Qəribə tramvay sərnişini (Hekayə)
Əli bəy AZƏRİ
Əhvalı korlayacaq qədər aurası tündməzə olan soyuq bir qış axşamıydı. Küləkli şəhərin heç vaxt əskik olmayan üzücü sazağı az qala bıçaq kimi kəsirdi. Şaxta adamın əzalarını oynadır, lap iliyinə işləyirdi. Salonda sərnişin az olduğundan asta-asta irəliləyən tramvayın ön oturacaqlarından birində büzüşüb oturmuşdum. Soyuğa heç dözümüm yox idi. Evə çox tələsirdim, səbirsizliklə son dayanacağa gəlib çatacağımız anı gözləyirdim. Tramvay isə heç tələsmirdi, keçmişin qazalaqları kimi öz lamında irəliləyirdi. Bircə tez çatsaydım, dalbadal iki stəkan qapqaynar, özü də mürəbbəli çay içib özümə gəlsəydim, yaxşı olardı. Qaynar çay içməkdə, deyirdilər ki, lap rəhmətlik babama oxşamışam. O, paqhapaq qaynayan samovardan süzülən çayı dərhal, gözləmədən içirmiş.
Vaxt tez keçsin deyə könülsüz-könülsüz kitab oxuyurdum. Buna oxumaq da deməzdin, sadəcə gözlərimi sətirlərin üstündə gəzdirir, sanki mənimlə bərabər qaçışan hərfləri geridə qoyaraq yanlarından ötüb keçirdim.
Diqqətim kitaba yönəldiyindən sərnişinlərin nə vaxt düşdüyünü, salonun, demək olar ki, boşaldığını hiss etmədim. Qəflətən başımın üstündə qaraltı hiss etdim. Başımı qaldırıb baxdıqda qoca, uzun, çəlimsiz bir arvadın böyrümdə dayandığını gördüm. Qarı zəhrimar yağan sifəti, ilan gözləri ilə inadkar-inadkar mənə baxırdı. Ətrafa boylanıb salonda boş oturacağın olub-olmamasına nəzər yetirdim. Biz ikimizdən və sürücüdən başqa tramvayda heç kim yox idi. İstəyirdim deyəm ki, qarı nənə, başımın üstündə durmayın, boş yerlərdən birində əyləşin, o, məni qabaqladı.
– Cavan oğlan, bəlkə nənəyə oturmağa yer verəsən? – deyə dilləndi.
Nə demək istədiyimi başa düşər deyə salona bir daha nəzər saldım. Bütün oturacaqlar boş idi. Qarı istədiyi yerdə otura bilərdi. Amma o, mənim başımın üstündə durmuşdu. Birdən gözüm sürücünün salona tuşlanmış güzgüsünə sataşdı. Tramvay sürücüsü də bir gözü ilə diqqətlə bizə baxırdı. Mənim tərpənmədiyimi görən qarı bir az əsəbiləşdi.
– Günah səndə deyil. İndiki cavanların əksəriyyəti yollarını təmiz azıb. Daha abır-həya qalmayıb. Böyüyə hörmət qoyan yoxdur. – Deyinməyə başladı.
İstədim cavabını verəm, abrını bükəm o nimdaş ətəyinə. Yenə səbrimi basdım. “Lənət şeytana” dedim, ayıbdır, nənəm yaşda bir qarıya baş qoşmayacaqdım ki!
– Ay nənə. – Yumşaq tərzdə və çox astadan müraciət etdim. – Görürsünüz ki, salon tamamilə boşdur. Biz ikimizdən savayı tramvayda heç kim yoxdur. Buyurun, istədiyiniz yerdə əyləşin.
– Sənin üçün belə çətindir ki, durub özündən böyüyə yer verəsən? Görmürsən ayaq üstə qalmışam. Nənən yaşındayam. Səndə heçmi vicdan yoxdur? – Qarı nənə səsinin tonunu bir az da qaldıraraq deyinməkdə davam etdi.
– Əgər boş yer olmasaydı, mən məmnuniyyətlə sizə yer verərdim. – Tramvay sürücüsü eşitməsin deyə lap astadan, az qala pıçıltı ilə dedim. – Ancaq görürsünüz ki, bütün salon bombulumboşdur. Buyurub istədiyiniz yerdə əyləşə bilərsiniz.
– Heç dəxli var? Siz hamınız beləsiniz. Mənim yerimə bir cavan qız olsaydı, illah da yubkası gödək, yaxası açıq, o dəqiqə ayağa qalxıb yer verəcəkdin.
– Ay qarı nənə, qışın bu oğlan çağında heç sən dediklərinin yeridir?
– Hələ bir dilin də var, danışırsan? Elə bilirsən, görməmişəm? Ayağa durub oturacaqdan bircə qarış aralanmırsınız ki, yer verdiyiniz cavan-cüvənəzan keçib rahat otursun. Çalışırsınız ki, özünüzü ona sürtəsiniz. Sonra da gözünüzü yaxalığına dikib durursunuz.
– Yaxşı da, bəsdirin!
– Həqiqəti qəbul edə bilmirsən, hə? Guya ki, bilmirsiniz qadının yaxalığında nə olar. Elə bil ömrü boyu onu görməmisiniz. Min ildir üzünə həsrətsiniz. Elə baxırsınız ki, elə bil orda nə isə qeyri-adi bir şey gizlədilib. Az qalırsınız gözünüzlə onu dartıb oradan çıxardasınız.
– Bəsdirin! – Elə qışqırdım ki, tramvayın sürücüsü karıxdığından diksinib ayağını əyləcə basdı.
– Hə də, indi belə deyəcəksən. Mənə heç əhəmiyyət də vermək istəmirsən, çünki ələyi əyrilmiş, xəlbiri sovrulmuş qoca, qartımış bir qarıyam. – Qarı mənə əhəmiyyət vermədən öz-özünə deyinməkdə idi. – Bundan sonra kimdir məni saya salan?
– Niyə elə deyirsiniz? Mən böyüklərə həmişə hörmətlə yanaşmışam.
– Gördüm böyüklərə hörmətini. Az qalırsan vurub tramvaydan salasan yerə. Yaxşı ki, hələ yol pulumu ödəməyi xahiş eləməmişəm. Şükür Allaha, pensiya alıram, özümə bəs edir. – Qarı bir az fasilə edib başını yellədi. Sonra yenidən mənim üstümə qayıtdı. – Deyirsən, böyüklərə həmişə hörmətlə yanaşırsan?
– Bəli! – Qəti cavab verdim.
– Bəs nə oldu? Bu gün pişik tərs asqırdı?
– Elə bu gün də hörmətlə yanaşıram. Salonda boş yer olmasaydı… yenə də ayağa qalxıb məmnuniyyətlə yerimi sizə verərdim…
– Mən hər gün bu tramvayla evə gedirəm. Hər gün də eyni yerdə otururam. Siz bu gün mənim yerimdə əyləşmisiniz. Özü də qanacaqsızlıq edib ayağa durmaq istəmirsiniz. Belə də zəmanə olar? Daha aradakı pərdələr götürülüb, böyük-kiçik məsələsi qalmayıb.
Qanım təmiz qaraldı, necə deyərlər, dönüb oldu lap it qanı. İstədim gözümü yumub ağzımı açam. Dişimin dibindən çıxanı bu ifritəyə deyəm, ancaq özümü birtəhər saxladım. Onsuz da heç nə dəyişməyəcəkdi. Qarı bu yaşdan sonra xaraktermi dəyişəcəkdi? Yaxşı ki, gözüm yenə də ön güzgüyə sataşdı. Tramvay sürücüsü kefixoş halda güzgüdən diqqətlə bizə baxırdı. Sanki baxışları ilə “dur, qoy qarı otursun, zəhləmizi tökməsin” deyirdi. İsti yerimdən durmaq istəməsəm də məcburən ayağa qalxdım.
– Buyurun, əyləşin, xanım! – Bacardığım qədər kinayə ilə deyib zəhərimi boşaltdım.
– Çox sağ olun! – Qarı nənə azca gülümsünüb “razılığını” bildirərək keçib əyləşdi.
Bundan sonra o, çox rahat və məmnun görünürdü. Mən isə daha heç yerdə oturmadım. Ondan bir az aralanıb yuxarıdan tutaraq elə ayaqüstü yoluma davam etdim. Salon soyuq olduğundan az qalırdım ki, tir-tir əsəm. Dişlərimi sıxıb durmasaydım bir-birinə dəyib çaqqıldayacaqdı. Soyuğa heç dözümüm yox idi. Bircə evə tez çatsaydım…
Növbəti dayanacaqda qarı yerindən durub çıxışa doğru getdi.
– İndi otura bilərsən. Mən düşürəm. – Atmacasından da qalmadı.
Mən dinmədim. O, sürücüyə yaxınlaşıb nəsə dedi.
– Pulun lazım deyil. – Sürücünün səsini aydın eşidirdim. – Ancaq mənə düzünü de, görüm, salon boş ola-ola o oğlanı niyə durquzub yerində oturdun?
– Rəhmətliyin nəvəsi, salondakı bütün oturacaqlar bumbuzdur. O, isə oturduğu oturacağı isitmişdi. Məni o qədər ağıldankəm hesab edirsən?
Özümdən ixtiyarsız bir acı gülüş tutdu məni. O qədər güldüm, güldüm ki, hər şey təmiz yadımdan çıxdı. Bir də baxdım ki, sonuncudayıq. Tramvay sürücüsü öz yerindən qalxıb mənim düşməyimi gözləyir…
Müəllifin başqa hekayəsi: Qudr ağzı