Minsk gündəliyi (4)
- 10 Noyabr 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
İlham İSMAYIL
DTK-da hərəmizi bir şöbəyə göndərdilər. Mən 2-ci şöbəyə düşdüm. Bu şöbə xarici təxribata qarşı əks-kəşfiyyatın ən aparıcı şöbəsi idi. Şöbə rəisinə təqdim olundum: Namiq Abbasova (sonralar milli təhlükəsizlik naziri oldu).
Abbasovun ilk sualı ixtisasım barədə oldu. Jurnalist olduğumu deyəndə təbəssümlə məni təqdim edən kadr işçisinə “Знаешь, журналисты самые хорошие вербовщики, потому что они тоже собирают информации и умеют работать c источниками” dedi. Sonra öyrəndim ki, Namiq Abbasov da ixtisasca jurnalistdir.
Məni bölmələrdən birinə verib tapşırdı ki, köhnə materiallarla tanış edin, agentlə görüşə aparın, başqa uyğun nə varsa istifadə edin, yerinə yetirə biləcəyi tapşırıqlar verin.
İlk dəfə burda xarici kəşfiyyatın Bakıya olan xüsusi marağı barədə materiallarla tanış oldum. Turist adı ilə kəşfiyyat tapşırıqlarını yerinə yetirən əcnəbilər, Xəzər Donanmasına olan xüsusi maraq, ideoloji təxribatlar və s. haqqında materiallarla tanış olurdum.
Bölmənin baş əməliyyat müvəkkili Kornauxovla ilk dəfə həqiqi agentlə görüşə getdim. Görüş təzə “İnturist”də baş verdi. Agent gənc tələbə idi. Həqiqi ona görə ki, Minskdə tədris agentlə görüş keçirmişdim, “verbovka” da etmişdim. Düzdür, Minskdə bu tədris agentlər, “verbovkalar” o qədər təbii olurdu ki, agentlərin kaprizlərindən müəllimə şikayət edəndə Suvorovun məşhur “Təlimdə nə qədər çox əziyyət çəksən, döyüş bir o qədər asan olar” kəlamını xarırladırdılar. Həqiqətən belədir.
Görüşdən sonra fikirləşirdim ki, görəsən, mənim tələbə yoldaşlarım arasında da agent olubmu? Tez də bu qənaətə gəldim ki, yox, olmayıb…
Beş il oxuduğum yoldaşlarımın arasında sovet rejimini məndən çox tənqid edən olmamışdı. Bəzən müəllimlərimizlə də mübahisə edirdik və belə mübahisələrdə ən fəal mən olurdum. 1979-cu ildə sonuncu kursda elmi kommunizm dərsi zamanı müəllimimiz Azər Şirinov marksizm-leninizmin milli məsələyə münasibəti mövzusunu danışırdı və izah edirdi ki, marksizmə görə, gələcəkdə millətlər olmayacaq, vahid millət, vahid dil olacaq. Fikrin təsdiqi kimi də əhalinin 1979-cu il siyahıyaalmasında 500-dən çox azərbaycanlının öz milliyyətini rəsmən rus yazdırdığını söylədi.
Dərsin sonunda müəllimin ənənəvi “Kimin sualı var?” müraciətinə qalxdım:
– Özünü rus yazdıran dediniz neçə nəfər oldu?
Şirinov:
– 500-dən bir az çoxdur, dəqiqini gələn dərs deyərəm.
– Mənə elə gəlir ki, onların 500-nü də güllələmək lazımdır, başqalarına da görk olsun.
İndi də fikirləşirəm ki, çox kəskin demişəm, başqa cür də etiraz etmək olardı.
Auditoriyaya bir anlıq sükut çökdü. Müəllim kiçik pauzadan sonra sanki özünə gəldi:
– Eşitdiniz, universitetin 5-ci kurs tələbəsinin verdiyi sualı, çıxardığı nəticəni?!. Sən öl, sənin canın üçün səni elə götürərlər ki, heç xəbərin də olmaz. Danışığına bax, səni xəbərdar edirəm!..
Yanımda əyləşən tələbə dostum Müzəffər qalxdı:
– Müəllim, İlham düz deyir, amma güllələmək yox, onların hamısının adını açıqlamaq lazımdır ki, millətin qınağına tuş gəlsinlər.
Azər müəllim:
– Oturun aşağı, elə ikiniz də bir ağıldasınız.
Bu hadisənin açılıb bükülməməsi onu təsdiq edirdi ki, yoldaşlarımdan heç kəs informasiya verən olmayıb. Elə müəllimin özü də…
Hələ diplom işimdə yazdığım bəzi fikirlər…
Diplom işim “Pravda” qəzetində ədəbi tənqid və müasir ədəbiyyata verilən tələblər” adlanırdı. 1979-cu ildə “Pravda” qəzetində dərc olunan bütün ədəbi tənqid materiallarını araşdırmışdım.
Bir neçə detalı nəzərə çatdırmaq istəyirəm. Yazıçı Vardges Petrosyanın “Erməni eskizləri” adlı publisistik kitabı haqqında dərc olunan yazıda rus müəllif gənc nəslin tərbiyəsi üçün bu kitabın müstəsna əhəmiyyətindən danışır və yazıçının bir fikrini sitat gətirir: “Qoy türklərin milyon yarım ermənini öldürməsi zəng səsləri kimi hər gün erməni gənclərinin qulağında çalsın”. Və bu qəbildən bir neçə əlavə sitat…
Əkrəm Əylislinin “Yas yerindən reportaj”əsərində elmi iş müdafiə edən əsərin qəhrəmanına irad tuturlar ki, müdafiənin dili elmi deyil, hekayəni xatırladır. Mən də diplom işimin bu yerində elmi deyil, hekayəvari dildə etirazımı yazırdım: “Erməni yazıçısı erməni gəncini tərbiyə etmək üçün ona millətinin tarixinə yaxşı bələd olmağa çağırış edir və kitabı da, ədəbi tənqidi də Moskvada nəşr etməyə müvəffəq olur. Bəs bizdə necədir? Bizim jurnalistika fakültəsinin qonşuluğunda şərqşünaslıq fakültəsinin rus bölməsində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan dili dərsini sərsəm dünya (безумный мир) adlandırır, bu dili bilmirlər, bilsələr də, danışmağı özlərinə ar bilirlər. Onlar Azərbaycanın ikiyə bölünməsindən, dünyada nə qədər azərbaycanlının yaşamasından məlumatsızdırlar. Bəs bu tipli gəncləri hansı yazıçımız hansı əsəri ilə tərbiyə edir?”
Elə bilirdim elmi rəhbərim professor Qulu Xəlilov bu hissəni çıxaracaq, amma əksinə, o mənim fikrimi təqdir etdi, diplom rəyçim professor Şirməmməd Hüseynov da mövqeyimi bəyəndi. Təbii, təkcə buna görə deyil, bütövlükdə diplom işimi bəyənmişdilər, xüsusilə həmin il “Kommunist” qəzetində gənc yazıçıların əsərlərini tənqid edən professor Bəkir Nəbiyevin məqaləsinin ədəbi tənqiddən çox inzibati xarakter daşıdığı barədə sətirlərin altından Şirməmməd müəllim “Əla” yazmışdı.
Şirməmməd müəllim məni yanına çağırdı. Üzümə baxıb: “İlham sənsən? Bəs mən səni niyə tanımıram?” soruşdu. Deyəndə ki, Sizə imtahan da vermişəm, 5 almışam, sözümü yarımçıq kəsdi: “Əşi, sən 5-dən danışma, o boş şeydir, sənin diplom işini oxudum. Sənin belə fikirlərin varsa, mən niyə indiyədək səni tanımamışam, mən onu deyirəm, sən də başlamısan 5-dən”.
Sonra bir xeyli söhbət etdik. Millətdən, dövlətdən danışdıq. Şirməmməd müəllim “Nə çox millətdən danışmısan, qədim dövlət olduğumuzdan yazmısan. Sənin nə vaxt dövlətin olub, dövlət başçın olub?” deyərək zəndlə üzümə baxdı. Mən Şah İsmayıl Xətai deyəndə Şirməmməd müəllim: “A kişi, eşit, o, İran şahıdır, İran dövlətinin başçısıdır. Nə olsun ki, azərbaycanlıdır… Sənin dövlətin 1918-ci ildə Müsavat olub, o da cəmi iki il. Bildin, hə?”
Şirməmməd müəllimi tanıyanlar yaxşı bilirlər ki, sözünün təsdiqi üçün həmişə “Bildin, hə?” deyib üzünə baxır.
Öyrəndiyimiz Azərbaycan tarixində o iki il bizlərə “Qanlı Müsavat hakimiyyəti” kimi təqdim olunurdu.
Şirməmməd Hüseynov kimi müəllimlərimizin həm tariximiz haqqında, həm də ictimaiyyətə açıqlanması qadağan olunmuş həqiqətlər barəsində söylədiklərinin düşüncəmizin formalaşmasında böyük rolu oldu.
Şirməmməd Hüseynov universiteti qurtarıb nə etmək fikrim olduğunu soruşdu.
– Rayona gedəcəyəm – dedim.
– Yox, rayona getmə, batacaqsan orda. Bunlar – əlini dekanlığa tərəf uzatdı – niyə səni fakültədə saxlamaq istəmirlər? Hazır kadrsan, elmi iş də götürüb müdafiə edərsən, sonra yaxşı olar. Sənin kimilərinə ehtiyac olacaq. Amma rayona getməyi ağlından çıxart, itib batacaqsan orda.
Şirməmməd müəllim diplom işimə rəyində yazırdı: “Dövlət imtahan komissiyasından xahiş edirəm ki, İlham İsmayılovun diplom işini ən yaxşı diplom işi kimi qiymətləndirsin”.
Şirməmməd müəllim kimi bir şəxsiyyətdən belə rəy almağımla bu gün də qürur duyuram.
Bunları xatırlamaqda məqsədim həm də o zamankı universitetin ab-havasını, Abbas Zamanov, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi kimi müəllim-ziyalıların mühazirələrdə bizə fərqli fikirlər, bəzən qadağan olunmuş həqiqətlər barədə dediklərinin bizlərdə də fərqli düşüncə formalaşdırdığını söyləməkdir.
Ədəbiyyatda, jurnalistikada stereotipləri dağıtmaq, yenilik gətirmək və yenilik gətirənləri təbliğ etmək, onlara qarşı yazılan tənqidləri də hədəfə almaq tələbə dostlarımın, mənim gündəlik söhbətlərimiz idi. O vaxtlar Filarmoniya bağının aşağısında “Xoşbəxt” adlı çayxana vardı. Gənc şairlər Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, tənqidçi Aydın Məmmədov, Vidadi Məmmədov, müəllimimiz Kamil Vəliyev və yeni yazmağa başlayan başqa gənclər tez-tez ora gələrdilər. Onların stolunda yer tapıb çay içə-içə söhbətlərinə qulaq asmaq özü bir məktəb idi və bu söhbətlərdə hərdən antisovet tezislər də olurdu. Ona görə ixtisasartırma dövründə işdən sonra tələbə yoldaşlarımla görüşəndə ehtiyatlı olmağı, sözlərinə diqqət etmələrini xahiş edir, tanımadıqları adamların yanında kəskin siyasi fikirlər söyləməkdən çəkinmələrini deyirdim.
***
Agentlə görüşdən sonra 5-ci şöbəyə gedib universitetin o vaxtkı kuratoru Əfrayıl Hüseynovla görüşdüm. Özümü təqdim edib xahiş etdim ki, mümkünsə universitetə aid köhnə materiallarla tanış olum. Əfrayıl müəllim üzümə baxıb soruşdu:
– Universitetdə oxumusan?
– Bəli.
– Nə vaxt bitirmisən?
– İki il əvvəl.
– Sən lap lob gəlirsən e! İki il bundan qabaq universiteti qurtarmısan, indi də öyrənmək istəyirsən ki, dünən orda nə baş verib. Bu mümkün deyil. Bəlkə illər keçər, tanış olarsan. Bu o demək deyil ki, biz sənə inanmırıq, inanırıq, sən bizim əməkdaşsan, amma belə birdən qapını açıb demək ki, “Liter işi”ni ver baxım görüm oxuduğum universitetdə nələr olub. Olmaz.
Əfrayıl müəllim düz deyirdi. Mən naşı hərəkət etmişdim. Təcrübəsizliyimdən irəli gələn bu hərəkətdə həm də təhsil aldığım universitetə sevgiylə bağlılığımdan yaranan maraq vardı.
(Ardı var)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4 5 6 7