülqız xala, mən dirisinə verirdim e, murdar olmuş hinduşkaya kim 30 manat verər? Lələmin goru haqqı cibimdə 10-ca manat pulum var…
– Sənin lələnin goru çatlasın elə, gözün dəydi gül kimi hinduşkaya! Ver görüm di! Amma parasını yeyəcəksiniz!…
Bizə bu da sərf edirdi və lobyalarımızı bir qırağa itələyib manqalı qaladıq…
Dünən Famil zəng vurmuşdu ki, Gülqız arvad fırıldağımızdan duyuq düşüb deyəsən. O səbəbdən də həmin səmtə yolumuzu bir ay salmayacağıq. Bu məsələni vurğulamağımın əsas səbəbi odur ki, hətta, yeri gələndə, Gülqız arvad da ifritə deyil. Bir-iki gün deyinib, qarğıyıb susacaq, bizim bicliyimizi də görəcək, öz gicliyini də anlayacaq. Bu müqayisədə yaxına buraxmağa qorxduğu nəticənin qoxusunu da alacaq və beləcə günlər bir-birini əvəz edərək bizə nə vaxtsa ictimai nəqliyyatda yer verməyən, puluyla oturmağa haqq qazanmış cavan bir adamla qarşılaşanadək qovacaq. Onda başımıza dəyən bütün daşları bir yerə toplasaq da, qəbul etməliyik ki, oturacağın haqqını vermiş adamı yerindən məcburi durğuzmağa ixtiyarımız yoxdur. Könüllü duranlara isə o qədər duafsana etməliyik ki, bu hərəkətin necə gözəl bir comərdlik olduğunu bütün ətrafdakılar anlasın, fərəhlənsin hər dəfə bizə isti yerlərini fəda edəndə.
Ədəbiyyatı yaradan insandır və ona görə yaradır ki, sonunda insan yarada bilsin. Dolayısıyla, ədəbiyyat, düşünən insan yetişdirmək sənətidir. İnsan nə vaxt yetişir? O vaxt ki, sual verməyə, öyrənməyə başlayır, – “Bu niyə belədir?”. Bu mətn də adamı düşündürə bilir. Novelladakı qadının məqsədi düşündüyümüzdən tam fərqlidir, nə ifritədir, nə də vırt-vırt qarı, əksinə, bir az genişürəkli, azca qayğıkeş, daha çox da baməzənin biriymiş. Əsərdən aldığım ilkin impuls bu oldu ki, əgər “gəl oturaq, bir az söhbət edək” cümləsi ilə kimə müraciət etsək, düyünlənmiş yumruqlar boşalar, adamın səni mülayim sözlərlə salamlayacağına əmin ola bilərsiniz. Hirs-hikkənin arasında bircə kəlməlik xoş sözə fürsət tapa bilsək insanların bir-birinə hörməti artır və onlar söhbət əsnasında oxşar cəhətlərini tapırlar və əmin olarlar ki, bircə dəqiqə bundan öncəki qan çanağına dönmüş gözlər onların doğma orqanı deyilmiş.
Danılmaz faktdır ki, heç kəs öz ayranına turş deməz və heç vaxt özünü başqasından ağılsız saymaz. Min dəfə deyilsə də – beynimizi çıxarıb bazar piştaxtasına qoysalar, heç kim Eynşteynin, Hüqonun, Dostoyevskinin, Lütfi Zadənin beyninə yaxın durmayacaq – hər kəs yenə öz ağlını mətah bilib başına geydirəcək. Ədəbiyyatın bu sahədə gücü ondan ibarətdir ki, sənə ağıl verən, düşündürən adam deyil, cansız kağıza yazılmış diri cümlələrdir. İnsanı danışıqla bəd niyyətindən daşındırmaq daha ağırdır, nəinki onu ədəbiyyatla baş-başa qoymaq. Hər kəsdə bir əminlik var ki, o, ətrafı məchul hündürdən seyr etdiyi üçün hər şeyi aralıdan yerli-yataqlı görə bilir və bunda əmin görünürlər. Kitabla, sanballı əsərlə tək qalanda isə suallarla içimizdəki əminliyi silkələyirik. Və onda görürük ki, əmin olduğumuz şeylərin çoxunda yanılırmışıq – istər ürf-adət, ənənə olsun, istərsə də qanımıza işləyən bəzi mental qaydalar. Bircə onu bilirəm ki, biz istəsək də oturuşmuş qaydaları dəyişmək, başqalarını sizin kimi düşünməyə məcbur etməkdən zülm iş yoxdur. Amma bu mövzularda bolluca fərqli eksperimentlərlər aparmaqla insanlara ən azından bu məsələlər barədə düşünməyin günah olmadığını inandıra bilərik. Ədəbiyyatın yalnız inandırma vasitəsi ilə başqalarını da bizim kimi düşünməyə, bizimlə razılaşmağa cəlb edə bilərik. Düşünməliyik ki, hətta dünyanın hansısa yerində yaşlı adama yer verəndə onun xətrinə dəyir, bundan inciyirlər, onda müasir cavanlığımızı “tərbiyəsiz”, “mədəniyyətsiz” adlandırmağa gəlin tələsməyək.
Linkolnun çox gözəl ifadəsi var idi, hər birimiz bu ifadəni yadımızda saxlamalıyıq, – “Balla daha çox həşərat tutmaq olar, nəinki zəhərlə”. Qələm yazıçının damarıyla birləşəndə zəhəri də bal kimi şirin edib “yedirməyi” bacarır. Əli bəy bu mənada incə bir məsələnin sol cinahını yarıb, gerisi qələmdaşlarımızın boynundadır.
Rəşid BƏRGÜŞADLI
14 noyabr 2017
Əli bəy Azərinin novellasını bu link vasitəsilə oxuya bilərsiniz