Aynur MƏSİMOVA (TƏMKİN)
İki gündü Rauf ortalıqda yox idi. Qız ətrafa boylanır, lakin üzüntüsünü dilə gətirmirdi. Nə bir zəng, nə bir xəbər. Qız ağlamaq istəyir, lakin özünə etirafından utanıb, hisslərini cilovlayırdı. Şübhə içini gəmirir, lakin kiməsə yaxınlaşıb oğlanı soruşmurdu. Dekanlığa çağrılan tələbələr bir-bir, iki-iki dağılışıb çıxıb gedirdilər. Soyuq fevral ayı qaşqabağını sallamışdı. Hər yan çən-çəmrə idi. Hava çoxdan qaralmışdı. Heç zaman tək getməyə alışmayan qız bir az qorxdu. Nailənin xəstə yatması onun yoldaşsız qalmasına səbəb olmuşdu. Ətrafında onunla eyni yolu gedən heç kim qalmamışdı. Qız bir xeyli ətrafını gözdən keçirib paltosunun yaxasını düzəltdi. Çantasını qoluna keçirdib yeyin addımlarla metroya tərəf tələsdi.
Xırda qar dənələri yaraşıqlı burnuna düşüb tez də əriyirdi. Hər yan, hər tərəf ağ qara bürünür, əsrarəngiz bir gözəllik yaradırdı. Gur işıqlara yağan qara tamaşa edə-edə gedən Şahanənin yanında birdən qara maşın dayanıb, şüşəni endirdi:
– Qəşəng qız, bu soyuq havada hara belə? Otur aparaq – deyə səsləndi.
Qızın qorxudan əli-ayağı əsdi, lakin bunu büruzə verməyib yoluna davam etdi. Maşın onu təqib edib qənşərini kəsdi. Qapı açılar-açılmaz kəskin ətir qoxusu ətrafa yayıldı. Şıq geyimli, damağında bahalı siqaret olan cavan oğlan Şahanənin qolundan yapışdı. Qız oğlanın həyasızlığından necə hiddətləndisə heç özü də bilmədi çantanı oğlanın başına necə endirdi. Oğlan qızın bu həmləsindən çaşsa da yenə Şahanədən əl çəkmədi. Qızı maşına doğru dartdı. Lakin qızın güçlü müqaviməti qarşısında geri durdu. Maşındakı başqa birisini köməyə səslədi. Şahanə ağlını itirmək həddinə çatmışdı. Qızın ürəyi ürkək ceyran kimi çırpınıb, yerindən çıxırdı. Birdən nə oldusa hər iki oğlan qızın qolunu buraxdı. Gözləri alacalanan qız nə baş verdiyini anlamayıb ətrafı qorxu dolu baxışlarla süzür, yaşadığı dəhşətdən dil-dodağı söz tutmurdu. Şüuruna çatan Raufun hər iki oğlanı necə döydüyü, qəzəbindən onları yerdə necə sürüdüyü idi. Qızın gözlərindən yaş bulaq kimi süzülür, üzünü, gözünü isladırdı. Oğlanlar çoxdan maşına oturub qaçmışdılar. Şahanə keçirdiyi sarsıntıdan hıçqıraraq ağlayır, oğlan yaylığıyla onun üz-gözünü silir, sakitləşdirməyə çalışırdı. Rauf gəlib çatmasa, kim bilir başına nələr gələcəkdi.
Rauf artıq Şahanənin qəhrəmanı, qoruyucu cəngavəri idi. Yaxın qohumunun hüzrünə rayona gedib, yenicə Bakıya qayıdan Rauf Şahanəni görmək üçün universtitetə gəlmiş, lakin onun dekanlıqda olduğunu bilcək başqa işinin arxasıyca getmişdi. Geri döndükdə Şahanənin universtitetdən yenicə ayrıldığını öyrənib onun arxasıyca yollanmışdı. Vaxtında özünü qıza çatdıran oğlan gördüyü mənzərədən bərk qəzəblənmişdi. O, qızın oğlanın başına necə çanta vurduğunu, cəsarətlə dirəndiyini görüb özünü qıza çatdırmışdı.
– Şahanə, özünə gəldin? – deyə oğlan Şahanəni səslədi.
Qızın səsi çıxmadı. Rauf ehmalca onun çənəsini tutub qaldırdı. Qızın soyuğun təsirindən, yoxsa yaşadığı hadisənin şokundan çənəsi əsir, gözlərindən yaş axırdı. Rauf onun danışmaq iqtidarında olmadığını görcək daha heç nə soruşmadan qızı möhkəm-möhkəm sinəsinə sıxdı, ona sarıldı. Qız sanki bihuş halda yalnız indi özünün əminlikdə olduğunu hiss edərək sakitləşdi.
Bu hadisədən sonra daha Rauf qızı tək buraxmır, daima onun ətrafında olurdu. Gün keçdikcə onlar bir-birinə daha möhkəm tellərlə bağlandılar, duyğuları daha dərin kök atdı.
İndi Şahanənin ilk həmlədən eşqindən vaz keçməsi Raufun izzət-nəfsini bərk yaralamışdı. Oğlan qızdan ayrılmağı qəbul edə bilmir, vüsal və iztirab içində eşq oduna yanırdı. Araz oğlunun sevdaya tutulduğunu hiss edərək evdə tez-tez evlənməkdən söz salır, daha evlənmək vaxtının çatdığını eyhamla bildirməyə çalışırdı. Lakin bu barədə hər gün söhbət getsə də, Raufun dilinin kilidi açılmırdı. Gülpəri də tez-tez oğlunu sorğu-sual edir, amma o da bir şey öyrənə bilmirdi.
– Ay oğul, daha yaşın çatıb. Sən hələ nəsə fikirləşirsən. Bax, əmin uşaqları, dayın oğlanları çoxdan evlənib, uşaq yiyəsi olublar. Bala, evlən ki, biz də nəvə sahibi olaq, rahat nəfəs alaq. Bax, ətrafımızda özümüzə uyğun, əsli-nəsli sanballı, mallı, mülklü nə qədər qız var. Bax, bəyən, biz də gedək alaq. Amma, anan qurban, mənə işləyən qız, nə bilim muəllimə, həkim gəlin lazım deyil. Oxumuş olar. Diplomun nə ziyanı var? Amma evdə otursun. İş adı çəkməsin. Elə qız al ki, nəslimizə uygun olsun. Dədənlə stol başında oturub söhbət etməyə sözləri tutsun.
Araz da arada zarafatla söhbətə müdaxilə edir, yarı zarafat, yarı gərçək ürəyindəkiləri dilə gətirib söhbətə müdaxilə edirdi:
– Sənə bir köpək oğlunun qızı yox deyə bilməz. Bax, dost-aşnadan kimin qızını desən sənə alaram. Amma bu başdan deyim. Mənə qalstuqlu intilligent lazım deyil. Başı dolu, cibi boş. Kişi ki pulu necə gəldi xərcləmədisə, onun nəyi kişidir. Ona görə də, oğul, məni eləsinin qapısına göndərməyərsən.
Rauf sakitcə onları dinləyir, lakin hələ ki, Şahanə barədə kiməsə nəsə söyləmirdi. Əlverişli vaxt, məqam gözləyirdi. Ata-anasının var-dövlətə olan ehtirasını bilən gənc onların pula verdikləri önəmin insanlara vermədiklərini düşünür və bu acı həqiqət onu yaralayırdı. Valideyinlərinin bu hərisliyinin ona keçmədiyinə şükür edirdi. Kasıb ailədə zəhmətkeş ata-anasının himayəsində böyüyən anasının bu cür düşüncə sahibi olmağını heç cür anlamırdı. Nur üzlü babasını, saçları qar kimi dümağ nənəsini xatırladıqca Rauf anasının pula bu qədər düşkün olduğuna bir məna verə bilmirdi. Rauf bütün bunları görür, ona görə də valideyinlərinə bir şey söyləmədən sevdasının əzabını ürəyində çəkir, eşqindən vaz keçmək barədə heç düşünmürdü də. Bir yandan ata-anası, o biri yandan Şahanənin valideyinləri. Oğlan onları necə razı salacağı barədə hey düşünür, lakin bir yol tapa bilmirdi. Yenə hər sabahı Şahanənin qapısında açır, Məcnun kimi məhəllədə dolaşırdı. İş-gücünü də unutmuşdu, fikri-xəyalı qızın yanında qalmışdı.
Nihal Şahanənin hər keçən günü daha da üzüldüyünü, günün çox hissəsini otağında təkbaşına keçirdiyini gördükcə daxilən çox sarsılır, lakin hiss etdirməməyə çalışırdı. Bir yandan özünü haqlı görür, o biri yandan qızının halından narahat olurdu. Bir tərəfdən də rəfiqəsi Firuzə onu rahat buraxmır, tez-tez onlara gəlir, Şahanəni soruşub, onunla maraqlanırdı. Nihal bütün bunların nə demək olduğunu gözəl anlayır və başa düşürdü. Qadın Firuzənin çox gözəl oğul böyütdüyünü bilirdi. Hətta oğlanın məktəb vaxtlarından Şahanədən xoşhallandığını hiss etmiş, bunu uşaqlıq həvəsi kimi yozmuşdu. İndi iş gərçək anlama gəldiyi bir vaxtda Şahanə qəlbini bir başqasına vermişdi. Firuzə hər gəlişində təkidlə onları görüşdürmək istədiyini söyləyir, amma Nihaldan razılıq ala bilmirdi. Nihal Şahanənin bu görüşə getməyəcəyini gözəl anlayır, hər vəchlə boyun qaçırdırdı.
Rauf oturacağa söykənərək gözünü qapıdan çəkmirdi. Qızı bir dəqiqəlik görmək arzusuyla alışıb yanır, daha ayrılığın iztirabına dözə bilmirdi. Bu nə cür qədərdi belə. Hər ikisi bir-birini sevdilkləri halda niyə həsrət qalmalı, sevda əzabını yaşamalıydılar? Yumruğunu zərblə sükana çırpdı:
– Lənət şeytana. Dəli şeytan deyir qızı götür qaçırt. Bir müddət gözə görünmərik, vəssalam. Əvvəl-axır ata-analarımız da razılaşmalı olacaq. – Bəs Şahanə? Şahanə hər şeyə rəğmən onunla getməyə razılaşacaqdımı? – Heç inanmıram. Heç. Şahanə atasının xeyir-duası olmadan ərə getməyəcək.
Rauf qızı yaxşı tanıyırdı. Qız heç vaxt buna razılaşmayacaqdı. Qapıda dayanan qara “Şevrolet” oğlanın gözündən qaçmadı. Maşından enən qadınla gənc oğlanı görən Rauf təlaşlandı. İçinə şübhə düşdü.
– Bunlar kimdir belə? Nə işləri var onların burada?
Sıxıldığını hiss etdi. Anlamadığı bir hiss qəlbinə doldu. Oğlanın əlindəki çiçək dəstəsi gözünə sataşcaq Rauf daha da narahat oldu. Maşından enib darvazaya yaxınlaşdı. Bir xeyli vurnuxdu. Bir istədi qapını açıb içəri girsin, mən filankəsəm deyib qızı sevdiyini söyləsin. Amma etmədi. O bu addımı atacaq qədər düşüncəsiz deyildi. Hər şeyin vaxtı və zamanı vardı. Bu məqamda, bu anda bu addımı atmaq bağışlanmaz səhv olardı. Oğlan hər bir addımını həssaslıqla atmalı, əvvəlcədən düşünülmüş hərəkət etməli idi. Əks təqdirdə o, Şahanəni birdəfəlik itirə bilərdi. Rauf bu itkiyə dözə bilməzdi. İçini gəmirən qısqanclıqdan çılğına dönmüşdü. Bayaqdan gələn qonaqlar getmək bilmirdilər. Dəqiqələr ağır- ağır keçir, Rauf özünə yer tapa bilmirdi.
Şahanə Firuzənin gəlişlərindən nəsə anlamışdı. Anasının məktəb rəfiqəsinin oğluna böyük etimad göstərdiyini bilirdi. Bu gün də onların gəlişinin təsadüfi olmadığını anlayır, hiddətlənir, lakin qəzəbini üzə vurmurdu. Səbirlə onların gedişini gözləyirdi. Bəhramın iki gözü qızın üzündə qalmışdı. Yeniyetməlik eşqi daha da böyüyüb gözəlləşmiş, ərgən bir xanım olmuşdu. Qızın oturuşu-duruşu, boy-buxunu içini atəşlə yandırır, gözlərindəki ifadəni alovlandırırdı. Şahanə bu baxışlar altında əzilir, oğlanı qovmaq həddinə çatırdı. Bəhramın ehtiraslı baxışları ürəyini bulandırır, qızı sanki dəliyə çevirirdi. Nəhayət, qonaqlar qalxdılar. Ana və iki qız qonaqları qapıyacan ötürdülər. Onların getdiklərindən əmin olan Şahanə qapını bağlamaq istədikdə gözləri Raufun qəzəbli baxışlarında donub qaldı. Qız oğlanın qısqanclığından pörtən üzünü görüb qorxdumu, çaşdımı, heç özü də bilmədi. Oğlan ona işarəylə telefonu göstərərək zəng edəcəyini anlatdı. Həyəcanından titrəyən qız dərhal otağına çəkilib telefonunu götürdü. Əlinə alar-almaz, zəng gəldi. Qızın sanki bir qəbahəti var imiş kimi əlləri əsdi.
– Alo.
– Salam. – Oğlanın səsi sərt və soyuq idi. – Mənim nə çəkdiklərim səni heç narahat etmirmi? Nə zamana qədər sən bu qədər məsafəli olacaqsan? Özünə də, mənə də zülm etmək sənin xoşuna gəlir?
Qız susur, dinmirdi.
– Şahanə, gəl, bu inadından əl çək. Mən Nihal müəlliməni razı salmağın bir yolunu mütləq tapacam.
Qızın köksü enib qalxır, nəfəsi titrəyirdi.
– Dinmirsən, hə?.. Amma nə vaxtacan bu qədər inadcıl olacaqsan? Gəl, əl götür bu tərsliyindən.
Qiz sakitcə ağlayır, səsi əsirdi. Nəhayət, dilləndi:
– Elə bilirsən mənim xoşuma gəlir? Sənin bu qədər yaxınkən, bir o qədər də uzaq olmağın məni nə qədər üzür, bilirsən? Amma nə edə bilərəm? Anamı üzə bilmərəm. Onun üzüldüyünü görmək məni öldürür, Rauf. Mənim iki sevənin arasında qalıb nə çəkdiyimi, nələr yaşadığımı bir bilə bilsəydin.
Çoxdan bəri içini didib tökən ağrı-acısı dilə gəlmişdi. Qız bahar yağışı kimi süzülüb tökülən göz yaşlarına hakim ola bilmirdi. Ağlaya-ağlaya içini gəmirən hisslərini, ayrılığın əzabını, ona olan həsrətini dilə gətirir, oğlanı dərindən sarsıdırdı.
Rauf çaşıb qalmışdı. Qızın bu qədər iztirab çəkdiyini bilmirdi. Şahanəni sakitləşdirməyə çalışdıqca qız daha da coşurdu:
– Nə sən məni anlaya bilirsən, nə anam. Nə sən başa düşmürsən ki, ürək bir dəfə sevər, nə anam.
Deyəsən bir azca ürəyi boşalmış, göz yaşları dayanmışdı. Yavaş-yavaş sakitləşirdi.
– Şahanə, səndən bir söz soruşum.
– Soruş, Rauf, nə soruşacaqsan? – Qızın gözləri qıyıldı. Dodaqlarının ucunda xoş təbəssüm yarandı. Deyəsən oğlanın nə soruşacağını təxmin etmişdi.
– Bayaq gələn o qadınla oğlan kim idi elə?
– Anamın rəfiqəsiylə oğlu idi. Necə bəyəm? – Şahanə soruşdu. Oğlanın qısqandığını anlamışdı.
– Heç, elə belə. Maraqlı gəldi. Əlində çiçəklər-filan.
Qız güldü:
– Rauf, səni yaxşı tanıyıram. Sən heç nəyi elə-belə soruşmursan.
Oğlan da güldü:
– Ağıllı qızsan. Amma yəqin onu da bilirsən ki, mən səndən başqa kiminləsə evlənməyəcəm. Səni də kiməsə verməyəcəm. Nihal müəllimənin məni sevib, qəbul etməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Sənə söz verirəm. Amma daha nə ağlama, nədə üzülmə. Hər şey yaxşı olacaq.
(Ardı var)