Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Şakir YAQUBOV
Yenə “Yaddaşımın küncündən” kitabına üz tuturam…
…Qamışovka dəmiryol stansiyasında tərəvəz qəbulu məntəqəsi açılmışdı: bu əraziyə az-çox yaxın olan sovxozlar – sovet dövründə dövlət kənd təsərrüfatı müəssisələri gündəlik həcmi təxminən yüz tona çatan məhsullarını üç ay ərzində dəmir yolu ilə ən yaxını Bakıya, ən uzağı isə Moskvaya və SSRİ-nin digər iri şəhərlərinə buradan yola salırdılar. Gündüzlər təxminən saat 11-dən sonra tərəvəz sahələrindən 8-12 kiloluq yeşiklərə doldurulmuş təzə xiyar və ya pomidor ən yaxşı halda beş ton yük götürə bilən maşınlarla stansiyadakı qəbul məntəqəsinə gətirilir, yük dolu maşınlar nəhəng qapanda çəkildikdən sonra müvafiq sovxoz üçün ayrılmış vaqonların önünə verilir və boşaldılırdı, yəni yeşiklər birbaşa maşından vaqona yüklənirdi.
Sovet cəmiyyətinin bütün sahələrində işlər necə gedirdisə, burada da eyni ahəng hiss olunurdu, yəni bir vaqonun tam doldurulub yola salınması və ya sadəcə yüklənməsi bəzən 3-4 gün çəkirdi – həmişə işin hansısa vəsiləsində bir anlaşılmazlıq, çatışmazlıq özünü göstərirdi.
Təbii ki, qəbul məntəqəsinin ştatında neçə nəfərin olması bizə – o vaxt uzağı 14-15 yaşı olan uşaqlara məlum deyildi, amma burada indiki rəsmi dillə desək, uşaq əməyindən istifadə olunması ən adi bir məsələydi. Təxminən belə güman eləyirəm: işin qızğın vaxtında (“pik saatlar”da) bir-birinin ardınca düzülən maşınların yükünü boşaltmaq üçün xeyli sayda əl tələb olunur, bu məqsədlə ayrılan pul (“əməkhaqqı fondu”) isə çoxlu sayda işçi işlətməyə imkan vermir, problemin ən ağrısız həlli isə məktəbyaşlı uşaqları işə götürməkdir.
15 yaşınadək uşaqları, ən yaxşı halda, Bakıda və ya Sumqayıtda fabrik-zavod işinə götürmürdülər, bunlarda yüngülvari partiya-hökumət nəzarəti vardı, üstəlik də əksər işlərə uşaqların, sadəcə, gücü çatmazdı. Digər yerlərdə, xüsusən də aqrar-sənaye kompleksi deyilən kənd təsərrüfatında uşaq əməyi (daha doğrusu, uşaq əməyinin istismarı) olmadan planları “vaxtından qabaq və artıqlaması ilə” yerinə yetirmək mümkünsüz idi…
Orta təhsil almaq üçün Pensər kənd məktəbinə getməyimə təxminən üç ay qalırdı. Vaxtı öldürmək yox, sırf kənd təsərrüfatı-tarla işindən daha mədəni iş olan tərəvəz qəbulu məntəqəsində işləmək pis olmazdı – bu, ailə büdcəsinə ən azı 20-30 manat pul gətirmək demək olardı. Və mən bir səhər qonşu uşaqlara qoşulub dəmiryol stansiyasına yollandım…
İş elə də ağır deyildi, adama darıxdırıcı görünənsə, sadəcə, əvvəli-axırının bilinməməsiydi. Yay vaxtıydı, temperatur 30 dərəcədən aşağı düşmürdü. Orası yaxşıydı ki, dəmir yolu Xəzərin sahili boyunca, ən pis halda ləpədöyəndən 100-150 metr aralıdan keçir və dənizdən əsən daimi meh yayın istisini bütün dəhşəti ilə bizə hiss etdirmirdi.
Amma burası da var ki, biz hələ uşaqdıq, könlümüzdən dənizə qaçıb sulara baş vurmaq da, kölgəlikdə xumarlanmaq da keçirdi, bunlarınsa qabağını elə işin əcaib qrafiki kəsirdi: bilmək olmurdu ki, səhər işə başlayanda təhkim olunduğumuz vaqona yük hansı saatda veriləcək və nəzarətçi-briqadirlər nə vaxt başımızın üstünü kəsdirəcəklər – təqsirkar sovet “planlı təsərrüfat sistemi”ydi ki, heç bir işi planla getmirdi.
…Təxminən saat 5 radələriydi, bekarçılıqdan özümüzə yer tapa bilmirdik. Məhsul dolu maşınlar gözə dəymirdi, görünür, ən yaxşı halda axşam saat 7-dən sonra olasıydı işimiz. Mənim kimi, fiziki işə o qədər də dözümü olmayan və bekarçılığa hövsələsi çatmayan birisi vəziyyətdən çıxış yolunu yatmaqda gördü: iki yolun arasında, vaqonun altında relsin üstünə balış əvəzi taxta parçası qoyub kölgəlikdə çox tezliklə də yuxuya getdim.
Ayılanda ilk kəsdirdiyim o oldu ki, “sostav” – bir-birinə qoşularaq az qala yüz metr uzanan vaqon karvanı yoxdur və sanki heç olmayıbmış! Özüm isə sürüşüb relsdən təxminən yarım metr aralıda uzanmışam…
Bunun hövlü indi də canımda yaşayır: ata-anaya kömək məqsədilə 20-30 manat qazanmaq üçün yollandığım iş onlara ömürlük ovudulmaz ağrı, mənə isə vaqon təkərlərinin altında heçə dönmüş bir ömür bəxş edəcəkdi!..
***
Avqustun əvvəllərində indi kimliyini heç cür xatırlamadığım iki tay-tuşumun təhrikiylə Qamışovkadan Bakı-Astara sərnişin qatarıyla rayon mərkəzinə, tərəvəz konservi zavoduna, yəni “baş idarə”yə getdik. Məqsədimiz bizim qəbul məntəqəsinin müdiri olan Kamil müəllimi tapmaq və ondan “zəhmət haqqımızı istəmək” idi; necə deyərlər, “altı adam – “şest çelovek”, işləmişik – “denqi davay”…
Qatarın sonuncu dayanacağından zavodadək təxminən 2-3 kilometrlik məsafəni qət edib mənzil başına yetişəndə saat 11 olardı… Ərazini 3 saata qədər dolaşdıq, kimə müraciət elədiksə, Kamil müəllimi ya gördüm deyən olmadı, ya da heç tanıyan olmadı. Aclıq və susuzluq əhdimizi kəsən məqamda Allah özü Kamil müəllimi bizə yetirdi – durduğumuz yerdə hardansa böyürdən çıxdı. Başılovlu üstünə yüyürdük, “Sizi axtarırıq, zəhmət haqqımızı istəyirik” – deyəndə bir qədər duruxdu, hətta sifəti bozardı, yəni siz kimsiniz ki, məndən “zəhmət haqqı” tələb edirsiniz? Kim olduğumuzu, hətta sağlıq olsa, sentyabrdan sonra “Çayçılıq” fənnindən dərs dediyi Pensər kənd məktəbinin şagirdləri olacağımızı söyləyəndə bir qədər yumşaldı, sifətinə yüngül bir təbəssüm qondu, əsil müdir portfelini xatırladan portfelini açıb oradan hər birimizə şax 1 manatlıq uzatdı: “Bunu alın, nahar edin. Zəhmət haqqı da olacaq, Qamışovkada alarsınız…” – dedi.
“Buna da şükür!” – fikriylə Kamil müəllimdən aralandıq və… o 1 manatlığı gətirib evdə ata-anaya, iş yerində isə iş yoldaşlarımıza göstərmək istəyi nəinki aclığımızı üstələdi, hətta biz axşam təxminən 9-da Bakıya yola düşən qatarı da gözləməyib istiqaməti, marşrutu itirməmək üçün dəmir yolunun üstü ilə 21 kilometrlik məsafəni pay-piyada qət eləməyi qərara aldıq.
…Evə Astara-Bakı qatarı Qamışovkanı ötüb keçəndən xeyli sonra gəlib yetişdik.
Və mənim ayağım bir daha tərəvəz qəbulu məntəqəsinə dəymədi, təxminən iki aylıq əməyimin əvəzi də Kamil müəllimin verdiyi elə həmin şax 1 manatlıq oldu!..
Mənim üçün yeni deyildi bu: həmin 65-ci ilin aprel-may aylarında hər gün birinci növbə dərsdən sonra, bir maşınlıq 8-9-cu sinif şagirdiylə təxminən 20 kilometr aralıda Kələdəhnə kəndindəki tərəvəz sahələrində apardığımız becərmə, daha konkret desəm, pomidor və kələm sahələrinin bellənməsi, alaq otlarından təmizlənməsi işi də hamılıqla… 1 manata layiq görülmüşdü və həmin pulu rəhmətlik atam sovxozun kassasından, pul cədvəlinə qol çəkərək almışdı.
1 manatı alan uşaqların böyük əksəriyyəti bir də “o qədər yolu ölçməyi” özünə rəva görmədi, mənimsə ayrı gedəsi yerim, məşğuliyyətim olmadığı üçün işdən imtina eləmədim və əvəzini də növbəti ayda gördüm: düz 23 manat! Briqadir Əzizulla belə dedi: “Mən sizi sınayırdım ki, görüm həqiqi işləmək istəyənlər kimlərdir”.
Bax belə! Bizi uşaq vaxtından işlə sınayır, çörəklə imtahana çəkirlər…
***
65-ci il sentyabrın 1-də Pensər kənd məktəbinə getdim. Orta məktəb təhsilini bitirmək üçün…
Həmin illərdə Ələt-Astara yolunun sol tərəfindəki ərazidə cəmi iki orta məktəb vardı – Şiyəkəran və Pensər kənd məktəbləri. Yaxınlıqdakı yeddiillik (səkkizillik) məktəblərin məzunları orta təhsil attestatı qazanmaq üçün bu iki kənd məktəbinə gedirdilər. Ancaq daha nüfuzlusu Pensər məktəbi sayılırdı – 1914-cü ildə Azərbaycanda açılmış 4-5 rus-tatar məktəbindən biriydi.
Yeri gəlmişkən, 1984-cü il dekabrın 20-də məktəbin yaradılmasının 70 illiyi münasibətilə tədbir keçirilməsi nəzərdə tutulmuşdu. Keçmiş məzunlara, o cümlədən mənə də iştirak üçün dəvətnamə göndərilmişdi. Mən də kəmali-qaydada, bir gün öncədən balalarımı qoltuğuma vurub kəndə gəlmişdim. Bunun bir xoş tərəfi də vardı: neçə vaxtdan bəri evdə xəstə yatan anamla görüşəcəkdim… Lakin sabahı gün yuxudan oyananda yubiley tədbirinin baş tutmayacağı xəbərini aldım: SSRİ-nin müdafiə naziri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, marşal Dmitri Ustinov vəfat eləmiş və bütün ölkədə üç günlük matəm elan olunmuşdu.
Məktəbin 70 illiyi ilə bağlı tədbir keçirildi, amma mən orada iştirak edə bilmədim – necə deyərlər, iş adamı olmağım və ilin sonunun çatması bir neçə günlük fasilədən sonra təkrarən kəndə qayıtmağıma imkan vermədi.
Dediyim kimi, Pensər məktəbinin qədimiliyi və zəngin ənənələrə malik olması rayonun 30-dək kəndindən 8-ci sinif məzunlarının orta təhsil almaq üçün bura üz tutmasına səbəb olurdu. İş o yerə çatırdı ki, məsələn, şahağaclı uşaqlar Şiyəkəran məktəbinin üstündən adlayıb Pensər məktəbinə gəlirdilər. Bunun ucbatından 9-11-ci siniflərdə həmişə qələbəlik olurdu: bəzən üç-dörd yerə bölünmüş bir sinifdə şagirdlərin ümumi sayı 120-150 nəfərə çatırdı…
O vaxtdan M.F.Axundovun adını daşıyan 1 nömrəli məktəbin (kənddə indi Z.Əhmədzadə adına 2 nömrəli orta məktəb də var) bütün rayonda məşhur olan müəllimləri vardı, direktoru isə tanınmış pedaqoq, İkinci Dünya müharibəsinin iştirakçısı Nəsrulla Şükürov idi. Müharibə faktını ona görə qeyd elədim ki, 1975-ci ildə, faşizm üzərində qələbənin 30-cu ildönümü ərəfəsində Nəsrulla müəllimin üzünü görmədən Bakıda oturub təxminən 7-8 il əvvəlki xatirələrimə söykənərək “Azərbaycan gəncləri” qəzeti üçün bir oçerk yazmışdım. O vaxt artıq gözləri tutulan və tam pensiyada olan Nəsrulla müəllimi bu yazı ağlatmış, mənə çatdırılmaq üçün qardaşım Fikrətə dua-sənalarını yollamışdı…
Pensər kənd məktəbində iki il oxudum və o illəri ömrümün ən mənalı, ən unudulmaz illəri adlandırardım.
Atam mənə velosiped almışdı və hər gün səhər təxminən saat 7-də anam məni yedizdirib-içirdəndən sonra həmin velosipedlə məktəbə yollanırdım.
Yolboyu dəstəmiz böyüyüb bəzən 4-5 nəfərə çatırdı. Velosipedi, təbii ki, məktəbin həyətinə sürməzdik, yaxınlıqdakı tanışlardan birinin həyətində saxlayardıq. Bu sarıdan da macəralı xeyli əhvalatlar olub, indi mən nə onlar barədə, nə də digər hadisələr barədə söhbət açmaq fikrində deyiləm. Təkcə onu deyim ki, burada özümə çoxlu dost qazandım, ürcahıma xeyli dəyərsiz insan da çıxdı.
Bütün olanları adi hesab edirəm, amma unuda bilmədiyim ikicə faktdan başqa.
Bir gün neçəncisə dərsdə Nəriman müəllimin mühazirəsini dinləyəsiydik. Nəriman müəllim çox əsəbi, sərt təbiətli adam idi. Məndən bir sinif irəlidə oxuyan xalaoğlum Həsənağanın dilindən eşitdiyim və hansı mənanı ifadə etdiyini bilmədiyim “Nəriman müəllimin vücudu – skamyanın vücudu” sözləriylə qiyabi tanıdığım Nəriman müəllim biologiya, genetika, kimya kimi dərsləri tədris edərdi. Onun dərsə gecikməsi və ya dərsi zəngdən tez tamamlaması olmazdı.
Növbəti dərs başlayanda soraq çıxdı ki, Nəriman müəllim gəlməyib, buna görə dediyi dərs də olmayacaq… Təxminən 40 nəfərə yaxın şagirdin olduğu sinif üçün bu, əsil bazar vəziyyəti yaradırdı.
Nədənsə hamıdan çox mən canfəşanlıq edirdim və ucadan “Nəriman müəllimin dərsi olmayacaq!” – deyə növbəti dəfə bərkdən elan edəndə sinfin qapısı açıldı və… Nəriman müəllim əlində sinif jurnalı olduğu halda içəri girdi. Az qala skamyaların üstündən hoppanan uşaqları sanki tok vurdu.
Nəriman müəllim heç kimə heç nə demədən stoluna yaxınlaşdı, jurnalı qoydu və üzünü mənə tutub: “Təkrar elə, görüm, nə deyirdin”. O yan-bu yan eləməyin yeri deyildi, “Uşaqlardan kimsə xəbər gətirmişdi ki, bu gün Nəriman müəllimin dərsi olmayacaq…”.
Sözümü bitirməyə qoymadı, silləni üzümə nə təhər çəkdisə, ağzım əyildi. Təbii ki, sonra dediyi sözlər mənə çatmadı…
Qulağım indi də çingildəyir…
(Ardı var)